Cavad Heyət və
45 yaşlı "Varlıq" dərgisinin birinci sayı
DOKTOR CAVAD HEYƏTİN ANADAN OLMASININ 100 VƏ "VARLIQ"
DƏRGİSİNİN 45 İLLİYİNƏ HƏSR
EDİLİR
(Əvvəli ötən sayımızda)
Dərginin sonrakı yazısı "Əncümən-e
Azərbaycan"nın 1980-ci ilin yanvarında (5 bəhmən
1380 şəmsi) elan etdiyi Bəyannaməsindən ibarətdir.
Fars dilində olan bu Bəyannamənin qısa məzmununa nəzər
salanda bu sənədin yaranmış yeni tarixi-siyasi şəraiti
və yeni çağırışları bariz şəkildə
əks etdirdiyi diqqəti cəlb edir. Qeyd edilir ki,
bugünkü şəraitdə İranda köklü ictimai
inqilabla bizim mübariz insanlar sarsılmaz iman və dərin
etiqadla zülm və istibdad rejiminə qarşı mübarizə
yoluna çıxdılar, cihad edərək, fədakarlıq,
heyrətamiz qəhrəmanlıq göstərərək və
qurbanlar verərək qantökən gülləbaranlar
qarşısında durdular. Gərək hər kəs öz
milli vəzifəsini müdafiə hərəkatı ilə
sıx həmkarlıq və həmyolçuluq edə, fərdi
və ictimai hüquq azadlığını müdafiə edə,
istiqlal və İranın ərazi
bütövlüyünün qorunmasında iştirak edə
("Varlıq", ilk sayı, s. 5). Qeyd olunur ki, biz azərbaycanlılar
bu vəzifəni İranın azadixah və mübariz
insanları ilə birgə tək bu gün, ya dünən, ya
keçən il, ya inişil deyil, bir əsr əvvəldən
milli səngərlərdə və müqavimətin dayaq məntəqələrində
can və ürəklə, saf niyyətlə yerinə yetirmiş, ən çətin məqamlarda
öndə getmiş, bu gün də həmin milli vəzifəni
İranın azadlığı naminə davam etdiririk.
Burada "Əncümən-e Azərbaycan"nın fəaliyyət
tarixinə qısa nəzər salınır. Qeyd edilir ki,
istibdada qarşı tərəqqipərvər azərbaycanlıların
mübarizəsi XIX əsrdə Nəsirəddin şah
zamanı, tütün qadağası zamanı ingilis şirkətinə
qarşı başladı (Təbrizdə 1891-ci ildə
başlanan məşhur tənbəki hərəkatı E.M.), 1898-ci ildə (qəməri
1316) yeni məktəbin və qəzetin açılması ilə,
sonrakı illərdə isə Təbrizdə
"Əncümən-e Melli", "Mərkəz-e
qeybi", Tehranda isə "Məcmə-e Azadixahan" təşkilatlarının
qurulması ilə genişləndi. Bu da İranın
mübariz xalqının səyi ilə 5 avqust 1906-cı il
tarixində (qəməri 14 cəmadisani 1324-cü il) Məşrutə
fərmanının verilməsi ilə nəticələndi,
beləliklə, Qanuni-əsasının təməli qoyuldu.
Bu prosesdə Azərbaycan xalqının milli və dini rəhbərlərinin,
sadə xalqın əhəmiyyətli rolu vurğulanır. Bu
mübarizələrdə Azərbaycanın əyalət və vilayətlərinin Əncümənlərinin,
Milli inqilab komitələrinin ("Komite-ye enğelab-e
melli") və Tehranda "Əncümən-e Azərbaycan"ın
digər təşkilatlarla yanaşı ölkədə
baş verən proseslərdə fəal iştirakı qeyd
edilir. Yada salınır ki, Məhəmməd Əli Şah
Tehranda Məclisi (Parlamenti ) topa tutduranda İranın milli
mübarizə tarixinə azərbaycanlılar əbədi əfsanəvi
qəhrəmanlıqla töhfə verdilər, bu, Azərbaycan
Əncüməninin mübarizəsinin zirvə nöqtəsi
idi. Bəyannamədə deyilir: "Azərbaycan Əncüməninin
üzvləri Tehranın Baharıstan meydanında digər
mübarizlərlə birlikdə elə bir qorxmazlıq, cəsurluq,
igidliklə silahlı mübarizəyə qalxaraq Məclisi
müdafiə etdilər ki, indi də bu igidlik dastanı dillərdə
və tarixçilərin əsərlərindədir".
Bəyannamədə "Əncümən-e Azərbaycan"ın
bütün Məşrutə hərəkatı
dövründə (1906-1911) hüquq və azadlığın
fədakar müdafiəçisi olduğu
xatırladılır. Səttar Xan Sərdari Millinin rəhbərliyi
ilə Azərbaycan fədailərinin, azadlıq mübarizlərinin
xidmətləri qeyd edilir. Azərbaycanın vətənpərvər
ruhanisi Siqqətül-islamdan və onun kimi canından keçən
Vətən oğullarından söz açılır. 2-ci
dövrə Məclisə seçilən Azərbaycan
nümayəndələrinin (İkinci
çağırış İran Parlamentinə seçilən
deputatlar Şeyx Məhəmməd Xiyabani başda olmaqla
İranı asılı vəziyyətə salan Rusiya ultimatumuna
qarşı (1911m. - 1329 h.q) şiddətli etirazı və
bununla əlaqədar kütləvi ictimai hərəkat
başlatdığı, Şeyx Əbdülhüseyn məscidində,
Səbzə Meydanda geniş xalq kütlələri
qarşısında çıxışları ilə
ölkədə xarici təsirə qarşı müqavimət
hərəkatı oyatdığı yada salınır.
"Varlıq" dərgisinin ilk sayında
"Əncüməne-Azərbaycan"ın (Azərbaycan Cəmiyyəti)
9 fərvərdin 1357-ci il tarixli (1978-ci il 29 mart) farsca Elamiyəsinin
(Bildirişinin) mətni verilir. İlk cümlədə
deyilir: "Əncüməne-Azərbaycan" bütün
İran xalqlarının əsas azadlıq və demokratik
hüquqlarının qətiyyətli müdafiəçisidir.
Azərbaycan xalqı təkcə özü üçün
və bütün ölkədəki həmdilliləri
üçün deyil, İranın bütün xalqları
üçün fərhəngi - mədəni azadlıq istəyir.
Azərilər, farslar, kürdlər, ərəblər, lorlar,
qaşqaylar, belucar, türkmənlər gərək
bütün hüquqlara birlikdə malik olsunlar.
Vurğulanır ki, İran Cümhuriyyəti gərək
tarixi istibdad və sitəmin aradan qaldırılmasının
başlanğıc nöqtəsi olsun.
Burada qeyd olunur ki, İran buradakı bütün
xalqların vətənidir... Bildirilir ki, "Əncüməne-Azərbaycan"
istismarçılara qarşı mübarizədə bundan
sonra da demokratik hərəkatın önündə gedəcək...
Ümidvardır ki, hökumət rəhbərləri öz
ümumi siyasətində demokratiya yolunu və üsulunu
seçəcək, inqilabı davam etdirəcək,
cümhuriyyəti İranın bütün xalqlarının
arzu və istəklərini nəzərə almaqla təsis edəcəklər
(s.9).
"Əncüməne-Azərbaycan"ın 1358-ci il
ordibehiştin 10-da (30 aprel 1979) Azərbaycan xalqının və
İranın digər xalqlarının qövmi (etnik) və mədəni
hüquqlarının təmin və təzmin (zəmanət
verilməsi) edilməsi haqqında 9 saylı farsca Elamiyəsində (Bildirişində)
deyilirdi ki, əvvəlki bəyaniyyələrdə olduğu
kimi, inqilabın qələbəsindən sonra ölkədə
yaranmış bu həssas dönəmdə, İranın
vahidliyini, istiqlal və ərazi bütövlüyünü dəstəkləyir,
hər cür bölücülüyə qarşı
çıxır, Azərbaycan xalqının və
İranın digər xalqlarının qövmi və fərhəngi
hüquqlarının təmin edilməsini Qanuni Əsasidə
(Konstitusiyada) təsbit edilməsini
istəyir. Bunun üçün aşağıdakı məsələlərin
həll edilməsi irəli sürülür:
1. Ümumdünya İnsan Haqları Bəyannaməsinin,
digər beynəlxalq sənədlərin müəyyən
etdiyi insan haqları və demokratik azadlıqlar çərçivəsində
qövmi və mədəni muxtariyatın təmin edilməsi;
2. Şahlıq rejiminin Azərbaycan xalqına və
digər xalqlara qarşı yeritdiyi milli zülm, sitəm,
işgəncə, bu xalqların tarix və mədəniyyətini
təhqir və aşağılamaq, təhrif etmək siyasətləri
məhkum edilsin, siyasi məhbusların, surğunlülərin,
edam edilənlərin bəraəti və haqları təmin
edilsin;
3. Azərbaycanın milli dili və mədəniyyəti,
ana dili olaraq azəri türkcəsində təhsil, 1358-ci ildə
(1979) və qarşıdakı illərdə dərs
kitablarının hazırlanması təmin edilsin;
4. Təbriz Universitetində və digər universitetlərdə,
Azərbaycanın elmi və mədəni mərkəzlərində
Azərbaycanın dil, mədəniyyət, incəsənət,
ədəbiyyat, folklorunun tədqiqi üçün əməli
imkanlar və fəaliyyətlər təmin edilsin;
5. Azərbaycandakı bütün informasiya vasitələrinin
proqramlarında azəri türkcəsinin işlədilməsi,
həmçinin mərkəzdə və bütün sair
bölgələrdə sakin olan azərbaycanlılar
üçün bu dildə münasib ümumiran şəbəkələrində
proqramlar, verilişlər hazırlansın, türkdilli vətəndaşların
yaşadıqları məntəqələrdə iki dildə
tədris təmin edilsin;
6. İnsanların fikri, hünəri (bədii-estetik)
imkanlarının həyata keçirilməsi və yönləndirilməsinə
yol açmaq, ədəbi və bədii-estetik inkişaf
üçün, xüsusilə Azərbaycan musiqi və
teatrının inkişafı üçün münasib
şərait yaradılsın;
7. Azəri türkcəsindən məhkəmə
qurumlarında və sair dövlət idarə və müəssisələrində
istifadə haqqı təmin edilsin ki, insanlar öz
müşkülatlarını və istəklərini öz
ana dilində bəyan edə bilsinlər və nəticə
hasil etsinlər;
8. İdarəçilik, mədəni, hüquqi,
iqtisadi, inzibati işlərdə xalqın seçdiyi
şuralar, əncümənlər (cəmiyyətlər) vasitəsilə
qanuni nümayəndələrin seçilməsi, azərbaycanlılar
arasından, məsul idarəçilərin irəli çəkilməsi
üçün azərbaycanlıların sıx
yaşadığı ərazilərə muxtariyyat verilməsinin
təmin olunması;
9. Mənhus, alçaq, fürsətcil rejim
zamanında yaranan maneə və müşkülatları
aradan qaldırmaq, Azərbaycanın əkinçiliyini, sənayesini,
ticarətini inkişaf edən, özünü təmin edən
milli, müstəqil iqtisadiyyata çevirmək.
"Varlıq" dərgisinin haqqında bəhs edilən
ilk sayında Tehranın Sənaye Universitetində təşkil
olunmuş yığıncaqda səsləndirilmiş fikir və
mülahizələr barəsində hazırlanmış
(M.Ə.Yaşar tərəfindən) "Azərbaycanda milli
sitəm haqqında" azəri türkcəsində xülasə
məqalə dərc edilmişdir. Burada qeyd olunur ki, I Dünya
müharibəsindən sonra ingilislərin hədəflədiyi
"qüdrətli mərkəzləşdirilmiş dövlət"
Layihəsi Rusiyanın İrana
təsirinin qabağını almaq, İran
iqtisadiyyatını Qərb imperializminə bağlamaq, onun təbii
sərvətlərini talamaq, bazarını da imperializmin məsrəf
bazarına çevirmək məqsədi güdürdü.
Belə antimilli və antidemokratik Layihənin başına gətirilən
Rza xan, sonra isə oğlunun əsas hədəfi
İranın Məşrutə inqilabında əldə edilən
hər cür milli və demokratik imkanları aradan
qaldırmaq, istibdadçı bir rejim qurmaq idi. Hər cür
ictimai-siyasi azadlıqları aradan qaldırmaq, xalqın
inqilabi əhval-ruhiyyəsini çəkmə altına
salıb sarsıtmaq, söz və düşüncə
azadlığını hamının əlindən almaq,
İranı mübariz insanların zindanına çevirmək
və yeri gəldikcə, milli və qabaqcıl fərhəng
yerinə qondarma və uydurma "istemari" - hakim millətçi
fərhənglə əvəzləmək və zoraki
"referendum" və "Ağ inqilab"... bu Layihənin
tərkib hissəsi idi... Bu, İranda yaşayan xalqların
milli-mədəni varlığını inkar etmək,
onların xislətlərini, adət-ənənələrini
məsxərəyə qoymaq və ayaq altına salmaq siyasəti
idi... Bu xalqların yaşadığı bölgələri
iqtisadi-ictimai cəhətdən geridə qoymaq idi. Bu rejim
öz alçaq, savadsız və yaramaz nökərlərini
həmin vilayətlərdə hökumət məmuru, deputat təyin
etməklə hər cür demokratik addımın
qarşısını amansızlıqla alır,
xalqının xeyirinə çalışan hər kəsi
ayrımçı, dövlət əleyhdarı
adlandırıb təqib edirdi... Azərbaycan xalqı da öz
doğma dili, yerli xüsusiyyətləri, qövmi (etnik) fərhəng
və mədəniyyətindən məhrum edilmişdi.
Qeyd olunurdu ki, Azərbaycan xalqının İranda
baş verən azadlıq hərəkatında və orada
canlanan inqilabi-demokratik qiyamlar cərəyanında
böyük rolu olduğu, bu xalqın Məşrutə
inqilabı və ondan sonrakı azadlıq hərəkatlarında
"pişqədəm" (öncül) olmaları İran
istibdad rejimini burada ikiqat istismar və ziddi-milli siyasət
aparmağa sövq etmişdi.
(Ardı var)
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər
üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə
və səlahiyyətli səfir
525-ci qəzet .- 2025- 29 yanvar(№16).- S.13.