“İrəvanın gizli irsi” beynəlxalq festivalın yarımfinalında
Azərbaycanın CBC telekanalının “İrəvanın
gizli irsi” sənədli filmi nüfuzlu beynəlxalq “International
Indie Film & Screenplay” (IIFSF) festivalının
yarımfinalına vəsiqə qazanıb. Bu festival
Böyük Britaniyanın Qlazqo şəhərində hər
il keçirilən, bədii, sənədli və
qısametrajlı film janrlarında ən yaxşı işləri
bir araya gətirən nüfuzlu tədbirdir. Festival
dünyanın müxtəlif ölkələrindən
müstəqil kinorejissorlar və ssenaristlər
üçün platforma təqdim edərək, onlara işlərini
daha geniş auditoriyaya və sənaye peşəkarlarına təqdim
etmək imkanı verir. IIFSF kino sahəsində təcrübə
mübadiləsini və beynəlxalq əməkdaşlığın
inkişafını təşviq etmək üçün
film nümayişləri və ustad dərsləri təşkil
edir. Festival dünyanın hər yerindən filmləri IMDb
mükafatlarına namizəd olan yaradıcılar
üçün platforma təqdim edir. Festivalın münsiflər
heyətinə dünyaşöhrətli kino sənayesi
ulduzları, o cümlədən dördqat Qremmi
mükafatı laureatı Denni Qlover və üçqat Oskar
laureatı Cim Raycel kimi ustalar daxildir.
AZƏRTAC xəbər verir ki, “İrəvanın gizli
irsi” filmi erməni tarixinin az tanınan səhifələrinə,
İrəvanda Azərbaycan mədəni irsinin sistemli şəkildə
məhv edilməsinə həsr olunub. Filmdə nadir arxiv
kadrları, yerli sakinlərlə müsahibələr və Təpəbaşı
məscidi, Göy məscid və Pənah xanın oğlu
Əli xanın evi kimi tarixi yerlərin hazırkı vəziyyəti
ilə bağlı kadrlar yer alıb. Film mədəniyyət
abidələrinin dağıdılmasının
miqyasını nümayiş etdirir və tarixi yaddaşın
qorunub saxlanmasına çağırır.
Filmin beynəlxalq platformalarda tanınması
münaqişə zonalarında mədəniyyət abidələrinin
dağıdılması məsələsini qlobal səviyyəyə
qaldırır, diqqəti gələcək nəsillər
üçün tarixi irsin qorunmasının zəruriliyinə
yönəldir. “İrəvanın gizli irsi”nin festivalın
yarımfinalına təqdim olunması filmdə
qaldırılan mövzunun dünya ictimaiyyəti
üçün əhəmiyyətini vurğulamaqla
yanaşı, Azərbaycan kinematoqrafçılarının
yüksək peşəkarlığını və məharətini
bir daha təsdiqləyir. Onlar üçün bu film sadəcə
keçmişin salnaməsi deyil, həm də ədalətin
bərpasına və dünya tarixinin bir hissəsi olan mədəni
irsin qorunub saxlanmasına çağırışdır.
“İrəvanın gizli irsi”nin “International Indie Film
& Screenplay” festivalında yarımfinala çıxması
filmin ilk uğuru deyil. 2024-cü ildə müəllif və
ssenarist Elşən Rüstəmovun bu əsəri, həmçinin
Amsterdamda keçirilən nüfuzlu “Around International” Film
Festivalın finalçısı olub. Bundan əlavə,
Los-Ancelesdə keçirilən beynəlxalq qısametrajlı
filmlər festivalında IndieX Film Fest-də ABŞ, Meksika və
Hindistandan olan digər festival iddiaçılarını
qabaqlayaraq “İrəvanın gizli irsi” “Ən yaxşı
qısametrajlı sənədli film” nominasiyasında qalib olub,
həmçinin CBC telekanalının sənədli filmlər
üzrə redaktoru Elnarə Məmmədova həmin festivalda
“Ən yaxşı montaj” nominasiyası üzrə mükafata
layiq görülüb.
525-ci qəzet .- 2025- 29 yanvar(№16).- S.9.