Ayrılıqdan ayrılığa
esse
Nə sevginin ölçüsü var, nə də
ayrılığın. Amma mən birini digərinin
başlanğıcı və sonu, həm də
ölçü vahidi hesab edirəm. Dahilər demiş, sevgi
üçün ayrılıq, od üçün külək
kimidir. O, zəif məhəbbəti söndürür,
güclünü daha da alovlandırır. Bu iki məfhum
üçün zaman və məsafə məhdudiyyəti də
yoxdur. Qəfil gəlişiylə həyatında
fırtına effekti yaradar, indiyə qədər bildiyin və
inandığın ölçü biçiləri, dəyərləri
dəyişdirər, dünyanın rənginə rəng
qatar.
Sevilən, arzulanan olmağı kim istəməz ki!..
Evlərin pəncərəsi Günəşə, qəlblərin
pəncərəsi isə sevgiyə açılır.
Xoş o adamın halına ki, qəlbi eşqlə aram olur,
ürəyi məhəbbətə yuvadır. Deyirəm,
Allahın yaratdığı o insan, ya bir canlı xoşbəxtdir
ki, getməyə yeri, sığınmağa yuvası var.
Nə qədər ki, gəncdir, gecə-gündüz
demədən, yorğunluq nədir bilmədən
çalışır. Ev tikir, həyət-baca düzəldir,
əzizlərini başına toplayıb burada rahatlıqla bir
ömür yaşamaq istəyir. Torpağına, daşına
alnının təri qarışır, divarlarını əlinin
qabarı sığallayır.
Çoxdan kənddəki evimizi satıb şəhərə
daşınmaq istəsək də, həyat yoldaşım
razılaşmır. Deyir, bu daşlarda mənim əl izlərim
var. Bu, yalnız ev deyil, həm də xatirələr muzeyidir.
Düz deyir. Elə mən də burada hər ağacın, hər
daşın xasiyyətini bilirəm, tanıyıram onu, elə
onlar da məni tanıyır. Bəzən saatlarla
bağımızda bitirdiyimiz meyvə, ya da dekarotiv ağaclar
ilə söhbət edirəm. Onların çoxu
yaşlanıb, bax elə bu alça ağacından
başlayım, onu heç kim əkməyib, özü bitib.
Daha budaqlarının çoxu quruyub, amma həyat eşqi o qədərdir
ki, yenə hər il ilk baharda özündə hünər
tabıb ağappaq çiçəkləriylə bəzənib
çıxır önümüzə...
Bax, bu qollu-budaqlı İnnab ağacını anam
öz əlləri ilə əkmişdi, onda heç boyu bir
metrə çatmırdı. İndi böyür-başı
nəvə-nəticələri ilə doludur. Bu
kötüyü görürsən, Xartut ağaçı
idi, onu isə qayınatam vermişdi, ilk barını yeyəndə
dünyanı bizə bağışlamışdılar.
Ötüb keçən illər onu da qocaltdı, əvvəl
xırda budaqları qurudu, sonra da yavaş-yavaş özü.
İndi də yorulanda ondan qalan bu kötüyün
üstündə oturub həm dincəlirəm, həm də
keçən zamanları xatırlayıram.
Bu evi də ikimiz qurmuşuq, hələ balaca oğlum
da "fəhləlik" edib, öz çəkisindən
ağır mişar daşlarını daşıyıb
atasının yaxınlığına yığırdı.
Evimizin divarı hər daş boyu qalxdıqca baxıb
sevinirdik. Əlbəttə, çətindir, hər şeyi
buraxıb getmək olmur, qadam, olmur...
Ayrılığı duymadığı zamanlar da
olur adamın, hər şeyin hələ irəlidə
olduğunu düşünərək həyata sarılmaq necə
də gözəl hissdir! Sonra səni tərk edib gedənlərin
hər biri ilə bir az təklənirsən, sanki həyatla sənin
aranda olan bağlar qırılır bir-bir. Ömrün xatirə
gözü ağırlaşır, dünya dönə-dönə
çat verir içində...
Dünya sanki bir görünməyən konveyerdir,
fırlanır və hərəkət etdikcə üstünə
yığılan adamlar da bəlli bir yerə çatınca
istədi, istəmədi düşüb gedir və bir daha
qayıtmır.
Ayrılığı ölümlə müqayisə
edirəm, təzə ilin astanasında baş verən təyyarə
faciəsində həlak olan insanların ömrü kimi
arzuları da yarı yolda qırıldı. Əzizlərinə
ömürlük kədər və göz yaşı verib əbədiyyətə
çəkildilər.
Hər ayrılıqdan insan qəlbində bir yanıq
yeri qalır, üstü qaysaq tutan bu yara tez-tez qanayır. O
gedənini səninçün sonra heç kim əvəz edə
bilmir. Təsəlli olur, dayaq olur, amma əvəz edə
bilmir! Boş qalır o yer, bomboş, dolmur ki, dolmur...
"İnsan kərpic kimidir, yandıqca bərkiyir",
deyirlər. Hər ayrılıq da sinə dağlamaz amma.
Ayrılıqlar vüsala yoldursa, o qapıdan keçməyə
nə var. Vay o gündən ki, əbədi ayrılasan. Bəzən
hiss etmədən ötən hər gün, hər an belə
insanı ayrılığa aparır. Gündəlik
qayğılar başımızı elə qatır ki,
çox zaman fərqində olmuruq heç. Bir ətrafınıza
baxın, evdə, işdə, cəmiyyətdə doğma, əziz,
dəyərli insanların əhatəsində olmaq, onların
sevgisini hiss etmək nə gözəldir!
...Növbəti ilimizin ilk günlərini
yaşayırıq, bilirəm, mənim kimi çoxunuz
köhnə illə sağollaşıb şirin arzularla,
ümidlərlə sarılıb yeni ilə. Çoxlu
umacaqlarımız, gözləntilərimiz var, kimsə subaylığın
daşını atmaq üçün bir sevginin, kimsə
hansısa xəstəlikdən qurtulub
sağlamlığına qovuşmağın həsrətindədir.
Digəri əmək haqları və təqaüdlərin
artırılması arzusunda ikən, bir başqası orta məktəbin
son pilləsində dayanıb o üzə-böyük
arzularına sarı gedən yola boylanır... Kimsə iş
axtarır, bir başqası yenicə təməlini qoyduğu
evinin tikintisinin bitməyinə həvəslənir. Bir
böyük arzumuz da var, bu da hər bir Azərbaycan vətəndaşının
arzusu, istəyidir. Qarabağda başlanan böyük işlər,
layihələr də uğurla irəliləsin, illərlə
yurd-yuvasına dönmək istəyən
soydaşlarımız son nəfərinə qədər 30
illik ayrılığın qapısını
çırpıb çıxsınlar...
Həyat döyüş meydanıdır, fəqət
kimin başlamasından xəbərin olmur. Sən, istədin,
ya istəmədin, bir də baxıb görürsən
meydandasan, döyüşməkdən başqa yolun yoxdu.
Qaliblər müzakirə olunmasa da, məğlublar həmişə
söz yeridi. Atacaqlar, tutacaqlar, vuracaqlar, yıxacaqlar, lap
sürüyüb çıxaracaqlar meydandan. İndi buyur,
hünərin var qalib olma!..
İtalyan filosofu Cambatisto Viko hesab edir ki, "hər
birimizin həyatı bəşər tarixinin xülasəsidir,
yəni hər kəs ömründə bəşər
tarixinin mərhələlərini qısa şəkildə təkrar
edir". Yetər ki, daxilindəki Günəşi, Ayı,
Ulduzları görmək üçün fikir səmasını
qaralmağa qoymayasan, möcüzələrə inanasan ki,
öz möcüzəni də tapasan...
Şahnaz ŞAHİN
525-ci qəzet .- 2025- 29 yanvar(№16).- S.12.