Soyuq rüzgar və
atasızlıq
Hekayə
Pəncərədən düşən
işığın qara rəngə boyandığını
sezmək qədər ağır hal yoxdur bu həyatda, bəlkə
də... Zülmətə bürünmüş dünyada
işıqlı arzuları dəfn etməyi də
yavaş-yavaş öyrədir həyat. Atamı son mənzilə
yola salmağı öyrətdiyi kimi. Amma sevginin, mərhəmətin,
şəfqətin, ən əsası doğmaların
yoxluğu ilə barışmadığımız həyat
öz axarı ilə davam edir.
Atam danışardı ki, mən hələ
dünyaya yenicə göz açdığım vaxt, o bizə
baş çəkmək üçün kəndə gəlmək
istəyərkən, qarşısını bir ilan dəstəsi
kəsir. Ətrafa boylanaraq bir taxta parçası tapıb,
ilanları incitmədən kənarlaşdırmaq istəyərkən,
vəziyyətin getdikcə çətinləşdiyini
görür. İlanların arasından yolun o tərəfinə
heç cür keçə bilmir. Nəhayət, ilanları
tapdalamadan, çox çətinliklə addımlayıb
canını qurtara bilir onlardan.
Kəndə - Comərdliyə, yəni mənim
doğulduğum yerə (hazırda o kənd Qərbi Zəngəzur
ərazisindədir) gəlib çıxır. Görür ki,
bacıları, qohum əqrəbaların bir neçəsi həyət-bacanın
bir küncündə başlarını aşağı
salaraq, xısın-xısın ağlaşırlar. Elə
güman edib ki, anama nəsə olub. Soruşanda deyirlər,
arvadın yaxşıdır. "Bəs nədir bu
ağlaşma, bu həngamə?" - deyə soruşanda:
"Qız olub" cavabını eşidir. Şükür
etməyi bacaran atam onların abırlarını ətəyinə
büküb: "Şükür qızı verənə!
Allahın paydır" - söyləyib... Universitetə təzəcə
qəbul olmuşdum. Şaxtalı bir qış günü
idi; gözlərimizi açmağa imkan verməyəcək qədər
qar yağırdı, yollar buz bağlamışdı. Soyuq
külək əsirdi. Sumqayıtdan Bakıya getmək o
dövrlər üçün xüsusilə çətin
idi. Bakını tanımırdım, bir tərəfdən tələbəlik
həyəcanı, digər tərəfdən qorxu hissi
keçirirdim. Bir ay atam məni dərsə apardı, hər
səhər erkəndən mənimlə birlikdə o uzun yolu
gedib-gəldi. Bakının soyuğunu heç hiss etmirdim; o
külək, o sərt hava yalnız mənə atamın hərarətini
daha dərindən hiss etdirmək üçün var idi sanki.
Onun əlimdən tutması ilə dünyanın bütün
soyuqlarına meydan oxuyardım...
Bir gün çox qəribə yuxu gördüm: Atam,
evin həyətindəki məzarların başı
üstündə dayanaraq, Fatihə oxuyur. Bir neçə il
bundan qabaq dünyasını dəyişmiş qohumların məzarları
üstündə Fatihə oxuyub salavat çevirərkən,
məzarlıqdakı ölü adamlar dirilir. Gözlərimə
inana bilmirdim. Beş il öncə xəstəlikdən
dünyasını dəyişmiş xalam qızı öz məzarının
üstündə peyda olur. Üst-başını səliqəyə
salmağa başlayır və qonaqlar olan otağa keçir.
Hələ də gözlərimi döyüb ona baxıram.
Sonra digər məzarın sahibi xalamın yoldaşı səliqəli
bir kostyumda ədəb-ərkanla durub atama təşəkkür
edir. "Sən nə edirsən, ay ata? Hara qaldırırsan
bu ölüləri?" - deyib qorxudan necə
çığırdımsa, öz səsimə hövlnak
ayıldım. Qan-tər içində olsam da, tezcə,
yuxuları yozmaq bacarığı olan bir rəfiqəmə zəng
etdım. Ona yuxunu olduğu kimi danışdım:
- Əzizim, narahat olma, yuxudur da! Atanın ömrü
uzanacaq", - deyərək məni sakitləşdirməyə
çalışdı.
Üstündən bir gün keçmişdi ki, mənə
qəfil zəng gəldi. Bir vaxt mənim doğulmağıma
şükür edən adam, indi 4 ildir ki, həyatda yoxdur.
İnsan var ki, varlığı heç nəyi dəyişdirmir,
hətta yox kimidir ətrafımızda. İnsan da var,
yoxluğu onun həmişə varlığını
xatırladır. Gərək həyatı elə yaşayasan,
yoxluğun hiss olunsun, ən azı rəhmət duasını
qazanasan. Varlığı hiss olunmayan adamın faciəsi daha
böyükdür və ölümdən betərdir. Mənim
atam varlığı yoxluğunda da çox-çox hiss
olunan insandı.
Fəsillər dəyişdikcə, daha çox
darıxmağa başlayıram, gözlərim onu axtarır,
telefona tez-tez baxıram ki, indicə atamdan zəng gələcək.
Nömrəsini də silə bilmirəm. Nə olsun ki, "bu
nömrəyə zəng çatmır və ya əhatə
dairəsi xaricindədir".
Valideyn itkisini çoxları yaşayır, bu, həyatın
ən amansız, sərt qanunlarından olsa da. Həqiqətən
də, onların yoxluğu soyuq rüzgarlar kimi
üstümüzdə hər zaman əsəcək,
üşüdəcək. Bu duyğularla qərara gəldim
ki, atama bir məktub yazım, onun məzarı üstünə
qoyum. Bəlkə, ruhuna əyan ola, görünməz tellər
mənim məktubumu, düşüncələrimi ona
çatdıra...
"Salam, ata!
Bilsəm ki, sənə çatacaq, hər gün məktub
yazaram. Hər gün ona görə yazaram ki, sən gedən
gündən ürəyimin yanğısı səngimir və
nə zaman külə dönəcəyim günü gözləyirəm.
Sən gedən gündən həyatımda soyuq rüzgarlar,
dondurucu küləklər əsir. Onların əlindən
qaçıb, sənin hərarətini hiss etmək
üçün hara gedim?! Düşünürəm gecələr:
Onsuz da o ata ocağından çıxandan həyatıma
günəş doğmadı. Elə hey yağış
yağdı, tufan, fırtınalar qopdu. Onların ardınca
da nə təlatümlər baş verdi! Həyatdan küssəm
də, səndən küsmədim. İncidim,
qırıldım, bəlkə, amma heç küsmədim.
Sən mənə güc verirdin. Varlığın,
quru nəfəsin mənə tənhalığımı unutdururdu.
Bir şey olan kimi qaçıb yanına gələrdim,
ümidsizliyin son nöqtəsində üz tuta biləcəyim
yeganə adam sən idin! Məni elə gözəl başa
düşürdün ki... Səssizliyimi belə. Amma indi
ürəklə aça biləcəyim qapı yoxdur.
Gördüyün o ilanlar, hətta onlardan da qorxuluları lap
çoxalıb. Əvvəl sən var idin,
işığına toplaşardı balaların. Artıq
balalar da o deyil. Hərəsinin öz qayğıları,
problemlərı var. Mənimsə qayğım sən idin.
Beş yaşlı uşaq kimi özümü
nağıllarla aldadırdım, "atam gələcək,
hardasa gözümə görünəcək" deyirdim. Sən
isə o evdən həmişəlik çıxdın, səni
haqq dünyasına yola saldıq. Bilmirəm, orda nə var, nə
yox... Amma burada, heç bir zaman doldurulmayacaq boşluqlar,
sonsuza qədər bizi tərk etməyəcək Sənli xairələr
var... Bir də atasızlığa dözə bilməyən,
bu dünyanın soyuq rüzgarına meydan oxumağa daha
hünəri çatmayan qızın..."
Elmira KƏNAN
525-ci qəzet .- 2025.- 30 yanvar(№17).-S.15.