Avtobus əhvalatları
Hekayə
Afiqin haqqında danışanda, bacarıqlı və
çevik, yaxud çevik və bacarıqlı oğlandır
demək olar. Toplanan rəqəmlərin yerini dəyişməklə
cəm dəyişmədiyi kimi, burda da bu iki sözün
yerini dəyişməklə heç nə dəyişmir,
Afiq Afiq olaraq qalır. Elə vəziyyət, elə bir durum
ola bilməzdi ki, Afiq ordan çıxış yolu
tapmasın. Məsələn, onun işi qəfil dalana dirənəndə,
Afiq dalanı deşib çıxa bilərdi,
çıxmışdı da. Amma bütün vəziyyətlərdən
yaxında olan kimsənin qolundan bərk-bərk
yapışaraq çıxmışdı.
"Yapışma əməliyyatı" ömründə
bircə dəfə özünü
doğrultmamışdı. Əhvalat belə baş
vermişdi.
Bir gün Afiq babası ilə birlikdə avtobusda oturub
harasa gedir. Birdən, dayanacaqların birində, tərs kimi,
balaca Afiqin müəlliməsi avtobusa qalxır. Afiq onu görən
kimi:
- Baba, mən batdım! - deyə həyəcanla
pıçıldayır.
- Niyə? Nə oldu? - babası daha da həyəcanlı
tərzdə soruşur.
- Bu səhər müəlliməyə zəng edib
demişəm ki, babam ölüb, dərsə gələ bilməcəm.
Ona bax, o da tərs kimi avtobusa mindi. Səni burda sağ-salamat
görsə, biabır olacağam. - Afiq
yarıpıçıltılı səslə izah edir.
Bu əsnada müəllimə onlara
yaxınlaşıb:
- Salam, Əhməd! - deyə Afiqin babasına üz
tutur.
- Əleykəssalam! - əlindəki qəzetin
arxasına gizlənən baba pusqudan çıxmış
adam kimi qəribə səslə dillənir.
- Əhməd, bəs dedilər, sən ölmüsən?
- müəllimə bunu deyib Afiqə tənəli bir nəzər
salır.
- Fikrimi dəyişdim. Düşündüm, ölməkdirsə,
elə ölüm, üçüm bazar gününə
düşsün ki, hüzuruma gələn adamlara rahat olsun, yəni
qeyri-iş günü olsun ki, yasa gələnlər işi
buraxmalı, buraxmaq üçün müdirdən icazə
almalı olmasınlar.
- Həə? - deyə təəccübünü gizlədə
bilməyən müəllimə növbəti dayanacaqda
düşür. Amma düşərkən - belə
babanın da belə nəvəsi olar də!.. - deyir.
O hadisənin üstündən düz on səkkiz il
keçir, Afiq hələ də bilmir, babası
hazırcavablılığı ilə onu vəziyyətdən
çıxardı, ya yox. Asudə vaxtlarında bu barədə
çox düşünüb, amma bu sualın cavabını
hələ də tapa bilməmişdi.
Afiqin uşaqlığında avtobusda baş verən
bu uğursuz, yoxsa uğurlu əhvalatı danışdım,
nə yadıma düşdü?
Düşüncəli oxucu deyər, bu nə
sualdır?! Adam avtobusdan danışanda, əlbəttə,
avtobus yadına düşər.
Düzdür, düz sözə nə düzəliş!
Mənim də yadıma avtobus düşdü. Daha doğrusu,
avtobusda gediş haqqının qalxdığı
çağlar canlandı xəyalımda.
Gediş haqqının artmasının, bütün sərnişinlərdən
fərqli olaraq, Afiqin cibinə xeyri oldu. Onun hər yerə
avtobusla gedib-gəlməsinə, ictimai nəqliyyatdan intensiv
istifadə etməsinə rəğmən, Afiq bunu heç
vecinə almadı, əksinə, dediyim kimi, hələ xeyli
yararlandı da. Əlbəttə, bu, yenə məsafə
etibarilə yaxında olan adamların bilavasitə köməyi
ilə baş verdi.
Gediş haqqı əlli qəpik olan gündən
etibarən Afiq dayanacağa yaxınlaşan kimi gözü ilə
ziyalı sərnişin axtarmağa başladı, həmin
ziyalı qalstuklu olsa, daha yaxşı... Afiq gümanına
arxalanaraq seçdiyi adama yaxınlaşır, salam verib salam
alırdı. Bu vacib ritualı yerinə yetirərkən həmin
ziyalının əlini sıxıb özünə tərəf
dartır, o üzündən bu üzündən öpəndən
sonra hal-əhval tuturdu. Şikar-adam qalstukludursa, qalstukunun xətrinə
susur, yersiz sorğu-suala yer vermirdi (Afiq bunun belə olduğuna
əmin idi, çünki dəfələrlə sınaqdan
keçirmişdi). Yox, əgər qalstuksuz
ziyalılardandırsa, özünə rəva bilib -
bağışla, səni tanımadım, - deyirdisə,
Afaqın cavabı hazır idi:
- Siz məni tanımaya bilərsiniz, amma mən sizi,
sizin alicənablığınızı heç vaxt unutmaram,
unuda bilmərəm! - deyirdi.
Bu kəlmənin qarşısında ziyalı isti
görən mum kimi yumşalır, Afiq isə avtobus gələnə
qədər sözünə cani-dildən davam edirdi:
- Sizi tanıyıb-bilənlər daim sizin xeyirxah
ürəyinizdən, geniş qəlbinizdən, səxavətli
xislətinizdən danışırlar.
Adam ömründə bir kəsə zərrə qədər
yaxşılıq etmiş olmasa belə, həmin xoş kəlmələrdən
sonra özünü, doğrudan da, Afiqin sözlərində
təsvir olunan şəxsiyyət kimi təsəvvür edir,
hətta bir az kövrəlib özünə yazığı
da gəlirdi ki, belə xeyirxah olduğu halda qədri-qiyməti
bilinmir.
Bu ara bir də görürdün avtobus gəlib
dayandı.
- Buyurun! Buyurun! - deyə, Afiq nəvaziş xətrinə
bir addım geri çəkilib həmin ziyalını
qabağa buraxırdı.
Adam avtobusa qalxan kimi pencəyinin qoltuq cibindən
kartını çıxarıb özündən öncə
Afiqın əvəzinə gediş haqqı vururdu. Afiq, bu ara:
- Müəllim, siz niyə? Əslində mən sizin əvəzinizə
vurmalı idim! - deyə "xəcalət çəkdiyini"
bildirirdi.
- Yox, mən olan yerdə sən kart vura bilməzsən!
- ziyalı öz geniş qəlbini və səxavətli xislətini
"bir daha" nümayiş etdirirdi.
Avtobus tərpənəndən sonra Afiq
danışmır, yol boyu susurdu.
Bayaqdan dil-dil ötən Afiqin sükutunu həmin
ziyalı da dərin minnətdarlıqla səciyyələnən
sükutla qarşılayırdı, - sözünü
dayanacaqda deyib, daha nə desin?! Bir azdan hərə öz
dayanacağında düşüb gedirdi. Beləliklə,
bütün sərnişinlər gediş haqqı ödədiyi
halda Afiq bir gedişə 50 qəpik irəli
düşürdü.
Düzdür, nadir hallarda da olsa, rastına elələri
də çıxırdı ki, Afiq yaxınlaşır, hal-əhval
tutur, boynundan qucaqlayıb o üzündən, bu üzündən
öpür, şirin dilini işə salırdı, amma
nankorlar avtobusa qalxıb yalnız öz əvəzlərinə
gediş haqqı ödəyirdilər. Bəziləri hətta
kənara çəkilib Afiqə yol verirdilər ki, əvvəlcə
o qalxsın, bunların əvəzinə də ödəsin.
Belələri bilmirdilər ki, Afiqin
öpüşünün dəyəri 50 qəpikdir! Onlara deyən
lazımdır, bir üzündən öpəndə o biri
üzünü də qabağa tutub öpdürdünsə, kişinin 50 qəpiyini verməli, yəni
gediş haqqını ödəməlisən, qaqaş. Amma
qanmaza istər de, istər demə, onsuz da özü bildiyini
eləyəcək. Odur ki, belə hallarda Afiq avtobus tərpənərkən
yerə hoppanıb daha anlaqlı ziyalını bələdləməli,
növbəti avtobusu gözləməli olurdu.
Bəzi insanlarda göz yaddaşı güclü olur.
Ziyalı sərnişinlərin arasında elələri də
var idi ki, artıq Afiqi üzdən tanıyırdılar, Afiq
dayanacaqda peyda olan kmi kiminsə arxasına daldalanır,
gözdən yayınmağa çalışır, bir dəfə
ödəyib, bir daha ödəməkdən boyun
qaçırmaq istəyirdilər. Afiq gizlənən sərnişini
görəndə əl çəkmirdi, bilirdi, belələri
zəif xarakterli insanlardır, əgər üz-üzdən
utanıb gizlənirsə, demək avtobusa qalxanda ödəyəcək.
Ödəyirdi də!
Elə gün olurdu, Afiq ictimai nəqliyyatdan bir
neçə dəfə istifadə edirdi. Belə günlərdə,
o 4-5 manata qənaət edirdi. Özü demiş, qənaət
etdin, qazandın, eyni şeydir.
Aydın məsələdir ki, ziyalı sayı əhalinin
ümumi sayı ilə müqayisədə xeyli azdır. Hər
dayanacaqda ziyalı tapmaq müşkül işdir, birində
olanda, birində olmur. Afiq ziyalı qıtlığıyla
qarşılaşanda ehtiyat tədbirə əl atırdı,
- avtobusa qalxan kimi sürücüyə yanaşır:
- Ayə, necəsən? - deyə uca səslə
soruşurdu.
Nidası məzmunundan çox olan bu sualın
qarşısında sürücülərin çoxu
ayağa durub:
- Sağ ol yaxşıyam, sən necəsən? -
deyirdi.
"Sən necəsən?" kəlməsini eşidən
Afiq bilirdi, həmləsi baş tutdu. Odur ki, qarmaqdakı
sürücünü şirinikdirmək üçün
işini daha da şövqlə davam edirdi:
- Evdə-eşikdə nə var, nə yox,
salamatçılıqdırmı?
- Şükür, salamatçılıqdır! -
sürücü deyib öz növbəsində soruşurdu, -
sizdə nə var, nə yox?
- Sağ ol, biz də yaxşıyıq! - deyə cavab
verən Afiq bu yerdə əlini cibinə atıb balansında
bir qəpik belə olmayan gediş kartını
çıxarırdı. Amma aparata toxundurmağa tələsmirdi.
Bunu görən sürücü:
- Ayıb deyilmi! Məni utandırırsan! - deyə
onun əlini geri itələyirdi ki, kartı cihaza
yaxınlaşdırmasın, - keç əyləş!
- Çox sağ ol! - deyib Afiq salona keçir,
keçərkən ağızucu mızıldanırdı, -
evdəkilərə salam deyərsən!
- Salam göndərən sağ olsun! -
Sürücü onun cavabında dillənib sükan
arxasına keçirdi.
Bir gün, daha doğrusu, axşam çağı
Afiq 50 qəpiyini qazanaraq (siz buna qənaət edərək də
deyə bilərsiniz) avtobusda qoca bir kişinin yanındakı
boş yerdə ədəb-ərkanla oturub evə
qayıdırdı. Get-gedə salondakı bütün yerlər
tutuldu, üç-dörd nəfər ayaqda qalan sərnişin
də oldu. Dayanacaqların birində avtobusa hamilə bir
xanım qalxdı. Afiq oturanlara göz gəzdirdi,
hamısı qadın, uşaqlı sərnişin və
qoca-qoltaq idi. Durub hamilə qadına yerini verməyə namizəd
yalnız Afiqin özü ola bilərdi. Afiq isə heç nədən
xəbəri olmayan adamlar kimi başını
aşağı saldı. Hamilə xanım tərs kimi (bəlkə
də tərs kimi yox, qəsdən) gəlib düz Afiqin
başının üstünü kəsdirdi.
Qılımından hiss olunurdu ki, Afiqin qalxıb ona yer verəcəyinə
əmin idi, Afiq isə yerini heç kəsə vermək
fikrində deyildi. Yaşlı və qucağı körpəli
sərnişinlər də Afiqə tərəf tərs-tərs
baxıb bir az gözlədilər, gördülər, durmaq
fikrində deyil, ordan-burdan deyinməyə, məzəmmətləməyə
başladılar. "Mədəniyyətsiz", "Tərbiyəsiz",
"Qanmaz" sözlərinə və "indiki cavanlarda
qanacaq yoxdur", "Nə qadın qanırlar, nə hamilə"
kimi kəlmələrə geniş meydan açdılar.
Afiq başını aşağı salsa da, bilirdi ki,
bütün sözlər onun ünvanına deyilir. An
içində, min dəfə sınaqdan keçirdiyi
üsula əl atmalı, yəni ən yaxında olan adamın
vasitəsi ilə vəziyyətdən çıxmalı
olduğunu anladı. Ehmalca ətrafa boylandı, yanında
mürgü döyə-döyə yol gedən ağsaqqala nəzər
saldı, sonra isə o yenidən başını
aşağı salıb heç nə olmamış kimi
yoluna, təhqiramiz ifadələr isə başından
yağış kimi yağmağa davam etdi.
Bir azdan Afiq pəncərədən baxıb
gördü, öz dayanacağına yaxınlaşır, əlini
ağır-ağır uzadıb oturacağın yanına pərçimlənmiş
çəliyi götürüb yerindən güc-bəla ilə
ayağa durdu, Əsaya söykənib ayağını çəkə-çəkə
qapıya tərəf yönəldi. Bunu görən sərnişinlər
nəfəslərini içlərinə çəkib
karıxıb qaldılar. Haçandan-haçana ordan-burdan
dillənib əli çəlikli Afiqdən üzr istədilər,
hətta əllərini göyə qaldırıb bu qəfil
günaha görə Allahdan bağışlanma diləyənlər
də oldu. "Evə çatan kimi bu oğlan
üçün dua edəcəm!" deyə bir nəfər
ağbirçək sərnişin qırışmış
yanağında gilələnən göz yaşını
örpəyinin ucu ilə sildi.
Avtobus dayandı, Afiq düşdü, çəliyə
söykənə-söykənə səkiyə üz qoydu.
Avtobus da qapıları bağlayıb güclü xəcalət
hissi keçirən sərnişinləri ilə birlikdə
yoluna davam etdi. Beləliklə, əvvəlcə avtobus, sonra
Afiq gözdən itdi.
Son dayanacağa çatana qədər salon tamam
boşaldı. Yalnız Afiqin yanında oturan qoca qaldı. O,
sonuncu dayanacaqda oyanaraq əlini uzadıb çəliyini
götürmək istədi, əli boşa çıxdı.
Ətrafa boylandı. Sonra bir təhər qalxıb deyinə-deyinə
avtobusu tərk etdi.
Kişinin çəliyini isə səkinin qırağında
başqa bir qoca tapıb onu ora qoyanın babasına rəhmət
oxudu.
İmir MƏMMƏDLİ
525-ci qəzet .- 2025.- 31 yanvar(№18).-S.15.