İlk sınaq
"İnsan mənzərələri"
silsiləsindən
Gövhər xala sübh tezdən qalxıb axsaya-axsaya
mətbəxə keçdi. Çaydanı doldurub
qaynamağa qoyandan sonra yandakı otağın açıq
qapısından içəri boylandı. Nəvəsi həmişəki
kimi yorğanı ayaqları arasında bürmələyib
sübh yuxusunda xumarlanırdı. Gövhər xala içəri
keçdi, aşağı sürüşmüş
yorğanın qulağından tutub uşağın
çöldə qalan sinəsinin üstünə
sürüşdürdü. "Can bala, elə bil atanın
ağzının, burnunun, gözlərinin cizgilərini yaradan
öz əlləri ilə sənin üzünə
köçürüb". Son vaxtlar bu sözləri ürəyində
tez-tez təkrarlayır və hər dəfə də bununla
oğul dərdini, bala nisgilini az da olsa ovundurmağa
çalışırdı. Beş il əvvəl
döyüşlərə könüllü gedən oğlu
müharibənin 41-ci günü - qələbəyə
üç gün qalmış həlak olmuşdu. Onda indi
sübh yuxusunda xumarlanan nəvəsinin yeddi yaşı
vardı. İndi maşallah, on ikini keçmişdi. Təkcə
üz-gözünə yox, hərəkətlərinə, yerişinə, duruşuna görə
də atasına çəkmişdi və hərdən
Gövhər xalaya elə gəlirdi ki, qanadı altına
aldığı bu uşaq elə onun oğlunun
özüdür...
Mətbəxə qayıdıb çay dəmlədi,
masanın üstünə çörək, pendir, qənd
qoydu, səsi əsə-əsə - uşağı bu tezliklə
oyatmaq ürəyindən deyildi - nəvəsini səslədi.:
- Qadası, vaxtdır ey. Qalx, dərdin mənə gəlsin...
Elə bilirdi sübh yuxusundan oyanmaq nəvəsi
üçün çətin olacaq. Səsinin daha gur
eşidilməsi üçün geri çevriləndə
diksindi - uşaq artıq ayaq üstə idi və
şalvarının düyməsini bağlayırdı.
- Bıy, durmusan, qoçağım?
- Hə, ay nənə, - uşaq gümrah səslə
cavab verdi.
Nənəsi stəkana çay süzə-süzə:
- Onda bir loxma çörək ye, düşək
başlayaq, - dedi. - Səhərlər şirinçay qola
qüvvətdir.
- Yox, ay nənə. İşimizi görək,
çörəyi sonra yeyərəm. - uşaq dedi. Sonra nənəsinin
yun şalla bağlanmış dizinə baxdı. - Dizin necədir,
yenə ağrıyır?
Gövhər xala ağrıdan səhərə kimi
düz-əməlli yatmamışdı. Amma səhər tezdən
lo xəbərlə nəvəsinin kefini pozmaq istəmədi:
- Hə, şalnan bağlayandan sonra ağrı bir az səngiyib...
Həyətə düşüb iri, qollu-budaqlı əncir
ağacının altına gəldilər. Ağac
yaxşı bar gətirmişdi, sapsarı, iri əncirlər
yarpaqların arasından adamın üzünə
gülürdü. Uşaq hoppanıb hər iki əli ilə
qalın budaqların birindən yapışdı, sonra
ayaqlarını ağacın gövdəsinə
sıxa-sıxa yuxarı qalxdı. Yerini rahatlayandan sonra
budaqlardan birinə keçirilmiş uzun qıranın bir ucunu
aşağı sallayıb dedi:
- Vedrəni keçirt bura, nənə.
Gövhər xala əlində tutduğu köhnə dəmir
vedrəni qıraya keçirtdi. Uşaq qıranın o biri
başını nisbətən hündür budağın
haçasına ilişdirib işə başladı.
- Ehtiyatlı ol, ha, qadan mənə, - nənəsi dedi. - Bir də
çalış əncirləri əzməyəsən.
Əzik ənciri alan olmur...
Nəvə dolu vedrəni qıranın ucunda
aşağı sallayanda artıq üfüq yavaş-yavaş
qızarırdı.
Uşaq əncir yarpaqlarının dalayıb
qızartdığı əllərini, qollarını həyətdəki
əlüzyuyanda su altına tutdu, ovcunu su ilə doldurub
üzünə, boynuna çırpdı. Sonra yuxarı qalxıb
yatdığı otağa girdi və iş, həyət-baca
paltarını çıxarıb "şəhər
paltarı"nı geyinə-geyinə üzünü mətbəx
tərəfə tutub nənəsini səslədi:
- Nənə, bayaq ağacda xeyli əncir yemişəm.
Mənə şirinçay-zad düzəltmə.
- Çox yaxşı iş tutmusan, bala, - nənəsinin
səsi gəldi. - Acqarına yeyilən üç-dörd əncir
iki səhər yeməyinə bərabərdir.
Bir müddət heç biri danışmadı. Nəhayət,
uşağın səsi gəldi:
- Nənə, hazırdırsa, mən
çıxım.
- Hazırdır, bala, - nənəsi dedi. - Bir bura
boylan.
Uşaq qapını açıb dəhlizə
çıxdı. Nənəsi vedrə əlində onu
gözləyirdi.
- Bax, bazara çatan kimi ipi qırıb qəzeti
qoyarsan bir tərəfə. - vedrənin ağzına sərdiyi
qəzeti və üstündən dolayıb
bağladığı ipi göstərdi. - Deyərsən ki,
kilo ilə yox, elə vedrə qarışıq on manata
satırsan. İşini qurtaran kimi aptekə girib bax, bu
mazı alarsan mənim üçün.
Sonra əlini qoynuna salıb üstünə
ilan-qurbağa xətlə maz adı yazılmış resepti
və iki manat da pul çıxartdı. - Bax, bu, resept, bu da sənin
yol və su pulun...
Uşaq vedrəni qaldırıb pilləkən tərəfə
gedəndə arvad birdən-birə kövrəldi.
- Ayağım ağrımasaydı, özüm gedərdim
ey, balası.
- Narahat olma, nənə. Daha uşaq deyiləm mən...
lll
Bazarın meyvə satılan tərəfində -
sıra-sıra düzülmüş piştaxtalarn
qurtardığı yerdə durub müştəri gözləyirdi.
Deyəsən, onu ciddiyə alan yox idi. Öz mallarını tərifləyən,
müştəriləri səsləyən
satıcıların
qır-qışğırığından az qala
qulaqları tutulmuş alıcıların
ağıllarına da gəlmirdi ki, bu balaca oğlanın
qarşısında asfaltın üstünə qoyulmuş
vedrədəki əncirlər də satlıqdır.
- Qaranoy, bu əncirləri almısan, yoxsa satırsan?
Hündürboy, cavan bir oğlan idi. Sağ əlində
qalın dəftər tutmuşdu, köynəyinin döş
cibində diyircəkli qələmin başı
görünürdü.
- Alan olsa, satacam dayı, - uşaq sadəlövhcəsinə
dedi.
- Yerpulu ödəmisən?
Uşaq sualdan bir şey anlamadı:
- O nə olan şeydir ki?
- O olan şeydir ki, bazar ərazisində nə isə
satmaq üçün gərək pul ödəyəsən.
Bilmirdin bunu?
Oğlan cavab gözləmədən əyilib vedrədən
üç əncir götürdü və növbə ilə
ağzına qoyub dodaqlarını
marçıldada-marçıldada sözünə davam elədi:
- Amma əntiqədir, ha əncirlərin. Lap bal
dadı verir. İstəyirsən sənə yaxşı
müştəri tapım?
Uşaq çaşıb qalmışdı, bilmirdi nə
desin.
- Görürəm xamsan. Səndən bazar adamı,
alverçi çıxmaz - oğlan bunu deyib çevrildi.
İki addım atıb dayandı, geri dönərək yenə
də mənası uşağa çatmayan sözlər dedi:
- Yazığım gəldi sənə. Ona görə
də bazardan çıxartmıram. Amma əncirini satandan
sonra yanıma gələrsən. Bax o budkada olacam...
Uşaq pərt olmuşdu. Ağlına gəlməzdi
ki, onun bazar sərgüzəştləri belə
başlayacaq. Sən demə, meyvənin ən
yaxşısını satmaq üçün də bacarıq,
qabiliyyət lazım imiş. O isə bayaqdan dayanıb
adamların səmimiyyətinə, təmənnasızlığına
güvənə-güvənə öz xeyirxah
alıcısını gözləyirdi.
- Bacıoğlu, satılıqdır?
Qarşısında dayanmış tösmərək,
kök kişinin adamı dalayan cod səsi onu fikirdən
ayırdı. Bu kişi nə arvadının
tapşırığı ilə mürəbbəlik əncir
axtaran alıcıya oxşayırdı, nə də əncirbaza. Amma kiməsə
oxşayırdı, kimi isə yada salırdı gözləri
oynayan bu kişi. Uşaq elə bil onu nə vaxtsa, hardasa
görmüşdü, amma heç cür yadına sala
bilmirdi.
- Vedrəli-zadlı hamısına beş manat verirəm,
- kişi dedi. - Razısan?
Uşaq qaşlarını çatıb
başını buladı.
- Bəs neçəyə deyirsən?
- On manata...
- Ayə, balaca vedrədi, - kişi dedi. - Olsa-olsa
üç-dörd kilo əncir tutar. Axşama kimi gözləsən
də, bunu səndən o qiymətə alan olmayacaq. Hə, nə
deyirsən?
- Yox, dayı, on manata satıram, - uşaq cavab verdi.
- Mənə inanmırsan? Sənə görə deyirəm
ey, - kişi düdüləyib tökürdü. - Bazardan xəbərin
yoxdur. Bax, o sırada bundan da yaxşı, iri əncirləri
bilirsən neçəyə verirlər? İnanmırsansa,
get özün bax.
Kişi danışdıqca səsinin ahəngi rəngdən-rəngə
düşür, uşağın qətiyyətini boğub
onu deyilənlərə inanan sadəlövh bir məxluqa
çevirirdi və bu dialoqu kənardan izləyən
olsaydı, baxışları, səsinin ahəngi ilə
uşağı özünə tabe edən bu kişinin təmənnasızlığına,
səmimiyyətinə cani-dildən inanardı.
Kişinin az qala yana-yana dediyi sözlər
uşağın yumşaq ürəyini bir az da
yumşaltdı və o, dönüb nişan verilən səmtə
tərəf addımladı. Amma deyilən sırada əncir
satan heç kim yox idi. Bura kələm, çuğundur,
yerkökü satanların zonası idi.
Uşaq karıxıb qaldı və qəfildən nə
fikirləşdisə, çevrilib az qala yüyürə-yüyürə
gəldiyi tərəfə cumdu.
Bayaqdan dayandığı yerə çatanda elə bil
onu ildırım vurdu: kişi də yoxa
çıxmışdı, vedrə dolu əncir də.
İçində elə bil nə isə
qırıldı. Ruhunu sanki məngənə arasına qoyub
sıxmağa başladılar və canının
ağrısı qəhər olub boğasına, su olub
gözlərinə dirəndi. "İndi nənəmə nə
deyəcəyəm? Yazıq arvad oturub dərman gözləyir.
Bilmir ki, fərasətsiz nəvəsi hər şeyi
korladı".
Köynəyinin qolu ilə göz yaşlarını
sildi və həmin andaca bayaqkı kişi yenidən
qarşısında peyda oldu.
- Hə, getdin, baxdın? - səsi tamam dəyişmişdi,
bayaqkı canıyananlıqdan əsər-əlamət yox idi.
- Bəs əncirin hanı? Yoxsa satdın?
- Vedrəmi oğurladılar, - uşaq
hıçqıra-hıçqıra zarıdı.
- Gərək vedrəni də götürəydin də,
- kişi saymazyana dedi. - Bura bazardır ey, ay sadəlövh
uşaq. Səni bura kim göndərmişdi?
- Nənəm - uşaq astadan
pıçıldadı.
- Qayıdandan sonra nənənə deyərsən ki,
bir də səni bazara nəsə satmağa göndərməsin.
Hayıfsan, zay olub gedərsən. - Sonra əlini pencəyinin
döş cibinə atıb ordan bir beşlik
çıxardaraq oğlana uzatdı - Al, götür, deyərsən
ki, yarısına yemək-zad alıb yemisən.
Uşaq nəmli gözləri ilə gah pula, gah da
kişinin üzünə baxa-baxa bilmirdi nə qərara gəlsin.
Kişi pulu onun köynəyinin cibinə soxdu və
çevrilib uzaqlaşdı.
Uşaq heç cür özünə gələ
bilmirdi. İndiyə qədər
özünü bu qədər aciz, fərasətsiz hiss eləməmişdi.
Evdən çıxanda nənəsinə dediyi "Mən
uşaq deyiləm" sözlərini xatırlayıb yenidən
kövrəldi.
- Ay oğlan, o kişi səni aldatdı ey. Sən o tərəfə
gedən kimi vedrəni götürüb apardı...
Təxminən özü yaşında qız
uşağı idi. Çatılmış qaşları, qəzəb
saçan baxışları yumru, qarabuğdayı sifətinə
heç cür yaraşmırdı.
Oğlanı elə bil mürəkkəb bir labirintin
içinə salmışdılar. Key-key durub baxmaqdan
savayı, gücü heç nəyə
çatmırdı.
- Mən, bax, orda anamın yanında
dayanmışdım, - deyə qız barmağı ilə
qarşı tərəfdəki piştaxtanın arxasında
dayanıb göyərti satan qadını göstərdi. - Hər
şeyi görürdüm. Sən aralanan kimi
hırıldaya-hırıldaya vedrəni götürüb
getdi. Harda gizlətdiyini də bilirəm. İstəyirsən,
gedək göstərim. Sonra əncirlərini geri alarsan.
Bəlkə də dünyanın ən qəribə
işlərindən biri bu oldu ki, qızın
çatdırdığı bu pis xəbər bayaqdan
oğlanın içini zəbt eləmiş qeyri-müəyyənliyə,
daxilini gəmirən nigarançılığa son qoydu,
ruhuna bir rahatlıq gətirdi, hətta əhvalını bir
az yüksəltdi də və ona elə gəldi ki, boyu bir
buğda dənəsi boyda uzandı.
- Yox, lazım deyil - oğlan dedi. - Nənəm deyir ki, vicdanını
satan adamdan nə qədər uzaq olsan, bir o qədər
yaxşıdır.
Bunları səhər evdən çıxan
uşağın yox, boyu bir neçə dəqiqə əvvəl
bir buğda dənəsi boyda uzanan oğlanın səsi idi.
Qız oğlanın dediklərindən bir şey
başa düşmədi, əlini havada yelləyərək
"eh..." deyib uzaqlaşdı.
lll
Aptekçi arvad reseptə baxıb ucadan dedi:
- Altı manat əlli qəpik.
Bu, ən pis variant idi. Amma uşaq evə əliboş
qayıtmaq fikrində deyildi. Qəfildən nənəsinin
verdiyi iki manatı xatırladı. Əlli qəpiyini kənddən
şəhərə gələndə yolpulu vermişdi. Qalan
bir manat əlli qəpiyi çıxarıb beş manatın
üstünə qoydu, satıcı qadına uzadıb inamla:
- Verin, - dedi.
Mazı alıb aptekdən çıxdı və
şəhərdən kəndlərinə qədər olan
dörd kilometrlik yola düşüb piyada evlərinə
üz tutdu.
İçində qəribə hisslər bir-birinə
qarışmışdı. Ona elə gəlirdi ki, nə isə
kəşf eləyib. Amma buna sevinə bilmirdi.
Elə bil bir gözü gülür, o biri
gözü ağlayırdı.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2026.- 27 fevral(№ 8).- S.29.