Hərbiləşmiş
“müşahidə missiyası”
Politoloq
missiyanın uzadılması barədə: “Bu dəfə
söhbət tam hüquqlu hərbi nümayəndəlikdən
gedə bilər”
Gözlənilən baş verdi. Avropa İttifaqının
səfirləri yanvarın 29-da Ermənistandakı
müşahidə missiyasının iki il müddətinə
uzadılmasını təsdiqləyiblər. Belə ki, bu
missiya daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın
sərhədyanı rayonlarında qalacaq. Müqavilə layihəsində
müşahidəçilərin tərkibinin və
sayının dəyişməz qalacağı nəzərdə
tutulur. Yada salaq ki, Aİ missiyasının ilkin 40 nəfərlik
heyəti 2023-cü ilin 20 fevralında 138 nəfərlik heyətlə
uzunmüddətli fəaliyyətə başlayıb, daha sonra
həmin ilin dekabrında missiya üzvlərinin sayı 209 nəfərə
çatdırılıb. Kanada Aİ üzvü
olmadığı halda, bu ölkənin nümayəndələri
müşahidə missiyasına qoşulub. Yeni qərar
artıq Aİ-yə üzv ölkələrin nümayəndələri
tərəfindən təsdiqlənib. Dünən
yayılmış məlumatda vurğulanıb ki, Avropa
İttifaqına üzv ölkələrin nümayəndələri
Brüsseldə keçirilən iclasda Ermənistan-Azərbaycan
sərhədində monitorinq aparan Aİ missiyasının
müddətinin iki il müddətinə
uzadılmasını təsdiqləyiblər. Missiyanın
mandatı və ölçüsü dəyişməz
olaraq qalır: onun tərkibinə 165 beynəlxalq müşahidəçi
və analitik, eləcə də 44 erməni əməkdaşı
daxil olmağa davam edəcək.
Aİ-nin xarici işlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bundan əvvəl
Aİ-nin Ermənistanda mülki missiyasının
mandatının daha iki il müddətinə
uzadılmasını təklif etmişdi.
Əslində yuxarıda qeyd etdiyimiz kimi, bu, gözlənilən
idi. Çünki Ermənistanın bütün
addımları sülh prosesindən yayınmağa, sülh
sazişinin imzalanmasını maksimum uzatmağa yönəlib.
Azərbaycan sülh istəyir və bunu dəfələrlə
bəyan edib. Təkcə bəyan etməyib, həm də
regionda sülhün bərqərar olması, Cənubi Qafqazda əmin-amanlığın
olması üçün bütün addımları
atır, səylər göstərir. Baxmayaraq ki, güclü
tərəf, qalib tərəf Azərbaycandır. Ermənistan
isə müxtəlif xarici güclərin əlində alətə
çevrilib və onların dəstəyi ilə regionda
qarşıdurma yaratmağa yönəlik
addımlarını davam etdirir. Gah bölgəyə xarici
qüvvə gətirir, gah ABŞ-la hərbi komponenləri
özündə ehtiva edən əməkdaşlıq sənədləri
imzalayır, eyni zamanda, sürətlə silahlanır. Azərbaycanla
sərhəddə hərbi təxribatlara rəvac verəcək
addımlar atır. Məsələn, bir neçə gün əvvəl
Kəlbəcər istiqamətində xəndəklər
qazması, istehkamlar qurması, qoşun toplaması İrəvanın
yeni təxribata hazırlaşdığını göstərir.
Bütün bunlar İrəvanın məqsədinin sülh
olmadığını göstərir. Buna rəvac verən,
Ermənistanı həvəsləndirən təbii ki, xarici
qüvvələrin dəstəyidir. Aİ missiyasının
artıq müşahidəçi deyil, yarımhərbləşmiş
qüvvə olduğu heç kimə sirr deyil. Onların sərhəddə
Azərbaycanla bağlı kəşfiyyat məlumatları
topladıqlarına, sabitliyi pozan addımlar atdıqlarına
dair Bakının əlində çoxsayda faktlar var.
Məlumdur ki, Azərbaycan-Ermənistan 17 maddəlik
sülh sazişi layihəsində üçüncü
ölkələrə məxsus qüvvələrin sərhəddən
çıxarılmasına dair müddə var. İndi Aİ
missiyasının müddətinin uzadılması bu bəndin
də yerinə yetirilməyəcəyini deməyə əsas
verir. Onda belə çıxır ki, 2025-ci ildə də Ermənistanın
qeyri-konstruktiv mövqeyi ucbatından sülh sazişini
imzalamaq mümkün olmayacaq. Sülh sazişinin olmaması
regionda hər an qarşıdurmanın, eskalasiyanın baş
verməsi deməkdir. Bu gün Ermənistanda yeni
münaqişəyə açıq
çağırışlar edir, revanşistlər qisasdan
danışır. Hakimiyyətin də qətiyyətinin
olmaması, siyasi iradə nümayiş etdirməməsi,
müxtəlif güclərin əlinə oynaması heç
də nikbin olmağa əsas vermir.
Rəsmi Bakı dəfələrlə bu mövzunu
gündəmə gətirib. Azərbaycan Prezidenti İlham
Əliyev ötən il Rusiya mediasına müsahibəsində
bunun niyə vacib olduğuna aydınlıq gətirib:
“Çünki sözdə Avropa müşahidəçiləri
pərdəsi altında bizimlə Ermənistan sərhədində
NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu
müşahidəçilərin göndərilməsi məsələsi
bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa
Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və
mənim aramda keçirilən dördtərəfli
görüşdə razılaşdırılıb. O vaxt
Fransa hələ bizim tərəfimizdən
normallaşdırma prosesindən kənarlaşdırılmamışdı.
Belə bir razılıq əldə edildi ki, Avropa
İttifaqının nümayəndələrinin iki ay
müddətində məhdud kontingenti olacaq. Məhz
müşahidəçilərin. İki aylığına 40
nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya
bizimlə razılaşdırılmadan uzadıldı və
arqument bundan ibarət idi: niyə sizinlə
razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan
ərazisindədir. Bizim isə arqumentimiz belə idi:
razılığa gələndə siz niyə bizimlə
razılaşdırdınız? Axı, belə olmaz. Sonra
onların sayı 200 nəfərdən çox
artırıldı. Bundan başqa, bu missiya tədricən
NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın
nümayəndələri qoşuldu”.
Qeyd edək ki, hələ ötən il tərəflər
sülh sazişi mətninin 90 faizinin
razılaşdırıldığını
açıqlamışdılar. İki ölkə
arasında razılaşdırılmayan əsas müddəlardan
biri qeyd etdiyimiz kimi, üçüncü tərəfin
qüvvələrinin sərhəddən
çıxarılması ilə bağlıdır.
Dövlət başçısı yanvarın 7-də
yerli televiziya kanallarına müsahibəsində də bu
mövzuya toxunaraq deyib ki, Avropa İttifaqının qondarma
müşahidə missiyasının müddətinin
uzadılması etimadı möhkəmləndirmədi, əksinə,
sarsıtdı: “Axı, bunun bizimlə
razılaşdırılmasını tələb etdikdə,
hansısa yüksək ambisiyalardan çıxış
etmirdik, sadəcə istəyirdik ki, bu missiyanın
özünün yaradılması və onun sərhədimizə
göndərilməsi bizimlə, 2022-ci ilin oktyabrında Praqada
şəxsən mənimlə
razılaşdırılsın. Əgər həmin vaxt biz
bunun iki aylığına və 40 nəfərdən ibarət
olacağı barədə razılığa gəldiksə,
deməli, bu, belə də olmalı idi. Mən
razılığa gəldikdə, hətta sözdə də
olsa, həmişə bu razılaşmalara əməl edirəm.
Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki,
onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər.
Sonra heç nə bildirmədən, bizimlə heç bir
razılıq olmadan onlar nəinki bu missiyanın müddətini
uzatdılar, sayını artırdılar, həm də Avropa
İttifaqının üzvü olmayan ölkəni dəvət
edərək mahiyyətcə etimadı qırdılar. Sonra,
necə deyərlər, bu binoklla rüsvayçı
nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr
geyinir və oraya hansısa döyüşçülər
kimi gedirlər. Onların oradan necə sürətlə
qaçacağını göstərmək istəmirəm, əgər
kimsə təsadüfən Azərbaycan ərazisinə
soxularsa, onda sadəcə görəcəklər ki, əllər
necə qaşınır. Ona görə də biz onlara
çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq,
necə deyərlər, binoklsuz gəzişirlər. Hərçənd
bu yaxınlarda Avropanın bir ölkəsinin prezidenti Azərbaycanı
binoklla izləmək kimi ədəbsiz davranış sərgiləyib.
Məgər o, bundan bir həftə əvvəl burada,
Bakıda olarkən və mənimlə görüşməyi
xahiş edərkən bunları görmürdü? Əgər
baxmaq istəyirdisə, mən onu Qarabağa göndərərdim,
dağları seyr edərdi. Başa
düşürsünüzmü, bu, artıq nümayiş
deməkdir. Bu, sadə məsələ deyil. Bu, münasibət
deməkdir. Binoklla sanki düşmənə baxırsan.
Əgər siz Azərbaycana belə münasibət bəsləyirsinizsə,
onda biz necə münasibət göstərə bilərik?”
Politoloq Zaur Məmmədov mövzu ilə bağlı
deyib ki, Brusselin Ermənistanda xüsusi monitorinq
missiyasının vaxtını daha iki il uzatması ya cənnət,
ya cəhənnəm deməkdir: “Səbirli
olmağımızın səbəbləri var. Bu, Azərbaycan
Respublikasının dövlət təhlükəsizlyinə
açıq-aşkar təhdiddir və söhbət monitorinq
adı altında çoxfunksional gedişlərdən gedir. Bu
dəfə daha geniş formada. Əgər son iki ildə
Aİ monitorinq missiyası kəşfiyyatçılıqla məşğul
idisə, Rusiya və İranın susqunluğundan istifadə
edən Qərbdəki mərkəzlər gələcək
iki ildə öz səlahiyyətlərini genişləndirməyi
planlaşdırırlar”.
Politoloqa görə, bu dəfə söhbət, tam
hüquqlu hərbi nümayəndəlikdən gedə bilər:
“Və daha bir məsələyə diqqət etmək
lazımdır. Təkcə Azərbaycanla şərti sərhədlərdə
deyil, eyni zamanda, İran və Türkiyə sərhədlərində.
Məlumata görə, avropalılar hərbi nəqliyyatdan
tutmuş silahlara qədər təchiz olunacaqlar. Buraya, bu ilin
yanvar ayında ABŞ - Ermənistan arasında "strateji tərəfdaşlıq"
sənədində hərbi təhlükəsizliklə
bağlı komponentləri və ötən ilin baharında
ABŞ - Ermənistan - Aİ arasında imzalanan sənədi əlavə
etsək, SOS siqnalının çalınması mütləqdir.
Afrikada uğursuzluğa duçar olan Fransa, dünyada geosiyasi
mövqeyini daha da genişləndirən ABŞ bu dəfə
Cənubi Qafqazda strategiya ortaya qoyaraq addım-addım məqsədlərinə
çatmağı qarşılarına hədəf qoyublar”.
Politoloq əlavə edib ki, İran və Rusiyanın məlum
hadisələrlə bağlı susqunluğu, Azərbaycan və
Türkiyə hərbi - təhlükəsizlik paktını
(Şuşa Bəyannaməsini belə də adlandırmaq
olar) aktivləşdirə bilər: “Qrenlandiyaya, Panamaya,
Kanadaya iddiası olanlar, Yeni Kaledoniyada, Afrikada neokolonializm siyasətini
davam etdirənlər Qərbi Zəngəzurla bağlı
mövzunun Azərbaycan üçün həssas
olmasını başa düşməlidirlər. Hətta, Zəngəzur
olmasa belə. Torpaqları onillərdir işğal edən və
qonşusuna ərazi iddiası olan dövlətin sərhədlərinə
və ordusuna təminat vermək Azərbaycan üçün
böyük çağırışdır. Əgər
sabah ölkəmizə qarşı hərbi koalisiya
formalaşarsa nə baş verəcək? Beləliklə, indi
qərar vaxtıdır. Regional dövlətlər qərar
vermədikləri təqdirdə mövqe nümayiş
etdirmiş olacaqlar. Ermənistan Baş naziri yazıq
obrazında məkrli planlarını həyata keçirmək
niyyətindədir”.
Onun sözlərinə görə, baş verənlərə
göz yumulması bir halda mümkündür: “Mehri şəhəri
dəhliz elan edilir və Naxçıvanla Azərbaycanın əsas
hissəsi arasında qovşaqda heç bir maneə olmur.
Əgər Nikol Paşinyan 40 km-i faktiki olaraq Azərbaycanın
himayəsinə verərsə, ən azından 9000 kv km ərazini
qoruya bilər. Qərb özü Zəngəzur dəhlizini
açmağa vadar olunacaq”.
Pərvanə