Cavad Heyət və
45 yaşlı "Varlıq" dərgisinin birinci sayı
DOKTOR CAVAD HEYƏTİN ANADAN OLMASININ 100 VƏ "VARLIQ"
DƏRGİSİNİN 45 İLLİYİNƏ HƏSR
EDİLİR
(Əvvəli ötən sayımızda)
Cavad Heyət Azərbaycan xalqının böyük
şairi Şəhriyar haqqında yazırdı: "Ustad
Şəhriyar məşhur şairimizdir. Onun farsca şeirləri
bütün İran millətini məftun etmiş və onu hər
kəsə tanıtmışdır. Türkcə
yazdığı "Heydər baba"sı dünyanın ədəbi
şah əsərləri arasına girmiş və bir
çox dillərə tərcümə edilmişdir".
(s.26)
Sonra Cavad Heyət az əvvəl dünyasını dəyişmiş
Səhəndi (Bulud Qərəçorlu) yada salaraq yazır
ki, o, öz vətənində qərib kimi qalmış, amma
Şimal Azərbaycanda və hətta Türkiyədə
tanınmış şairlərdən biridir. Səhənd
"Dədə Qorqud" dastanlarını bu günün azəri
türkcəsilə şeirə çəkmiş, milli həmasələrimizi
(epik əsərlərimizi) diriltmişdir. Onun
"Sazımın sözü" adlı divanı ədəbi
baxımdan dünyanın ən gözəl həmasələrilə
(epos) ölçülə bilən və möhtəva nəzərindən
(məzmunca) xalqımızın qəhrəmanlıqlarını
və üstün səciyyələrini gözəl dillə
bəyan edən millətnamə və ya elnaməmizdir.
Cavad Heyət Sahır Qutlu, Kərimi Mərağayi,
Etimad Vəli Təbrizi və Doktor Caviddən, onların
poeziyamıza və folklorumuza xidmətindən söz
açır. Azərbaycan teatrının və musiqisinin
tarixi zəngin ənənələrinə baxmayaraq, Pəhləvi
şovinist rejiminin bunlara qadağa qoyduğunu, farslardan
başqa xalqların təbii hüquqlarını, xüsusən
öz ana dilində danışmaq, milli musiqisini səsləndirmək
haqqından məhrum edildiyini qeyd edir.
Məqalədə Cavad Heyət ümidvar olduğunu
bildirir ki, faşist və qəsbkar rejimin İslam inqilabı
ilə ortadan qalxması ilə onun məfkurəsi və fərhəngi
izləri də silinəcək, çünki böyük
filosof Bertran Rassel demişkən, mədəni müstəmləkəçilik
siyasi müstəmləkəçilikdən daha faciəli və
təhlükəlidir və onu yox etmək siyasi müstəmləkəçiliyin
məhvindən daha çətindir (s.26).
Burada Cavad Heyət Məhəmməd Əli Fərzanənin
"Məbani dəstur zəban-e Azerbaycani (Azərbaycan dilinin
qramatikasının əsasları) kitabının gənc həmvətənlərimizin
bu dili yaxşı öyrənməsində əhəmiyyətli
olacağını söyləyir.
Əlifba məsələsinə toxunan Cavad Heyət
qeyd edir ki, bu gün türk xalqları 3 əlifbada yazır:
"Latın, ərəb və slavyan. Ərəb əlifbası
min ildən çox işlədilir. Latın əlifbası ilk
dəfə Bakıda, sonra da Türkiyədə (1928) rəsmi
qəbul edilmiş, fəqət Bakıda 1940-cı ildən
sonra slavyan əlifbası Latın hərflərinin yerinə
keçmişdir. Ərəb hərfləri 9 səsli hərfi
olan türk dilinə kafi olmayıb bu nöqsanları aradan
qaldırmaq üçün bəzi işarələrin
artırılmasına ehtiyacı var. Bu xüsusda türkoloji
alimi, dostum Həmid Nitqi "125 qaydalar" adında kitab
yazmışdır. Ərəb hərfləri ilə azəri
türkcəsini doğru və hər kəsin oxuya biləcəyi
şəkildə yazmaq üçün bu qaydaları oxumax və
əzbərləməx lazımdır" (s.27). Qeyd edək
ki, məqalənin sonunda müəllif olaraq Cavad Heyət Təbrizi
yazılıb.
Dərgidə bundan sonra E.Oxtayın fars dilində
"Folklor və zərurəte tədvine an" (Folklor və
onun qələmə alınmasının zəruriliyi) məqaləsi
yer alıb. İlk cümlədən xalqın, ümumin mədəniyyəti
və yaradıcılığı kimi təqdim edilən,
aşıq yaradıcılığından və
dastanlarımızdan söz açılan bu maraqlı məqalədə
şifahi ədəbiyyatın toplanıb qələmə
alınmasının böyük elmi əhəmiyyət kəsb
etdiyi vurğulanıb. Müasir folklorşünas M.Ə.Fərzanənin
topladığı bayatılar yığcam və dərin mənalı
nümunələr kimi dəyərləndirilib. Ata sözləri,
zərb-məsəllərdən maraqlı nümunələr
gətirilib, folklor musiqisinin də toplanıb yazıya
alınmasının gərəkdiyi tövsiyə edilib. Bəzi
nümunələrə baxaq:
"Yer bərk olanda öküz öküzdən
görər; Bir arxa bir yol su gəlsə, olur ki, bir də gələ;
El gücü, sel gücü; Bulanmasa durulmaz; Ac qılınca
çapar; Ölən öləcək, qalan görəcək"
və s. (s.32)
Dərginin növbəti yazısı Ustad Şəhriyarın
"Zaman səsi" şeirindən ibarətdir:
Cismim qocalsa da, hələ eşqim qocalmayıb,
Cingildəyir hələ qulağımda cəvan səsi...
İnsan qocalmış olsa, qulaxlar
ağırlaşar,
Sanki yazıq qulaxda guruldar zaman səsi...
Bu şeirin ardınca Bəxtiyar Vahabzadənin məşhur
"Ana dili" şeiri yer alıb.
...Bu dil tanıtmış bizə bu dünyada hər
şeyi
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək,
Qoruyub, nəsillərə biz də hədiyyə verək!..
(s.35)
Qeyd etmək lazımdır ki, "Varlıq" dərgisinin
ilk nömrəsi hazırlanan zaman böyük Azərbaycan
şairi Səhənd dünyasını dəyişdi
(Əsl adı və soyadı Bulud Qərəçorlu olan bu
istedadlı şair ulu Səhənd dağının
adını özünə təxəllüs
seçmişdi. Bu seçimdə də
yanılmamışdı, çünki poeziyasında o,
özü bir Səhənd dağına çevrilmişdi, həm
də bu möhtəşəm dağın simvolu olmuşdu -
E.M.). Bu ağır itki təkcə Azərbaycan ədəbiyyatının
deyil, bütün Azərbaycan xalqının itkisi idi. Bununla əlaqədar
Gəncəli Səbahinin "Səhənd həmişəlik
həyata göz yumdu" məqaləsi dərgidə yerləşdirildi.
Məqalədə qeyd olunurdu ki, Səhənd öz
yaradıcılığı, talant və istedadı ilə Azərbaycan
ədəbiyyatına qiymətli və ölməz əsərlər
verə bildi. Hünər və şeiri ilə parlaq bir ulduz
kimi parladı. O, dərin görüşlü bir şair olaraq
öz xalqının görən gözü, düşünən
beyni və duyan qəlbi oldu. Vətəninin talan,
xalqının əsarətdə, fəlakət və bədbəxtliklə
yaşadığını, varlığının çeynəndiyini
gördükcə alovlanıb şölə çəkərək
"Azadlıq!" deyə bağırır, əsarət zəncirlərini
çeynəyib parçalayır, kəskin qələmi ilə
mübarizə yollarını işıqlandırırdı.
O, yaxşı bilirdi ki, həyat və yaşamaq haqqına
malik olmaq istəyən insan, gərək canından
keçsin!
Kim deyir, ölməkdir canından keçmək!
Bu ölümdən doğur başqa bir həyat!
İnsan öz canından keçməsə demək,
Əbədi həyata çatarmı? Heyhat! (s.36)
- deyən bu ulu şairin "Dədə Qorqud"
dastanlarından ilham alaraq ədəbiyyat aləminə
"Sazımın sözü" kimi ölməz və dəyərli
bir əsər yaratdığı" vurğulanır. Onu
azadlıq aşiqi, xalqını azad həyata sahib, xoşbəxt
görmək istəyən, qəlbi sevgi ilə dolu bir insan və
şair kimi təsvir edən müəllif şeirlərindən
də bir sıra nümunələr gətirir:
Mən tək özüm deyiləm,
Xəlqimin, ellərimin
Nəbzi mən ilə vurur.
Hər qəlbim çırpınarkən
Köksümdə bir ürək yox,
Milyon ürək çırpınır.
Mən o kəpənəyəm ki,
Dünyada həyat adlı,
Şöləyə vurulmuşam.
Yansam da bakim* yoxdur
Əzəldən bu sevdada
Yanmağa doğulmuşam.
*bak - farsca qorxu deməkdir
Məqalədə qeyd olunur: "Əfsus ki,
amansız ölüm Səhəndi azadlığın ilk
baharında bizdən
apardı... Ancaq o, ölməyib! Alovlandırdığı
şeir və hünər məşəli ilə özü
üçün bir əbədiyyət yaradıb".
Gəncəli Səbahi bu xatirə yazısında Səhəndin
Şəhriyaya məktubundan bir neçə beyt təqdim
edilir:
Dağları qoparaq, dərələr dolsun,
Köpüklü çayları calıyaq düzə.
Yaşarsın qurumuş kolların kökü,
Zəmilər göz göyə tikməsin bəlkə.
"Səhənd" də gül açsın,
"Heydər baba" da
Üzərində çadır qursun Şəhriyar.
Baxaq çiçəklənən yurda şeir yazaq
Şair də bəxtiyar, şeir də bəxtiyar.
Sonda müəllif yazır ki,
"arzuladığı azadlıq bağının
barını dərmək" Səhəndə qismət
olmadı. Bu, bizim üçün yaman bir nisgil, sağalmaz
bir yara oldu. Qeyd edir ki, hələ on il bundan əvvəl (1970)
azadlıq carçısı Səhənd gələcəkdən
müjdə verərək yazmışdı:
Şairim! Sözümü qürbətə salma!
Qulaq as, dünyada gör bir nə səsdir.
Bağrıvı sıxmasın atılan toplar,
Qırılan zəncirdir, sınan qəfəsdir.
(s.40)
Bu qəmli yazıdan sonra Səhəndin 18 bəhmən
1357-ci il tarixində (7 fevral 1979) Marağada yazdığı
məşhur "İmama salam" (İmam Xomeyniyə - E.M.)
şeiri yer almışdır. Səhənd bu şeiri Təbrizdə
və Marağada şahlıq rejiminə qarşı
aparılan mübarizənin fəalı olaraq keçirilən
yığıncaqlarda oxumuş, inqilab rəhbərinin fədakar
mübarizəsini dəstəkləmiş, iki böyük mərceyi-təğlidin
- həzrət ayətullah uzma Xomeyni və həzrət ayətullah
uzma Şəriətmədarinin xidmətlərini təqdir
etmişdir. Onun çıxışı və adı çəkilən
şeiri öz səsi ilə lentə alınmışdı.
90 sətirlik bu şeir yəqin ki, inqilabı və onun rəhbərini
vəsf edən, eyni zamanda böyük ümid və arzu ilə
İranda qələmə alınmış ilk şeirlərdəndir:
...Sənə "Ruhullah"adın verdi şəhid
olmuş atan,
Nəfəs həqdəndi, həqiqətdə də"Ruhullah"san.
Ey qara qəlblərə aydın inam nuru saçan,
Sənə şayandı doğurdan da bu şövkət,
bu məğam.
Ey yazıq kütlələrin rəhbəri, ey
şanlı imam.
...Mən "Səhəndəm" əyilməz
yada tufanlı başım,
El bilir haqlı döyüşlərdə keçib
çoxlu yaşım.
Öyürəm mən səni ey dönməzim, ey cəbhədaşım,
Ey Əlinin xələf oğlu sənə minlərcə
səlam,
Ey yazıq kütlələrin rəhbəri, ey
şanlı imam.
Dərgidə həmin dövr üçün
çox məşhur olan bu şeirdən sonra Səhəndin
fars dilində "Səlam bər Təbriz" (Təbrizə
salam) şeiri verilib. Sərbəst tərcümədə: Salam
ey qaranlıq gecənin şərq ulduzu, tarixin zülmətlərinə
işıq saçan, həmişə nur saçan günəş,
dünya durduqca var olasan, salam ey üsyanlar şəhəri,
salam qəhrəmanlar torpağı, salam ey həvəs və çoşqunluq
şəhəri..." - kimi misralar yer alan bu uzun şeir, əslində,
doğma şəhər barəsində məhəbbət və
sonsuz sevgi ilə yazılmış bir poemadır. Burada Təbrizin
bütün şanlı qəhrəmanlıq tarixindən
söz açılır, Babək torpağı, Zərdüşt
vətəni, Xətai beşiyi kimi mədh edilən Təbrizin
Səttarxan, Bağırxan, Xiyabani kimi qəhrəmanları
yada salınır, "Aseman səd dastan" (yüz dastan səması)
yazan Pərvin Etisami xatırlanır, Təbrizin bütləri
qıran İbrahim yurdu, zəmanənin Um-Leylası, Azər
şəhəri olduğu tərənnüm edilir.
(Ardı var)
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər
üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə
və səlahiyyətli səfir