Sözün Sərdarı
XATİRƏLƏR SORAĞINDA - ŞAİR SƏRDAR
ƏSƏD
Dövrünün ustad şairlərindən olmuş
mərhum Sərdar Əsəd haqqında yazmağı
çoxdan düşünürdüm. Amma şair haqda
söz deməyin məsuliyyətini yaxşı başa
düşdüyümdən buna ürək eləmirdim. Yox,
yeri gəldikcə, Sərdar Əsəd
yaradıcılığından söhbət açmalı,
onun söz dünyasına üz tutmalıyıq. Qoy indiki nəsillər
də tanısın və poeziyamızı həm də Sərdar
Əsəd şeiriyyətindən tanıyıb sevsinlər:
Gün düşdü duyğular pəncərəsinə,
Səhər müjdəsinə açıldı
qapı,
Qanadlı sorğular üstümü aldı,
Yuxusuz gecədən mənə nə qaldı,
Qızaran gözlərin rahat əzabı,
Razı vərəqlərə boşalan sinə,
Dolu külqabı...
Sərdar Əsədi həyatda görmək mənə
nəsib olub. 1969-cu ilin yayı idi. Ali məktəbə qəbul
imtahanları vermək üçün Bakıya gəlmişdim.
Atamla indiki AZƏRTAC yerləşən binanın
qarşısından keçəndə təsadüfən Sərdar
Əsədlə rastlaşdıq. Atamla
görüşüb-qucaqlaşdı, mənim əlimi
sıxdı. Mən şeirlərini oxuduğum, adını
eşidib, üzünü görmədiyim həmyerlim Sərdar
Əsədlə beləcə tanış oldum. Sərdar
müəllim biləndə ki, filoloq olmaq niyyətim var,
yaradıcılığa meyilliyəm, yazıb-pozuram, fikrimi
ürəkdən təqdir elədi, mənə uğurlar dilədi.
"Kamil Əfsəroğlu - inanıram ki, tezliklə
imzanı mətbuatda görəcəyik", - dedi.
Eşitdiyim bu sözlər məni ruhlandırdı,
özümə inamımı artırdı və şairin
diləyini boynumun borcu bildim.
Atam da qələm adamı olduğundan, uzun illər
rayon qəzetinin redaktoru işlədiyindən respublikanın
yaradıcı insanları arasında dost-tanışı
çox idi. Ürəyim atlandı, fəxarət duydum ki, atamın
Sərdar Əsəd kimi şair dostu da var. O
görüşü unutmuram, indi də gözümün
qabağındadır. Yadımdadır, ayrılanda bir
neçə addım atıb, atam da, Sərdar Əsəd də
qeyri-ixtiyari geri dönüb bir-birlərinə baxdılar.
Onların baxışlarında bir nigaranlıq vardı, elə
bil ikisinin də ürəyinə dammışdı ki, bu,
onların son görüşüdür.
Tezliklə "İlk səhər" hekayəm
"Ədəbiyyat və incəsənət" qəzetində
dərc edildi. İlk hekayəmin dərcini görmək atama
qismət olmadı... Əmin idim ki, Sərdar Əsəd hekayəni
oxuyub, çünki "Ədəbiyyat və incəsənət"
nüfuzlu nəşrlərdən sayılır, oxunur, əldən-ələ
gəzirdi. Hekayəm ədəbi mühitdə yaxşı
qarşılanmışdı. Sabir Əhmədli, Fərman Kərimzadə,
Əmir Mustafayev məni təbrik eləmişdi. Şair
İsa İsmayılzadə radioda apardığı "Gənclik"
verilişində hekayəni səsləndirmişdi. Bir də
Sərdar Əsəddən nəsə eşitmək istəyirdim.
Əslinə qalanda, mənə ilk xeyir-dua verən Sərdar
müəllim olmuşdu. Görəsən, nə deyəcəkdi,
bəyənmişdimi hekayəmi?.. Bilməzdim ki, çox
marağında və sorağında olduğum bu sual əbədi
cavabsız qalacaq...
O görüş xatirəmdə dərin iz qoydu, məni
Sərdar Əsəd yaradıcılığına, şeirinə
daha yaxından bağladı. Bir var, şairi şeirlərindən
tanıyasan, bir də var onu həyatda görəsən, onunla
həmsöhbət olasan.
Sərdar Əsəd 1929-cu ildə Cəbrayıl
rayonunun Soltanlı kəndində doğulub. Sərdarın həyata
gəldiyi dövr - siyasi vəziyyət, ictimai ab-hava
qarışıq və mürəkkəb idi. Yeni qurulmuş
sovet dövlətini kollektivləşməni qəbul etməyənlər
az deyildi. Sərdarın atası Heydər kişi də belələrindən
idi, yeni quruluşun qayda-qanunlarıyla barışmadığından
qoşulmuşdu qaçaqlığa. Buna görə də
balaca Sərdar anası və böyük bacısı ilə
birlikdə Sibirə sürün olundular. Kiçik
yaşlarından sürgün havası udması təbii ki,
balaca Sərdarın həyata baxışında iz
qoymamış deyildi və o, həyatı tərif
yayıb-yağdıran kitablardakı kimi yox,
ağı-qarasıyla qavramış və bu baxış, bu
yanaşma sonradan şairin yaradıcılığında
öz təcəssümünü tapmışdı.
"Sibir toyu" hekayəmdəki personajın
sözüdür, deyir, Dostayevski Sibir sürgünündə
olmasayıdı, Sibir havasını udmasaydı, insanın əzab
və iztirablarını bu cür təsvir edə bilməzdi...
Bəlkə, Sərdarı da şair edən sürgün
havası udmağı, həyatının
ağrılı-acılı keçməsi olub. O,
sözünün çəkisini, dəyərini bilən
şair idi. Şeirlərini oxuyanda ilk misralardan bilirsən ki,
bu, Sərdar Əsəd deyimi, Sərdar Əsəd
poeziyasıdır.
Uyudum bir çayın zümzüməsində,
Yerimdən bir daşın səsinə qalxdım,
Maral dırnağında, turac səsində
Çoxdan itirdiyim şeirimi tapdım.
Şair var ki, onun yaradıcılığı ədəbi
məktəbdir və bu məktəbdən keçmədən,
dərs almadan yaxşı şair olmaq çətindir.
Əllinci illərin ortalarından başlayan Sərdar
Əsəd yaradıcılığı
altmışıncı illərdə formalaşaraq Azərbaycan
ədəbiyyatında yeni cığır açdı, poeziyamıza
yeni söz, yeni nəfəs gətirdi. Onun
yaradıcılığı dili, üslubu və poetik
sözü, ruhuyla seçilirdi. Əgər
yaradıcılıq dünyasını saysız-hesabsız
ulduzların şölə saçdığı bir kəhkaşana
bənzətsək, bu nəhayətsizlikdə öz
işığı, parlaqlığıyla seçilən,
heç bir ulduza bənzəməyən bir ulduz görərik
- Sərdar Əsəd ulduzu.
Ay illər, səninlə gəl qucaqlaşım,
Məsum körpəliyi yenə anırıq,
Nədənsə üstümdə durmayır
başım,
Yenəmi beşikdə yırğalanırıq?
Ana, nə deyirdin sən qulağıma,
Bəlkə söyləyirdin yaman kürəm mən,
Mənə deyirdin ki, qaç qucağıma,
Hələ də yanına yüyürürəm mən...
O heç vaxt, şeir qoşmaq naminə yazmayıb,
yeni söz demək, yeni fikir söyləmək, sənətdə
özünü təsdiqləmək üçün
yazıb-yaradıb və özünü təsdiqləyib də...
Sərdar Əsəd şeiri-şeiriyyəti poeziya içində
bir poeziyadır, onun öz poetik dünyası vardı,
heç bir dünyaya bənzəməyən dünyası.
Söz şairin qələmində şəkildən şəkilə
düşür, rənglərə bələnir, min bir
çalara çalır. Sözün sərdarıydı Sərdar
Əsəd. Məmməd Araz, Əli Kərim
poeziyasının vurğunuydu. Dostluq eləyirdilər. Əli
Kərimin vaxtsız ölümü Sərdarı
sarsıtmışdı, mərhum dostunun şəkili daim
yazı masasının üstündə olurmuş.
Şair Əli, ilham atı səyirdən,
Şair Əli, şeir gətir yuxuma!
Şair Əli, utanıram şeirdən,
Şair Əli, bu şeirimi oxuma!
Sərdar Əsədi yaxşı tanıyanlarla - Xalq
yazıçısı mərhum Sabir Əhmədli, şair
Ələkbər Salahzadə, şair Camal Yusifzadə və tənqidçi
Vaqif Yusifli ilə onun haqqında söhbətlərim olub.
Onların dediyinə görə, Sərdar xaraktercə sərt
olduğu kimi, yaradıcılıqda da çox ciddi və tələbkar
idi, sözün, şeirin duruluğunu,
saflığını qoruyan şair idi. Qürurluydu. Bununla
belə, həm də sadə və təvazökar idi.
Ələkbər Salahzadə şairin "Simlərin
tufanı" kitabının redaktoru olub. Ələkbər
müəllim danışırdı ki, o kitabı ilin ən
maraqlı nəşri bilirdilər. Deyirdi, "Simlərin
tufanı"yla mən Sərdarı yenidən kəşf elədim.
Hər kiçik şeirində belə böyük məna,
fikir vardı, poetik fəlsəfəsi dərin idi. Kitab
çıxanda Əlfi Qasımovla mənə qonaqlıq
verdi. Xaraktercə əliaçıq, ürəyigeniş, saf
adam idi. Böyük insanlar bu xasiyyətdə olurlar...
Ələkbər müəllimin sözlərində
həqiqət vardı. Amma elə də olur ki, bəzən
böyük insanlar böyük dünyaya sığmırlar.
Ya dünya onlara dar gəlir, ya da özlərini dünyaya
sığışdıra bilmirlər. Ədəbi mühitdə
Sərdar müəllimə hörmətlə "Dədə
Sərdar" deyirdilər. Binayi-qədimdən böyük
insanları "Dədə" deyib
çağırıblar.
Şair Məmməd Araz öz xatirələrində
yazır: "Sərdar deyirdi mən balaca bir qələm
sahibiyəm. Təzə şeir işləyəndə xəlvətə
çəkilirəm ki, görən olmasın. Qələm
sözümə baxmayanda elə bilirəm ki, onun
düzgün şırım açmadığını
kimsə görür, kimsə onu əlimdən qapıb
sındırmaq istəyir. Qələmin də fəhmi
var..."
Sərdar Əsədin şeir dili olduqca hamar və rəvandır.
Onun şeirində sözlər inci təki düzülür,
fikir su kimi axıb, qəlblərə hopur:
Ana ağrısının sözü olaydım,
Titrəyib yanaydım tellərin üstə,
O yorğun ayağın izi olaydım,
Yataydım getdiyi yolların üstə...
Sərdarın şəxsiyyəti yazdığı
şeirlərin canına sığıb, poeziyasında
yaşayır. Onun "Yaylaqda" şeiri dillər əzbəriydi.
Şair kimi çox tez parladı, tanındı, sevildi. Oxucu
sevgisini ən yüksək mükafat bilirdi. Şair
adını uca tutur, sözüylə-sənətiylə ədəbiyyatın
namını saxlayırdı. "Səni axtarıram",
"Gənclik illəri", "Şairin arzusu", "Cərrah
ürəyi", "Simlərin tufanı", "Gözəl",
"Dağları aşdı sellər" və digər
kitabları poeziyamızın dəyərli incilərindəndir.
Mərhum Camal Yusifzadənin dilindən
eşitmişdim, deyirdi Sərdar şəxsiyyət idi. Həyatda
olduğu kimi, yaradıcılıqda da doğru-dürüst
idi. Onun yanında hansısa yazıçının
qarasınca danışmaq, ədəbiyyatın
ünvanına yersiz, nahaq söz söyləmək olmazdı.
Ədəbiyyatı müqəddəs məbəd bilirdi. Onda
ədəbi vicdan, ədəbi qısqanclıq vardı, saxta
sözün, naşı yazının qənimiydi.
Yerli-yerində hər söz
Qiymətli bir incidir.
Ürəkdən gəlməyənlər
Ürəkləri incidir.
İnsan Sərdar Əsəd poeziyasının əsas
hədəfi, predmetiydi, bununla yanaşı, təbiət
mövzusu da şairin yaradıcılığında yer
tuturdu, o, təbiəti, sadəcə, bir mənzərə
kimi yox, başqa biçimdə, fərqli rənglərdə
görürdü. Onun şeirlərində təbiət
dirilir, cana gəlir. Ürəyi doluydu, o qədər doluydu
ki, qismətinə yazılmış qırx beş illik
ömür payında bitib tükənən deyildi,
yazacağı çox şeirlər, poemalar vardı. O,
adiliyin içində qeyri-adiliyi, məlumun içində naməlumluğu
görür, qaranlığın qara bağrında belə
işıq axtarır və tapırdı. Sərdar Əsədin
bir-birindən maraqlı-məzmunlu şeirlərini,
poemalarını oxuyanda həyata şairin gözüylə
baxırsan, gördüklərinə qəlbən vurulur,
ürəkdən bağlanırsan. Sərdar Əsəd
şeirində təbiətin seyrinə çıxmaq özgə
bir həzdir...
Zəmi dalğasında istəyir daşa,
Yellər yelkənini yoxlayır, nədir:
Qönçələr titrəyir, gəlir
baş-başa,
Güllər bir-birini qoxlayır nədir...
Bir neçə ilin söhbətidir: Azərbaycan
Radiosunda "Səmanı mənə bağışla"
pyesimin tamaşasını hazırlayırdılar. Baxdım
ki, bir epizodda şəlalə haqqında ikicə misra şeir
yerinə düşər. Çox şairlərin
yaradıcılığına üz tutdum, çox
kitabları vərəqlədim, axtardığımı Sərdar
Əsəd poeziyasında tapdım:
Dərələr söykənib o qayalara,
Asılıb şəlalə
sarmaşığından....
Sərdar Əsəd Azərbaycan ədəbiyyatının
iyirminci əsrdə yetirdiyi istedadlı şairlərdən, ədəbi
simalardan olsa da, amma nə yazıq ki, ədəbiyyatdakı
xidmətinə görə layiqli qiymətini, dəyərini
almayıb. Sadə, mütəvazi insanlar umacaqlı olmurlar, Sərdarın
hər şeiri özünün özünə ən
böyük mükafatıdır və o, ədəbiyyatda
öz heykəlini sözüylə, sənətiylə
ucaldıb. Elə şairi unutmamalıyıq, yoxsa ədəbiyyatımız
bir məktəb itirər.
Sərdar Əsədi tanıyanlar,
yaradıcılığına bələd olanlar onu hörmətlə,
ehtiramla xatırlayır, haqqında ağızdolusu
danışırlar. Mərhun şair Kələntər Kələntərlinin
də ürəyi doluydu, mənə deyirdi, Dədə Sərdar
haqqında saatlarla, günlərlə danışar, yorulmaram.
Deyirdi, o, hardasa qapalı, qaradinməz olsa da, qəlbində dərya
dərinliyi vardı və şairi yaxından tanımaq, kəşf
etməkdən ötrü, gərək o dərinliyə dala
biləydin. Əsl şəxsiyyət idi, mənliyini qoruyan, əyilməyən,
sınmayan adam idi. Elə adamların da həyatı çətin,
keşməkeşli keçir. Onun düz yoluna daş atanlar
da tapılırdı, çünki öz yolları əyriydi
və elələrinin yazdıqları Sərdar Əsəd
sözünün, şeirinin kölgəsində bozarır,
qaralırdı. Şairin hər sözündə, hər
şeirində dağ sanbalı, dağ
ağırlığı vardı.
Bir şeirində deyir:
Gedəni gəlməz olur,
Hey fikir daşıyanlar,
Dünyada ölməz olur,
Əzabla yaşayanlar...
Bu misralarda şairin özünü, öz nakam həyatını
görürük. Sərdar Əsəd həyat eşqi, həyat
sevgisilə yazıb-yaratmaq, yaşamaq istəyirdi, amma elə
bil dövran bu eşqi, istəyi də ona çox
görürdü. Onu məngənətək sıxan, narahat
edən cəmiyyətdə qarşılaşdığı
haqsızlıqlar, ədəbi mühitdəki çəkişmələr,
didişmələr idi. Barışmadığı çox
şeylər vardı. Baxırdı ki, insanlar arasında ikili
həyat yaşayanlar da yox deyil və elələriylə bir
dünyaya sığmırdı.
Sərdar Əsəd bir çoxlarından fərqli,
ikili ömür, ikili həyat yaşamadı, yaşaya da bilməzdi.
O, sədəcə, bir həyat yaşadı, bir ömür
yolu keçdi - ədəbiyyatdan əbədiyyətə...
Kamil ƏFSƏROĞLU
525-ci qəzet .- 2025.-
31 yanvar(№18).-S.12;13.