Odlu fəryad
Hekayə
Beşmərtəbəli binanın ikinci mərtəbəsindəki
mənzilimizin pəncərəsindən aşağı, həyətə
baxanda diqqətimi çəkdilər: körpəcə
qoşa zoğlardı. Səkinin kənarında asfaltı
deşib çıxmışdılar. O namnazik
zoğların hansı meyvənin tumundan bitdiyi hələ
bilinmirdi.
Binanın birinci mərtəbəsi boyaboy mağazalar
idi. Mağaza sahibləri özləri də səkinin kənarında
sıra ilə ağaclar əkmişdilər. Tez-tez diblərinə
su tökürdülər ki, böyüyüb kölgə
salsınlar. Amma o ağaclar çox keçmədən
quruyurdu. Özləri bitən zoğların isə həyat
eşqi o qədər qüvvətli idi ki, sürətlə
boy atırdılar. Tezliklə açılan kiçik, təzə-tər
yarpaqlarından alça ağacı olduğu məlum oldu.
Qoşa zoğlar böyüyüb qol-budaq ataraq şümal,
göz oxşayan ağaca çevrildi. Ağacın
yaxınlığındakı dayanacaqda avtobus gözləyən
analar uşaqlarını onun kölgəsində günəşin
yandırıcı şüalarından qoruyurdular.
Alça ağacı böyüdükcə kölgəsi
də genişlənir, qalınlaşırdı. İndi onun
kölgəsində daha çox adam otura bilirdi. Ağac
ard-arda bir neçə il çiçəkləsə də,
nədənsə, bar-bəhər gətirmirdi. Amma bir bahar o
ağac daha sıx çiçək açdı. Çox
gözəl görünürdü. Sanki ağ gəlinlik
paltarı geyinmiş, həyat eşqi aşıb-daşan bir
gözəl olmuşdu.
Yuxarı budaqları xeyli uzanıb az qala pəncərəmizə
çatan o ağaca hər baxdıqca mən də çox
sevinirdim. Ürəyim açılırdı, fərəhlənirdim.
Elə bil ağac da mənim sevincimi duyaraq nazlanır, daha da
gözəlləşirdi.
Bir gün evin altındakı mağazaya gedərkən
alça ağacına yaxınlaşdım. Onun
aşağıdakı kövrək budaqlarını, əlim
yetən yarpaqlarını nəvazişlə
sığalladım. Bu zaman yarpaqlar arasında xırdaca, noxud
boyda yaşıl meyvələr gördüm. Qəlbim sevinclə
döyünməyə başladı. Elə bil yazda gəlinlik
paltarı geyinmiş həmin o gözəl indi dünyaya
balalar gətirməyə hazırlaşırdı. Ağac
bütün varlığı - kölgəsi,
görünüşü, meyvəsi ilə insanlara xidmət
etmək istəyirdi sanki. Elə bilirdi, insanlar da bunlara görə
razı qalacaq, onu sevəcək, qoruyacaq, ona qayğı
göstərəcəklər.
Əfsus! Belə olmadı...
Meyvələr bir az da böyüyüb fındıq
boyda olanda adamlar duyuq düşdülər. Kölgəsində
oturub dincələndə ağacın budaqlarını
kobudluqla əyib, meyvələrini yoluşdurdular. Hələ
bərkiyib qabıq tutmayan gövdəsi də əyilirdi
ağacın, sanki indicə sınacaqdı. Budaqlar çox əyildiyindən
bir də əvvəlki vəziyyətinə qayıtmadı.
Adamlar yaşıl, tər yarpaqları yoluşdurub asfalt səkiyə
tökürdülər. Ağac isə var qüvvəsini
toplayıb yenidən dirçəlməyə, yaşamağa
can atırdı.
Bir neçə yeniyetmə oğlan daha da irəli
gedib, ağacın əl çatmayan meyvələrini
yığmaq üçün onun budaqlarını
şaqqıltı ilə, amansızcasına
sındırmağa başladılar. Bu zaman ağacdan hansısa
quşun hələ gözü açılmamış,
sarıdimdik ətcə balaları zərblə yerə
çırpıldılar. Uşaqlar isə heç nəyə
əhəmiyyət vermədən budaqları
dartışdırır, ağacı dayanmadan silkələyirdilər.
Ağacın hündür yerində, sıx yarpaqlar
arasında yuva qurmuş ana quşun fəryadı, səs-küyü
ətrafa yayılırdı.
Mən onları bu işdən çəkindirmək
üçün pəncərədən səsləndim.
Oğlanlar heç elə bil eşitmədilər. Səki ilə
addımlayan, ora-bura tələsən adamlar isə laqeyd şəkildə
gah mənə, gah da yeniyetmələrin əməllərinə
baxır, bir söz demədən uzaqlaşırdılar.
Günlər keçirdi. Ağacın kölgəsində
istidən qorunan adamlar bəd əməllərini yenə də
davam etdirirdilər. Atılmalı uşaq bezlərini, yedikləri
yeməyin qalığını, boş plastik butulkaları
ağacın budaqları arasına dürtür, dibini zibilləyirdilər.
İnsanların zorakılığına,
ziyankarlığına məruz qalan ağac gündən-günə
sınıxmağa, büzüşməyə, yarpaqları
isə solmağa başladı. Ona kömək edə bilmədiyimə
görə özümü günahkar sayır, əzab
çəkirdim. Mənə elə gəlirdi ki, alça
ağacı hamımızdan inciyib. Sanki daha heç kimə,
elə mənə də əvvəlki kimi təbəssüm
göstərmirdi.
Bir yay günü burnuma kəskin yanıq qoxusu gəldi.
Elə bildim, mətbəxdə kibrit çöpünü
yana-yana zibil qalağının, kağızın
üstünə atmışam. Baxdım, mətbəxdə
heç nə olmamışdı. Pəncərəyə
baxanda qatı tüstü burumları gördüm. Tez pəncərəni
açıb çölə boylandım. Gördüyüm
mənzərə məni sarsıtdı.
Alovlanan alça ağacı idi. Gec idi, alov dilləri
artıq onun gövdəsini aşağıdan yuxarı
sarmış, öz öldürücü ağuşuna
almışdı. Ona kömək edə bilməzdim.
Havada oynaşan alov dillərini görən adamlar da
qorxaraq kənara çəkilir, bu mənzərəni
soyuqqanlı seyr edirdilər. Mağaza sahibləri isə
yanğının mağazalara keçə biləcəyindən
təşvişə düşmüşdülər, ora-bura
vurnuxurdular.
Sən demə, söndürülmədən yerə
atılan siqaret kötüyü ağacın dibindəki
kağız-zibil topasını alışdırmış,
sonra da ağacı alov bürümüşdü.
Amma mənə elə gəldi ki, adamların biganəliyi,
etibarsızlığı, qəddarlığı
ağacı küsdürmüş, onu intihara məcbur
etmişdi. Görünür, əslində eləydi:
alça ağacı insan zülmünə,
gördüyü haqsızlığa qarşı səssizcə
fəryad qoparmış, sonra da bir qığılcımdan od
tutub yanmışdı...
Məhliqa EYVAZQIZI
525-ci qəzet .- 2025.- 30 yanvar(№17).-S.15.