"Qoca gitaraçı"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi,
sənətşünas Sevinc Əliyevadır. Sevinc xanımla
məşhur ispan rəssamı Pablo Pikassonun "Qoca
gitaraçı" əsərindən
danışmışıq.
Ötən əsrin 100 ən tanınmış
insanı siyahısında adı çəkilən ispan əsilli
rəssam, heykəltaraş, qrafik Pablo Pikasso 1881-ci il
oktyabrın 25-də Malaqada rəssam ailəsində dünyaya
gəlib.
Yerli rəsm məktəblərindən birində rəsm
müəllimi işləyən atası Jose Ruiz Blasko
Pikassonun istedadını o hələ uşaqkən hiss
etmiş və oğlunu rəssam kimi yetişdirməyə
başlamışdı. Artıq 15 yaşında Pikassonun
çəkdiyi həkim və xəstə qadının təsvir
olunduğu ilk akademik əsəri Malaqada keçirilən rəsm
müsabiqələrinin birində qızıl medala layiq
görülür.
XX əsr dünya incəsənətində şedevrlər
yaradan, öz adını dünya incəsənəti tarixinə
əbədi həkk edən Pablo Pikasso
yaradıcılığı qədər şəxsi həyatı
ilə də daim gündəmdə olub.
Çətin və maraqlı həyat hekayəsi,
saysız-hesabsız eşq macəraları sözsüz ki, rəssamın
yaradıcılığına təsirsiz ötüşməyib.
Pikasso 1907-ci ildə Jorj Brakla birlikdə incəsənət
tarixində ən böyük yeniliklərdən birinə imza
ataraq, naturalizmi inkar edən Kubizm cərəyanını
yaradıb.
- Sevinc xanım, "Qoca gitaraçı" Pikasso
yaradıcılığının hansı dövrünə
təsadüf edir?
- Bu əsər 1904-cü ildə - rəssamın
yaradıcılığının "Mavi dövründə"
işlənilib. Məlumdur ki, Pikasso
yaradıcılığının bu mərhələsi
yoxsulluq və əzablardan dərin təsirləndiyi
dövrü əhatə edir. Əsər həm də "Kor
gitaraçı" adı ilə də tanınır. Dostu
Carlos Casegemasın intiharından ağır sarsıntı
keçirən, illərlə özünü hər kəsdən
təcrid edən rəssam bu tablonu sanki ona həsr edib.
- Tablo hazırda harada saxlanılır?
- Əsər Amerika Birləşmiş
Ştatlarında yerləşən Çikaqo İncəsənət
İnstitutunda qorunur.
- Tablonun kompozisiyası haqqında nə deyə bilərsiniz?
- Rəsmdə nimdaş geyimdə bardaş quraraq
oturmuş, öz gitarası üzərinə əyilib
düşüncələrə dalmış və sanki ətrafında
dövr edən dünyada itmiş yaşlı kişi təsvir
olunub. Qoca gitaraçının cılız siması, ümidsizlikdən
qapanan gözləri, uzun barmaqları həqiqətən də
əsərə baxan tamaşaçını uzun müddət
özünə cəlb edə bilir. Siması, ümumilikdə
bütün bədəni acı həyatını ifadə edən
musiqiçi onu həyatda saxlayan yeganə gücə - öz
musiqi alətinə sarılıb. Qoca nə qədər kədərli
olsa da, sarıldığı gitara sanki ona ümid verir və
bütün çətinliklərə baxmayaraq, musiqiçi
yenə də özündə yaratmaq əzmi tapır. Tablonun
analizi zamanı tədqiqatçılar maraqlı faktlarla
rastlaşıblar. Əsərin aşağı hissəsində
başını əyərək dayanmış qoca bir
qadın, uşaq və uşağın yanında gənc
qadın, tablonun sağ küncündə isə heyvana bənzər
bir rəsm olduğu aşkarlanıb.
- Əsərin rəng həlli necədir?
- Bu işin kolorit həllində soyuq göy rəng
üstündür və tablonun sağ hissəsi nisbətən
daha tünd göydür. Fonun sol küncü isə
açıq mavi rəngdir. Pikasso
yaradıcılığının mavi dövründə ərsəyə
gələn bu tabloda məlum səbəblərdən rəssam
isti rəng tonlarından istifadə etməyib. Kompozisiyanın
yeganə rəng dəyişimi qəhvəyi gitaradır ki,
bu da rəsmin fokusu sayıla bilər.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Tablo sanki Pikassonun bütün
yaradıcılığı boyu toxunduğu mövzuların
ümumiləşdirilmiş mükəmməl bir nümunəsidir.
Əsər çətinlik və əzab içində belə
insan ruhunun gözəlliyini tərənnüm edir.
Kompozisiyanın ana ideyası incəsənətin ən
çətin şərtləri belə aşaraq insanı
böyük bir varlığa bağlamaq gücünə malik
olmasıdır.
Bu tabloya oxşar əsərə amerikalı rəssam
Robert Henrinin yaradıcılığında da rast gəlinir.
Henri rəsmi ötən əsrin əvvəllərində -
1909-cu ildə kətan üzərində yağlı boya ilə
işləyib. Həmin rəsmdə də kor ispan gitarist təsvir
olunub. Sözügedən əsərdə musiqiçinin ruh
halı onun daxili aləminin, qapalı dünyasının təsviri
sanki rəssamın qarşısında duran başlıca vəzifədir.
Yəni hər iki tabloda musiqinin qəhrəmanları həyata
bağlayan başlıca vasitə olduğu göstərilir. Təbii
ki, tabloların oxşar xüsusiyyətləri ilə paralel
olaraq fərqli cəhətlərini də qeyd etmək
lazımdır. Henri daha realist bir yanaşma ilə
musiqiçinin portretini çəkibsə, Pikasso ekspressiv və
simvolik bir yanaşma göstərərək, musiqiçini
çətin həyatını və emosional dərinliyi ilə
təqdim edir.
Pikassonun "Qoca gitaraçı" əsərində
rəssamın yaradıcılığına xas bir neçə
xüsusiyyət - formaların sadələşdirilməsi,
qeyri-real, sanki deformasiyaya uğramış təsvir, tənhalıq,
kədər kimi duyğuların təsviri öz əksini
tapır. Kompozisiyanın mərkəzində təsvir olunan tənha
musiqiçinin emosional portreti isə artıq bir əsrdən
çoxdur ki, sənətsevərləri ovsunlayır.
Aytac SAHƏD
525-ci qəzet .- 2025- 29 yanvar(№16).- S.12.