Dünyanı
vətənə gətirən azərbaycanlı
Umud Mirzəyev deyəndə mənim ağlıma, hər
şeydən əvvəl, onun təsisçisi və prezidenti
olduğu, uğruna 33 ilini həsr etdiyi Beynəlxalq Avrasiya Mətbuat
Fondu (BAMF) gəlir. Şəhidlər xiyabanı kimi müqəddəs
məkanla yan-yana duran BAMF-ın qapısından içəri
girəndə qarşımıza yığcam və səliqəli
həyətin divarları boyu asılmış, Qarabağ
bölgəsinə dair "Mənim evim", "Mənim kəndim",
"Mənim şəhərim", "Mənim vətənim"
başlıqlı dəyərli fotoqrafiya nümunələri
çıxır. Bu şəkillər Umud Mirzəyevin şəxsiyyəti
və fəaliyyəti barədə bizə çox şey
deyir. Bura şair publisist, jurnalist, ictimai-siyasi xadim Umud Mirzəyevin
Evidir desək, yanılmarıq...
BAMF-ın həyətindəki şəkillərə
baxıram - xarici ölkələrin nümayəndələri,
səfirləri, millət vəkilləri, hətta Baş
nazirləri... Mövzular isə Qarabağ, torpaq, mina, şəhid...
Sonra isə onun BAMF-ın 30 illik fəaliyyətinə
həsr olunan "Otuz il sülh naminə" kitabını vərəqləyirəm...
Və düşünürəm: o, həqiqətən də
əsrdə bir yol doğulan insanlardandır.
Ümummilli liderimiz Heydər Əliyevin
sözünü xatırlayıram: "Hər bir Azərbaycan
gənci hər şeydən çox, hər şeydən
artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi
haqqında düşünməlidir"... Tarixin min ildən
bir yetişdirdiyi dahinin - Ulu öndərin fikirlərində
nişan verilən belə Azərbaycan gənclərindən
biri də Umud Mirzəyev olub. Ümummilli liderimizin hakimiyyəti
zamanında odlu-alovlu gənclik illərini yaşayan
qarabağlı - füzulili Umud Mirzəyev sanki illərin necə
keçdiyindən xəbərsiz qalıb. Çünki Vətən
onun dünəni, bu günü və sabahıdır...
Ömrünü bütünlüklə Vətənə həsr
edənlərimizin ön sırasında Umud Mirzəyev adı
inamla, qürurla çəkilməyə layiqdir.
O, 1982-87-ci illərdə Moskvada, Qorki adına Ədəbiyyat
İnstitutunun poeziya şöbəsində təhsil alıb.
1988-ci ildə Azərbaycan Yazıçılar
İttifaqının mətbu orqanı olan "Ədəbiyyat
və incəsənət" qəzetində əmək fəaliyyətinə
başlayıb. 1989-1993-cü illərdə isə həmin qəzetin
"Elm, publisistika və məktublar" şöbəsinə
rəhbərlik edib.
1992-ci ildən fəaliyyətə başlayan və bu
gün BMT-nin İqtisadi-Sosial Şurasının Əsas məşvərətçi
statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun
qurucusu və prezidentidir. Onun təşəbbüsü, eləcə
də müxtəlif ölkə jurnalistlərinin dəstəyi
ilə yaradılan BAMF davamlı olaraq xarici media nümayəndələrinin
postsovet məkanındakı münaqişə bölgələrinə
səfərlərinin təşkili və obyektiv
informasiyanın yayılması istiqamətində
ardıcıl fəaliyyət göstərib.
Qarabağ münaqişəsinin ən mürəkkəb
və çətin vaxtlarında xarici ölkələri təmsil
edən jurnalistlərin, xalq diplomatlarının cəbhə xəttinə
yaxın ərazilərə yüzdən artıq səfərlərini
reallaşdıran BAMF, Ermənistan ordusunun törətdiyi
cinayətlərlə bağlı obyektiv məlumatların
dünya ictimaiyyətinə çatdırılması yolunda
ciddi addımlar atıb.
Təvazökar davranışı, yüksək mədəniyyəti
ilə fərqlənən şəxsiyyətdir Umud Mirzəyev.
Qeyri-səmimi, saxta pafoslu nitqlərlə yox, gördükləri
böyük işlərlə, aydın əməllərlə
diqqət çəkən, yadda qalan əsl vətənpərvərdir
o.
"30 il sülh naminə..."ni oxuyuram... BAMF
adından ilk bəyanat, qurumun yaranma zərurəti, fəaliyyət
yolu, hətta, demək olar, BAMF özüdür Umud Mirzəyev.
"Mən Sizin bəşəriyyət
üçün gördüyünüz təmənnasız
işləri dəyərləndirirəm" - bu sözləri
BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Avrasiya Mətbuat Fondunun
prezidenti Ümid Mirzəyev haqqında hələ 2007-ci ildə
deyib.
İnsanlığı, ömür yolu və fəaliyyət
xəttinə görə sadədən sadədir, həm də
yaxşı mənada, mürəkkəbdir Umud Mirzəyevi
xarakteri. Bu isə onun tələbkarlığında, iş
prosesindəki dəqiqliyində, məsuliyyət və peşəkarlığa
son dərəcə önəm verməsində
özünü göstərir. Məsuliyyətsizliyi kimsəyə,
öz övladlarına belə, bağışlamaz.
Əvvəllər məndən kimsə
soruşsaydı ki, "Umud Mirzəyev kimdir", deyərdim
ki, sadə bir vətəndaş, çoxsaylı QHT rəhbərlərindən
biri...
Bu gün isə deməyə sözüm, yazmağa
fikirlərim o qədərdir ki! Maraqlandım, oxudum,
araşdırdım, müşahidə etdim və indi-indi
tanıyıram Umud Mirzəyevi, onun əsl insan
obrazını! O, əməl adamıdır, səmərəsiz
çıxışlardansa, konkret işi sevəndir, ona
görə də çalışqan insanları ucaldıb
başına tac edəndir. Haqlı deyilmi?
Təbiətcə ağayanadır, hadisələrə
təmkinlə münasibət bildirər, fikirləri dinləyər,
ölçülü-biçili qərarlar verər.
Gördüyü işdən zövq alan, bu zövqü ətrafındakılarla
paylaşan təşkilat rəhbəridir Umud Mirzəyev. O,
başqalarının uğurlarına sevinməyi, həmin
uğurların əldə olunmağına dəstək
göstərməyi bacaran gerçək ziyalıdır.
Fevralın 1-də Umud Mirzəyev ömrünün
daha bir mənalı ili arxada qalacaq. Ad günü münasibətilə
onu ürəkdən təbrik edir, Allahın ərməğanı
olan ömrünü sağlam və hər anını məzmunlu
yaşamasını arzulayıram!
Gülşən BEHBUD
525-ci qəzet .- 2025.- 30 yanvar(№17).-S.8.