Milli musiqi tariximizin gənc təbliğatçısı
2 fevral - Gənclər
Günüdür
Öz şərəfli həyatı və möhtəşəm
ictimai-siyasi fəaliyyəti ilə doğma vətəni Azərbaycanın
adını əlçatmaz zirvələrə
ucaltmış Ulu öndər Heydər Əliyev daim qürur
hissi ilə deyirdi: "Hər bir insan üçün milli mənsubiyyəti
onun qürur mənbəyidir. Həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".
Müxtəlif peşə-sənət sahəsində
diqqət çəkən uğurlara imza atan həmvətənlərimiz
içərisində xüsusilə gənclərin aktiv fəaliyyəti
çox sevindiricidir. Onlardan biri də Hamburq Universitetində
Sistematik Musiqi Elmləri fakültəsində
musiqişünaslıq ixtisası üzrə təhsil alan Cəmilə
Abdullayevadır.
Ana arzusunun ardınca
Cəmilə və onun bacısı Samirənin
peşəkar musiqi sənətinə gəlişi anaları Xumara xanımın arzusu
ilə bağlıdır. Cəmilə və Samirə ekiz
bacılardır. Bu ikiəmlər Bülbül adına orta
ixtisas musiqi məktəbinin fortepiano sinfində, daha sonra
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ali
təhsilə yiyələniblər.
Cəmilə Abdullayeva: "Əldə olunan nailiyyətlərimizə
görə, Akademiyanın professor-müəllim heyətinin
rolunu xüsusi qeyd etməliyəm. Onlar içərisində
professorlar Oktay Abasquliyevin, Azər Rzayevin, Nailə
İbrahimovanın, Sevda İbrahimovanın, Şahla
Mahmudovanın, Samirə Aşumovanın, Nərminə
Quliyevanın, İmruz Əfəndiyevanın rolu böyük olmuşdur. Təəssüflər
olsun sadaladığım insanların bir qismi artıq həyatda
yoxdur. Tanrıdan onların ruhuna rəhmət diləyirəm".
Hazırda Samirə Abdullayeva sənətşünaslıq
üzrə fəlsəfə doktoru olaraq ADMİU-nin
"Musiqi tarixi və nəzəriyyəsi"
kafedrasının baş müəllimi vəzifəsində
çalışır.
Tədqiqat istiqaməti axtarışlarında
Akademiyanın bitirdikdən sonra Cəmilə
Bülbül adına orta ixtisas musiqi məktəbində
fortepiano ixtisası üzrə müəllim işləməklə
yanaşı, elmi tədqiqat sahəsində araşdırmalar
aparmaq qərarına gəlir. Bunun üçün BMA-nın
doktoranturasında elmlər doktoru, professor Cəmilə Həsənovanın
rəhbərliyi ilə "Azərbaycan bəstəkarlarının
kamera-instrumental yaradıcılığında muğam"
adlı sənətşünaslıq üzrə fəlsəfə
doktorluğuna iddialı dissertasiyasını uğurla
müdafiə edir. Digər tərəfdən Cəmilə
Abdullayeva istər yerli, istərsə də xarici elmi dərgilərdə,
simpozium və konfranslarda muğam sənəti və bəstəkar
yaradıcılığı əlaqələrinin müxtəlif
problemlərini araşdırır.
Hamburq Universitetində
Almaniyanın ikinci böyük şəhəri, Elba
çayının Şimal dənizi ilə qovuşuğunda
yerləşən Hamburqun eyni adlı universiteti Birinci
Dünya müharibəsindən sonra, daha dəqiq 1919-cu ildə,
arpel ayının 1-də fəaliyyətə başlayıb.
Təhsil müəssisəsi 1613-cü ildə təsis olunan
"Akademik gimnaziyanın" (Akademisches Gymnasium) bazasında
formalaşıb. Almaniyanın nəhəng akademik mərkəzlərindən
birinə çevrilmiş Hamburq universitetinin məzunları
içərisində beş nəfər Nobel mükafatı
laureatı, eyni zamanda elmin müxtəlif sahələrində
uğurlu araşdırmalar aparan çox saylı mütəxəssislər
vardır. Təsadüfü deyil ki, Hamburq Universiteti "Times
Higher Education Ranking", "CWTS Leiden Ranking", "U.S.
News & World Report" kimi nüfuzlu jurnalların reytinq cədvəlində dünya üzrə 200 nüfuzlu
ali təhsil ocaqları arasında yüksək yerlərdə
qərarlaşır.
Bütün bunlarla yanaşı, Hamburq şəhərinin
tarixi maraqlı mədəniyyət və incəsənət
sahəsini əhatə edən abidə və hadisələrlə
zəngindır. Bunlardan bir neçəsini qeyd eləmək
yeninə düşər. Məhz bu şəhərdə,
1678-ci ildə Almaniya tarixində ilk dəfə milli opera
teatrı fəaliyyətə başlamışdır. Bəstəkar
Q.F.Hendelin birinci operası "Almira" həmin teatrın səhnəsində
tamaşa qoyulub. Bundan başqa, XIX əsr romantizminin görkəmli
nümayəndələrindən biri İohannes Brams Hamburqda
dünyaya gəlmişdir. Böyük Britaniyanın
"Bitlz" qrupu 1960-62-ci illərdə, şəhərin
Reperban adlı küçəsində yerləşən gecə
klublarında ilk çıxışlarını ediblər.
Həm təhsil, həm tədris...
2012-ci ildə Almaniyaya köçən Cəmilə
xanım, bir müddətdən sonra Hamburq universitetin Sistematik
Musiqi Elmləri fakültəsində (Systematische
Musikwissenschaft) təhsil almağa başlayır. C.Abdullayeva:
"Təhsilim musiqinin elmi tədqiqatına, onun
strukturlarına, mədəni əhəmiyyətinə və
cəmiyyətə təsirinə yönəlib. Son iki il ərzində
musiqi nəzəriyyəsi, musiqi tarixi və musiqi
psixologiyası kimi müxtəlif mövzuları dərindən
öyrənmişəm. Xüsusilə, musiqi alətlərinin
akustik xüsusiyyətləri və musiqinin
qavranılmasına təsiri üzərində tədqiqatlar
aparmaq mənim üçün çox maraqlıdır.
Akademik öhdəliklərimlə yanaşı, rəqəmsal
musiqi emalı və yeni musiqi təhlil alətlərinin
inkişafı ilə bağlı bir neçə tədqiqat
layihəsində iştirak etmişəm. Bu layihələr mənə
praktik təcrübə qazandırmış və nəzəri
anlayışların tətbiqində dəyərli
baxışlar vermişdir...
Özüm təhsil almaqla yanaşı, həm də
Hamburq konservatoriya nəzdində musiqi məktəbində
(Musikschule-Hamburger Konservatorium) uşaqlarla işləyirəm.
Kiçik yaşlı uşaqlara musiqi tədris edirəm,
onlara musiqi nəzəriyyəsini və fortepiano alətində
ifa etməyi öyrədirəm. Əsas məqsədim
uşaqlara musiqiyə sevgi aşılamaq və onların
yaradıcılıq potensialını inkişaf etdirməkdir.
Həmçinin, məktəbdə keçirilən müxtəlif
musiqi tədbirlərində və konsertlərdə
uşaqların iştirakını təmin edərək,
onların səhnə təcrübəsini artırmağa
çalışıram..."
...Həm də təbliğ
Xarici ölkələrdə yaşayan incəsənət
və mədəniyyət ixtisası yönümlü həmvətənlərimiz
daima doğma vətənləri - Azərbaycanın zəngin
maddi-mədəni sərvətini tanıtmaq üçün
müxtəlif layihələrə imza atırlar.
Müsahibimiz Cəmilə xanım da, cari ilin iyul
ayının 5-də Hamburq Universitetdə maraqlı bir təqdimatı
çıxış etmişdir.
"Azərbaycan aerofonları" (aerofon yunan dilindən
tərcümədə "nəfəsli səs" deməkdir.
Nəfəs vasitəsilə səsləndirilən musiqi alətlər
qrupunun elmi adıdır) adlanan layihə Cəmilə
xanımın ilk belə miqyaslı işidir. Saat yarım ərzində,
natiq alman dilində zurna, balaban, tütək kimi milli musiqi alətləri
haqqında ətraflı məlumat vermişdir. Tarixi
etimalogiya, hazırlanma üsulları, ifa texnikası və bir
sıra başqa özəllikləri professor-müəllim heyətinə,
yerli və xarici ölkələrdən gələn tələbələrin
nəzərinə çatdırmışdır. Təqdimat
zamanı fotoşəkillər, videolar və audioyazılar
kimi vizual vasitələrlə yanaşı, adı çəkilən
alətlərin əyani görünüşü
nümayiş olunmuşdur.
Həmçinin Cəmilə xanım Azərbaycan bəstəkarlarının
çoxsaylı yaradıcılığında milli nəfəs
alətlərindən geniş istifadə olunması diqqətə
çatdırılmışdır. Yeri gəlmişkən
milli nəfəs alətlərindən, məsələn
zurnanın imkanlarından ilk tətbiq edən Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəyli olmuşdur. Onun monumental
"Koroğlu" operasının III hissəsində "Cəngi" və
V hissənin finalında zurnanın solo alət kimi tətbiqi
olduqca uğurlu alınmışdır.
1977-ci ilin sentyabrın 5-də Voyacer proqramı çərçivəsində
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi tərəfindən
kosmosa göndərilmiş insansız kosmik gəmisi
qızıl plastinkanın daşıyıcısı
olmuşdur. Amerikalı astronom Karl Saqanın
hazırladığı plastinkanın içərisində
27 musiqi parçası vardı. Həmin musiqi materialları
içərisində balaban alətində səslənən
muğam ifası daxil olunub. Milli musiqi tariximiz
üçün önəmli hadisə barədə məlumatları
da Cəmilə xanım dinləyicilərin diqqətinə
çatdırmışdır.
Cəmilə Abdullayeva: "Təqdimatın belə
uğurlu alınması bu istiqamətdə yeni
addımların atılmasını ruhlandırdı. Mən
gələcəkdə də Azərbaycan mədəniyyətinin
və onun ənənələrinin doğru şəkildə
təbliğinə davam edəcəyəm".
Biz öz növbəmizdə Cəmilə xanıma bu
yolda uğurlar arzulayırıq.
Yavər NEYMƏTLİ
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru
525-ci qəzet .- 2025.- 30 yanvar(№17).-S.12.