Çinin qeyri-maddi
irsi Bakıda tanıdılıb
Bakı Dövlət
Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən
Konfutsi İnstitutu Xəzər Universitetində Çinin Yeni il
bayramı münasibətilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, bu il tədbir “Çin
Yeni ili - Birlikdə” mövzusunda təşkil olunub.
Tədbirdə çıxış edən Çin
Xalq Respublikasının Azərbaycandakı səfirliyin
müvəqqəti işlər vəkili Ding Tao Çin Xalq
Respublikasının Azərbaycandakı səfirliyi adından
bütün iştirakçılara ən səmimi Yeni il təbriklərini
çatdırıb, eləcə də bu tədbirin təşkilində
göstərdikləri yüksək səylərə görə
Xəzər Universiteti və Bakı Dövlət Universitetinin
Konfutsi İnstitutuna təşəkkürünü bildirib
“5 gündən sonra biz Çin xalqının tarixində
ən qədim, məzmun baxımından ən zəngin və
ən geniş təsirə malik ənənəvi
bayramlarından biri olan Bahar bayramını, yəni Yeni ili
qeyd edəcəyik. Çinlilər artıq 4000 ildən
çoxdur ki, Bahar bayramını böyük coşqu və
rəngarəng adətlərlə qeyd edirlər. İnsanlar
köhnə illə vidalaşıb Yeni ili qarşılamaq
üçün xəngəl bükür, bahar lövhələri
və Yeni il şəkilləri asır, fişənglər
atır, lampalarla küçələri bəzəyərək
ailəliklə bir araya toplaşırlar. Bahar bayramı ilə
Azərbaycanın Novruz bayramı arasında mədəni məzmun
baxımından oxşarlıqlar mövcuddur. Hər iki bayram
ailə birliyini vurğulayan, yeniliyə qədəm qoyulan və
yazın gəlişinin sevinclə
qarşılandığı xoşbəxt anları ifadə
edir. Həmçinin hər iki bayram həm Çin, həm də
Azərbaycan xalqlarının ailəyə önəm vermə,
zəhmətkeşlik və daha gözəl bir həyata olan
ümidi kimi ümumi mədəni ənənələrini əks
etdirir.
Bahar bayramı yalnız Çinin deyil, eyni zamanda,
bütün dünyanın bayramıdır. 2023-cü ilin
dekabrında BMT-nin 78-ci sessiyası qərar qəbul edərək
Bahar bayramını rəsmi olaraq BMT tətili elan edib.
2024-cü ilin dekabrında isə UNESCO Bahar bayramını Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
daxil edib. Dünya üzrə Bahar bayramının geniş
qeyd olunması müxtəlif ölkələrdən olan
insanlara Çin mədəniyyətini öyrənmək,
Çin müdrikliyini hiss etmək və
qarşılıqlı dostluğu gücləndirmək
üçün yeni bir mədəni pəncərə
açır. Eyni zamanda bu, qlobal mədəniyyət təşəbbüsünü
dəstəkləmək, dünya mədəniyyətlərinin
müxtəlifliyinə hörmət etməyi təşviq etmək
üçün real bir addımdır. Bu, fərqli mədəniyyətlərin
harmonik birgə yaşayışını,
qarşılıqlı inkişafını və mübadiləsini
ifadə edən gözəl bir vizyonu təcəssüm
etdirir”, - deyə diplomat qeyd edib.
Milli Məclisin Mədəniyyət komitəsi sədrinin
müavini Günay Əfəndiyeva bildirib ki, Çin
xalqının Bahar bayramı adlandırdığı bu
bayram ölkənin minilliklərə əsaslanan tarixi təcəssüm
etdirir.
“Bu bayram Çinin zəngin mədəni irsini
yaşadan və müasir dünyaya təqdim edən gözəl
bir misaldır. İki aydan sonra Azərbaycan da Bahar, Novruz
bayramını belə qeyd edəcək. Bu da
xalqlarımızın sahib olduğu mədəniyyətlər
arasındakı oxşarlıqdan xəbər verir. Bu gün
Azərbaycanın və Çin dövlət
başçıları səviyyəsində
qarşılıqlı etimada və dostluğa əsaslanan
münasibətləri, siyasi, iqtisadi, hərbi, humanitar, mədəni
və digər sahələrdə əməkdaşlıq
yüksələn xətlə davam edir. Digər tərəfdən
qlobal əhəmiyyətli və aktual mövzulara dair beynəlxalq
tədbirlər təşkil edilir, birlikdə həyata
keçirdiyi layihələr Azərbaycan-Çin münasibətlərinin
inkişafında önəmli rola malikdir. Çin ilə Azərbaycan
coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə
baxmayaraq, əlaqələrimiz çox qədim zamanlara
söykənir. Bu münasibətlərin yaranmasında
xüsusilə tarixi İpək yolu çox vacib rol
oynayıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvi “Yeddi
gözəl” poemasında Çin gözəlinin
obrazını yaratmışdı. Nizami Çin
qızını dünyanın yeddi gözəllərindən
biri olaraq təqdim edib. Bu, hələ XII əsrdə Azərbaycanın
Çinə olan münasibətinin göstəricisidir. Belə
örnəklər çoxdur. Əminəm ki, Çin və
Azərbaycan arasındakı dostluq və əməkdaşlıq
hər zaman dinamik şəkildə artmaqda davam edəcək”,
- deyə Günay Əfəndiyeva vurğulayıb.
Sonra Konfutsi İnstitutunun müəllim və tələbələri
müxtəlif səhnəciklər təqdim edib, rəqslər
və Çin xalq mahnıları ifa edib, şeirlər
söyləyiblər.
Tədbir Çin çay mərasimi və kalliqrafiya
(açıqcaların ieroqliflərlə yazılması) ilə
davam edib.
Sonda tədbirdə keçirilən lotereya qaliblərinə
Çin səfirliyi tərəfindən hədiyyələr təqdim
olunub.
525-ci qəzet .- 2025.- 28 yanvar(№15).- S.9.