Qərblə Şərq
əks qütblər olmamalıdır
(Əvvəli ötən sayımızda)
Fransanın məşhur dövlət xadimi Taleyran da əsassız
hücumlara məruz qalır. Onu mövqeyini dəyişdirməkdə,
az qala ikiüzlülükdə ittiham edirlər.
Çünki o, 1797-99-cu illərdə Direktoriyanın hakimiyyəti
vaxtı, doqquz il ərzində Napoleonun dövründə və
kral XVIII Lui hakimiyyətə qayıtdığı vaxt isə
iki il müddətinə xarici işlər naziri olmuş və
daim Fransanı təhlükələrdən xilas etməyə
çalışmışdı. Onun guya təqsiri,
üç hakimiyyətdə xarici siyasətə uğurla
başçılıq etməsi olmuşdu. O, 1807-ci ildə
Tilzitdə Napoleon ilə dostlaşan Rusiya imperatoru I
Aleksandrı xəbərdar etmişdi ki, Napoleonla deyil, Fransa ilə
dostluğa nail olmağa çalışmaq lazımdır.
Napoleonun qalibiyyət epoxası başa çatanda, məğlub
Fransa müəyyən ərazisini itirmək qorxusu altında
idi. Bu vaxt müdrik Taleyran 1815-ci ildəki Vyana Konqressində
"legasy" - "irs" terminini ortaya atmaqla, öz ölkəsinin
ərazi bütövlüyünü qoruyub saxlamağa müvəffəq
olmuşdu. Napoleon isə Fransaya böyük hərbi
şöhrət gətirsə də, iki ağır məğlubiyyəti
ilə ölkəni çıxılmaz vəziyyətə
salmışdı. Buna baxmayaraq, Napoleon iki əsrdən
çox müddətdə tək Fransada deyil, dünyadakı
ictimai rəydə ikonaya çevrildiyi halda, Taleyran isə, ədalətsiz
olaraq, mənfi xüsusiyyətlərin simvolu sayılır.
Ona görə də böyük şəxsiyyətlərə
qiymət verərkən emosiyalara, uydurmalara deyil, mühüm
həqiqi faktlara, onların mahiyyətinə əsaslanmaq daha
düzgün olardı.
Dinə gəldikdə, əhalini birləşdirmək
üçün o, yarandığı halda, bir qədər
sonra hansısa ambisiyalar hesabına düşmənçiliyə,
qan axıdılmasına yol açmaqdan da çəkinməmişdir.
Sünnilər şiələrlə döyüşdə
İmam Əlinin qəhrəman oğlu imam Hüseyni
öldürmüşdülər və şiələr 14 əsr
sonra da onun həlak olmasını dini matəm kimi qeyd edirlər.
Xristian dini isə müsəlmanlara qarşı Səlib
yürüşləri adlanan qanlı müharibələr
aparmışdı. Deməli, kilsə xadimləri də
Xristin vəsiyyətinə məhəl qoymayaraq, canfəşanlıqla
müsəlmanların qanının axıdılmasına
girişmişdi.
Lakin dünyanın əks qütblərə
bölünməsində başlıca rolu imperiyalar
oynamışdır. Bir sıra dövlətlərin digərləri
üzərində ağalığı, dünyanı
parçalamağa xidmət etdiyinə görə, onu həyata
keçirənlərin fəaliyyəti hökmən pislənməlidir.
İmperiya xalqların asılılığa
salınmasına nail olmağa
çalışdığına görə yalnız lənətlənməyə
layiqdir. XX əsrin 60-cı illərindən müstəmləkə
xalqları Avropa ağalığından azad olub, öz
müstəqil dövlətlərini yaratdı. İmperializm tənəzzülə
uğramalı oldu. Lakin imperializm xəstələnsə də,
ölməkdən çox uzaqdır və imkan düşən
kimi yenə də öz caynaqlarını işə
salmağı bacarır. Bunu 1960-cı illərin sonunda
yaranmağa başlayan və qonşu dövlətlərin ərazisini
işğal edən İsrail imperiyasının meydana gəlməsi
də təsdiq edir.
Qərblə Şərqin birləşmə cəhdləri
Yaxşı məlumudur ki, dünya, Yer kürəsi
adlanan məkanda yerləşən və insan cəmiyyətlərindən
ibarət olan bir varlıqdır.
Lakin dövlətlər, imperiyalar meydana gəldikdən
sonra bu vahid varlığın parçalanması, nisbətən
xırda hissələrə bölünməsi baş
vermişdir. Bunun da nəticəsində xalqlar arasında
yadlıq, düşmənçilik hissləri güclənmiş
və bunlar hətta açıq hərbi münaqişələr
sferasına keçmişdir. İlk müharibələr və
yaranan imperiyalar Şərqdə mövcud olmuşdur, axı
buradakı sivilizasiya da Qərbdəkindən xeyli yaşlı
olmaqla, daha böyük tarixə malikdir. Əgər tarixin
yaranması Şərqdə, konkret olaraq Şumerdə
başlamışdırsa, onu zənginləşdirən hadisələr
də məhz bu regionda baş vermişdir. Alkad, Köhnə
Babilistan imperiyaları meydana gəlmiş, ancaq onların
işğal etdikləri ərazilər Mesopotamiyadan və ona
yaxın olan ətrafdan kənara
çıxmamışdır. Bu vaxt Antik dünya istisna edilsə,
Avropa sivilizasiyası hələ mövcud deyildi, tarixdən əvvəlki
dərin yuxudan ayılmamışdı. Bu qitədə
dövlətlər də xeyli gec meydana gəlmişdi və
Aralıq dənizi sahilləri ilə kifayətlənməli
olmuşdu. Avropanın mərkəzindəki və
şimalındakı olduqca böyük hissədə isə hələ
icmalar qəbilə, tayfa quruluşundan uzağa getməmişdi.
Antik dövr isə xeyli inkişaf etmişdi. Bizim
eradan əvvəlki V əsrdə güclənən Afina şəhər-dövləti
imperiya yaratmağa cəhd etmiş və onu Delos ittifaqı
adı altında gizlətməyi bacarmışdı. B.e.ə.
IV əsrdə meydana gələn Makedoniya çarlığının
başçısı II Filip Afina və digər yunan şəhər-dövlətlərini
özünə tabe etməklə, əsl imperiya
yaratmış və qisas adı altında, axı Persiya
çarı Kseris b.e.ə. 480-ci ildə Afinanı
işğal edərək, yandırmışdı, Persiyaya
hücum etməyi planlaşdırmışdı. Onun həqiqi
məqsədi isə imperiyasını Asiyada işğal
edilmiş torpaqlar hesabına genişləndirmək idi. Lakin
b.e.ə. 336-cı ildə qızının toyunda onun qətlə
yetirilməsi, arzusunun həyata keçirilməsinə mane
oldu. İki illik ləngimədən sonra bu plan onun oğlu və
varisi Makedoniyalı Aleksandr tərəfindən öz həllini
tapdı. Aleksandr Kiçik Asiyaya keçərək, Qranik
çayı üzərində, İssdə, Qavqamelada, say tərkibi
etibarilə böyük olan Persiya ordusu üzərində
parlaq qələbələr çaldı. Çar III Dara
qaçmaqla canını qurtarmaq istədi.
Heç şübhə yoxdur ki, Aleksandr Persiyaya
hücum etmək üçün şans əldə
etmişdi. Persiya, bəzi cəhətlərinə görə
zəifləməsinə baxmayaraq, hələ də
güclü dövlət olaraq qalırdı. Atası Filip də
Asiyadakı imperiyaya planlaşdırdığı hücumda
bunu nəzərə almışdı. Lakin bu vəzifənin
yerinə yetirilməsi Aleksandrın üzərinə
düşdü. Əslində onun Persiya yürüşü
müəyyən səbəblər üzündən
doğmuşdu.
Böyük Kir b.e.ə. VI əsrdə, 559-cu ildə
Persiya adlı Əhəməni dövlətini yaratdıqdan
sonra, Kiçik Asiyanın cənubi-qərbindəki
Lidiyanın paytaxtı Sardını və digər İon
şəhərlərini işğal etmişdi. Sonralar
çar I Dara öz paytaxtı Suzadan Sardıya 1800 km
uzunluğunda yol çəkdirmiş və o dövr
üçün ilk poçt sistemini yaratmışdı.
Aralıq dənizinin şərq sahilindəki İon yunan
şəhərləri də Persiya imperiyasına daxil edildi və
onun hökmranlığından azad olmaq üçün Milet
şəhəri hətta üsyan da qaldırmışdı.
Çar I Dara imperiyanın ərazisini genişləndirmək
üçün bütün vasitələrdən -
diplomatiyadan və silahlı qüvvələri işə
salmaqdan istifadə edirdi. B.e.ə. 490-cı ildə o, Avropaya
keçib, Afinanı işğal etmək istədi, lakin şəhərin
42 km-dəki Marafon döyüşündə Afina quru
qoşunları pers ordusu üzərində qələbə
çaldı. Dara hücumdan əvvəl də İon şəhərinin
üsyanını ağır şəkildə
yatırtmışdı. Marafondakı məğlubiyyətdən
sonra ciddi itki verən Persiya ordusu geri, Asiyaya üzməyə
başladı.
B.e.ə. 480-ci ildə yeni Persiya çarı olan onun
oğlu Kserks Afinaya hücum edib, onu tutduqdan sonra Akropoldakı
çox saydakı müqəddəs məbədləri
dağıtdı. Lakin Afina hərbi xadimi Femistokl hiyləgərliklə
elə həmin ildə, Egey dənizinin Salamin adası
yanında pers donanmasını darmadağın etdi. Onu
körfəzə salıb, həlledici dəniz
döyüşündə Persiya donanmasını tamamilə
məhv etdi. Sonrakı ildə də perslər yenə yunanlara
Plateyada məğlub oldular. Persiya dövlətinin hərbi
qüdrəti zəiflədiyindən, Kserks bir daha Elladanı
işğal etməyi heç arzulamadı da.
Makedoniya çarı II Filip Afinanı da özünə
tabe etdiyindən, şəhərin yandırılmasından
hali idi və qisas hissi ilə alışıb yanırdı.
O, Persiyaya hücum edib, Afinaya görə intiqam almaq istəyirdi.
Lakin tale onun özü haqqında daha ağır cəza
verdi. Aleksandr atasının arzularını həyata
keçirməyə başladı və ordusu ilə
Kiçik Asiyada, vaxtilə Troyaya yürüş edən
Mikena çarı Aqamemnon kimi, sahilə çıxdı.
Persiyaya hücum ilə,
Asiya dövlətinin b.e.ə. V əsrin ikinci on ili ərzində
iki dəfə Yunanıstanı işğal etmək istəməsinə
görə, indi Aleksandr ona cavab verməli idi.
Şərq işğalçısını bir əsr
yarım sonra Qərbi təmsil edən Makedoniya
işğalçısı əvəz etmişdi. Aleksandr da
Kserksin vandalizmini təkrar edərək, Afinadan daha gözəl
şəhər olan Persepolisi yandırmışdı.
İşğalçı şərqli, qərbli
olmasından asılı olmayaraq, onun mənfur əməlləri
bir-birindən heç də fərqlənmir. Sezar da,
Böyük Karl da, Çingiz xan da, Napoleon da, Hitler də belə
vandalizm kimi iyrənc tədbirlərdən çəkinməmişdilər.
Persepolis isə sarayları, məbədləri,
Parfenondakından iki dəfə hündür olan
sütunları, qanadlı yarı öküz, yarı insan
heykəlləri və həmçinin Xalqlar yolu adlanan avenyusu
ilə daha çox məşhur idi.
Makedoniyalıların donanması da Persiya dəniz
qüvvələri üçün dəhşət rəmzini
təmsil edirdi, onun gəmiləri Finikiyadan Qərbi
Asiyanın sahil xalqlarının ərazilərinə qədər
uzanırdı. Aleksandrın maliyyə imkanları da nisbətən
böyük idi və resurslara sahib olmaq üçün o,
sürətli qələbələr qazanmalı idi.
B.e.ə. 334-cü ilin yazında Aleksandr 37 minlik ordu ilə
Kiçik Asiyaya girdi. Ordunun tərkibinin yalnız
yarısı makedoniyalılar idi, qalanları yunanlardan və
digər müttəfiq xalqların nümayəndələrindən
ibarət idi. Süvari qoşunun zərbə əməliyyatları
mühüm rol oynamalı idi, onun tərkibində 5 min nəfər
var idi. Ordunu arxitektorlar, mühəndislər, tarixçilər
və alimlər müşayiət edirdi. Bu, Aleksandrın nəhəng
baxışını və başladığı kampaniyadan
pozitiv gözləmələrini nümayiş etdirirdi. 22 əsr
sonra Napoleon Misirə yürüş edərkən bu təcrübəni
təkrar etmişdi.
Aleksandrın persiyalılarla ilk toqquşması b.e.ə.
334-cü ildə Qranik çayı üzərində baş
verdi. Burada qazandığı qələbə, onun öz həyatını
itirməsi ilə nəticələnə bilərdi.
Sonrakı ilin yazında Kiçik Asiyanın bütün qərb
yarısı artıq Aleksandrın əlində idi, İon
şəhərləri də Persiya istismarından azad
edilmişdi. Onların hamısı heç də bu
azadlığı arzu etmirdi. Lakin Aleksandrı özlərinin
yeni ağası kimi qarşıladılar.
Persiya çarı III Dara Aleksandr ordusunu dayandırmaq
üçün öz qüvvələrini səfərbər
etdi. Persiya qoşunlarının sayca Aleksandrınkından
xeyli çox olmasına baxmayaraq, İssdə olan dar
meydandakı vuruş Persiya ordusunun irəliləməsini
dayandırdı və makedoniyalılara yeni qələbə bəxş
etdi. Çar III Dara döyüş meydanından
qaçmağa məcbur oldu, çünki o, özlərinin
məğlub olacaqlarını görürdü.
Aleksandr Tir və Qəzzə sahil şəhərlərini
mühasirə etdi ki, Persiyanın dənizə nəzarətinin
qarşını alsın.
Misir isə Aleksandra döyüşsüz təslim
oldu, Suriya və Fələstin də Aleksandrın
ağalığı altına keçdi. O, Misir
faraonlarının ənənəvi titulunu götürərək,
özünün "Amon oğlu" adlandırdı, bu isə
Yunanıstandakı Zevsin oğluna bərabər bir titul idi.
Aleksandr ölümündən əvvəl Aleksandriya
adlanan şəhəri tikdi, bu şəhər Misirin yunan
inzibati paytaxtı olmaqla, sonrakı seriya şəklində
tikilən şəhərlərin birincisi idi. Aleksandriya
Aralıq dənizi dünyasının ən mühüm
şəhərlərindən birinə çevrildi.
B.e.ə. 331-ci ildə isə Aleksandr Qavqamela
döyüşündə daha parlaq qələbə
qazandı. Dara yenidən qaçmaq yolunu seçdi, lakin sonra
öz adamları tərəfindən öldürüldü.
Aleksandrın hərbi qələbələri ilə
yanaşı, onun idealları da olduqca maraqlıdır. Tarixin ən
görkəmli şəxsiyyətlərindən biri olan bu
adamı ilahi şərəf daim ilhamlandırırdı.
Yunan şəhərlərinə təlimat göndərmişdi
ki, onu "allah" kimi tanısınlar.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2026.- 27 fevral(№ 8).- S.30.