Əsl insanlıq və
örnək müəllimlik yolu
Esse
Elmin ziyası ilə mühitimizi
işıqlandıran, şagirdlərinin uğurunu görəndə
sevincindən qəlbi fərəhlə döyünən, hərdən
simasındakı kiçik təbəssümlə, bəzi
vaxtlarda isə mənalı baxışı ilə həyatımıza
istiqamət verən müəllimlik peşəsini arzulayanda
pedaqoji və psixoloji məqamları bilmədən əsl
müəllim olmağın
mümkünsüzlüyünü dərk edirdim. Sadəcə
əqli cəhətdən tam sağlam uşaqlarla deyil, autizm,
daun sindromlu, eləcə də mutist, oliqafren uşaqlarla necə
işləyəcəyim haqqında tələbəlik illərimdən
araşdırmalar aparırdım. Haqqında: "Heç nəyi
yoxdur, üz verməyəsən gərək, zəhmət
çəkib oxusun, xəstəliyindən mənə nə,
özünü bicliyə vurub" deyildiyini eşitdiyimiz
uşaqlar da, unutmamalıyıq ki,
yaşadığımız cəmiyyətin bir
parçasıdır. Biz onları cəmiyyətə
inteqrasiya etmək yerinə, görməzliyə vurduqca onlar
daha çox sıxıntıya məruz qalır, ətrafdakı
insanların istehza obyekti olur. Səbrimin tükəndiyi
nöqtələrdə şagirdlərimin bəzilərinin də
bu cür uşaqlar kateqoriyasında olduğunu
xatırlayıb sinif otağında onların mənim sevgimə,
dəstəyimə və anlayışıma daha çox
ehtiyac duyduğunu beynimdə, səssiz təkrarlayıram.
Dostoyevski yazır: "Fikir ayrılığına
baxmayaraq, qarşınızdakı insana hörmət edə
bilirsinizsə, bu o deməkdir ki, insan ola bilmisiniz". Peşəkar
müəllim də fikir və şagird müxtəlifliyini həmişə
diqqət mərkəzində saxlamağı
bacarmalıdır. Eyni zamanda, onların gözü ilə həyata
baxmağı öyrənməlidir, əks halda, həmin
şagirdlərin duyğu və düşüncələrini
anlamaqda çətinlik çəkər. Mənimsə, həyatdakı
əsas məqsədim məhz həssas, diqqətcil, əsl
peşəkar pedaqoq olmaqdır. Uşaqların
etibarını qazanmaq, yaddaşlarında sevimli müəllim
kimi qalmaq heç də asan deyil, həyatı, fənnini sadəcə
kitablardan öyrətməyən fədakar müəllim olmaq
isə daha mürəkkəb işdir.
Bacardığım qədər hər gün o
şagirdlərimlə pozitiv, gülərüz davranır, çox sadə
görünsə belə, yenə, onların gözlərinin
içinə baxaraq bu gün əhvallarının necə
olduğunu soruşuram. Orta məktəb illərində müəllimlərim
mənim duyğu və düşüncələrimi çox
da ciddiyə almadığı üçün bəzi
problemlərimlə təkbaşına qalıb özüm həll
yolları axtarırdım, bəzən üzülüb
heç bir işə yaramadığımı
düşünür, qəhərlənirdim. Buna görə
də şagirdlərimin kədərini, çətinliklərini
onlara hiss etdirmədən mimikalarındən, səs tonundan,
mövzularımıza münasibətindən anlamağa cəhd
göstərirəm.
Biz - müəllimlər gərək unutmayaq ki, bir
vaxtlar özümüz də parta arxasında əyləşən
şagird və ya tələbə olmuşuq. İndi isə həm
öyrənən, həm öyrədənik. Mən hər
yaşda şagirdlərimdə özünəinam hissi, ətrafındakı
bütün canlılara qarşı hörmət
formalaşdırıb valideynlərinin, insanların, sahib
olduqları hər şeyin qədrini bilməyi öyrətməyə
can atıram. Kiçicik qəlblərində böyük
dünyalar gəzdirən şagirdlərimin qiymətləri
aşağı olarkən necə kədərləndiklərini
görüb onlara deyirəm ki, kiminsə aşağı qiymət
alması onun zəif, gücsüz deyil, daha sistemli
çalışmalı olduğunu göstərir. Oyunun qalibi
raundlarda deyil, ən sonda bilinir, bunun üçün səhvlərinizi düzgün
analiz edib gələcək doğrularınızın möhkəm
təməlini atmalısınız.
İnsani duyğuları ən yüksək səviyyədə
bizlərə aşılayan peşəkar müəllimləri
cəmiyyətin ideologiyasında dönüş yarada bilən
novator şəxsiyyətləri də yetişdirməyi
bacarmalıdır. Yetişdirdiyi insanlara acı həqiqətləri
də söyləməli və başa salmalıdır ki, səmimilik,
doğruluq həmişə qələbə qazanmasa da, gec-tez
ədalət öz yerini tutur. Ucuz qalibiyyət qazanmaq yerinə,
vicdanlı, dürüst uduzmağı seçmək vacibdir.
Tarix boyu maarifçilərimiz, ziyalılarımız
bütün qadağalara, təhdidlərə baxmayaraq,
yurdumuzu yadelli əsarəti altında əzilməyə
qoymayaraq təhsil sahəsində dünyanın inkişaf
etmiş ölkələri ilə bir sıraya gətirməyi
bacardılar. Mən də bu yolda bizə miras verilən
dilimizi, ədəbiyyatımızı, tariximizi gələcək
nəsillərə ömrümün vəfa etdiyi qədər
çatdırmağa çalışan müəllimlərdən
olacağıma söz vermişəm.
Zöhrə İMAMVERDİYEVA
148 nömrəli tam orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi
zohre.imamverdiyeva@mail.ru
525-ci qəzet .- 2025.- 30 yanvar(№17).-S.8.