Əli Əmirlinin
yeni kitabı çap olundu
Əməkdar incəsənət xadimi,
yazıçı-dramaturq Əli Əmirlinin yeni kitabı
çap olunub.
Kulis.az xəbər verir ki, Əli Əmirlinin “Meydan”
romanı 1988-ci ildə baş vermiş Meydan hadisələrindən
bəhs edir.
Kitabının annotasiyasında deyilir: "Hər bir
zaman əvvəl-axır tarixə çevrilir. "Köhnə
ev", "Mesenat", "Şah Qacar", "Varlı
qadın", "Hasarın o üzü" , "Bala
başabəla" kimi onlarla məşhur pyesin müəllifi
Əməkdar incəsənət xadimi,
yazıçı-dramaturq Əli Əmirlinin yeni kitabına
daxil etdiyi "Meydan" romanında cərəyan edən
hadisələrin zamanı - 1988-ci il də artıq tarixdir. Bu
həmin o ildir ki, milli azadlıq hərəkatı
bütöv Azərbaycanı mübarizə meydanına
çıxarmışdı. Bu həm də elə bir
vaxtdı ki, ədəbiyyat, sənət baş verən və
sürətlə irəliləyən dramatik hadisələrin
dalınca qoşa bilmir, geridə qalırdı, amma bu da təkzibedilməz
həqiqətdir ki, zamanın həqiqi şəkli, itmiş,
keçmişə qovuşmuş vaxtın ovqat fotosu tarix əsərlərində
deyil, məhz bədii əsərlərin obyektivindədir.
Əlbəttə, əgər müəllif həyat həqiqətini
bədii həqiqətə çevirməyi bacarıbsa."
Qeyd edilən tarixi hadisələrin izi ilə 1989-cu
ildə yazılmış "Meydan" romanı 1992-ci ildə
"Azərbaycan" jurnalında dərc edilsə də,
kitab halında ilk dəfə 34 ildən sonra nəşr
olunur.
525-ci qəzet .- 2025.-
31 yanvar(№18).-S.9.