Romada azərbaycanlı
gənc rəssamların sərgisi
İtaliyanın paytaxtı Romanın Medina İncəsənət
Qalereyasında azərbaycanlı gənc rəssamların “Mədəni
diplomatiya sənəti - Sülh naminə incəsənət”
adlı qrup sərgisi açılıb.
Sərginin açılış mərasimində
diplomatik korpusun, mədəniyyət, incəsənət və
akademik dairələrin nümayəndələri, həmçinin
İtaliyada yaşayan soydaşlarımız iştirak ediblər.
Sərgidə 22 gənc rəssamın 57 rəsm əsəri,
eləcə də gənc heykəltaraş Kənan Həsənquliyevin
“Qarabağ cəngavəri” adlı heykəli nümayiş
olunur.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad
Aslanov gənclərin daim dövlətimizin diqqət və
qayğısı ilə əhatə olunduğunu, xüsusilə
istedadlı gənclərin fəaliyyətinin davamlı dəstəkləndiyini
qeyd edib. Bildirib ki, sərgi Azərbaycan və İtaliya
arasında körpü rolunu oynayır, incəsənət
vasitəsilə mədəniyyət tariximizi və əlaqələrimizi
nümayiş etdirir. “Dirçəliş” Gənclərin
Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və
direktoru İslam Baxşəliyev bildirib ki, sərginin məqsədi
Azərbaycanın gənc rəssamlarının
istedadını italyanların və bu ölkədəki
turistlərin diqqətinə çatdırmaqdır. Sonra
iştirakçı rəssamlara səfirlik tərəfindən
sertifikatlar təqdim olunub.
Azərbaycanın İtaliyadakı səfirliyinin, səfirliyin
tabeliyindəki Mədəniyyət Mərkəzinin və
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya
Mərkəzinin təşkilatçılığı ilə
keçirilən sərgi yanvarın 29-dək davam edəcək.
525-ci qəzet .- 2025.- 28 yanvar(№15).- S.9.