ASAN YAŞAYA
BİLMƏYİN YOLU
Bilmirəm, indiyədək Bəhlul Danəndəyə
şeir həsr edən olubmu? Hər halda onunla bağlı
müxtəlif dillərdə baxdığım
("bütün" yazmağım ifrat olar)
çoxsaylı mənbələrin heç birində belə
bir qoşquya rast gəlməmişəm. Ancaq mən
yazası oldum. Azərbaycan televiziyasında Bəhlul haqda
veriliş hazırlayırdım. İş elə gətirdi
ki, kameraya çəkilmiş söhbətlərin montajı
başlananda bir deyil, iki veriliş alındı.
Ancaq ilkin yazılmış söhbət elə idi ki,
bir veriliş üçün nəzərdə
tutulduğundan müqəddiməsi, yekunu vardı, iki
veriliş məsələsi ortaya çıxanda artıq təzədən
yazılış imkanı olmadığından növbəti
verilişə də nə şəkildəsə uyğun
başlanğıc və sonluq düzəltmək
lazımdı. Ona görə də ön söz və son
söz kimi qavranıla biləcək, kadr arxasında səslənməkçün
elə studiyadaca bir neçə bənd şeir yazdım ki,
yarısı əvvəldə, yarısı sonda getsin.
Sözün düzü acı olar, dəliliyə
vurdu özün,
Dəliliyi sipər edib rahat dedi ürək
sözün.
Yanında qanan olanda Bəhlul bilən, danəndədir,
Anlamazlar yığışanda deyər: "Bəhlul
divanədir".
Bir gözü gülən çağında bir
gözü ağlayan Bəhlul,
Sözüylə gah sığal çəkən,
gah da ki, dağlayan Bəhlul.
Şəbədələr qoşar gedər, qoymaz
dilin heç dinc Bəhlul,
Aqillərə ağıl verər, uşaqdan da nadinc
Bəhlul.
Həm saflığın, həm riyanın batinini
görər gözün,
Ürəklərdən çıxararsan tikan kimi
sözün düzün.
Cavanların ən cavanı - qocalardan qoca Bəhlul,
Yüksəklərin ən hündürü - ucalardan
uca Bəhlul.
Dillər qısa, gözlər qıpıq,
ağızlarda qıfıl olsa,
Aciz qalıb sussa qanan, qalanlar da qafil olsa.
Bəhlul Dədə, nə qəm?! Səntək
haqqı deyən dilimiz var,
Aqillərin ən aqili, müdrik, ötkəm Dəlimiz
var.
Ən danəndə divanəsən, ən divanə
danəndəsən,
Həqiqətsən, əfsanəsən, rindanəsən,
bir danəsən.
Bilgə Bəhlul, sən verirsən ümid, inam hər
bir vədə,
Hər sözünlə dərdimizi daşıyarsan,
Bəhlul Dədə,
Hər sözünlə könüllərdə
yaşayarsan, Bəhlul Dədə!
Bir dəfə Bəhluldan soruşurlar: "Sən ki
bu qədər ağıllısan, niyə bəs var-dövlətin
yoxdur?" Bəhlul razılaşmır: "Onu kim deyir ki, mənim
var-dövlətim yoxdur?! Var, özü də lap çox.
Hamısını yuxarı evdə gizlətmişəm".
Bəhlulun ikimərtəbəli evi varmış. Evdə
adam olmayanda lotular fürsət tapıb soxulurlar içəri,
qalxırlar ikinci qata, di gəl, nə qədər axtarsalar da,
nimdaş həsirdən savayı, ələ keçəsi
bir şey tapmırlar.
Fikirləşirlər ki, ya Bəhlul bizi
dolayırmış, ya da qəliz yerdə gizlədib,
yaxşı axtarmamışıq. Söz almaq məqsədilə
dalınca gedirlər və onu bir məclisdə tapırlar.
Baxırlar ki, yenə var-dövlətdən dəm vurur:
"Mən bu dünyada nə qədər yaşayacağamsa,
ona bəs edəcək sərvət toplamışam. Amma o
dünya da var. Orada da nə qədər yaşayacağamsa,
indidən ora üçün mal-dövlət tədarük
edirəm".
Oğrular başlayır Bəhlulu lağa qoymağa
ki, bu Divanənin basıb-bağlamağına bənd
olmayın. İndicə onun mənzilindən gəlirik.
Döşünə döyürdü ki, bütün
mal-dövləti yuxarı evindədi. Yoxlamaq üçün
getdik baxdıq, yırtıq həsirdən başqa heç nəyi
yox idi. İndi də sizin başınızı piyləyir ki,
guya hətta axirətə mal-dövlət tədarük edir,
hamısı boş sözlərdir.
Bəhlul başını bulayır: "A fərsizlər,
siz mənim yuxarı evimə necə çıxa bilərsiniz?
Ora Allahın evidir. Etdiyin bütün tədarükü də
gərək həmişə ora üçün edəsən,
necə ki mən edirəm. Sizin gözünüz o dövləti
görməz".
Bəhlul Danəndə ölümündən
sonrakı həyatının diri yaşayışından
min-min dəfələrlə uzun olduğunu bildiyindən əbədi
həyatı, gələcəyi üçün elə
tükənməz və köhnəlməz sərvət cəmləmişdi
ki, bu gün də ona rəhmət oxutdurur. Bu tükənməz,
vaxt sovuşduqca azalmayıb artan, üstünə təzə-təzə
sərvətlər gətirən miras onun dillərdə
dastana çevrilmiş savab əməlləri, solmaz sözləri,
ibrətli düşüncələridir.
Hər adam bir dəfə doğulur, bir kərə də
ölüb dünyadan gedir. Bəhlul nə hamı kimi bir dəfə
doğuldu, nə hər kəs kimi bir dəfə torpağa
tapşırılaraq ömrünü başa vurdu.
Sualların ən çətini kimi görünənləri
olsa da, "Bəhlulla bağlı ədəbiyyatda ilk
toplayıcılıq işləri nə zamandan
başlayıb?", "Bu haqda soraq verən ilk qaynaqlar
hansılardır?" sorğularının cavabları var:
biri farscadır, biri türkcə. Hər ikisi də
böyük şairlərin qələmindən
çıxıb.
Fəridəddin Əttar XII yüzildə təsəvvüf
ədəbiyyatının ən öndəgedən şairlərindən
idi və onun yazdığı bir-birindən qüvvətli əsərlər
sonrakı fəlsəfi poeziyanın da inkişafına
güclü təsir göstərib. Amma yaratdıqları
başqaları üçün davam etdirilən dərslərə
və məktəbə çevrilən Əttarın
özü də daha əvvəl yaranmış ədəbiyyatdan,
düşüncə qaynaqlarından bəhrələnmişdi
və qidalandığı qaynaqlardan biri elə Bəhlulmuş.
Fəridəddin Əttar Bəhlulla bağlı rəvayətləri,
lətifələri toplayan ilk müdrik söz
yığıcısı olub. Söyləmələri
topladıqca Bəhluldan sözü söz içərisində
deməyin, sözü pərdələyərək qələmə
gətirməyin bir çox gizlinclərini də mənimsəyib.
Onun "Məntiqu-t-teyr" - "Quş dili" əsəri
elə gerçəkləri uçarların lisanı ilə
çatdırmağın parlaq örnəyidir. İnsanın
dərd-sərini quşun dili ilə ifadə etmək adəti
Əttardan sonra fars və türkdilli poeziyada geniş
yayılır, "quş dili" anlayışı və təcrübəsi
də ölkə-ölkə, ədəbiyyat-ədəbiyyat
ötürülür.
Bu səda İmadəddin Nəsimi
"Divan"ından dikəlir:
Heç kimsə Nəsimi sözünü fəhm edə
bilməz,
Bu, quş dilidir, anı Süleyman bilir ancaq.
Fəridəddin Əttardan azacıq sonra, artıq XIII
yüzildə Bəhlul bir surət olaraq türkdilli ədəbiyyatda
- Yunis İmrə şeirində görünür. Bu məqam
da düşündürücüdür ki, istər Əttar
olsun, istər Yunis, onlar ikisi də sadəcə şairlər,
böyük sənətkarlar deyildilər, onlar ünlü
mütəsəvviflər, qüdrətli mütəfəkkirlər
idilər və məhz filosof düşüncəli şairlərin,
mətləbləri sözün dərinində olanların Bəhlula
üz tutması onların eyni təfəkkür tərzinə
sahibliklərindən gəlirdi.
Ozan Yunis Bəhlulçu olmasını elə
özücə bəyan edib:
Halife oldum, bindim çok türlü hale
döndüm,
Behlul ile sinlerde ol kellekıran benim.
...Sancan, qamçılayan Bəhlul Danəndə XX
yüzilin əvvəllərində, Molla Nəsrəddin kimi,
Azərbaycanda bir də yenidən doğulmuşdu.
1906-cı ilin aprelində qoca Nəsrəddin elə
köhnə libasında, amma yeni günə uyğun sözləri
ilə Mirzə Cəlil və Ömər Faiq Nemanzadənin
yaratdığı mizah dərgisinin səhifələrində
insanlarla yeni görüşlərini başladısa, düz
bir il sonra elə həmin dalğada ayrı bir gülgü
toplusunun da nəşrinə qərar verildi və 1907-ci il may
ayının 19-dan həmin il noyabrın 4-dək - çar
hökuməti tərəfindən qapadılanadək,
geniş bilikli, yüksək zövqlü, dövrün inqilab
düşüncəli cavanlarından olan, müəllim,
publisist Ələsgər Əliyevin (1883-1938) redaktorluğu ilə
"Bəhlul" toplusu işıq üzü gördü.
Vur-tut 9 sayının buraxılmasına imkan verilən
o jurnalda üz qabığından son səhifəsinəcən
Danəndə Bəhlulun ruhu duyulmaqda və görünməkdə
idi. "Bəhlul"un ilk 6 sayının rəsmlərini
Y.Hamberq, R.Girş, qalanlarınkını isə S.Cəlilbəyov
və Ə.Əzimzadə çəkmişdilər.
"Molla Nəsrəddin" ilk sayını xalqa
üz tutaraq "Sizi deyib gəlmişəm, ey müsəlman
qardaşlarım!" müraciəti ilə
başlayırdısa, bu dərginin də birinci nömrəsinin
ilk yazısının altında "Bəhlul" imzası
dururdu və köhnə zamandan təzə vaxta vəzifə
ilə, tapşırıqlarla təşrif gətirmiş bu
kişi sözünü hamıya söyləyirdi: "Bilin və
agah olun, ey cəmaət-i dünya! Mürşidim məni
göndərib gəlmişəm, gərək ki, sizləri
bir para namərbut işlərdən agah edim. Çünki
neçə müddətdir öz qəbiristan əhlimizə
nəsihət və moizə eylədim, mənim sözümə
qulaq asan olmadı. Hərçi dad ü fəryad eylədim,
baba, sizdən adam olmayıb, olmadı".
Başlayır bir-bir sadalamağa ki, adamları, cəmiyyəti
islah etməkçün nələr dedim və bir nəticə
hasil olmadı, amma son sözlərindən də bəlli olur
ki, Bəhlul usanan, bezən deyil, işini davam etdirməkçün,
məqsədinə çatmaqdan ötrü qollarını təzədən
çırmalayıb: "Genə olmadı ki, olmadı.
İndi gəlmişəm görüm siz nə ilə məşğulsunuz,
keyfiniz necədir".
Məqalənin sonunda mötərizədə
"Axırı var" yazılıb. Ancaq dərgini vərəqlədikcə
bunu da anlayırsan ki, "Bəhlul"un
başladığı işlərin həqiqətən
axırı, bitəcəyi yoxdur - Bəhlul təzədən
qayıdıbsa və qayıtmağının səbəbi də
insanda və cəmiyyətdə islah etmək istədiyi qəbahətlərin
hələ də tükənməməsidirsə, demək,
o, durmadan qayıdacaq, mübarizələrini
də yolu davam etdikcə aparacaq.
Bu məram elə "Bəhlul"un
başlanğıcdakı müraciətinin ardınca gələn
ilk şeirdəcə əksini tapıb. "Əğniyalar
qinası, yaxud zadəgan bağırtısı" adlanan o
şeirin altında "Duzəxi" imzası qoyulub - yəni
"Cəhənnəm əhli". Ancaq ərəb əlifbasındakı
bu sözün başqa oxunuşu və tam ayrı mənada dərki
də mümkündür: "Düz əxi" - yəni
doğruçu qardaş.
Və sözün gerçəyini deyən bu
dürüst qardaş Mirzə Ələkbər Sabir idi. Elə
yolunun əvvəlindəncə "Bəhlul"la birgə
idi.
Ta nəfəs var boş təbiltək dad ü fəryad
eyləriz,
Boş təbiltək dad-fəryad eyləyib ad eyləriz,
Aləmi öz xeyrimizdən ötrü bərbad eyləriz,
Xalqı bərbad eyləməklə xanə abad eyləriz.
...Va əcəb! Kim, duzəx üzrə
bağlanıb Qıl körpüsü
Bəs ki, çox-çoxdan yanır ətrafı
qarpıbdır hisi,
Bir tərəfdən tüstüsü, digər tərəfdən
istisi.
Eyləmək təşxis imkandan degil
yaxşı-pisi,
Duzəxi! Sən ki bu dünya dərdinin Leylacısan
Cay dur, karında ol, nə məşhədi, nə
hacısan.
Həqq sözün möhtacısan,
Ta nəfəs var dad qıl,
Sən vətən dürracısan!
Və o müqəddiməylə bu şeirin
ardınca da bir karikatura gəlir: artıq Bəhlul iş
başındadır: şəhər mərizxanasına -
Bakının baş xəstəxanasına müalicə
olunanları yoluxmaqçün gəlib. Azarlılar da Bəhlulu
görüncə burada rastlaşdıqları
uyğunsuzluqlardan şikayətlənməyə
başlayır, "bir halda ki gəlmisən, dərdimizə
çarə qıl", - deyirlər.
Xəstələrin Bəhluldan umduğu şeyxin təbiblik
edərək onları sağaltmağa
çalışması yox, üzdən guya daha sadə
görünən, əslində isə sağlamlıqla
birbaşa bağlı olan yetərincə ciddi məsələdir.
Gileylənirlər ki, hər xəstəyə dərman
içməkçün fincan paylayıblar, amma içini
yumayıb veriblər, burada qulluq edənlər də
onların sözünə məhəl qoymur. "Ey Şeyx Bəhlul!
Gör bizə bir çarə edən tapılarmı?!.
Bu illərdə qələmi qılınc kimi
siyrilmiş Sabir "Molla Nəsrəddin"də nə qədər
fəal idisə, "Bəhlul" dərgisiylə də eyni
şövqlə əməkdaşlıq edirdi. Sabir usta Sabir
idi. Hansı sözü harada və necə deməyi dəqiq
bilirdi. Sanki bu iki dərgi elə eyni işi görürdü,
amma hər kəsin tanıdığı Molla Nəsrəddinlə
hamıya bəlli Bəhlul Danəndə
oxşarlıqları qədər fərqli olduqları kimi,
"Molla Nəsrəddin" və "Bəhlul" məcmuələri
də bütün bənzərlikləri, məslək
ortaqlıqları ilə bərabər, həm də seçkin
idilər, hərəsinin öz məziyyətləri və
öz səciyyəvi cəhətləri vardı. Bu
özünəməxsusluqları gendən bəlkə də
kimsə ilk baxışdan sezməyə bilərdi. Sabirin ki
çalarları seçməkçün gözlərini
qıyıb zənlə baxmağa ehtiyacı yoxdu. "Molla Nəsrəddin"ə
verdiyi şeirlərdə mollanəsrəddinlik, "Bəhlul"a
təqdim etdiklərinə Bəhlulanəlik xas idi.
Elə dərginin birinci sayındaca Mirzə Ələkbərin
"Tərane-yi əsilanə"si yer almışdı və
Sabir bu şeirində təmiz Bəhlul kimi kinayə ilə,
sözü tərsinə çevirərək bizləyirdi:
Nə soxulmusan arayə, a başı bəlalı fə'lə?!
Nə xəyal ilə olubsan belə iddialı, fə'lə?!
Sənə dinmədikcə, əbləh,
azıxıb yolun çaşırsan,
Qapıda dayanmayıb da, zala doğru
dırmaşırsan,
Qara fə'lə olduğunda bəy ü xanla
çulğaşırsan,
Bəyə bizdə görməyirsən bu qədər
cəlalı, fə'lə?!
Nə çığır-bağır salırsan,
yorulub usanmayırsan,
Ədəb ilə öz məqamın tanıyıb
dayanmayırsan,
Hələ köhnə paltarından qızarıb
utanmayırsan,
Başına qoyub gəlirsən yekə bir motalı,
fə'lə?!
Amma Sabir elə həmin il iyulun 7-də "Molla Nərəddin"in
14-cü sayında yer alan bir başqa "Fəhlə"
şeiri də yazmışdı. "Molla"ya göndərdiyi
ilə "Bəhlul"dakının suyu bir-birinə çəkirdi
- belə də olmalı idi: "qohum" idilər, eyni qələmdən
çıxmışdılar, amma həm də tam eyni deyildilər,
hərəsində özünəxas bir incəlik sezilməkdə
idi. Əvvəlcə elə zənn edirsən bu da obirinin
başqa sözlərlə təkrarıdır, lakin bənd-bənd
irəlilədikcə şahid olursan ki, bundakı
"vur-vurum" deyən etirazçı ruh obirisindəkindən
daha coddur, burada artıq söhbət sadəcə fəhləyə
harınlıqla üstdən baxan zəngindən getmir, bu mənzumədə
fəhlə artıq hakimiyyətin rəqibi səviyyəsinə
qaldırılıb:
Fə`lə, özünü sən də bir
insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı
sanırsan?!
İnsan olanın cahü cəlali gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Himmət demirəm, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
...Dövlətliyik, əlbəttə, şərafət
də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbab-i hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı
sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz də hələ nemətimizdən,
Boylə çıxacaqsızmı bizim minnətimizdən?
Ehsanımızın şükrünü
küfranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Danəndə Bəhlulun bütün ömrü
boyunca - haçansa yaşamış olduğu illərə
sığan ömrü deyil, onun dünyaya gəldiyi gündən
bugünə qədər olan həyatı ərzində şəklinin
ən çox çəkildiyi, insanlarla təzə sözləriylə
ən mütəmadi görüşdüyü
çağlar elə 1907-ci ilin "Bəhlul" dərgisi
çıxan aylarıdır. Hər təzə nömrədə
üzqabığındakı şəklindən savayı,
jurnalın səhifələrində də müxtəlif
karikaturalarda onun obrazı var, ayrı-ayrı felyetonlardakı
söyləyişlərindən əlavə həm dilindən
şeirlər verilir, həm ona ünvanlanmış misralar
sıralanır.
...Bu danışan da Bəhluldur və artıq XX əsr
olsa da, elə eynən köhnə Bəhlulun özü kimi
danışa bilir, ona görə ki, o özü də elə
ayrı bir Bəhluldur.
"Bəhlul"un 1907-ci il iyunun 2-də
çıxan ikinci sayındakı "Qurt" adlı həmin
məqalənin altındakı imza "Yuxulu"dur. Elə
bir yuxulu ki, Azərbaycan tarixinin bütün dövrlərində
ən oyaq adam kimi həmişə yeni nəsilləri də
vaxtauyğun və həmişətəzə kəskin
deyişləriylə dümsükləyəcək, diksindirəcək,
qəflət uyğularından kal-kal oyatmağa səfərbər
olacaq, düşüncələrə daraşmış
mikrobları, canımıza işləyən virusları, mənəviyyatı
gəmirən qurtları dağıtmağa can atacaq: "Bəhlul
əmi! Mən ölüm, atın başın möhkəm
saxla. Bir neçə kəlmə sözüm var. Qorxuram
atın təpik ata, mən cəhənnəm, yoldaşım
şikəst olar. A Bəhlul əmi, biz dədə-babadan
görmüşdük ki, qurt pendir motalına düşər,
özü də xırda olar, amma...
İndiki qurtlar ikiayaqlı olub, özü də
başı adam başı kimidir. Adam kimi danışır və
yeyir və adam yanında söhbət eləyir. Amma bir də
qəfildən görürsən ki, adamı motal kimi
qurtdadır, hərçənd, bizim həkimbaşı cənab
müvəffəq ul-hükəma bu qurtları Qars, Şəki
və Şirvan qurtuna oxşadır. Amma səhv eyləyib, mənim
zənnimə görə, bu qurtların əmələ gəlməyi
çörəkdən ötəri olub, özünə də
ürəfa yanında "çörəkqurtu" deyərlər.
Hərçənd bu barədə həkimbaşı
çox nüsxələr yazıb, amma kargər olmayacaq, məgər
ki, çörək verməyəsən, səsinə qulaq
asmayasan".
Həmin "Yuxulu" Sabir idi və Mirzə Ələkbərin
qısa ömür sürmüş "Bəhlul"dakı
müəllifi göstərilmədən dərc edilən
yazıları öz yerində, "Duzəxi" və
"Yuxulu"dan əlavə "Çarub üd-dövlə",
"Laübalı", "İpləmə",
"Ağızları qıfıldayan" kimi də
örtülü imzaları olmuşdu. Sabir çox mənada
"Bəhlul"un çöhrəsi idi. Odur ki, Mirzə Cəlilin
şəklinin altında Molla Nəsrəddin yazmaq nə qədər
haqlıdırsa, elə Sabirin də fotosunun altına Bəhlul
yazmaq o qədər ədalətli olar. "Bəhlul" dərgisini
yaratmış Ələsgər Əliyevin xidmətini zərrəcə
azaltmadan bunu da deməmək olmur ki, Sabir bu dərgidə sadəcə
aparıcı müəlliflərdən biri deyildi, tam mənada
nəşrin bel sütunu idi. "Molla Nəsrəddin"də
Mirzə Cəlil və Sabirlə yanaşı, iri bir dəstə
parlaqlar vardısa, "Bəhlul"un redaktorundan da önə
çıxan sifəti elə Sabirdi. O səbəbdən də
Bəhlulun Azərbaycanda, Türkiyədə, İranda
müxtəlif dövrlərin rəssamlarının
yaratdığı bütün başqa təsvirlərinin,
Türkiyədə TRT xətti ilə çəkilmiş
çoxhissəli bədii filmdə Bəhlul rolunu ifa etmiş
aktyorun nurani simasının yanında şairin bizə
tanış istənilən fotosuna barmaq tuşlayaraq inamla təsdiqləyə
bilərik ki, "Bu, Bəhlulun üzüdür".
Başqalarının da günlərin birində onu
Molla ilə tutuşduracağını elə əzəl
başdan fərz edən "Bəhlul" özü də
müqayisə aparmışdı və həmin
qarşılaşdırmada da tərəzinin bir gözündə
bir neçə mollanəsrəddinçidirsə, o biri
gözündəki tək Sabirdir: "Bəhlul əmi, bir-iki
nömrə məcmuə yazdun. Mən bir şey başa
düşə bilmədim. Amma aşna, bu
üçüncü nömrədən şübhələnmişəm.
Gördüm ki, lap bizim rəhmətlik Molla Nəsrəddin
sözlərinə oxşuyur, sən də yavaş-yavaş
onun yerişin gedirsən. Onun Mirzə Xortdanı "Cəhənnəm
məktubatı"nı nəsrlə yazırdı, amma sənin
Mirzə Duzəxin gördüklərini nəzm ilə
yazır. Onun "Dəli"si var, sənin "Yuxulu"
varındır. Onun "Qızdırmalı"sı
vardır, sənin "Titrətməli"n vardır. O rəhmətlik
xalqa dolaşardı, sən sataşırsan. Qorxuram sən də
o rəhmətlik kimi axırda donosbazların dami-təzvirinə
giriftar olasan.
...Hərçənd mənə yəqindir ki,
"Molla Nəsrəddin" getdi, bugün-sabah yenə öz
işinə gələcək. Bəhlul da getsə, yerinə
qeyrisi gələr".
(Mirzə Xortdan - Əbdürrəhim bəy Haqverdiyev
idi, Dəli - Ömər Faiq Nemanzadə idi,
Qızdırmalı - Cəlil Məmmədquluzadə
özü idi, amma Duzəxi də, Yuxulu da, Titrətməli də
bir adamdı - təkbaşına orkestr ola bilən Sabir!).
Bunları "Bəhlul" 1907-ci il iyunun 30-da
buraxılmış 4-cü sayında yazırdı və o
günlər idi ki, "Molla Nəsrəddin"in "həddən
ziyadə zərərli istiqaməti səbəbilə"
bütün hərbi vəziyyət dövründə
bağlanması haqqında iyunun 8-də Tiflis müvəqqəti
baş valisi general-leytenant Timofeyev Tiflis polismeysterinə əmr
etmişdi, əksər Qafqaz qəzetləri bu haqda xəbər
yaymışdı. Ehtimal da bu idi ki, qapanışı guya
müəyyən dövr üçün nəzərdə
tuturdularsa da, elə biryolluq olacaq. Həmin günlərdə
elə "Bəhlul" da asta-asta
sıxışdırılmağa başlanmışdı,
onun da hansısa yazıları, hansısa rəsmləri senzor
qayçısının güdazına gedirdi və bu dərgi
də, "Molla Nəsrəddin" sayaq, çapına izin
verilməmiş yazıların yerini boş saxlayaraq bunun
redaksiyadan asılı olmayan səbəblərə görə
belə alındığını elan edirdi, çörəyi
burnuna yeməyənlər də, əlbəttə ki, işin
nə yerdə olduğunu gözəlcə anlayırdılar.
Köhnə xanəndələrdə adət idi ki,
muğam oxuyanda qəzəlin şirin yerində məclisdəki
hörmətli adamlardan birinin adını çəkərdilər,
o adam da feyziyab olardı, məclis də şuxlaşardı.
Sabir də yeri gəldikcə gah o, gah bu şeirində Bəhlula
müraciət edir, "Səninləyəm!" xəbərini
ötürür, "Bizimləsən!"
ismarışını çatdırır:
Pulu ancaq yaraşır çinliyəsən sənduqə,
Nə ki xərc eyliyəsən millətə,
dindaşa, ətə.
Öylə zəhləm gedir, Allah da bilir, millətdən,
Oluram süst, adı gəlcək, dönürəm
daşa, ətə.
Adı puldursa pulun, leyk özü can yonqarıdır!
Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!
Verərəm dinimi, imanımı, əmma pulumu
Vermərəm, Bəhlul ağa, arxayın ol, aşa, ətə.
Bəlkə də elə bugünün indisində
kimsə də təzə bir Bəhlulanə lətifəni
quraşdırıb elə onun adından dövriyyəyə
buraxır, Bəhlulu özünə sipər edir ki,
başından xatanı kənarlaşdırsın, amma təzə
mətləbi köhnənin əhvalatı kimi verib içəridən
də yüngülləşir, eşidənlər də təəccüblənir
ki, işə bax e, rəhmətlik Bəhlul bunu min il qabaq
deyib, elə srağagün bizim idarədə olan hadisəyə
bənzəyir.
Keçmişdəki Danəndə Bəhlulun yeni
zamandakı lətifələrindən neçəsini elə
yeddicə ay yaşamış "Bəhlul" yaratdı,
onlardan da bir qismini Sabir. Elə bu da Mirzə Ələkbərin
"Bəhlul" səhifələrində qalan ibrətli və
tikanlı gülməcələrindəndir: "Cəmi
dünyaya məlumdur ki, Bəhlul danəndədir. Mən də
bu sözə inanıb səndən bircə sual eylərəm.
Əgər bunu tapdun, onda bilərəm ki, doğrudan, sən
danəndəsən. Sözün kütahı budur: Nuxu
mahalında "Bu qışlaq cıxmaz" kəndi var. Bu kənddə
bir şeyx molla Lətif var. Çox qəribə dualar yazar,
fala baxar, bəxt açar, hər cür şirinlik, məhəbbət
duası yazar. Bu kənddə bir cahil övrətin
uşağı olmur. Biçarə əri övrəti gətirir
molla Lətifin yanına ki, dua yazsın. Molla Lətif buyurur
ki, övrət qoy bu gün burda qalsın. Kişi övrəti
qoyub gedir. Molla övrətin məmələrinə bir
neçə dua yazır və o biri gecə də övrət
qalır mollagildə. Sübhdən əri gəlir övrəti
aparsın, övrət getmir və deyir, uşaq olunca burda
qalacam. Mən bunu qana bilmirəm niyə övrət evlərinə
getmiyir. Əgər bildün?"
Bəhlul olmasın, sən ol, mən olum. Belə qəliz
suala necə cavab tapasan?!
Bu yazının sahibi, altında yazılmasına
görə, "Dərdmənd"dir. "Dərdmənd"
imzası "Molla Nəsrəddin"də
görünüb. Qulam Məmmədli bu imzanı Mirzə Cəlilə
və Kərim bəy İsmayılova aid edib. Ancaq Cəlil Məmmədquluzadə
nə açıq, nə qapalı imza ilə "Bəhlul"a
yazmayıb, müəyyən mənada rəqib sayılan dərgiyə
heç yazmazdı, əslində 1907-ci ildə "Molla Nəsrəddin"in
başındakı qeyl ü qalları diqqətə alanda
heç istəsə belə yazmağa macalı olmazdı.
Odur ki, "Molla Nəsrəddin"dəki "Dərdmənd"
imzalı yazılara da Sabirinki ola bilərmi şübhəsi
ilə bir də daha sınayıcı, yoxlayıcı nəzərlərlə
baxmaq gərəkdir. Amma "İpləmə" imzalı
yazılar elə gendən "məni Sabirdə
arayın" söyləyir.
"Bəhlul" dərgisi Sabirin əlinə
göydəndüşmə meydan idi. Sabirinki olduğuna
şübhə qalmayan, əsl müəllifliyi tərəddüdlü
olan - Sabirinmi, ya hansısa başqa bir "Bəhlul"çununmu
yazdığı fərz edilən mətnləri yan-yana qoyub
incəliklə araşdıranda bu gümanımda daha
artıq sabitləşirəm ki, bu məcmuənin hər
sayındakı yazıların yarıdan çoxu elə Mirzə
Ələkbərinki imiş. "Molla Nəsrəddin"dən
fərqli olaraq, burada təxəllüslər, ləqəblər
çoxluğuna da meyl etməsi "Bəhlul"un da ətrafında
geniş yaradıcı heyətin toplandığını
qabartmaqmış. Əslində isə
yükdaşıyıcılar iki nəfərdi -
baş mühərrir Ələsgər Əliyev və
Sabir. İki bəhlul - biri cavan, biri ahıl. "Çarub
üd-dövlə" Bəhlulun (oxu: həm də Sabirin)
daha bir adıydı. "Çarub", yəni süpürgə.
Çarub üd-dövlə - yəni dövlətin
süpürgəsi, fəlsəfəsi ilə Millətin
Süpürgəçisi"! Həsən bəy Zərdabiyə
xalqı üçün ƏKİNÇİLİK etmək
hansı fəxarət idisə, Sabirçün də yurduna və
millətinə SÜPÜRGƏÇİ olmaq eyni şərəfdi!
Sabir SÜPÜRGƏÇİLİYİnin bəhrəsi
olan şeirlərdən biri "Hürriyyət bəlası"
adlanırdı. Bəhlulca dilləndiyi, eyhamlarla daşan bu mənzumə
əslində hürriyyət sevdasının əks-sədası
idi:
Ey vah! Əcəb halımız əfqan olacaqdır,
İmdi deyilir kəndli də insan olacaqdır.
Ərbabilə kəndli edəcək işdə ədalət,
Bu dərd bizim sinədə pünhan olacaqdır.
...Bielm olub xalqa təşəxxüs satan əşxas
Yüz dövlət ü malı ola, heyvan
olacaqdır.
...Həqq söz danışan hər kim ola, rədd
edən olmaz,
Pul zoruna bihəq danışan yan olacaqdır.
...Çarub! Demə bəsdi dəxi, kəs səsin,
əyləş,
Dövlətli görə hərzəv ü xortdan
olacaqdır.
..."Bəhlul" da Sabir elə qol-qonad
açmışdı ki, müqəddiməli şeirlər
də yazırdı. Bəlkə daha doğru səslənsin
deyə belə ifadə etmək lazımdır ki, nəsrlə
gəzişmələr edib oxucusunu mətləbə varid edəndən
sonra şeirə keçirdi. Bir növ öz şeirinə,
musiqidəki kimi, dəraməd "bəstələyirmiş".
Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm.
...Derlər: "Utan, heç kəsə bir söz
demə,
Həq sözü derkən utana bimirəm.
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm.
Derlər usan, hərzəvü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm.
Sabir "Hophopnamə"sindəki hər misrası
bir atalar sözü siqlətli bu əbədi şeiri hər
kəs dəfələrlə oxuyub, bir çoxları əzbər
bilir, ancaq əksəriyyətin, yəqin, xəbəri yoxdur
ki, şairin bu əsərə elə həmin qoşqunun
özü ağırlıqlı ifşaçı, XX əsrin
əvvəllərinə yaraşdığı kimi, XXI
yüzilin balanğıc onillərinə də xeyli cəhətdən
uyğun gələn ön sözü də olub, 1907-ci il
sentyabrın 13-də "Bəhlul"un 6-cı sayında
oxucu düşüncəsini ilk dəfə silkələyib:
"Qana bilmirəm ki, neçün bizim bu ərbablarımız
xarici pirqaşçiqlərə ("prikazçik"
sözünün o dövrdə el dilindəki təhrif
olunmuş deyilişi. Çar Rusiyasında yazılı
müqavilə əsasında çalışan muzdlu ticarət
işçisinə "prikazçik" deyərdilər ki,
onların vəzifəsi sahibkarın adından təsərrüfata
rəhbərlik etməkdi - R.H.) artıq pul verməyə yerikləyirlər,
amma müsəlman pirqaşçiqlərə gəldikdə
kisələrinin ağzın hörükləyirlər?! Qana
bilmirəm ki, neçün bizim bu müsəlman övrətləri
ancaq bir abırlı müsəlman görəndə
qaçırlar, amma hammal, fə'lə, suçu,
gülabçıları... görəndə üzlərin
açırlar?! ...Qana bilmirəm ki, neçün bizim bu
müsəlmanlar özlərin şapqalıların
ayaqlarına yıxırlar (yoz: əcnəbilərin - R.H.),
amma papaqlıların (yəni binəva
özümüzünkülərin - R.H.) başlarına
çıxırlar?! Qana bilmirəm ki, neçün bizim bu
işıqlı cavanlarımız yolçu və dilənçi
ana-bacılarımızı görəndə gözlərini
yumurlar, amma o rus matuşkələrinə qarşı bir
verstlikdən cumurlar?! Qana bilmirəm ki, neçün bizim bu
tirboyun, yoğunbel fəqirlər bir işə əyilməyirlər,
amma bunun-onun qapılarında sülənirlər pişiklər
və itlər kimi?!"
Bir az ixtisar edərək iqtibas etdiyim bu
parçadakı yaşı yüzdən də çox olan
nisgillərimiz indi axarında olduğunuz həyatdan sizə
tanış gəlmədimi? Balasına dayəni də uzaq
ölkələrdən sifariş edənlərimiz bir
sürü, özümüzünkülərə təşəxxüslə
baxıb yadellilərə meydan açan səlahiyyətlilərimiz,
imkanlılarımız bir qoşun, hələ mən şəxsən
şahidi olduğum, öz toyuğumuzunkunu bəyənməyərək
forsundan təyyarə ilə dünyanın o başından
qulbeçələrinə fransız yumurtasını təyyarə
ilə gətizdirənləri demirəm.
Ağlar-güləyən Sabirin, Danəndə və
Divanə Bəhlulun goru çatlamasın, neyləsin?!
O sayaq müqəddiməli şeirlərindən daha
birisi Füzuliyə nəzirədir. "Hamısını
tapa bildim, birin tapa bilmirəm" başlıqlı müqəddimənin
altında bir imza: "Ağızları
qıfıldayan", bənzətmə şeirin altında
ayrı taxma ad: "Titrətməli" (14 iyul, 5-ci say).
Titrətməli istəyir ki, millətini silkələsin,
titrətsin, onlara müasir dünya ilə
ayaqlaşmağın, keçmiş mürgüsündən
xilas olmağın dərsini versin:
Özgələr qoy vışka qoysun, nefti fantan eyləsin,
Biz tamaşa qılmağı heyrətlə adət bəkləriz.
Özgələr səy ilə tousi-e ticarət eyləsə,
Bir soğan satmaqlıq ilən biz kifayət bəkləriz.
...Ta ki bizdə cəm` olsun cümle-yi ousaf-i kin
Həm bətalət, həm kəsalət, həm ətalət
bəkləriz.
Bu da "Bəhlul"un səhifələrindən gələn
Bəhlul səsidir, onu belə danışdıran yenə
Sabirdir:
Çünki divanəliklə məluləm,
Məslək-i mə'rifətdə Bəhluləm.
Mərifəti ilə məşhur olmuş, mərifəti
özünə məslək seçmiş Bəhlulun
adına çıxan dərgi 1907-ci il başa
çatmamış dayandısa da, elə Bəhlulanəliyinin
sayəsində yenə yaşamaqda davam edir.
Bu da bir ayrı tarixdir ki, Bəhlul həmin dövrdə
dərgiyə çevrilərək bir kərə də
qayıtmışdı - 1909-cu ildə Tehranda Azərbaycan və
İran mücahidləri Bakıda çıxmış
toplunun adaşı və ruh qardaşı olan yeni "Bəhlul"
dərgisi buraxmışdılar.
Azərbaycan Əlyazmaları İnstitutunda İranda
farsca çıxmış "Bəhlul"un bir neçə
sayı qorunmaqdadır. Tərtibatından, rəsmlərindən
tutmuş yazılarınadək hər istiqamətdə
Bakı "Bəhlul"unun təsiri altındadır, hətta
karikaturalara baxınca elə bunları da Əzim Əzimzadənin
çəkdiyi gümanı yaranır. Amma
bütövlükdə, Bakı "Bəhlul"u Tehran
"Bəhlul"undan nəzərəçarpacaq dərəcədə
üstündür. Əsas olan isə budur ki, bu dərgi orada,
o şəraitdə Bəhlul ruhunu yaşadı və
düşüncələrə yeridib.
...Düşüncədə ulduzlar kimi
sayrışan müdriklik saçan bu misralar Məhəmməd
Füzulinin yadigarıdır:
Pəhləvanlar, badpalər səgridəndə
dörd yana,
Tifl həm cövlan edər, amma ağacdan atı var.
Bu dünyadan çox cəngavərlər yel
qanadlı köhlənlərini çaparaq keçdilər.
Bu dünyadan o cəngavərlərə, böyüklərə
baxaraq ağac atlarını çapıb keçən
uşaqlar da çox oldu.
Amma dünyamızda bir Bəhlul Danəndə deyilən
süvari də yaşadı. O Bəhlul ki, uşaqların
atlarına bənzəyən, cəngavərlərin
atlarına oxşayan, amma tamam fərqli qarğı
atını çaparaq keçdi.
Qarğı atını çapa-çapa dünyaya
baxıb gülürdü, başqalarının nahamvar
davranışlarını, kələ-kötür vərdişlərini
seyr edib qımışırdı, hərdən rişxəndlə
elə özü-özünə də sataşırdı.
Və o uşaqlardan, o cəngavərlərdən fərqli
olaraq, Bəhlul Danəndə çapışlarını bu
anda da davam etdirməkdədir və gələcək içərisində
də öz qarğı atını çaparaq keçəcək,
dünyaya güləcək, hərdən-hərdən yenə
özünə istehza edəcək.
Özünüzün hansısa hərəkətinizə,
hansısa sözünüzə son dəfə
güldüyünüz, rişxənd etdiyiniz yadınıza
düşürmü? O an yadınıza düşməyəndə
Bəhlulu xatırlayın. Yaşamaq asanlaşacaq.
24 yanvar 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025- 29 yanvar(№16).- S.10-11.