Yapon ədəbiyyatının
sonuncu samurayı
BÖYÜK YAZIÇI MİŞİMA YUKİONUN 100
İLLİYİ TAMAM OLDU
"İşıltılı
çilçıraqlarla dolu böyük bir konqres salonunun
tavanının arxasında da, siçan yuvasına bənzəyən
daxma tavanının dalında da eyni ucsuz-bucaqsız ulduzlu səma
var. Səfalət ilə tənhalıq, xoşbəxtlik ilə
uğur bu ulduzlu səmanın altında tamamilə eyni
şeydir".
Mişima Yukio
Əsl adı Kimitake Hiraoka olan Mişima Yukio XX əsr
yapon ədəbiyyatının ən parlaq simalarından biri
olmaqla yanaşı, dünya ədəbiyyatına da
böyük təsir göstərib. Həyatı və
yaradıcılığı dərin fəlsəfi, estetik və
siyasi çalarlarla zəngin olan Mişima həm
yazıçı, həm də ictimai fiqur kimi fərqli
düşüncə tərzi, güclü
yaradıcılığı və həyatının faciəvi
sonu ilə yaddaşlara həkk olunub. Mişima Yukio 14 yanvar
1925-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində
zadəgan ailəsində dünyaya gəlib. Mişimanın tərbiyəsilə
12 yaşına kimi nənəsi Natsuko məşğul olur,
yazıçının şəxsi inkişafına və
dünyagörüşünə güclü təsir
göstərirdi. Natsuko şahzadə Arisuqava Taruhitonun evində
böyümüş və aristokratik ambisiyalarını
saxlamışdı. Nənəsi Mişimaya günəş
işığına çıxmağa, idmanla məşğul
olmağa və ya digər həmyaşıdları ilə
oynamağa icazə vermirdi. Bəzi tədqiqatçılar
Mişimanın ölümə olan heyranlığını
Natsukonun təsiri ilə əlaqələndirirdilər.
Mişima erkən yaşlarında zəif bədən
quruluşuna malik olmasına baxmayaraq, intellektual zəkaya malik
və çox istedadlı idi, yazı qabiliyyəti isə hələ
məktəb illərindən etibarən özünü
göstərməyə başlamışdı.
Mişima 1931-ci ildə Yaponiya aristokratiyası və
yüksək rütbəli dövlət məmurlarının
övladları üçün nəzərdə tutulmuş
İmperator Sarayının Aristokrat Məktəbi olan
Qakuşuin məktəbinə daxil olur. Hələ kiçik
yaşlardan ədəbiyyata böyük maraq göstərən
Mişima Qakuşuin məktəbində klassik yapon ədəbiyyatı
ilə yanaşı, yunan mifologiyası, Reymon Radige, Oskar Uayld,
Jan Kokto, Tomas Mann, Fridrix Nitsşe, Rayner Mariya Rilke kimi Avropa
müəlliflərini heyranlıqla oxuyur və onlardan ilham
alır. Artıq altıncı sinifdə oxuyan zaman Mişima məktəbin
ədəbiyyat dərnəyinin redaksiya heyətinə
qatılan ən gənc üzv olmuşdu. Gənc
yazıçının Qakuşuin ədəbiyyat
jurnalına ilk töhfələri əsasən hayku və vaka
şeirlərindən ibarət olmuş, sonradan isə nəsrə
diqqət yetirməyə başlamışdı. 1941-ci ildə,
16 yaşındaykən gənc yazıçının ilk
"Çiçəklənən meşə" (Hanazakari
no mori) adlı qısa hekayəsi müəllimi Fumio
Şimizunun dəstəyilə "Bunqey bunka" ədəbiyyat
jurnalında dərc olunur. "Mişima Yukio" ədəbi
təxəllüsü də ona müəllimi və redaksiya
üzvü Hasuda Zenmey tərəfindən
yazıçının ailəsinin mümkün mənfi
reaksiyalarının qarşısını almaq
üçün verilir. "Mişima" dəmir yolu
stansiyasının adı idi. F.Şimizu və H.Zenmey gənc
yazıçıyla görüşmək üçün
redaksiyaya gedərkən həmin stansiyadan keçmiş və
Fuci dağının zirvəsində qarı (yuki)
görmüşdülər. Beləliklə,
"Çiçəklənən meşə" hekayəsinin
müəllifi "Mişima Yukio" adı ilə ədəbiyyat
aləminə, oxuculara təqdim olunur.
Yazıçı kimi
ilk addımlarını atan Mişima Yukio üçün mentor rolunu oynayan
Hasuda Zenmey jurnalın redaksiya qeydlərində Mişimanın
istedadını yüksək qiymətləndirərək
yazırdı: "Bu gənc yazıçı əbədi
yapon tarixinin səmadan göndərilmiş
övladıdır. O, bizdən çox gəncdir, lakin
artıq tam formalaşmış bir yazıçı kimi ədəbiyyata
qədəm qoyub".
1943-cü ildə Cənub-Şərqi Asiyada leytenant
olaraq xidmətə çağırılan Hasuda vida
zamanı Mişimaya deyirdi: "Yaponiyanın gələcəyini
sənə həvalə edirəm". Həmin vida
Mişimanın gələcək həyatına güclü təsir
göstərir. Qeyd edək ki, Hasuda Zenmey 1945-ci ildə
Yaponiyanın məğlubiyyətində imperatoru
günahlandıran komandirini güllələyib
öldürmüş, sonra isə özünü
silahıyla vuraraq intihar etmişdi.
1944-cü ildə orta məktəbi sinif birincisi kimi
bitirən Mişima atasının təkidilə ali təhsilini
Tokio Universitetinin Hüquq fakültəsində alır. 1947-ci
ildə məzun olduqdan sonra isə bir il Yaponiya Maliyyə
Nazirliyində çalışır. Yazıçı ilk
romanı olan "Oğrular" (Touzoku) əsərini
universitetdə oxuduğu və nazirlikdə
çalışdığı müddətdə qələmə
almışdı. Mişima yenilikçi ədəbiyyat
yanaşmalarını nümayiş etdirdiyi romanda cəmiyyət
və fərdin əlaqələrini, dövrün dəyişən
əxlaqi dəyərlərini və insanın öz yerini
tapma mübarizəsini dərindən
araşdırırdı. Mişima 1948-ci ildə nazirlikdəki
işindən ayrılaraq tamamilə yaradıcılıqla məşğul
olmağa başlayır. 1948-ci ildə nəşr olunmuş
"Maskanın etirafları" (Kamen no kokuhaku) romanı ilə
yapon ədəbi cəmiyyətində böyük
şöhrət qazanır. Avtobioqrafik çalarlarla zəngin
əsərdə fərdin cəmiyyətdəki rolu,
insanın özünü qəbul etməsi və ya edə
bilməməsi, mənəvi böhran kimi mövzulara toxunulur
və yazıçının cəmiyyətdə öz
yerini tapmaq üçün keçirdiyi daxili mübarizəsini
əks etdirirdi. Mişima üçün
yazıçılıq yalnız bir ifadə vasitəsi deyil,
həm də özünü dərk etmə, mənəviyyatı
sorğulama və insan ruhunun dərinliklərini
araşdırmaq üçün bir alət idi.
Mişima Yukioya dünya şöhrəti qazandıran
"Qızıl məbəd" (Kinkakuci, 1956) romanı olur.
Əsər 1950-ci illərdə baş vermiş real hadisələrə
əsaslanırdı. Romanın süjeti Yaponiyanın Kyoto
şəhərində yerləşən məşhur
Kinkakuci məbədinin bir rahib tərəfindən
yandırılması ətrafında qurulub. Poetik üslubu və
dramatik səhnələri ilə dünya ədəbiyyatında
iz qoymuş Mişima tez-tez müraciət etdiyi şiddət,
ehtiras, din və tarix kimi mövzuların bu romanda mükəmməl
harmoniyasını nümayiş etdirir. Məbədin gözəlliyini
vəsvəsə edən baş qəhrəman Mizoquçinin
bu gözəlliyə sahib olmaq həvəsi onu
dönüşü olmayan, dağıdıcı yola
sürükləyir: "Tamamilə tək idim, Qızıl Məbəd
hər tərəfdən mənim ətrafıma
sarılmışdı. Kim kimə məxsus idi?! Mən Məbədə
və ya o mənə? Bəlkə, biz ən nadir
tarazlığa nail olmağı bacarmışdıq?! Məbəd
mən oldu, mən isə Məbəd?" Mişimanın
yaradıcılığına xas şəkildə gözəllik
və ölüm anlayışlarının birliyi təsvir
olunur, yazıçı gözəlliyi qavramağın
yalnız ölüm vasitəsilə mümkün olduğuna
inanır. Bu baxımdan, yazıçının
"Maskanın etirafları" romanına epiqraf kimi
Dostoyevskinin "Karamazov qardaşları" əsərindən
verdiyi sitat çox diqqətəlayiqdir: "Gözəllik...
dəhşətverici, qorxunc bir şeydir! Dəhşətverici,
çünki o, tərifsiz bir şeydir, Tanrı bəzi bilməcələr
ortaya atdığı üçün onu tərif etmək də
mümkün deyil... Gözəlliyin sadəcə qorxunc olmaqla
qalmayıb, eyni zamanda, sirlərlə dolu bir şey olması
da qorxuncdur. Burada şeytan Tanrı ilə qarşı-qarşıya
gəlir, döyüş meydanı isə insanların qəlbidir".
Yazıçı, şair, dramaturq, aktyor, model olan
Mişima Yukio, eyni zamanda, ictimai fiqur, siyasi fəal idi. O,
Yaponiyanın II Dünya müharibəsindəki məğlubiyyətindən
sonra məcburən qəbul etdiyi konstitusiyanı və
Amerikanın təsiri altında olan rejimi kəskin şəkildə
tənqid edirdi. Mişima müharibədən sonrakı
Yaponiyanın Qərb təsirləri altında öz ənənələrini
itirdiyini düşünürdü. Bu səbəbdən, onun
əsərlərində və ictimai
çıxışlarında ənənəvi yapon dəyərlərini
müdafiə etmək arzusu əsas yer tuturdu. 1968-ci ildə
yaratdığı "Tatenokai" təşkilatı vasitəsilə
gəncləri hərbi və mənəvi dəyərlərə
yönəltməyə çalışırdı.
Mişima real həyatında olduğu kimi, bədii
yaradıcılığında da qatı milliyyətçi
olaraq yapon milli dəyərlərinin itirilməsinə
qarşı üsyan edirdi. 1968-ci ildə Nobel mükafatına
namizəd olaraq göstərilən yazıçı əsərlərində
müasir ədəbi üsullarla yapon ənənəvi
elementlərini birləşdirir, intim və ölüm
mövzusuna geniş yer verirdi. 1960-cı ildə qələmə
aldığı "Patriotizm" adlı hekayəsində
yazıçının milli düşüncələrinin
ciddi şəkildə formalaşdığı meydana
çıxırdı. Mişima yapon milli dəyərlərinin
itirilməsinə, istehlakçılığa, amerikanizmə
və Yaponiyanın getdikcə müasirləşən mədəniyyətinə,
qlobalizmin qüvvələrinə qarşı üsyan edirdi.
Mişima Yaponiyadakı iqtisadi rifahın yüksəlməsini
yapon gəncləri üçün, getdikcə artan
qloballaşmanı isə bütövlükdə yapon
xalqı üçün təhlükəli hesab edirdi. BBC-yə
verdiyi müsahibəsində qloballaşma əleyhinə
samuray mədəniyyətini müdafiə edərək deyirdi:
"Bizim qədim samuray mədəniyyətimiz var. Onlar ancaq
şərəfləri üçün yaşayıblar və
pul kimi dəyərlərə hər zaman yuxarıdan
aşağı baxıblar. Mən samuray ruhuyla yaşamaq istəyirəm.
Harakirinin özünü yaşatmaq istəmirəm, ancaq
harakirinin yüksək üfüqləri ilə gənc nəslə
stimul vermək istəyirəm. Bu stimulla mən şərəf
duyğusunu, böyük məsuliyyət duyğusunu və
şərəflə ölmək kimi ənənələri
yaşatmaq istəyirəm. Mənim hədəfim budur".
1960-cı illərin sonlarına doğru Yaponiyada, demək
olar ki, bütün universitetlərdə tələbə hərəkatları
başlayırdı. Ali məktəblərin dörd bir
yanına barrikadalar quran tələbələr idarəçilik
sisteminin dəyişməyini istəyirdilər. "Bu gənc
insanlar həm yalnız mənfəət güdən daxili
siyasəti, həm də Amerikanı dəstəkləyən
xarici siyasəti şiddətlə qınayırdılar. Bu vəziyyət
ictimai sistemin təməlində bir yara kimi duran qeyri-stabilliyi coşdurmuşdu"
(Şuiçi Kato). Lakin hərbi qüvvələrin köməyi
ilə cəmiyyətin ənənəvi quruluşuna
qarşı mübarizə aparan tələbə qiyamları
məğlubiyyətə uğradılmışdı. Bu
hadisələr zamanı ən yadda qalan üsyanlardan biri
yazıçı Mişima Yukio tərəfindən
çevrilişə cəhd etmək olmuşdu. Dostları ilə
birlikdə Özünümüdafiə Qüvvələri qərargahına
daxil olan Mişima əsgərləri üsyana qaldırmaq və
hökuməti devirmək istəyirdi. Lakin istəyinə nail
ola bilmir, hadisələrin canlı şəkildə
televiziyada yayımlandığı vaxtda intihar edəcəyini
söyləyir və komandirin otağına dönərək
harakiri tərzində intihar edir. 1970-ci ildə 45
yaşındakı Mişimanın məğlubiyyəti təmsil
etdiyi cəmiyyətin məğlubiyyəti kimi qəbul olunurdu.
1988-ci ildə Mişima Yukionun xatirəsinə ədəbi
mükafat yaradılır. Bu, Şinçou Ədəbiyyat və
İncəsənətin İnkişafı Dərnəyi tərəfindən
hər il "ədəbiyyatın gələcəyi
üçün yeni zəmin yaradan" bir əsər
üçün təqdim edilən mükafatdır.
Mükafatın miqdarı bir milyon yen təşkil edir.
Yapon ədəbiyyatının ən unikal ədəbi
simalarından olan Mişima Yukionun həyatı və
yaradıcılığı ənənə ilə
müasirliyin, gözəlliklə ölümün
toqquşduğu bir dünya yaradır və oxucularını
bu dünyanı araşdırmağa dəvət edir.
Gülnar YUNUSOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu "Azərbaycan-Asiya ədəbi əlaqələri"
şöbəsinin aparıcı elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru