"Rəqəmsal məktəb"
operativ və şəffaf kommunikasiya mühiti yaradır
Azərbaycanda 900 mindən çox şəxs "Rəqəmsal
məktəb" platformasından istifadə edir. Bakıda 354
ümumi orta təhsil müəssisəsi "Rəqəmsal
məktəb" layihəsinə keçib. 2025-ci ilin sentyabr
ayından etibarən, platformadan 543 min 255 şagird, 44 min 552
pedaqoji heyət üzvü və 360 min 709 valideyn istifadə
edir.
Bakıdakı ümumi təhsil müəssisələrində
elektron jurnal tətbiq olunması ilə bağlı
bütün proseslər yalnız "Rəqəmsal məktəb"
platforması üzərindən aparılır. Yeni platformada
şagirdlər dərslərini və cədvəllərini
izləyə, valideynlər övladlarının qiymətləri
ilə maraqlana, direktorlar isə şagirdlərin şəxsi
işlərini idarə edə bilirlər. Müəllimlər
isə elektron jurnalda qiymətləri qeyd edə bilirlər.
Beləliklə də, artıq elektron jurnallar ənənəvi
jurnalları əvəz edir. Bu yenilik müəllimlər və
valideynlərlə effektiv kommunikasiya, eləcə də
valideynlərin övladlarının təhsilinə hərtərəfli
nəzarət etməsinə imkan yaradır.
Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin rəisi
Vüsal Xanlarov deyir ki, "Rəqəmsal məktəb"
layihəsi çərçivəsində şagirdlər
üçün rəqəmsal köməkçi
hazırlanır: "Bu alətin köməyi ilə
şagirdlər süni intellekt əsaslı işi öyrənəcəklər.
"Rəqəmsal məktəb" layihəsinin istifadəçi
sayı 900 mini keçib, 543 255-i isə şagirddir. Həmçinin,
360 709 valideyn bu platformada qeydiyyatdan keçib. Platformada əsas
istifadəçi valideynlərdir. Valideyn əvvəlcə
sistemdə qeydiyyatdan keçməli, daha sonra
övladını şəxsi kabinetinə əlavə etməlidir.
Valideynlərin platformadakı fəallığı
sorğularda iştirak, direktorlarla görüş alətlərindən
istifadə və digər rəqəmsal imkanlar vasitəsilə
ölçülür. Bu yaxınlarda "Rəqəmsal məktəb"
platformasında məktəblərlə bağlı sorğu
keçirilib. Sorğuda 2 min müəllim, 200 mindən
çox valideyn iştirak edib. Valideynlər "Rəqəmsal
məktəb" platforması vasitəsilə təhsil
müəssisəsinin direktoru ilə görüş
üçün onlayn müraciət edə və vaxt təyin
edə bilirlər. Bu tətbiq məktəb rəhbərliyi ilə
valideyn arasında operativ və şəffaf kommunikasiya
mühiti yaradır".
Elektron jurnalın tətbiqi müəllimlərlə
yanaşı, valideynlərə də böyük imkanlar
verir, onların tədris prosesinə birbaşa nəzarət
etməsinə şərait yaradır: "Belə ki, valideynlər
övladlarının tədris nəticələrini elektron
jurnal vasitəsilə öyrənmə imkanı əldə
edirlər. Bu sistem vasitəsilə onlar övladlarının
dərsə davamiyyəti, aldığı qiymətlər,
müəllimin qeydləri ilə asanlıqla tanış ola
bilirlər. Ənənəvi gündəlik və ya
kağız jurnallardan fərqli olaraq məlumatlar daha operativ,
dəqiq və şəffaf şəkildə təqdim olunur.
Valideynlər yalnız valideyn iclasları zamanı deyil, istənilən
vaxt tədris prosesi ilə bağlı məlumat əldə
edə, zərurət yarandıqda direktorla daha tez əlaqə
qura bilirlər. Bu isə qarşılıqlı etimadı
gücləndirir, anlaşılmazlıqların
qarşısını alır və uşaqların
inkişafı baxımından məktəb-ailə əməkdaşlığını
daha səmərəli edir. Nəticədə valideynlər
passiv izləyici deyil, təhsil prosesinin fəal
iştirakçısına çevrilirlər.
Reallıqdır ki, təhsil artıq sadəcə sinif
otaqları ilə məhdudlaşmır. O, rəqəmsal
mühitə doğru çox sürətlə irəliləyir.
Bugünkü məktəb artıq əvvəlki məktəb
deyil. Yenilənən idarəetmə üsulları, texnoloji
imkanlar və açıq informasiya mühiti təhsili yeni mərhələyə
daşıyır. Tətbiq olunan rəqəmsallaşma idarəetmədən
qiymətləndirməyədək bütün prosesləri əhatə
edərək təhsilin təşkilində yeni bir mərhələ
formalaşdırır, məktəblərimiz
addım-addım daha müasir mühitə doğru irəliləyir.
Texnologiyanın təhsillə inteqrasiyası təkcə
işi asanlaşdırmır, həm də şagirdlərin gələcəyə
daha hazırlıqlı yetişməsinə şərait
yaradır. Bu dəyişikliklər yalnız məktəbdaxili
proseslərə deyil, bütövlükdə cəmiyyətin
təhsilə baxışına da təsir göstərir".
V.Xanlarov əlavə edib ki, "Rəqəmsal məktəb"
layihəsi hazırda yalnız Bakıda tətbiq edilir, gələcəkdə
regionlarda da fəaliyyət göstərəcək: "Rəqəmsal
məktəb" platformasının regionlarda da tətbiqinin
hazırda müzakirə mərhələsindədir. "Rəqəmsal
məktəb" platforması və elektron jurnallar təhsilalan
və təhsilverənlər üçün yeni imkanlar
yaradır. Bu platforma təhsildə şəffaflığı
artırmaq məqsədinə xidmət edir. Təhsil sahəsində
aparılan islahatların əsas istiqamətlərindən biri
kimi təhsil müəssisələrinin fəaliyyətində
səmərəliliyin artırılmasına xidmət edən
rəqəmsallaşmanı göstərə bilərik. Rəqəmsal
texnologiyalar tədris prosesinin daha çevik, şəffaf və
effektiv təşkilinə imkan yaradır, məlumatların
operativ idarə edilməsini təmin edir və təhsilin
bütün iştirakçıları arasında
kommunikasiyanı gücləndirir. Bu baxımdan paytaxtın
ümumi təhsil müəssisələrində uğurla tətbiq
olunan "Rəqəmsal məktəb" platforması
müvafiq transformasiyanın ən bariz nümunəsidir. Məqsəd
müasir təlim texnologiyalarının tədris prosesinə
inteqrasiyasının təmin olunması, interaktivlik və əlçatanlığı
təmin etməkdir. Həmçinin bu platforma təhsil
sistemində müasir texnologiyaların tətbiqi ilə
yanaşı, tədris və idarəetmə proseslərini təkmilləşdirmək,
təhsildə şəffaflığı artırmaq məqsədlərinə
xidmət edir".
O qeyd edib ki, təhsil sisteminin
informasiyalaşdırılması və rəqəmsallaşması
üç əsas istiqamətdə həyata keçirilir. Rəqəmsallaşma
prosesi ilk növbədə Azərbaycan Təhsil Şəbəkəsinin
qurulması və genişləndirilməsini, təhsil müəssisələrinin
müasir rəqəmsal avadanlıqlarla təminatını,
eləcə də tədris və idarəetmədə rəqəmsal
həllərin tətbiqini əhatə edir.
V.Xanlarov bu istiqamətlər üzrə görülən
işlərin təhsildə məlumat mübadiləsinin
sürətləndirilməsinə, idarəetmənin səmərəliliyinin
artırılmasına və tədris prosesinin müasir tələblərə
uyğunlaşdırılmasına xidmət etdiyini
vurğulayıb.
Vüsal Xanlarovun dediyinə görə, "Rəqəmsal
məktəb" layihəsi vasitəsilə müəllimlərin
hansı çətinliklərlə üzləşdiklərini
müəyyənləşdirmək mümkündür:
"Gənc müəllimlər "Rəqəmsal məktəb"i
daha tez qavrayır. Biz sistemdə artıq müəllimlərin
hansı çətinliklərinin olduğunu görə
bilirik".
V.Xanlarov bildirib ki, hazırda elektron jurnallar məktəblərdə
işləyir, lakin onların effektivliyi yalnız tətbiq
edildikcə qiymətləndirilə bilər: "Elektron jurnal
istifadəyə verildikdə müəllimlərin buna tam
imkanları olmalıdır. Bu sistemlərdən səmərəli
istifadə olunması üçün müəllim
otaqlarını tam müasirləşdiririk. Ancaq sistemi tətbiq
etməzdən əvvəl mövcud problemləri də aradan
qaldırmalıyıq".
Elektron jurnalların tətbiqi müəllimlərin
iş yükünü azaltmaqla bərabər, həm də
kağız sənəd dövriyyəsini minimuma endirib:
"Platforma dərs cədvəllərinin elektron formada
hazırlanması, dərs mövzularının və qiymətləndirmənin
sistem üzərindən paylaşılması, davamiyyətin
operativ aparılması kimi üstünlüklər təqdim
edir. Həmçinin təhsil müəssisələrinin
direktorları elektron sistem üzərindən rəhbərlik
etdikləri müəssisələrdə çalışan
müəllimlərin hesabatlılığını izləyə
bilirlər. Direktor və təhsili idarəetmə qurumları
platforma vasitəsilə dərsdə iştirak etməyən
şagirdlərin davamiyyət göstəricilərinə real
vaxt rejimində nəzarət edə bilirlər ki, bu mexanizm də
davamiyyətin şəffaflığını təmin etməklə
yanaşı, tədrisdən yayınan və davamiyyət
göstəriciləri aşağı olan şagirdlərin
operativ şəkildə müəyyən edilməsinə
imkan yaradır. Şagirdlərə gəlincə, onlar öz
qiymətlərini, davamiyyətlərini, ev
tapşırıqlarını və dərs
materiallarını platforma üzərindən istənilən
vaxt izləyə bilirlər. Bu da onların məsuliyyət
hissini artırır, tədrisə marağı gücləndirir.
Bakıdakı ümumi təhsil müəssisələrində
elektron jurnalların tətbiqinin "Rəqəmsal məktəb"
platforması üzərindən aparılması sayəsində
artıq ənənəvi kağız jurnallardan istifadə
olunmur. Hazırda sinif jurnalları elektron sistem vasitəsilə
daha sürətli və operativ qaydada işlənilir. Müəllimlər
əvvəllər kağız jurnalları doldurmaq, qeydləri
yeniləməyə vaxt sərf edirdilərsə, indi bu proses
elektron jurnal vasitəsilə vaxt itkisi olmadan daha çevik
şəkildə həyata keçirilir. Üstəlik,
bütün qeydlər sistemli və şəffaf şəkildə
saxlanıldığı üçün müəllim
öz işini daha asan təqdim edə bilir. Hazırda
paytaxtın 353 məktəbində elektron jurnal tətbiq
olunur.
O əlavə edib ki, Azərbaycanda təhsilin rəqəmsallaşdırılması
istiqamətində həyata keçirilən tədbirlər
çərçivəsində 8 növ təhsil xidməti
"myGov" (mobil və veb-portal) platformasına inteqrasiya
edilib. Platforma vasitəsilə vətəndaşlar
övladlarının cari ümumi təhsili haqqında məlumatlar,
müvafiq təhsil göstəriciləri, cari ali və orta
ixtisas təhsili haqqında məlumatlar, ümumi təhsil barədə
məlumatlar, peşə təhsili sənədləri barədə
məlumatlar, xaricdə təhsillə bağlı Dövlət
Proqramı və Hökumətlərarası Təqaüd
Proqramı çərçivəsində təhsil, xarici
diplomlar, diplom məlumatlarını əldə edə bilirlər:
"Hazırda 3 elektron xidmət icra olunur. Bunlara ali və orta
ixtisas təhsili pillələri üzrə təhsilalanların
köçürülməsi, ali və orta ixtisas təhsili
müəssisələrinə abituriyentlərin elektron
qeydiyyatı, eləcə də məktəbəqədər
təhsil müəssisələrinə uşaqların
elektron qəbulu daxildir. Bununla yanaşı, 40-dan çox
informasiya sistemi və informasiya ehtiyatı MyGovID/SİMA-ya
qoşulub. Bütün informasiya sistemləri və ehtiyatlar
Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilib.
Qeyd edim ki, son illər ümumi təhsil müəssisələrinin
genişzolaqlı internetə qoşulmasında ciddi artım
qeydə alınıb. Hazırda şagirdlərin 82 faizi
genişzolaqlı internet, 18 faizi isə digər qoşulma
vasitələri ilə əhatə olunur. 2017-ci ildə cəmi
171 məktəb genişzolaqlı internetlə təmin
olunmuşdusa, bu göstərici 2021-ci ildə 1159-a, 2023-cü
ildə 1737-yə yüksəlib. 2024-cü ildə 2906 məktəb
genişzolaqlı şəbəkəyə qoşulub.
2026-cı ildə isə bu rəqəm 2957-yə
çatıb. ADSL texnologiyasından istifadə edən məktəblərin
sayı azalıb. 2017-ci ildə 1672 məktəb ADSL
bağlantısından istifadə edirdisə, 2023-cü ildə
bu göstərici 999-a düşüb. 2025-ci ildə 49,
2026-cı ildə isə cəmi 35 məktəbdə ADSL
bağlantısı qalıb. 2017-ci ildə 439 məktəb
simsiz şəbəkə ilə təmin edilibsə,
2021-2022-ci illərdə bu göstərici 1964 və 2069-a qədər
yüksəlib. Son illərdə isə genişzolaqlı
bağlantının üstünlük qazanması fonunda
simsiz qoşulmaların sayı nisbətən azalıb və
2026-cı ildə 1222 təşkil edib".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 27 fevral(№ 8).- S.26.