"Ən Yeni" nələr
vəd edir?
Seyid Aynur: "Bu yeni cərəyan ədəbiyyatın
gücü ilə hər bir fərdin öz
reallığını yaratmasına yol açır"
Bir müddət öncə şair, esseist, Prezident təqaüdçüsü
Seyid Aynur mətbuata açıqlamasında "yeni ədəbi
cərəyan yaratdığını" dedi. O, "Ən
Yeni" adlandırdığı bu cərəyanın
çağdaş ədəbiyyatın inkişafına,
xüsusən bölgədəki yazarların bir mərkəzə
cəlb edilməsinə faydalı olacağını əminliklə
vurğulayır. Mövzu ilə bağlı suallar qoyaraq Seyid
Aynurun bu barədə fikirlərini, yeni ədəbi cərəyan
və ondan gözləntilərini daha geniş şəkildə
öyrənməyə çalışdıq.
Təbii ki, müsahibəmizə ilkin olaraq bu dövrdə
yeni ədəbi cərəyan yaratmaq ehtiyacının nədən
doğduğu ilə başladıq. Aynur xanım dedi ki, XX əsrin
sonlarında Azərbaycan ədəbiyyatına daxil olan
postmodernizm ədəbi cərəyanı zamanla hər
şeyi ironiyaya çevirərək, insanda bir növ mənəvi
boşluqlar yaratdı. Onun fikrincə, bu müstəvidə
daha dərrakəli ədəbiyyata ehtiyac var:
"Əvvəla ondan başlayaq ki, ədəbi cərəyanlar,
bəşəriyyətin məna axtarışının sənət
müstəvisindəki metamorfozlarıdır. Tarix boyu
yığılıb qalan, dilə gətirilməyən fikir
və emosiyaların tüğyan etməsi, əvvəlki qəlblərə
sığa bilməməsi ədəbi cərəyanların
yaranması ilə nəticələnmişdi.Məsələn,
elə klassisizmi götürsək, görərik ki, insan
emosiyalarının boğulması, ikinci plana keçirilməsi
nəticəsində romantizm doğuldu.
Sanki yazarlar bir ağızdan "Ağıl yetərli
deyil, duyğu və xəyal lazımdır" dedilər. Ya
da elə simvolistləri götürsək, onlar həqiqətin
sirr pərdəsinin arxasında olduğunu, rəmzlərin
köməyi ilə həmin arakəsməni
qaldırmağın mümkünlüyünü iddia etdilər.
Birinci Dünya müharibəsindən sonra
yaranmış xaos dadaizm və sürrealizmi yaratdı.
Çünki xarabalıqlar içərisində qalan bir
dünyanı ancaq yeni bir cərəyan izah edə bilmək
qüdrətinə malik idi.
Azərbaycana 1990-cı illərdə "yeni
dalğa" kimi gələn postmodernizm ideoloji qəliblərin
qırılması yazıçıların daha sərbəst
eksperimentlər aparmasına şərait yaratdı. Zamanla
postmodernizm hər şeyi ironiyaya çevirərək, insanda
bir növ mənəvi boşluqlar yaratdı.
Artıq "Ən Yeni"nin gəlişi ilə mətnin
sökülüb yenidən yığılması kimi yorucu
oyunlar öz yerini qlobal və kosmik sistemin ritminə tabe olan
daha dərrakəli bir ədəbiyyata verməlidir. Bu yeni cərəyan
ədəbiyyatın gücü ilə hər bir fərdin
öz reallığını yaratmasına yol açır.
Ümumiyyətlə, yeni texnika, yeni forma estetik həzz axtarışı
burda böyük rol oynayır. Qısaca desəm, ədəbi
cərəyanlar hər dövr üçün bir növ
"update" yəni, vaxtaşırı yenilənməyə
bənzəyir. Məhz ədəbiyyatın yenilənməyə
olan ehtiyacı məni "Ən Yeni" cərəyanı
yaratmağa sövq etdi.
Bədii mətn insan ruhunu kəsən, deşən
sualların, müəllifin iç dünyasında
apardığı savaşların məhsuludur. Ədəbi nəsnə
milyardlarla insanın içərisindən müəllifini
özü tapır. Düşünürəm ki, poeziya, yaxud
proza məhz elə bu cür yaranır.
1990-2000-ci illərdə yaranan "Eqo
yaradıcılıq Ordeni", "Baca", "Nəfəs"
kimi ədəbi qruplar poeziyanın sərhədlərini
genişləndirməyə çalışsalar da, bir
çox nümayəndələri sonralar postmodernizmin xaotik
sularının dərinliklərində gözdən itdilər.
Zamanla yaranan ədəbi məktəblər ədəbiyyata
yeni imzalar gətirsələr də, onların heç biri
estetik meyar yarada bilməmişdilər. Çünki əsl ədəbi
cərəyan fərdi ağrını kosmik idrakla birləşdirən
bir manifest tələb edirdi. Çağdaş dövrün
insanının hisslərini izah edə bilməyən köhnə
cərəyanların yerini yeni və daha çox funksiyalı
cərəyanın tutması təbii haldır.
İndi gələk "Ən Yeni" cərəyanda,
mən belə hesab edirəm ki, istər proza, istərsə də
poeziya olsun, üstün növ, janr yoxdur. Ənənəvi və
ya müasir janrda olsun, fərq etməz, ustalıqla yazılan
hər bir yaxşı əsərin qiyməti layiqincə verilməlidir.
Ədəbi nəsnə saf sudursa, forma onun axdığı məcradır.
Bu cərəyan sadəcə bir yazı tərzi deyil,
bir varlıq fəlsəfəsidir. Onun digər cərəyanlardan
fərqi və estetik prinsipləri bir neçə əsas
sütun üzərində dayanır. Əvvəla,
formanın qəliblərdən azad olması: "Ən
Yeni" cərəyanın fəlsəfəsinə görə,
yaxşı şeir mütləq konkret janrın (qoşma, qəzəl
və ya sərbəst) içində boğulmamalıdır.
Forma şeir üçün zindan yox, ruhun axdığı
bir məcra olmalıdır. Üç-dörd misradan ibarət
bir hayku, əgər müəllifin iç dünyasındakı
böyük bir savaşı əks etdirə bilirsə, o,
möhtəşəm bir proza qədər ağır və dəyərlidir.
İkincisi, dilin arınması və milli kimlik: bu cərəyan
doğma ana dilimizin saflığını qorumağı
birinci vəzifə hesab edir. Qonşu dillərdən gələn,
süni şəkildə mətnə daxil edilən alınma
söz və ifadələr ədəbi mətnin bədii
gücünü azaldır. "Ən Yeni" ədəbiyyat
xalqın başa düşəcəyi, lakin bədii dərinliyini
itirməyən sadə, duru və zəngin bir Azərbaycan
dilini təbliğ edir.
Üçüncü sütun gender bərabərliyi
və insan hüquqlarıdır. Ədəbi mətnlərdə
qadın-kişi bərabərliyinin qorunması "Ən
Yeni" cərəyanın sosial-estetik hədəfidir.
Qadın artıq sadəcə "ilham pərisi" və ya
"məzlum obraz" deyil, cəmiyyətin və ədəbiyyatın
bərabərhüquqlu, güclü fərdi kimi tərənnüm
olunur.
Dördüncüsü, realizmin fövqündəki
real İnsan: bu cərəyan fantastikaya meyil etmir. Məkan və
qəhrəmanlar tamamilə realdır. Lakin burada bir
dönüş nöqtəsi var: qismət, bəxt və ya qədərdən
şikayət edən "küsən insan" tipi artıq
yox olur. Onun yerinə yazdığı hər misranı bir
duaya, bir ayinə çevirən, öz
reallığını özü yaradan "Fövqəl
İnsan" gəlir. Bu insan mikroskopik canlılardan tutmuş
kosmik sistemin ritminə qədər hər yerdə həyat
eşqi tapan, iradəsi ilə taleyinə qalib gələn
insandır.
Bir sözlə, "Ən Yeni" ədəbi cərəyanı
dünyada baş verən hadisələrə, kainata və
onun bir hissəsi olan insana münasibətinə, ədəbiyyatın
ilahi başlanğıcı olan kosmik qüvvəyə
inamına görə bir-birinə yaxın olan, dünyanı
bəsirət gözü ilə görə bilən
yazarları birləşdirəcək.
Doğrudur, bəzi insanlar yazının, qələmin
insan əlində bu qədər güclü silaha çevrilərək
ona arzuladığı həyatı bəxş edə biləcəyinə
qeyri-ciddi yanaşa bilərlər, ancaq bu manifestin
ardıcıllarının fərqi insanın üstün
qüvvələrə malik olmasına sonsuz
inamındır".
Ədəbiyyat kimi böyük və çoxistiqamətli,
qədim tarixə malik bir sənətdə tək və ya 2-3
nəfərlə cərəyan yaratmağa cəhd etmək
kifayət qədər cəsarətli addımdır.
Çünki bir istiqamətin, bir metodun ədəbi cərəyana
çevrilməsi üçün onun kifayət qədər
davamçısı olmalıdır. Aynur xanımsa
düşünür ki, əsas olan manifesti neçə nəfərlə
yaratmaq deyil, nə qədər adamı arxanca apara bilməkdir:
"Ədəbiyyat tarixində bir çox təkbaşına
manifest yazan mürəfəkkirlər də olub.
"Sürrealizm Manifesti" ilə sürrealizmin atası
hesab olunan Andre Breton manifesti tək yazan saysız
ardıcılları olmuş nadir şəxsiyyətlərdən
biridir. Həmçinin Edqar Allan Po, Volter kimi
dövrünün dahi şəxsiyyətlərinin
adını çəkmək olar. "Kafkaizm" cərəyanı
Frans Kafkanın yaratdığı, lakin
sağlığında elan etmədiyi bir cərəyan olub. Yəni
adam heç bir qrupa daxil olmadan təkbaşına modernizmin ən
böyük qolunu yarada bilib. Əsas olan manifesti neçə
nəfərlə yaratmağın deyil, nə qədər
insanı ardınca apara bilməyindir".
Seyid Aynur mətbuata açıqlamasında qeyd
etmişdi ki, əsas məqsəd Azərbaycan dilinin
saflığını qorumaq, milli kimliyi və milli-mədəni
dəyərləri ədəbiyyat vasitəsilə
yaşatmaq, sadə və poetik dildə yazılmış
müasir ədəbi nümunələrin yaranmasını təşviq
etmək, istedadlı qələm sahiblərinin, xüsusilə
gənc və regionlarda yaşayan yazarların ədəbi
mühitə qazandırılmasına dəstək olmaq, ədəbi
düşüncədə yenilik və dinamika yaratmaq, eləcə
də ədəbiyyatda gender bərabərliyinin təmin edilməsinə
töhfə verməkdir. Bir ədəbi cərəyanın
öncədən düşünülmüş, bir növ
planlaşdırılmış məqsədlə
yaradılması da sual doğurur. Müsahibim bu məqama da
aydınlıq gətirdi:
"Bəli, zəngin ana dilimizin
saflığının qorunması, təbliği,
qadının sadəcə "ilham pərisi" deyil, cəmiyyətin
bərabər hüquqlu güclü bir fərdi kimi tərənnümü
mənim yaratdığım manifest üçün olduqca
vacib dəyərdir. Məncə, bu dəyərlərə təkcə
bizim ardıcıllar deyil, bütün yazarlar sahib
çıxmalıdırlar. Hazırda mənə və ilk
ardıcıllardan olan Gülnar Ümidə manifestə
qoşulmaq istədiklərini bildirən, çox saylı
ardıcıllarımız müraciət etməkdədir. Bu
yaxın aylarda ardıcıllarla birgə ədəbi
müzakirələrə başlamağı
düşünürəm. Ardıcılların
sayını hələ elan etmək istəmirəm. Qoy, bu rəngarəng
olan ədəbi cameəmiz üçün surpriz olaraq
qalsın".
Aynur xanım deyir ki, orta və yaşlı nəsil
yazarlardan, ədəbiyyatçılardan da onların bu ədəbi
cərəyanına qarşı maraq və dəstək var.
O, ədəbiyyatımızda öz sözünü demiş
bu yazarların da dəstəyi ilə yeni ədəbi cərəyanı
inkişaf etdirəcəyinə, məqsədlərinə
çatacağına inanır:
"Doğrusu, özüm də bu qədər dəstək
alacağımı gözləmirdim. Dəyərli Xalq
şairimiz Vahid Əziz, yazıçı-dramaturq Elçin
Hüseynbəyli, şair-esseist Rasim Qaraca, şair Qulu Ağsəs,
yazıçı-jurnalist Qurban Yaquboğlu "Ən
Yeni" ədəbi cərəyanla bağlı mənə
xeyir-dua verən, uğur arzulayan ilk ədiblərimizdən
oldular. Buna görə hər birinə minnətdaram.
Ardıcılları mən və şair dostumuz Gülnar
Ümid inamla gözləyirik. Manifestin
ardıcıllarının çox, lap çox
olacağına əminəm".
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2026.- 27 fevral(№ 8).- S.28.