“Azərbaycanın
musiqi qalası Şuşa” kitabı Türkiyədə nəşr
olunub
Azərbaycanın tanınmış musiqişünas
alimi, akademik Zemfira Səfərovanın “Azərbaycanın
musiqi qalası Şuşa” kitabı Türkiyədə
Türk Ədəbiyyatı Vəqfi yayımları tərəfindən
çap olunub.
525.az xəbər verir ki, Türk musiqisinin təbliği
baxımından əhəmiyyətli mənbə sayılan bu
kitab həm Türkiyə Cümhuriyyəti Mədəniyyət
və Turizm Nazirliyinin, həm musiqişünasların, həm
də klassik ədəbiyyat mütəxəssislərinin
marağına səbəb olub.
Mədəniyyət və Turizm Nazirliyi bu kitabın
Türkiyədəki ən böyük kitabxanalarda yer
alması ilə bağlı qərar qəbul edərək,
200 ədəd kitabı Türk Ədəbiyyatı Vəqfindən
alaraq kitabxanalara göndərib. Türkiyəli
musiqişünasların fikrinə görə, bu kitab
“Türk dünyasının musiqi terminləri” lüğətini
hazırlayan elm adamları üçün də əvəzsiz
mənbə olacaq.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının
qərarıyla fəlsəfə, sosiologiya, ədəbiyyat,
musiqi, eləcə də digər elm sahələrini əhatə
edən “Türk dünyası terminləri” lüğətinin
hazırlanmasına başlanıb.
“Azərbaycanın musiqi qalası Şuşa”
kitabının nəşrinə böyük dəstək verən
Türk Ədəbiyyatı Vəqfinin İdarə Heyətinin
rəhbəri Sərhad Kabaklı Kərkükdən Harputa qədər
geniş bir coğrafiyanı əhatə edən Türk
musiqisinin tarixən zəngin ənənə və örnəklərə
malik olduğunu vurğulayıb: “Zemfira xanım bu kitabıyla
zəngin musiqi ənənələrinə malik qədim
Türk şəhəri olan Şuşanı və
Şuşada formalaşan musiqi mədəniyyətini, musiqi
mühitini bizlərə tanıtdı. Zemfira xanım bizə
dilimiz, adət-ənənəmiz qədər musiqimizin də
bir-birinə çox bənzədiyini bir daha sübut etdi. Bu
kitabı oxuduqdan sonra mən Harput musiqisinin köklərinin
Şuşadan qaynaqladığı qənaətinə gəldim”.
Kitabın tərcüməçisi İmdat Avşar
isə “Azərbaycanın musiqi qalası Şuşa”
kitabındakı dərin elmi təhlillərlə
yanaşı, Mir Möhsün Nəvvabın toplunun sonuna əlavə
olunmuş “Vüzuhül-ərqam” (“Rəqəmlərin
izahı”) risaləsinin də türkiyəli
musiqişünasların və klassik ədəbiyyatçıların
diqqətini cəlb etdiyini bildirib: “Bundan əlavə,
türkiyəli oxucular bu kitab sayəsində Mir Möhsün
Nəvvab, Üzeyir Hacıbəyli, Cabbar
Qaryağdıoğlu başda olmaqla Şuşanın ədəbiyyat
və musiqi mühitində yetişən neçə-neçə
musiqiçini, bəstəkar və
xanəndəni tanıya biləcəklər”.
Aysel Xanlarqızı Səfərli