Rusiyadan
etiraf əvəzinə qarayaxma kampaniyası
Deputat Ceyhun Məmmədov: "Rusiyanın etdikləri
bizim ikitərəfli münasibətlərə xələl gətirən
yanaşmadır"
2024-cü il dekabrın 25-də Bakı-Qroznı
istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus
təyyarənin vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri
yaxınlığında qəzaya uğramasından sonra
araşdırmalar nəticəsində yeni faktlar üzə
çıxıb. Azərbaycan tərəfi təyyarəyə
atəş açan şəxsi də, bu əmri verəni də
müəyyən edib. Amma açıq şəkildə
gördüyümüz budur ki, Rusiya tərəfi həqiqəti
ört-basdır etməyə çalışır, bununla da
kifayətlənməyərək müxtəlif vasitələrdən,
o cümlədən mediadan istifadə edərək yalan,
böhtan kampaniyası aparır. Məqsəd məsuliyyətdən
yayınmaq, üzərinə düşən öhdəliyə
əməl etməməkdir ki, bütün bunlar da vəziyyəti
süni şəkildə gərginliyə doğru aparır. Məsələn,
bu günlərdə BAZA kanalı Qroznı, Rostov-Don və
Aktau dispetçerləri ilə AZAL təyyarəsinin
ekipajı arasında aparılmış danışıqlarla
bağlı “məlumat” yaydı. Qazaxıstanın Baş
nazirinin müavini Kanat Bozumbayev isə bəyan etdi ki, internetdə
kiminsə nəyi isə dərc etməsi onun həqiqət
olduğunu göstərmir. Qara qutuların məzmunu tamamilə
fərqlidir. Bu açıqlama, eyni zamanda əldə edilən
faktlar onu deməyə əsas verir ki, Rusiya hansı vasitələrə
əl atmasından asılı olmayaraq, faktları təkzib edə,
məsuliyyətdən qaça bilməyəcək.
Hazırda izlədiyimiz isə qeyd etdiyimiz kimi, Azərbaycana
qarşı ucuz və primitiv metodlardan istifadə etməklə
qarayaxma kampaniyasının aparılmasıdır. Təbii ki,
Rusiya mediası, teleqram kanalları bunu özbaşına
etmir. Bununla bağlı tapşırığın Rusiya
Prezident Administrasiyasından verildiyi istisna deyil. Çünki
sızdırılan məlumatlar da məhz həqiqəti gizlətməyə
hesablanıb.
Məsələnin başqa daha təəssüf
doğuran tərəflərindən biri də 2020-ci ilin
noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə
AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması
arasında mediada paralellərin aparılmasıdır. Təbii
ki, bu cür paralellər aparmaq cəhdi absurddur, əsassızdır.
Amma əgər məsələni gündəmə gətiriblərsə,
o zaman bəzi sualların da cavabı da verilməlidir. Məsələn,
Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin
üçtərəfli Bəyanatı 2020-ci il noyabrın
9-dan 10-na keçən gecə imzalanıb. Rusiyaya məxsus
helikopter isə 9 noyabr tarixində saat 18:30-da Ermənistan-Azərbaycan
sərhədinin Naxçıvan hissəsində vurulub.
Rusiyanın hərbi helikopteri o ərazidə nə edirdi?
Rusiyaya məxsus hərbi helikopterin Ermənistan-Azərbaycan
dövlət sərhədinin tam yaxınlığında
qaranlıqda və aşağı hündürlükdə,
hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar
zonada uçuş həyata keçirməsi, onu Ermənistana
məxsus hərbi kolonu müşayiət etməsini Rusiya tərəfi
necə izah edə bilər?
Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi
konfrontasiyaya getmədi və layiqli bir mövqe sərgilədi.
Prezident İlham Əliyev rusiyalı həmkarına zəng
edib üzrxahlıq etdi, helikopterin tam qiyməti ödənildi,
həlak olan hərbçilərin ailələrinə
kompensasiya ödənildi.
Ona görə də Azərbaycana qarşı kampaniya
başladanlar, hansısa paralellər aparmağa
çalışanlar həmin helekopterlə bağlı
açıq qalan suallara cavab verib və Azərbaycanın
davranışını da yada salsınlar.
Məlumdur ki, 2023-cü il antiterror əməliyyatı
zamanı Qarabağda rusiyalı sülhmərmlıların
ölümü də Azərbaycana qarşı kampaniyanın
bir hissəsinə çevrildi. Rusiya tərəfi yenidən
bu mövzunu gündəmə gətirir və ölkəmizin
ünvanına ittihamlar səsləndirir. Amma bu da
yanlış və qərəzli bir yanaşmadır.
Çünki antiterror əməliyyatı başlanan zaman Azərbaycan
sülhməramlıları əvvəlcədən xəbərdar
edib. Onlara gizləndikləri
yerdən çıxmaq, kazarmada oturmaq
tapşırılıb. Buna baxmayaraq, onlar təlimata əməl
etməyib, naməlum səbəbdən bir neçə hərbçi
öz avtomobili ilə döyüş ərazisinə hərəkət
edib. Azərbaycan hərbçiləri bunu erməni hərbçilər
zənn edərək məhv edib. Amma yenə də Azərbaycan
konfrontasiyaya yol vermədi, Prezident səviyyəsində
üzrxahlıq olundu, cinayət işi qaldırıldı və
s.
İndi Azərbaycan da haqlı olaraq Rusiyadan eyni
yanaşmanı, eyni mərd davranışı gözləyir,
əvəzində isə qarayaxma kampaniyası ilə
qarşılaşır.
Azərbaycan öz şərtlərinin yerinə
yetirilməsini gözləyir, bunu etmək heç də
çətin deyil, bu, beynəlxalq öhdəlikdir.
Prezident İlham Əliyev ötən il dekabrın
29-da Azərbaycan Televiziyasına müsahibəsi zamanı Azərbaycanın
baş verənlərlə bağlı Rusiyadan gözləntiləri
və tələblərinin nədən ibarət olduğuna
toxunub: “Biz öz tələblərimizi açıq şəkildə
Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də
artıq bu tələblər rəsmi qaydada onlara
çatdırıldı. Bu, nədən ibarətdir?
Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir.
İkincisi, öz günahını etiraf etməlidir.
Üçüncüsü, günahkarları cəzalandırmalıdır,
cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan
dövlətinə və zərərçəkən sərnişin
və ekipaj üzvlərinə təzminat ödəməlidir.
Bu, bizim şərtlərimizdir”.
Dövlət başçısı bütün bu
şərtlərin ədalətli olduğunu və burada hər
hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ
olmadığını, bunun beynəlxalq təcrübəyə
və normal insani davranışa əsaslandığını
söyləyib.
Məlumdur ki, Rusiya bu cür davam edərsə, Azərbaycanla
münasibətlər də zədələnəcək. Onsuz
da hazırda Rusiyanın normal münasibətə olduğu
ölkələrin sayı azdır, üstəgəl,
qonşu ölkələrdən biri ilə münasibətlərin
pozulması onun ziyanına olacaq. Rusiyanın bu məsələdə
dirənişi, faktlardan yayınmaq istəməsi Azərbaycan
ictimaiyyət arasında onsuz da pis olan imicinə daha da mənfi
təsir edəcək. Çünki Azərbaycan xalqı
tarixdə baş vermiş hadisələri unutmur, onları
yaddaşından silmir. Uzağa getmədən elə ən
yeni tariximizdə baş verən bir neçə hadisəni
yada salmaq kifayət edir. 1980-ci illərin sonunda Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarına Kremldən dəstəyin
verilməsi, 1990-cı ilin qanlı 20 yanvar
qırğını, azadlıq, müstəqillik istəyən
xalqın tanklar altına alınması, 1992-ci ilin dəhşətli,
amansız Xocalı soyqırımı. Yüzlərlə
insan, qadın, uşaq qoca rus ordusunun 366-cı alayının
iştirakı ilə soyqırıma məruz qaldı.
Siyahını daha da uzatmaq olar. Məhz Rusiya illərlə Ermənistanı
silahlandırdı, Azərbaycan torpaqlarının
işğalda qalmasına rəvac verdi. 44 günlük
müharibə zamanı Rusiyanın müdaxiləsi ilə
müharibə yarımçıq saxlanılsa da, Azərbaycan
konfrontasiyaya getmədi. Dövlət başçısı səbirlə,
təmkinlə davranaraq 2023-cü ildə proses tam başa
çatdırdı. Müharibədən sonra Rusiya prezidenti,
xarici işlər naziri dəfələrlə açıq
şəkildə Ermənistan rəhbərliyini
Qarabağı Azərbaycanın tərkib hissəsi kimi
tanımasına görə tənqid edib. Bu da Moskvanın əsl
üzünü, niyyətini bir daha ortaya qoyub. İstənilən
halda, Rusiyanın başqa yolu yoxdur, nə qədər yalan məlumat
tirajlayıb, Azərbaycana qarşı şər-böhtan
kampaniyası aparsa da, həqiqəti gizlədə bilməyəcək.
Milli Məclisin deputatı Ceyhun Məmmədov
mövzu ilə bağlı “525”ə deyib ki, Rusiya tərəfinin
bu cür yanaşması, bu cür addımlar atması, belə
mövqe nümayiş etdirməsi anlaşılan deyil: “Təyyarəsi
vurulan biz, vətəndaşları həyatlarını itirən
biz, bütün bunların fonunda isə
günahlandırılan da Azərbaycan. Təəssüflə
qeyd etmək lazımdır ki, neçə gündür Rusiya
mediası bizə qarşı qarayaxma kampaniyasını davam
etdirir və bu istiqamətdə işlər aparır, tədbirlər
həyata keçirir. Hesab edirəm ki, bu mənada Rusiyanın
etdikləri bizim ikitərəfli münasibətlərə xələl
gətirən yanaşmadır. Rusiya bu cür mövqe sərgiləməməlidir.
Heç şübhəsiz ki, Rusiya kimi bir dövlətdə
heç kim özbaşına bu cür təbliğat apara, Azərbaycana
qarşı bu cür addımları ata bilməz. Bunun
arxasında şübhəsiz ki, müəyyən qüvvələr
dayanır. Bu istiqamətdə atılan addımlar da qeyd edilən
məqsədi, hədəfi daşıyır, yəni məsuliyyətdən
yayınmaq”.
C.Məmmədov əlavə edib ki, 2020-ci ilin
noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə
AZAL-a məxsus təyyarənin vurulması arasında paralellərin
aparılması kökündən yanlışdır: “Yəni
belə bir paralel aparıla bilməz. Bu məsələyə
yanaşmada bu cür mövqenin sərgilənməsi
yanlışdır.
O vaxt helikopter vuruldu, Azərbaycan üzr istədi. Azərbaycan
hər zaman Rusiya ilə münasibətlərin
inkişafında, qorunmasında maraqlı olub, bu istiqamətdə
səylərini davam etdirib. Amma bu gün Rusiya tərəfinin
addımları narahatedicidir. Məsələ ilə
bağlı cənab Prezident öz kəskin münasibətini
və öz kəskin mövqeyini ortaya qoyub. Biz prinsipial
mövqeyimizi və yanaşmamızı yenə qoruyuruq və
bu istiqamətdə Rusiya tərəfindən addımları
da qətiyyətlə pisləyirik. Burda hansısa paralelin
aparılması qəbuledilməzdir. Rusiya bizdən üzr istəməlidir,
kompensasiya ödəməlidir və günahkarları cəzalandırmalıdır.
Burada başqa bir variant yoxdur. Rusiya öz səhvini düzəltməlidir.
Amma səhvini düzəltmək əvəzinə bizə
qarşı bu cür kampaniyaları davam etdirmək, şər-böhtanla
məşğul olmaq, ruporlarını işə salaraq təzyiq
etmək cəhdi göstərmək qəbuledilməzdir və
bizim ikitərəfli münasibətlərimizə də ciddi
şəkildə xələl gətirən məsələdir”.
Deputat vurğulayıb ki, bu gün həqiqətən
də Azərbaycan cəmiyyəti də bu məsələdə
Rusiyanın tutduğu mövqeyi anlamır və qəbul etmir,
ictimai qınaq yüksək səviyyədədir,
yaxşı olar ki, Rusiya tərəfi üzr istəsin,
kompensasiya ödəsin və bu cür təxribatlara, qarayaxma
kampaniyalarına son qoysun: “Onlar bu cür addımları davam
etdirdikcə bu təxribatları törətdikcə,
münasibətlərimizi daha da kəskinləşdirəcəklər
və münasibətlərə çox ciddi xələl gətirəcəklər.
Yaxşı olar ki, onlar bu cür məsələlərdə
daha diqqətli olsunlar və belə təxribatlara yol verməsinlər.
Haqlı tərəf Azərbaycandır, haqlı olan bizik, bunu
nəzərə almalıdırlar”.
Pərvanə
525-ci qəzet .- 2025.- 28 yanvar(¹15).- S.5.