Hacı Zeynalabdin
Tağıyev haqqında müfəssəl gerçəklər
Yaxın zamanda Hacı Zeynalabdin Tağıyev
mövzusuna müraciətdə bir artış var. Diqqətinizə
çatdırım ki, onun haqqında kitab yazmaq, yaza bilmək
1920-1990-cı illər aralığında mümkün
olmayıb. Sovet dövrünün ona münasibəti belə
bir tədqiqata imkan verməyib. İlk dəfə Marat
İbrahimovun 1990-cı ildə nəşr etdirdiyi
"H.Z.Tağıyevin sahibkarlıq fəaliyyəti"
adlı kitabı uzun müddətli sükutu pozub.
Tağıyev haqqında yazılanların, tədqiqatın əsasən
XIX əsrin sonlarından başladığını, 1920-ci
ilə qədər davam etdiyini, sonra isə XX əsrin
sonlarında - müstəqillik illərində yenidən
vüsət aldığını görürük.
Bu yazı Tağıyevin həyatı və
gördüyü işlərdən bəhs edən iki yeni
araşdırma haqqında təqdimat yazısıdır.
Birincisi, araşdırmaçı, kinossenarist Müsəllim
Həsənovun "Altun kitab" nəşriyyatından nəşr
olunan "Hacı Zeynalabdin Tağıyev" adlı kitab,
ikincisi isə "Teaspress" yayım evininin nəşri
olan tarix üzrə elmlər doktoru Fərhad Cabbarovun "Səxavət
dünyasının sərvəri"dir.
Hər iki kitab Tağıyevin doğumundan
ölümünə qədər həyatının əsas
önəmli mərhələləri, qərarları barəsində
arxiv sənədlərinə əsasən qələmə
alınıb. İki kitabın da, mənə görə,
birinci növbədə faydalılığı
Tağıyev haqqında doğru bilinən
yanlışları aydınlaşdırması, gerçəkləri
ortaya qoymasıdır. Hər iki kitab istər üslub, istərsə
yanaşma nöqteyi-nəzərdən fərqli, özünəməxsus
olsa da bir-birini təkrar edən məqamlar da az deyil.
Tağıyevin neft sənayesində qazandığı
uğur, həmçinin qeyri-neft sənayesindəki
investisiyaları, xeyriyyəçilik fəaliyyəti kimi
mövzular iki kitabın da əsas aparıcı xətti
olduğu görülür. Hər iki kitab Nəriman Nərimanovdan
(Tağıyevin ilk bioqrafı) etibarən özlərinə qədərki
əsas mənbələrə istinad etməsi, onlarla
tanış olması əslində, bizim üçün bir
rahatlıq yaradır. Yəni biz bu iki tədqiqatı oxumaqla əslində
onlara qədər yazılmış araşdırmaların,
kitabların, məqalələrin, xatirələrin əsas
hissələri ilə tanış oluruq. Bir növ kitab
içində onlarla kitablarla tanış olmaq fürsətimiz
yaranır.
Müsəllim Həsənəovun müəllifi
olduğu kitab Fərhad Cabbarovun kitabına nəzərən
daha çox ümumi səciyyə daşıyır.
F.Cabbarovun kitabı daha çox spesifik oxucuya xitab edir. O oxucuya
ki, o, baş verənlərin arxasındakı tarixi sənədləri,
onların variasiyalarını, bəhs olunan məqamların
hansı mənbədən gəldiyinə maraq göstərir.
Mövzu üzrə tədqiqat aparanlar üçün kitab əsas
mənbələrə yönləndirən təməl qaynaq
kimi də istifadə oluna bilər. Müsəllim Həsənovun
təqdim etdiyi bilgilər də, heç şübhəsiz, sənədlərdən
qaynaqlansa da, o, hər fikrin arxasında mənbəni göstərmir.
Bu hal kitabın oxu prosesini əslində
rahatlaşdırır. Oxucu lazım olan informasiyanı əldə
edir. Üstəlik, M.Həsənov bilgiləri ayrı-ayrı
başlıqlar altında bir hekayə kimi təqdim etməsi
kitabın uğurlu tərəflərindən biridir. Kitab
özünəməxsus nəql etməsi ilə informasiya
axınını unutdurur, Tağıyevin həyatının
önəmli məqamlarına işıq tutur.
Tağıyev elə bir şəxsiyyətdir ki, həyatı
fərdi xarakter daşımır. Onun ömrü Azərbaycan
tarixinin ən ziddiyyətli dövrlərini əhatə edir. Həm
Çarlıq, həm də Cümhuriyyət
dövrünün önəmli hadisələrinin içində
yer alan, bir çox hadisələrin birbaşa
iştirakçısı olan Tağıyev həmçinin
sovet dövrünün də ilk dörd ilini təcrübədən
keçirmişdi. Bu mənada onu tam anlamaq üçün bu
mürəkkəb dövr haqqında məlumatlı olmaq
vacibdir.
İstinad olunan mənbələrin zənginliyi "Səxavət
dünyasının sərvəri" kitabının ən
önəmli keyfiyyəti kimi önə çıxır.
Kitabın əhəmiyyətli xüsusiyyətinin biri
Tağıyevin qərarlarını, həyatını,
dünyasını anlamaq üçün onun içində
olduğu tarixi-sosial münasibətləri, dövrün
reallıqlarını, siyasi və iqtisadi bazasını bizə
göstərir. Belə olduğu halda baş verənlərə
daha geniş planda baxmaq fürsəti yaranır. Məsələn,
XIX əsrdə təhsil alanlara dair kiçik bir
statistikasını nəzərdən keçirək:
"1897-ci ildə Bakı Müqəddəs Nina məktəbində
320 nəfər təhsil alırdı, onların 153-ü rus,
109-u erməni, 19-u yəhudi, 17-si alman, 11-gürcü, 5-i
polyak, 9-u digər millətlərdən idi. Orada cəmi 3
müsəlman təhsil alırdı. XIX əsrin sonunda Azərbaycanın
bütün orta məktəblərində 1283 nəfər
qız oxuyurdu ki, onlardan yalnız 6-sı azərbaycanlı
idi". Dövrün mənzərəsini göstərən
bu rəqəmlər Tağıyevin təhsil sahəsində
gördüyü işlərin miqyasının
konturlarını tam şəkildə
aydınlaşdırır. Bu statistikanın fonunda Qızlar Məktəbinin
açılması, Tağıyevin həm daxildə, həm
də xaricdə tələbələrin təhsil alması
üçün ayırdığı təqaüdün əhəmiyyətini
başa düşmək olur. F.Cabbarovun zaman-zaman təqdim
etdiyi bu kimi məlumatlar Tağıyevin qərarlarının
mahiyyətini və tarixi əhəmiyyətinin yerini bir daha dəqiqləşdirir.
Bir-birini müəyyən mənada tamamlayan bu
kitabları oxumaqla Azərbaycan tarixində fenomenal şəxsiyyət
olan Hacı Zeynalabdin Tağıyevin həyatı və
yaşadığı dövr haqqında müfəssəl
bilgilər əldə etmək mümkündür. Hər iki
kitab 2024-cü ilin ən yadda qalan, uğurlu nəşrləridir.
Naşirləri, müəllifləri və oxucuları təbrik
edirəm!
Ramil ƏHMƏD