Böyük coğrafi kəşflər
və yerli xalqlara onların gətirdiyi bədbəxtliklər
(Əvvəli ötən çərşənbə
sayımızda)
Pisarro qızıl ehtiyatlarını ələ
keçirə bildi. O, şərt qoymuşdu ki, bir otaq dolusu həcmində
perulular ona qızıl versinlər. Qızıl bəzək əşyaları,
əsl sənət əsrləri əridilib, külçə
halına, lövhə şəklinə salınırdı.
Girov pulu adı altında belə nəhəng
ölçüdə qızıl toplansa da, Pisarro İnka
Atahualpanı nəinki azad etdi, hətta gizlicə onu
öldürtdü.
Kusko şəhəri dəniz səviyyəsindən 3
min metr hündürlükdə yerləşirdi, ispan
işğalına qədər İnka imperiyasının
paytaxtı kimi inkişaf edirdi. Fransisko Pisarro bura, dəqiq
deyilsə, 1530-cu ilin dekabrında gəlmişdi. O, 180 nəfərlik
qrupla Cənubi Amerikanın Sakit okean sahilinə ayaq
basmışdı. Kortes kimi o da polad silahlara, barıta və
atlara malik idi, onların heç biri onun düşmənləri
olan yerli adamları məlum deyildi. Pisarronun xoşbəxtliyi
onda idi ki, Meksikada, Atstek paytaxtında olduğu kimi burada da
yerli əhali arasında su çiçəyi xəstəliyi
yayılmışdı. İmperator Atahualpanın qoşunu
ispanlarla vuruşmaq gücündə deyildi, əsgərlər
silah kimi yalnız daş qılınca, nizəyə malik idi.
Pisarro üçün taleyin xoş əlamətlərindən
biri, imperatorun qurban getməsi idi. İmperatorun
özünün öldürülməsi baş versə də,
onun taxt-taca iddia edən iki oğlu var idi. Pisarro Atahualpanın
qüvvələrini ram etdikdən əvvəl, onun
qardaşlarını məğlub etmişdi. İnkanın əsgərləri
ispanların atlarına müqavimət göstərə
bilmirdi. Onlar üçün at, Hannibalın İtaliya ərazisinə
gətirdiyi fillərin qorxulu təsirini
bağışlayırdı. Axı həm də ispanlar
tüfəngə və topa malik idilər.
Atahualpanı edam etdikdən sonra Pisarro və onun əsgərləri
İnkanın müttəfiqlərini öz tərəflərinə
çəkdilər və Kuskoya hücum etdilər. Onlar
İnkanın paytaxtını 1535-ci ildə işğal etdilər.
Pisarro Limada ölkənin yeni paytaxtını qurdu və
bununla da İnka artıq İspaniya imperiyasının müstəmləkəsinə
çevrilmişdi. Pisarronun paytaxta çevirdiyi Lima şəhəri
indiyədək bu mövqeyini qoruyub saxlayır.
Yeni Dünyada hindulara qarşı ispan siyasəti
qaydasızlığın özünə yol
açmasının, iyrənc paternemizmin və qəddarlıqla
istismarın qarışığından ibarət idi.
İspan hakimiyyəti buradan təzminat yığmaq
üçün encomtuda adlanan iqtisadi və sosial sistem
yaratmışdı və hindulardan işçi qüvvəsi
kimi istifadə edirdi. Bu siyasət həm də hinduları
himayə etməyi nəzərdə tuturdu, onlara maaş
verirdi və adamların ruhi ehtiyaclarına nəzarət
edirdi. İspaniyadan bu ölkə 3 min km məsafədə
uzaq olmaqla, buradakı ispan sakinləri əsasən öz
hökumətinin göstərişlərinə məhəl
qoymurdular və hindulara qarşı qəddarlıq göstərirdilər.
Hindular plantatorlar üçün işləyirdilər, həm
də çox gəlirli qızıl və gümüş mədənlərində
çalışırdılar.
Məcburi əmək, pis qidalanma və xüsusən
xəstəlik hinduların vaxtından əvvəl ölməsi
ilə xoşagəlməz itki siyahısını
yaradırdı. Avropalıların xəstəliklərinə
qarşı heç bir müqavimət gücünə malik
olmamaları ucbatından Amerika hinduları təkcə su
çiçəyindən deyil, qızılcadan və tif xəstəliyindən
də əzab çəkir, həyatla vidalaşmalı
olurdular. Hindulara tanış olmayan bu xəstəliklər,
tufan zəif ağacları qırıb yerə sərdiyi kimi
onları məhv edirdi. Yerli sakinlərin 30 faizdən 40 faizə
qədəri ölmüşdü. Təkcə İspaniyolada
(indiki Haiti və Dominikan respublikalarında) 1493-cü ildə
Kolumb bura gələndə, 100 minə qədər adam
ölmüşdü. 1570-ci ilə yalnız 300 hindu sağ
qalmışdı. Mərkəzi Meksikada 1519-cu ildə əhalinin
sayı təqribən 11 milyon nəfər idi. 1540-cı ildə
bu say 6,5 milyona enmişdi. XVI əsrin sonunda isə yerli əhalinin
sayı 2,5 milyon nəfər idi və ya beş dəfə
azalmışdı.
Yerli əhalinin immuniteti olmadığından idxal edilən
xəstəliklərə müqavimət göstərə
bilməməsinə görə onların ölümün
sayını artırmaqla, az qala qırğın effekti
yaradırdı. Tarixdə buna bənzər hadisələr
olmuşdu. Neondartallılar homo sapiense-in xəstəliklərinə
sirayətlindikdə kütləvi şəkildə
ölürdülər, bu onların bütünlüklə
sıradan çıxmasına səbəb oldu.
Yeni Dünyada ispanların yerli inzibati sisteminin
inkişafı vitse-krala tabeliyə əsaslanırdı. Hər
bir vitse-kral mülki və hərbi qulluqçuların, kral
taxt-tacına tabe olan bir başçısı kimi xidmət
edirdi. Roma papasının razılığı ilə ispan
katolik monarxlarına Yeni Dünyada olduqca geniş hüquqlar
verilmişdi. Onlar yepiskopları və ruhani xadimləri təyin
edə bilərdilər.
Hindular kütləvi qaydada xristianlığa
keçirilirdi. 1570-ci ildə ispan inkvizisiyası ilk dəfə
Peruda, sonrakı il isə Meksikada quruldu və geniş fəaliyyətə
başladı.
Qul ticarəti
Afrikada isə Avropa dövlətləri geniş qul
ticarətinə başladılar. Bunu ilk dəfə Portuqaliya
dənizçiləri həyata keçirmişdilər. Onlara
tezliklə agah oldu ki, bu əməliyyatdan böyük gəlir
götürmək olar. Lakin bu ticarət heç də yeni və
naməlum olan bir iş deyildi. Qədim dövrlərdə də
həyata keçirilmişdi. XV əsrdə isə bu fəaliyyət
növü daha ciddi səviyyəyə qalxmışdı.
İlkin dövrlərdə afrikalılar üçün qul
bazarı Orta Şərqdə idi, bu qullar, əsasən, ev
nökərləri kimi istifadə olunurdular. Avropa ölkələrinin
çoxunda qul sahibləri təbəqəsi mövcud idi,
onlarda Afrikadan olan qullar və ya Qara dənizin Şimal sahillərindən
gətirilənlər ev təsərrüfatına kömək
göstərməkdə və kənd təsərrüfatı
üçün zəhmət adamları kimi faydalı idilər.
Avropalıların şəkərlə
tanışlığı Səlib yürüşləri
vaxtı baş vermişdi. Yürüşün
iştirakçılarına şəkər
qamışı Orta Şərqdən tanış idi. XVI əsrin
sonunda portəgizlilər Afrikanın özündə, onun
işçi qüvvəsindən istifadə etməklə,
şəkər qamışı plantasiyaları
yaratmışdılar. XVII əsr ərzində şəkər
qamışı plantasiyaları Braziliyanın şərq
sahili ərazilərində və Karib dənizinin bəzi
adalarında geniş yayıldı. Şəkərə olan tələbat
da böyümüşdü. Avropalılar ona çox öyrənmişdilər.
Şəkər, az qala, narkotik maddə təsirinə yiyələnmişdi.
Ona görə də bir il ərzində şəkərin qiyməti
xeyli yüksəlmişdi. Bunu nəzərə alaraq
istehsalı artırmaq lazım idi. Plantatorların bu məqsədi
həyata keçirmək üçün daha çox
işçi qüvvəsinə ehtiyacları yaranırdı.
Çünki Yeni Dünyada Amerika hindularının kiçik
saydakı əhalisi bunu təmin etmək imkanına malik
deyildi. Axı bu əhalinin xeyli hissəsi Köhnə
Dünyadan idxal edilmiş xəstəliklərdən
ölmüşdü. Digər tərəfdən, hindular
plantasiyadakı ağır zəhmətə
dözmürdülər, onlar tez yorulurdular və onların
faydalı iş əmsalı olduqca aşağı idi.
O vaxtlar həm də qızmar iqlimə və
ağır zəhmətə görə Qərbi Afrika şəkər
qamışını becərmək üçün əlverişli
yer sayıla bilməzdi. Ona görə də Afrika qulları gəmilərə
yükləyib, Braziliyaya və Karib dənizi adamlarına
göndərilməyə başlandı ki, onlar oradakı
şəkər qamışı plantasiyalarında işləsinlər.
Avropalılar qidalarında şəkərə
çox öyrəndiklərindən, onun istehsalı və
ticarəti xeyli böyümüşdü. XVI əsrin
başlanğıcındakı kiçik həcmdəki
istehlak əsrin sonunda 22 dəfə artmışdı. Bu mənada
həmin dövrdəki şəkərə olan aludəçiliyi,
indi bəzi qadağan olunmuş maddələrə olan
münasibət ilə müqayisə etmək olar.
Qul ticarəti inkişaf etməyə başladı.
Sonrakı iki əsr ərzində qul ticarəti daha dramatik
xarakter daşıdı, Avropa ilə əlaqədar olan
Üçlük ticarətinin bir hissəsinə
çevrildi. Avropa tacirlərinin gəmiləri, xüsusən
İngiltərəyə, Fransaya, İspaniyaya, Portuqaliyaya və
Hollandiya respublikasına məxsus olanlar Avropa manufaktura
mallarını, tüfəngi, imbiri və tikiş
paltarını Afrikaya daşıyırdı, oradan isə qul
yükü ilə qayıdırdı. Mallar qullara dəyişdirilirdi.
Qullar gəmilərlə Amerikalara daşınıb, orada
satılırdı. Avropa tacirləri isə amerikalılardan
tütün, patka, şəkər, rom və xam pambıq
alırdılar və onları geri, Avropaya
daşıyırdılar ki, qitənin bazarlarında
satsınlar.
Ümumilikdə XVII əsrdə bir milyondan artıq
adam Afrika ölkələrindən
çıxarılmışdı. XVIII əsrdə bu rəqəm
6 milyona çatmışdı. XIX əsrin birinci
yarısında Britaniya və digər Avropa dövlətlərində
qul ticarətinə son qoymağa cəhd edilsə də, qara
qitədən 2 milyona qədər qul xaricə ixrac
edilmişdi. 10 milyon nəfər afrikalı qul XVI və XIX əsrlər
arasında Amerikaya daşınmışdı.
Qul sahiblərinin çoxu, xüsusən Vest
İndiada olanlar inanmışdılar ki, qulu almaq, onların
uşaqlarını böyütməkdən az xərc tələb
edir. Qədim Romada isə bunun əksinə hərəkət
edilirdi, qul satın almaq əvəzinə qul uşaqların
böyüdülməsinə sərf edilən xərc daha
faydalı hesab edilirdi.
Qul ticarətinin səmərəsi olduqca böyük
idi. Lakin gəlirin məbləği zonadan zonaya fərqli idi.
Əlbəttə, həm də qulların və onların ailələrinin
həyatını itirməsi də faciəvi effekt verirdi.
Afrikanın bədbəxtlikləri təkcə qul
ticarəti ilə bitmirdi. Qitədə yaşayan xalqların mədəniyyəti
də qəsdən məhv edilirdi. Onlara məxsus olan sənət
əsərləri ələ keçirilir, qəsb edilirdi. Bu
işdə metropoliyanın ərazidə xidmət göstərən
məmurları, hərbçilər, ağ dərili
plantatorlar, missionerlər fəal iştirak edirdilər. Onlar
fil sümüyündən və qırmızı ağacdan
yonulmuş kiçik heykəl fiqurlarını, rəsm əsərlərini,
tarixi artefaktları oğurlayıb, Avropaya göndərirdilər.
Fəlakət hadisələrindən də belə qarətlər
üçün istifadə edirdilər. Bir dəfə
Nigeriyada tayfa başçısının evi
yanırdı. Guya onu
söndürməyə gələn hərbçilər evdəki
qiymətli sənət əsərlərinin
hamısını götürdülər. Çox şey
zabitə çatdı, əsgərlər də paylarına
düşənə sahib oldular.
1984-cü ildə Konqonun paytaxtı Brazzavildə olarkən,
Poto-Poto rəssamlıq muzeyinə getdik, burada ancaq müstəqillik
dövründə yaradılan əsərlər nümayiş
etdirilirdi, müstəmləkə vaxtı yaradılanları
isə hakim fransız məmurları ölkədən
çıxarmışdılar. Əslində yazıq
konqoluların tarixi oğurlanmışdı.
Afrika xalqlarının sənət əsərlərinin
əksəriyyəti Avropanın muzeylərində eksponat
bolluğu yaradır. Qitənin müstəqilliyə nail
olmuş dövlətləri həmin əsərlərin və
tarixi artefaktların geri qaytarılmasını tələb
edirlər. Lakin onların haqlı iddiaları eşidilməz
olaraq qalır, Avropa ölkəkələri bu ədalətli
işə başlamaq istəmirlər. Çünki başa
düşürlər ki, bu, domino effekti yarada bilər.
Başqa ölkələrdən qarət edilmiş qiymətli
sənət əsərlərini də geri qaytarmaq insidenti
yarana bilər. Axı Assuriya portret heykəlləri və
Parfenondan götürülmüş frizlər Londonun Britaniya
muzeyində, Babilin məşhur İştar qapısı isə
Berlinin Perqam muzeyində saxlanılır.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025- 29 yanvar(№16).- S.14.