Cavad Heyət və
45 yaşlı "Varlıq" dərgisinin birinci sayı
DOKTOR CAVAD HEYƏTİN ANADAN OLMASININ 100 VƏ "VARLIQ"
DƏRGİSİNİN 45 İLLİYİNƏ HƏSR
EDİLİR
(Əvvəli ötən sayımızda)
O qanlı və qorxulu illərdə İranın qeyri
xalqları kimi, Azərbaycan xalqı da bütün demokratik və
ictimai haqlardan məhrum edildiyi halda, ...eyni zamanda onun tarixi,
milli mənsubiyyəti faşist və kazak çəkmələri
altında əzilirdi və bir ovuc satqın xalq düşməni
onun taleyinə hakim idi... Azərbaycanda onlarca Abdulla Mostəvfilər,
doktor Mohsinilər və Şahbəxtilər kimi "həzrət
əcəl"lərin fəaliyyətlərini, "Ostandare
(vali) müəəzzəm Azərbaycan" və sair adlarla
aparılan yaramaz və çirkin istismarçılıq
siyasətini kim unuda bilər?.. Hələ
bağladılmış teatrları, yandırılmış
kitabları, yüzlərcə və minlərcə xalqın
istedadlı və şərəfli oğullarının sinələrində
boğulan hıçqırıqların ürək
çırpıntılarının acı xatirəsi
haçan və nə ilə Azərbaycan milli mədəniyyətinin
səhifələrindən silinə bilər? Hələ
öz kimliklərindən xəbəri olmayan "alim" və
"nəzəriyyəçilərin" azərbaycanlılara
"tarixi kimlik" uyduran utanmazlıqlarını kim yaddan
çıxara bilər? Qeyd edilirdi ki, bu 50-60 ilin ərzində
Azərbaycan dilində danışmaq, yazmaq, oxumaq və dərs
vermək əleyhinə aparılan millətəzidd siyasət
özü-özlüyündə bir faciədir. Doktor
Əmadul-mulk Mohsininin və ondan sonra Həsən Zouğinin
"rəyasəte-maarif" (maarif rəisi) məqamında
apardıqları vəzifələrdən biri və ən
mühümü Azərbaycanda mədrəsələrdə
(məktəblərdə) Azərbaycan dilinin yasaq edilməsi,
milli mətbuat və kitabların mənsux edilməsi
(yandırılması) idi. Hər türkcə danışan
müəllimi işdən çıxarmaq və hər
öz ana dilində danışan məhsəli (öyrəncini)
cərimə etmək və hər bir azəri dilində
çıxan kitab və yazını yandırmaq o
dövrün olduqca məmul (adi) işlərindən idi.
Bildirilirdi ki, o qorxunc və qaranlıq illərdə Azərbaycan
milli teatrının bağlanması, Azərbaycan dilində
teatr əsərlərinin yoxa çıxarılması da
baş verdi. Teatr İranda hər yerdən əvvəl Azərbaycanda
başlanmış və şəmsi təqvimilə
1308-1310-cu illərə (m.1929-1931) qədər uğurlu fəaliyyət
göstərmişdi. Lakin bu illərdə yenə ağayi
doktor Mohsini Təbrizdə və Azərbaycanın digər
yerlərində teatrı qadağan etmiş, bu zidd maarif və
ziddi-mədəniyyət fəaliyyəti ilə
"iftixarını" artırmışdı.
Məqalədə qeyd olunur ki, Təbriz Universitetinin ədəbiyyat
fakültəsi tərəfindən uzun illərdir üç
aylıq bir ədəbi-araşdırma dərgisi
çıxmaqdadır. Bu dərginin bütün
saylarını başdan-başa vərəqləsəniz,
orada hətta bir səhifə, ya bir beyt Azərbaycan türkcəsində
mətləbə rast gələ bilməzsiniz. Demək olar
ki, bu nəşriyyəni yola salanlara (nəşr edənlərə)
Azərbaycan xalqının varlığı, dili, folkloru, ədəbiyyatı
və bir sözlə, onun milli fərhəngi
heç-puç hökmündədir. Qeyd olunur ki, bu dövrədə
Azərbaycanda aparılan ziddi-milli və ziddi-mədəni
siyasətdən yüzlərcə və minlərcə bu
cür nümunələr göstərmək olar. İyirminci
əsrdə bu kimi yaramaz işlərə əl atanlar
utanclarından qızarsalar, yaxşıdır (s.15).
Məqalənin sonluğu Səhəndin bu şeiri ilə
tamamlanır:
Taleyimə sən bax!
Düşüncələrim yasaq,
Duyğularım yasaq,
Keçmişimdən söz açmağım yasaq,
Gələcəyimdən söz açmağım
yasaq,
Ata-babamın adını çəkməyim yasaq,
Anamdan ad aparmağım yasaq...
...bilirsən?
Anadan doğulanda belə
Özüm bilməyə-bilməyə
Dil açıb danışdığım dildə
Danışmağım da yasaq imiş, yasaq! (s.15)
Dərginin sonrakı - dilimiz haqqında, Azərbaycan
türkcəsindəki "Ağaran fəcri (sübh) salamlarkən..."
məqaləsi H.M.Altaya məxsusdur. İlk cümlələr
suallarla başlayır: Dilimiz bu göyərmə və
çiçəklənmə baharında nə haldadır? Zəngin
dil nə deməkdir? Xalis və arınmış dil nədir?
İlk suala cavab da belədir: Dilimiz Azərbaycanda şiddətli
təzyiq altında uzun qaranlıq gecə keçirmişdir.
Xalqımızın və dilimizin fövqəladə
canlılığı və dinamizmi olmasaydı, çoxdan
yuxulara qarışmışdı. Bu təzyiq Bertran Rasselin
dediyi kimi, həm "çırıl-çıplaq
zorbalıq" və həm də örtürü
"zorlama" şəklində yurdumuzda xalqımıza və
dilimizə qarşı tətbiq olunmuşdur..." (s.16)
Bu məqalədə Azərbaycan türkcəsində
nəşrlərin qadağan edildiyi, belə bir dilin
varlığını dilə gətirməyin
yasaqlandığı, olan nəşrlərin və naşirlərin
təqib edildiyi, dilimizin tədrisdən, ictimai salonlardan, məclislərdən
"qovulduğu", danışmaq və yazmağın cinayət
sayıldığı dilə gətirilir. Milli musiqimizin
ifasının qadağan edildiyi qeyd olunur. Bir milyondan çox
azərbaycanlının yaşadığı Tehran şəhərinin
(1979-cu il nəzərdə tutulur, indi ən azı beş
milyon nəfər olar - E.M.)
televiziyasında, onun da musiqi namına qala-qala,
Ququşdan ildə-ayda bir "Səkinə dayı
qızı"ya qaldıq. Teatrımız son nəfəslərini
verdi. Biz ikinci dərəcəli vətəndaşlığı
qəbul etdik. Keçmişimizə qələm çəkmək,
uydurma tarixləri ayələr kimi əzbərdən təkrarlamaq,
ancaq özlüyümüzü inkar bahasına, əlimizdən
aldıqları haqlarımızın
qırıntılarını yerdən yığmağa icazə
tapdıq, qul və "çakər" (nökər) olmaq
müqabilində açıq və serili (davamlı) yəğma
süfrəsinin aşağı başında oturmağa izn
ala bildik... (s.17)
Vurğulanır ki, "nə yaxşı, dilimiz
savadsız, namuslu və zəhmətkeş kəndli və
işçilərimizin qeyrətinə əmanət oldu.
Münəvvərlərimizin (aydınlarımızın) əksəriyyəti
çoxdan farslaşdılar, yadlara yarınmaq, xalqımız
və dilimizə ədavət yolunda, şairin dediyi kimi,
düşmənləri belə keçdilər və
onları heyran qoydular" (s.17).
Nümunə göstərilir ki, fars sözləri və
ifadələrini daha çox işlətməklə o həddə
çatdırdılar ki, aşağıdakı kimi ifadələr
dəbə düşdü: "Nəzər be in ke, cənab
ağayi felan - mudir-e kolle - edare-ye dadqostəri-ye- Azərbaycan
burdadır..." Guya bu, türkcə danışır.
Ədliyyəyə "dadqostəri", əyalətə
"ostan", valiyə "ostandar" və bu kimi,
xalqın əsrlərlə işlətdiyi ifadələri farsca
sözlərlə əvəz edib azərbaycanlılar
üçün yadlaşdırdılar. Həmin cümlənin
düzgün ifadəsinin dilimizdə "Azərbaycan əyaləti
ədliyyə idarəsinin ümummüdiri ağayi felan cənablarının
burada olduğuna görə..." deyilməsi gərəkdiyi
bildirilir. Coğrafi adların dəyişdirilməsinin
yolverilməzliyi vurğulanır, zəngin folklorumuzun,
ata-babalarımızın miras qoyduğu əsərlərin
dilindən istifadə edib və ehtiyac olan kəlmələri
yaradaraq dilimizi inkişaf etdirməyin zəruriliyi irəli
sürülür.
"Varlıq" dərgisinin növbəti
yazısı bu dərginin qurucu naşiri, az sonra isə sahibi
və baş redaktoru olacaq dünyada tanınan Doktor Cavad Heyətə
(1925 Təbriz - 2014 Bakı) məxsusdur. "Azəri türkcəsinin
tarixinə qısa bir baxış" adlanan bu məqaləsində,
əslində, Dr. Cavad Heyətin bu mövzuda gələcəkdə
daha da genişləndirəcəyi fundamental elmi tədqiqatın
əsas tezisləri öz əksini tapmışdı.
Bu məqalədə Cavad Heyət türklərin və
türk dilinin meydana gəlməsini xülasə şəklində
anladır. Qeyd edir ki, türk kəlməsi "törəmək"dən
gəlir. Bu adla dövlət ilk dəfə miladın VI əsrində
indiki Monqolustan ərazisində meydana gələn
Göytürk dövləti olmuşdur. İslamdan əvvəl
türkcə danışanların hamısına türk
deyilirdi... Türk ellərinin İrana gəlişi Sasanilər
zamanında başlamışdır. Bu Ənuşirəvanın
farscaya çevrilmiş qeydlərində zikr edilmişdir
(s.20). İslamdan sonra 3 böyük mühacirət
olmuşdur: 1-ci XI əsrdə Səlcuqlarla
başlanmış və türklər Anadoluya qədər irəliləmişlər
və burada Səlcuq dövlətini qurmuşlar. 2-ci
mühacirət moğollarla başlamışdır.
Moğollar türk deyildilər, amma orduları əsasən
türklərdən ibarət idi. 3-cü mühacirət
Əmir Teymurun zamanında olmuş, sonralar da davam etmişdir.
Əmir Teymur Osmanlı padşahı İldırım Bəyazidə
qalib gələndən sonra özü ilə Anadolu türklərindən
ibarət olan 100 mindən çox əsiri gətirib Ərdəbil
və ətrafında yerləşdirmişdi. Bu əhali
sonralar Şeyx Şəfinin övladlarının əsas
dayağına çevrilmişlər. Səfəvilər
dövründə Azərbaycan tamamilə türkləşmişdi.
Kəsrəvinin tədqiq edib "Azəri" dili
adlandırdığı dil qədimdən burada yaşayan
tatların dilidir və bunun bizim ana dilimiz ola azəri türkcəsi
ilə bir əlaqəsi yoxdur.
Dr. Cavad Heyət yazır ki, azəri türkcəsi və
türkməncə türk dilinin Qərb ləhcəsinin
Şərq şivələridir. Qərb türkcəsi qədim
türkcənin oğuz ləhcəsidir və on
üçüncü əsrdən sonra Osmanlı türkcəsi
və azəri türkcəsinə ayrılmışdır. Qədim
türkcə Ural-Altay dil qrupuna bağlı qədim
Türküstanın dilidir (s.21). ...Qədim türkcəyə
xaqani türkcəsi də deyilir... "Türk dili, iltisaq və
sonyapışıqlı dildir. Bu qrup dillərdə kəlmələrin
kökü dəyişməz. Farscada və digər Hind-Avropa
dillərində isə kəlmələrin kökü dəyişə
bilər. Məsələn, "qoftən" (demək)
felinin kökü "bequ (de) "miquyəm" (deyirəm)
kimi dəyişilir.
Məqalədə türklərin və türk dilinin
tarixi inkişaf yolu qısa xülasə şəklində və
faktlarla şərh edilir: türklərin müsəlman
olduqdan sonra yazdıqları şeirlə yazılan ilk əsər
"Qutadqu-bilik" (Səadət verən bilgi) Qaraxanlılar
zamanında 1070-ci ildə Yusif Xas Hasib tərəfindən
yazılaraq Qaraxanlı hakimi Buğra xana hədiyyə edilib.
Bundan sonra Mahmud Qaşqarinin "Divani Lüğət üt
Türk", Ədib Əhmədin "Ətübətül-həqayiq"
əsəri (XII əsr) yazılıb.
Cavad Heyət qeyd edir ki, Azərbaycan ölkəsində
ilk dəfə türkcə şeir yazan Qətran Təbrizidir.
Sonra yazır: "Nizami Gəncəvi "Leyli və Məcnun"un
müqəddiməsində türkcə yazmaq istədiyini bəyan
edərkən padşahın əmri ilə əsərini
farsca yazmışdır".
Sonra Cavad Heyət İzzəddin Həsənoğlunun,
İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, Məhəmməd
Füzulinin, Molla Pənah Vaqifin şeir dilini təsvir edir,
nümunələr gətirir, Mirzə Şəfi Vazehi, Mirzə
Fətəli Axundovu, Cəlil Məmmədquluzadəni, Mirzə
Ələkbər Sabiri anladır, "Hophopnamə"ni dəyərləndirir.
Mərsiyə və nouhə ədəbiyyatına nəzər
salır, bu sahədə yazmış Dəxil Mərağayini,
Seyid Fəttah Mərağayini, Hacı Xudaverdi Xoyini,
Əbülhəsən Racini, Seyid Əbülqasım Nəbatini,
Qəməri, Rəncur xanımı oxuculara tanıdır.
Yazır: "XX əsrdə Şimali Azərbaycanda şeir və
ədəbiyyat çox qabağa getdiyi halda İran Azərbaycanında
Pəhləvi xanədanının istibdadi və türk
düşmanlığı siyasəti sayəsində türk
dili və fərhəngi duraxlamış və hətta
dalıya qalmışdır". (s.25) Məqalədə Səməd Vurğundan, Süleyman
Rüstəmdən, Əliağa Vahiddən, Bəxtiyar
Vahabzadədən, Mədinə Gülgündən, Balaş
Azəroğludan, Əli Tudədən söz
açılır.
(Ardı var)
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər
üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə
və səlahiyyətli səfir
525-ci qəzet .- 2025.- 30 yanvar(№17).-S.13.