Üzeyir və Ceyhun
Hacıbəylilər
MƏKTUBLARDA YAŞANAN İLLƏR
(Əvvəli ötən saylarımızda)
Ceyhun Hacıbəylinin siyasi mühacirət həyatı
yaşadığı Parisdən Vətənə, Bakıya
qayıtması məsələsi Üzeyir Hacıbəyovun
1925-ci il məktublarında artıq tam qətiyyətlə
qoyulur və yalnız ailəsi deyil, yerli hakimiyyət nümayəndələri
də bu məsələdə çox maraqlı görünürlər:
"Kağızını bir para yoldaşlara göstərdim.
Çox xoşlarına gəldi. Hamısı sənin gəlməyinin
tərəfdarıdırlar"; "İşlərin
tövri böylə göstərir ki, sizlər buraya
qayıtmalısınız. Burada olan bütün yoldaşlar
və həmçinin sair tanışlar hamısı böylə
məsləhət görürlər ki, siz buraya gələsiniz".
Bu arada Ceyhun bəyin xanımı, Zöhrənin
qardaşı, Sankt-Peterburq Mülki Mühəndislik
İnstitutunun məzunu, Moskva və Petroqradda müxtəlif vəzifələrdə
işləyən Musa Hacıqasımovun da Azərbaycana gəlməsi
və dərhal yüksək vəzifələrə təyin
edilməsi Üzeyir bəyə böyük ümidlər
verir: "Onun da burada olması yaxşıdır".
5 ilə yaxın müddətdə Azərbaycan SSR
Xalq Komissarları Soveti sədrinin müavini, Ali Xalq Təsərrüfatı
Şurasının sədri, Azərbaycan SSR Dövlət Plan
Komitəsinin sədri kimi vəzifələr daşıyan
Musa Hacıqasımov bacısının ailəsinin Vətənə
qayıtması üçün görünür ki, həqiqətən
bir sıra əməli addımlar atır: "Musa buradakı
yoldaşlar ilə danışıbdır, bu günlərdə
Moskvaya gedəcəkdir ki, mərkəz ilə dəxi
danışıb sizin üçün buraya gəlmək izni
alsın. Sən buraya gələn kimi yaxşı qulluq sahibi
olarsan". Üzeyir bəyin məktubundan bu da
anlaşılır ki, Ceyhun bəylə bağlı onun
qaynının daha irəli gedən planları var:
"Musanın bir fikri də budur ki, sənin üçün
orada yaxşı qulluq düzəltsin. Bu xüsusda sizə kağız
yazacaqdır və sizinlə məsləhət edəcəkdir.
Bizcə, hər ikisi yaxşı olar".
Ceyhunun məsələsinin həlli üçün
Üzeyir bəy hətta özünün xaricə təhsil
almağa getməsi məsələsini də təxirə
salmağa razıdır: "Maarif Komissarlığı mənim
musiqi xidmətlərimin əhəmiyyətini diplomlu
professorların xidmətindən daha əziz görməklə
bərabər, mənim ali musiqi təhsili alıb da daha kamil
olmağım tərəfdarıdır. Zatən mənim əlimdə
bu gün diplom olsaydı, bir çox dedi-qodular aralardan
götürülərdi... Fəqət mən hələ ki,
Maarif Komissarlığını tələsdirmək istəmiyorum,
çünki əvvəla, sizin məsələ həll
olunacağa qədər buradan sizə kömək etməliyəm..."
Üzeyir bəyi bu məsələnin tezliklə həllinə
sövq edən bir səbəb də var. Gəncliyindən əsəbi
olan Ceyhun bəyin kəskinləşən əhval-ruhiyyəsi
haqda görünür ki, Bakıya başqa ünvanlardan, o
cümlədən Zöhrədən də məlumatlar gəlir
və Üzeyir bəy qardaşına artıq nəsihət
yox, töhmət dolu sətirlər yazır: "... işlər
böylə olduqdan sonra sənin əsəbilik etməyə
bundan sonra heç bir haqqın yoxdur və bir də bu əsəbiliyi
bir kərə kənara tullamağın vaxtı çoxdan
yetişibdir... toxtaqlıq və mərdanəlik əvəzinə
əsəbilik edirsənsə, Zöhrəni
karıxdırıb öz analıq vəzifəsinə xələl
yetirirsən... başını həmişə bir iş ilə
məşğul et ki, malxulyaya məhəl qalmasın..."
Üzeyir Hacıbəyov, 1930-cu illərdə.
Bu zaman Üzeyir bəy Ceyhunu qəbul edəcəyi
ciddi qərar qarşısında daxili gərginlik keçirməyə
sövq edən səbəblərə də toxunur: "Və
bir də ora qəzetələrinin və ya ağız
danışıqlarının bizim haqqımızda söylədikləri
və yazdıqları axmaq yalan və mübaliğəli
sözlərinə heç bir əhəmiyyət vermə.
Biz çox yaxşı dolanırıq və heç bir
şeydən şikayət etməyə ehtiyacımız
yoxdur".
Lakin bir neçə aydan sonrakı məktubdan
aydın olur ki, başı dövlət işlərinə
qarışmış Musa Hacıqasımovun Ceyhun
üçün xaricdə iş tapmaq fikrinin "sözdən
işə" keçməsinə xeyli vaxt lazım olacaq,
odur ki, bu iş yenidən yalnız Üzeyir bəyin üzərində
qalır və görüşdüyü "bütün
yoldaşlar və həmçinin sair tanışların
hamısının" məsləhətini
- "siz buraya gələsiniz" -
dərhal qardaşına çatdırır.
Bu məktubunda Üzeyir bəy ilk dəfə həmin
"yoldaşlardan" birinin adını çəkir və
məlum olur ki, Ceyhunun Bakıya qayıtmasına və
yüksək vəzifəyə təyin olunmasına zəmanət
verən adam AK (b)P MK katibi Əliheydər Qarayevdir: "... bu
günlərdə yoldaşlardan Əliheydər ilə
görüşüb işi bu qərara qoyduq ki, biz Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsinə müraciət edək
ki, sizin buraya gəlməginizə izn və viza versinlər.
İzni alan kimi sizə məlum edərik, o halda siz də gələrsiniz.
Əliheydər yoldaş söz verir ki, siz gələn kimi
yaxşı qulluq sahibi olarsan və bizə qarşı
göstərilən hörmət sənə dəxi göstərilər.
Əliheydər yoldaşın bu sözü bizdən və səndən
ötrü böyük bir sübutdur. Çünki onun bir kərə
söz verməyi kifayətdir".
Üzeyir bəy bu dəfə işin
alınacağına çox əmindir və Ceyhunu Vətənə
qayıtmaq üçün az qala dilə tutur, bu zaman tək
qardaşının deyil, ölkəsinin də
qazanacağını vurğulayır: "Daha bir o qədər
qürbətdə qaldınız bəsdir, indi də Vətənə
qayıdıb bir iş sahibi olmaq lazımdır ki, həm
uşaqlarınız barəsindən arxayın olarsınız,
həm də Azərbaycana bir mənfəət yetirəsən.
Və bir də buranın yaşayışı bu saat
çox gözəldir, hər kəs öz işində-gücündə,
ələlxüsus biz ki, günlərimizi həqiqət
çox yaxşı keçiririk".
Bu məktubun 1925-ci ilin oktyabrında, Azərbaycanda həqiqətən
ictimai-siyasi mühitin sabitləşdiyi, müxtəlif sahələrdə
böyük quruculuq işləri getdiyi, 20-ci illərin əvvəllərində
siyasi ittihamlarla həbs olunmuş bir sıra məhbusların,
o cümlədən ədəbiyyat, mədəniyyət xadimlərinin
azadlığa buraxıldığı və işlə təmin
edildiyi, nəhayət, bütün İttifaq miqyasında mühacirlərin xaricdən vətənə
qayıtması prosesinə rəvac verildiyi bir vaxtda
yazıldığı nəzərə alınmalıdır.
Təsadüfi deyil ki, Üzeyir bəy və hər məktubda
adlarını sadaladığı ailə üzvləri,
xüsusilə anası Ceyhunun və ailəsinin Bakıya
qayıtmasını ürəkdən arzulayır,
qardaşının bu səfərini təşkil etmək
üçün bütün məsələləri yoluna
qoymağa çalışır: "...Gələndə də
Moskva tərəfilə gələrsiniz ki, daha yaxşı
yoldur... bu günlərdə izn və viza alıb sizə
göndərəcəyik ki, əlbəttə, durmayıb gələsiniz,
o vaxt nə sayaq gəlməyin tövrünü dəxi
müfəssəl sənə yazıb bildirəcəyik və
yol xərci barəsində dəxi tədbirlər
görüləcəkdir... yəqin bilin ki, məsləhət
böylədir, yəni gəlməkliyiniz vacibdir".
Üzeyir bəyin bu təklifləri və qənaəti
1926-cı ilin I yarısında da öz qüvvəsində
qalır və belə görünür ki, razılıq hələ
Ceyhun tərəfindən verilməyib, buna da onun
qardaşına məktubunda müəyyən səbəblər
gətirilib. Çünki Üzeyir bəy inadla: "Sənə
keçən il yazmışdım və genə təkrar
yazıram ki, sənin buraya gəlməginə heç kəsin
bir sözü yoxdur. Hökumət izn verəndən sonra nə
üçün gəlməmək? Halbuki izn ilə gələnlərin
hamısı burada rahat oturub, qulluq etməkdədirlər, məsələn,
Yusif Vəzirov, Vəkilov və sairələri".
Bu məktubdan o da aydın olur ki, izn üçün
Ceyhun Hacıbəyli özü Fransadakı Sovet səfirliyi
vasitəsilə Azərbaycan hökumətinə müraciət
etməlidir: "İzn almaq yolu dəxi necə ki, əvvəldə
sənə yazmışdım böylədir. Sən bizim
Parisdəki polpredstvoya Azərbaycan Şura hökuməti
namına olaraq ərizə verirsən ki, sənə buraya gəlməyə
izn verilsin. Sənin ərizənə görə polpredstvo
buradan və Moskvadan soruşur ki, bu xüsusda məmaniət
varmı, ya yoxmu? Sonra onun cavabı sənə bildirilir və
izn olduğu halda sənin üçün yol
açıqdır".
Ceyhun bəy görünür ki, Azərbaycan hökumətinə
özü müraciət etmək istəmir və Üzeyir bəyin
məktubunun məzmunundan belə çıxır ki,
qardaşı mümkün olan iki yoldan digərini seçib.
Yəni Üzeyir bəyin özünün Bakıda bu işi
hazırlamasının - məsul
idarələr qarşısında məsələ
qaldırması, Moskvada bu işə baxılıb izn
alındıqdan sonra Paris nümayəndəliyinə göndərilməsi
və oradan da imtina olmazsa Ceyhun bəyə icazə verilməsi
- tərəfdarıdır. Ceyhun bəyin məktubları əldə
olmadığından onun bu məsələdə hansı tərəddüdlər
keçirdiyini söyləmək çətindir, amma
Üzeyir bəyin məktubundakı bəzi cümlələrin
sətiraltı mənasından aydın olur ki, Ceyhun bəyi
narahat edən məqam onun Cümhuriyyət dövrü rəsmi
siyasi statusudur. Üzeyir bəy məhz bu məsələnin
üstündən "necə keçməyi" ona
"başa salır": "Mən bir kərə də
olsun eşitməmişəm ki, izn verilmək-lə buraya gələn
adamlara sonra bir əziyyət olsun və halonke əvvəllərdə
təqsirləri olanlar dəxi gəlib Şura hökumətinə
sidq dil ilə qulluq edirlər. Sən ki, məlum olduğu
üzrə təqsirsizsən, özün də ki, Parisdə
student olaraq yaşayırdın, nəinki mühacir. Və firəng
dili bildiyinə görə səni texnik katib etmişdilər.
Qərəz ki, Azərbaycandakı məsul yoldaşlar sənin
kim və nəçi, və nə məsləkli adam
olduğunu gözəlcəsinə bilirlər və təəccüb
edirlər ki, sən indiyə kimi buraya gəlmirsən".
Üzeyir Hacıbəyov özünün təşkil
etdiyi Xalq çalğı alətləri ansamblının
üzvləri arasında.
Beləliklə, məsələ yavaş-yavaş
aydınlaşmağa başlayır. Mümkündür ki,
Ceyhun bəyin xaricdəki həmkarları da bu qayıtmaq məsələsinə
bir qədər şübhə ilə yanaşıblar. Belə
ki, bəzi tələbələr və Azərbaycan
Cümhuriyyətinin İstanbulda səfiri olmuş Yusif Vəzirov
(Çəmənzəminli) istisna olmaqla digər
keçmiş hökumət rəsmilərinin - siyasi
mühacirlərin Vətənə dönmələri
faktlarına elə də təsadüf edilmir. Yusif Vəzirovun
özünün də Vətənə qayıtmazdan əvvəl
"Müsavat" partiyası ilə açıq
münaqişəyə girməsi və "ifşaedici" məktubu onun
həmin "izni" necə aldığına dair xeyli
suallar doğurur.
Üzeyir bəy, təbii ki, öz məktublarında
bu barədə açıq yazmır. Ceyhun Hacıbəylinin
Paris Sülh Konfransında Azərbaycan Nümayəndə heyətinin
rəsmi üzvü kimi fəaliyyətinin sadəcə
"student" - tələbə, yaxud fransız dilini bilən
"texniki katib" kimi Bakı və hətta Moskva rəhbərliyi
tərəfindən qəbul edilə biləcəyini
görünür ki, mümkün sayır və qardaşını
xaricdəki "reaksion mətbuatın" Azərbaycan
haqqında "fəna yazdıqlarına" inanmamağa
çağırır: "Bizimkilər və biz
özümüz səni inandıra bilərik ki, heç vaxt
böylə asudə və rahətcəsinə
yaşamamışdıq. Bu saat buraların əhvalı
çox gözəldir, qoçubazlıqla məşğul
olan Bakıdan heç bir əsər də qalmayıbdır,
hər kəs rahətcəsinə öz işinə məşğuldur.
Və işlər də o qədər maraqlıdır ki, il gəlib
dolandığı heç nəzərə də gəlmiyor.
İnşallah, bu may gələndə özün görərsən
və təəccüb edərsən".
Lakin Ceyhun Hacıbəyli nə 1926-cı ilin
mayında, nə də sonrakı aylar və illərdə Vətənə
qayıtmır.
1926-cı il Üzeyir bəyin
özünün də ən böyük arzusunun - təhsil almaq üçün xaricə
getmək məsələsinin reallaşacağına
böyük ümidlər verən zaman kəsiyidir. O, bu yolda
inadla çalışır və inadını mühüm
edən amilləri dilə gətirir: "Məni ikmali-təhsilə
məcbur edən özümün arzumdan əlavə, içərisində
yaşadığımız şəraitdir ki, axırda Azərbaycanda
musiqi təhsili işləri başında bir nəfər də
olsa azərbaycanlı durmalıdır ki, o surətlə Maarif
Komissarlığı öz musiqi təlimi proqramını
daha asanlıqla yeridə bilər".
Lakin bu "məcburiyyətin" daha bir tərəfi
də vardır ki, görünür Üzeyir bəyə
xüsusilə əzab verir: "... mənim yoldaşlarım
hamısı öz yarımçıq qalmış təhsillərini
indi ikmalə yetirib biri direktor, biri incinar və sairə
olduqları halda mənim bu xüsusda geridə qalmağım
mənə çox ağır gəlir və bir də əlimdə
diplom olmamaq işlərimə mane olur".
Üzeyir bəyin bu ümid və hətta inamı
heç də əsassız deyildir. 1926-cı ildə
Üzeyir Hacıbəyovun ali təhsil üçün xaricə
getmək məsələsi həqiqətən dövlət səviyyəsində
bir neçə dəfə müzakirə olunur. Bu mövzu ilə
bağlı rəsmi sənədlərə müraciət etmədən
onun öz məktublarından da məsələnin müsbət
həllə doğru getdiyi aydın görünür: "Mənim
ali təhsil almaq fikrim Maarif Komissarlığı tərəfindən
hüsni-qəbula keçdi və bu xüsusda Maarif
Komissarlığı kollegiyası tərəfindən qərar
çıxdı ki, mən ali təhsilimi bitirmək
üçün iki il müddətinə komandirovka olmaq
üzrə Almaniyaya gedim. Mənimlə bərabər
üç nəfər doktor dəxi göndərilir. Kənari
bir məmaniət olmasa iyunun birində yola düşməliyik".
Üzeyir Hacıbəyov özünün təşkil
etdiyi xora dirijorluq edərkən (1930-cu illər).
Maarif Komissarlığının Üzeyir bəyi bu və
digər məsələlərdə tam dəstəklədiyi
məlumdur. Ölkədə
milli kadrlar, xüsusilə musiqi sahəsində, yox dərəcəsindədir
və Üzeyir bəylə bağlı gözləntilərini
rəhbərlik heç də gizlətmir və onun
özü ilə də açıq bölüşür:
"Şübhəsizdir ki, mən təhsildən
qayıdandan sonra Maarif Komissarlığı, hökumət Ali
Konservatoriyasının idarəsini mənə
tapşı-racaqdır, çünki bunca illər göstərdi
ki, başqaları bu işi bacarmıyorlar və bu xüsusda
Azərbaycana bir mənfəət gətirə bilmiyorlar.
Maarif Komissarı yoldaş Mustafa Quliyev mənim işləməyimi
çox təqdir edir, odur ki, ali təhsilimi bitirməyə
cani-dildən razı olub, məni təbrik etdi. Başqa
komissar yoldaşlar dəxi müvafiqət göstərdilər".
Lakin Azərbaycan SSR Xalq Maarif Komissarlığı
Kollegiyasının 15 mart 1926-cı il tarixli müsbət qərarı
hələ "başqa mərkəzlərdə" - yəni
yuxarı instansiyalarda həll və təsdiq olunmalı idi.
Ceyhuna yazılan və əldə olan məktublardan
çıxış edilərsə bu işin
uzanmasını "texniki səbəb" kimi görən və
"ona görə bir qədər dəxi səbr
lazımdır" - deyə bəlkə də Ceyhundan daha
çox özünü sakitləşdirən Üzeyir bəyin
iyun ayı üçün Almaniyaya ezamiyyətə gedə
bilməyəcəyi onun 29 iyun 1926-cı il tarixli məktubundan
artıq aydındır: "Hal-hazırda mənim təhsil məsələmin
son qərarı hələ açıqdır, çünki
yoldaşlardan bir neçəsi ki, bu məsələni həll
etməlidirlər, məzuniyyətdən
qayıtmayıbdırlar, onlar qayıdan kimi özüm dəxi
görüşüb, ümidvaram ki, həllinə müvəffəq
ola bilim. Hər halda tələsməgə o qədər
ehtiyac yoxdur, hələ vaxt vardır, mən sentyabrda da gedə
bilərəm".
Son nəticədə Üzeyir bəy nəinki
1926-cı ilin sentyabrında, heç sonrakı aylarda və
illərdə də ali təhsil almaq üçün
Almaniyaya, ümumiyyətlə hər hansı xarici məmləkətə
gedə bilmir. Rəsmi sənədlərdən məlumdur ki,
1926-cı il 29 mart tarixində Az. KP MK-nın Rəyasət Heyətinin
iclasında "xarici ezamiyyətlər" məsələsi
müzakirə olunarkən həmin
"üç cərrah"ın (Mustafa Topçubaşov, Mustafa
Hacıqasımov və Mirəsədulla Mirqasımov) elmi məqsədlərlə,
tələbə Bülbülün isə təhsilini
artırmaq üçün xaricə ezam olunmaları müsbət
həll olunduğu halda yalnız Üzeyir Hacıbəyovun
Almaniyaya ezamiyyətə getmək haqqında Az.KP MK-nın
Katibliyinin 2 gün əvvəl qəbul etdiyi qərar ləğv
olunub.
Bu "ləğv"in, yəni birmənalı olaraq
Üzeyir bəyin xaricə buraxılmamasının
arxasında, şübhəsiz ki, ciddi səbəblər
vardı. Və bu səbəb ilk növbədə Ceyhun
Hacıbəyli, onun Parisdə siyasi mühacir həyatı ilə
bağlı idi. 1920-ci illərdə Parisdəki Azərbaycan
nümayəndə heyəti, başda
Ə.M.Topçubaşov olmaqla Azərbaycanda Cümhuriyyətin
işğal olunduğu faktından çıxış edərək
dünyanın aparıcı Qərb dövlətlərinin
Sovet bolşevik hökumətinə qarşı sərt
barışmaz mövqeyi fonunda Azərbaycan məsələsini
bir çox beynəlxalq konfranslarda gündəmə gətirmək
üçün geniş fəaliyyət göstərirdi.
Üzeyir bəy, təbii ki, Ceyhunun daxil olduğu qurumun bu
istiqamətdə gördüyü işlərdən xəbərsiz
idi. Lakin o, 1926-cı ilin martının sonlarında
özünün xaricə ezamiyyət məsələsinə
ən yüksək səviyyədə - respublika partiya rəhbərliyi tərəfindən
artıq mənfi cavab verildiyindən
xəbərsiz ola bilməzdi. Bu halda, iyun ayının
sonlarında yenidən bu mövzuya qayıtması, "bu məsələni
həll edə biləcək" hansı
"yoldaşlarınsa" məzuniyyətdən
qayıtmasını gözləməsi və Ceyhuna Bakıda
çıxan "Maarif və mədəniyyət"
jurnalına məqalələr yazmaq təklifi ilə
yanaşı - "Əlavə
heç bir kəs ilə mübahisələrə girməmək
şərtilə və ya yalnız ədəbi və fənni
mübahisələrlə kifayətlənib dokladlar etsən,
daha yaxşı olar" -
tövsiyəsi hansı ümidlərlə bağlı
idi?
İstənilən halda sonrakı bir neçə məktubunda
Üzeyir bəy bu məsələyə qayıtmayaraq
yalnız Bakıdakı vəziyyətdən, konservatoriyada
verdiyi dərslərdən, "işlərinin
çoxluğundan" heç bir yeni əsər
yazmadığından, ailə üzvlərinin, qohumların səhhəti
və məşğuliyyətindən söhbətlər
açır, Ceyhuna mütəmadi olaraq göndərdiyi maddi
yardım haqda hesabat verir. 1927-ci il 26 fevral tarixli məktubunda gələn
teatr mövsümündə "Leyli və Məcnun"
operasının 20 illiyinə hazırlaşmaq istədiyini
bildirən Üzeyir bəy prorektoru olduğu konservatoriyada bir
neçə professorun ona rektor olmaq təklifini qəbul etmədiyini,
Maarif komissarlığı işə qarışdıqdan
sonra da bu etirazını "ali təhsilimi bitirməyincə
rektor olmağa razı degiləm" - kimi əsaslandırdığını
vurğulayır. Onun bu qətiyyəti qarşısında
"Komissar yoldaş" onu "tələsdirməyə"
lüzum görməsə də: "hərçənd
burası yəqindir ki, bir-iki ildən sonra Üzeyir bəy
rektor olacaqdır" - fikrini bildirir.
Bütün bu və digər məqamların sətiraltı
mənaları Üzeyir bəyin musiqi sahəsində
gördüyü çox geniş işlər müqabilində
konservatoriyanın qeyri millətlərdən olan peşəkar
professor-müəllim kollektivi qarşısında məhz tam
ali təhsili olmadığı üçün az qala
"natamamlıq kompleksi" hissi keçirdiyini, digər tərəfdən
bütün danılmaz istedadı, elmi-tədqiqat işləri,
təşkilatçılıq bacarığı və
nüfuzu ilə daim ikinci rollarda qalmasından əzab çəkdiyini
əks etdirirdi. Təsadüfi deyil ki, Ruhulla Axundovun yeni maarif
komissarı təyin edilməsi Üzeyir bəyin təhsillə
bağlı ümidlərinə bir daha rəvac verir.
Ceyhun Hacıbəyli ailəsi ilə birlikdə
Fransada (1920-ci illər)
Ceyhuna yazdığı 25 aprel 1927-ci il tarixli məktubu
bu baxımdan çox diqqətəlayiqdir və əlavə
olaraq yeni "yoldaş komissarın" da xaricdə kifayət
qədər sərbəst dolandığını göstərir:
"indi bizim Maarif Komissarımız səninlə Parisdə
görüşmüş olan yoldaş Ruhulla Axundovdur.
Hal-hazırda hələ Moskvadadır, işlərə
şuru etməyibdir. Moskvadan qayıtdıqdan sonra onunla
görüşüb, danışacağam və mənim ali
təhsilim haqqında fikrini soracağam".
Başqa bir məktubunda Üzeyir bəy
özünün bu məsələni dönə-dönə
gündəmə gətirməsinin artıq məlum səbəblərini
bir daha xatırladır: "Mən genə də öz
rektorluq qulluğumda baqi, varam. Fəqət ali təhsilim
olmamaq məsələm hər dəfə məni məyus
edir və bəzən işlərimə də zərəri
olur. Ona görə bu qış Moskvaya gedib, Azərbaycan
musiqisinin əsasları haqqında böyük bir məruzə
oxuduqdan sonra, ali təhsilim üçün Almaniyaya göndərilməm
məsələsini təkid edəcəgəm və
ümidvaram ki, bu səfər müvəffəq olaram,
çünki Maarif Komissarlığı dəxi bu fikrimə
şərikdir".
Lakin görünür ki, yeni komissar da daha dərin
maneələrə və səbəblərə söykənən
bu məsələni həll etməyə qadir deyil, amma həqiqətən
yüksək qiymətləndirdiyi Üzeyir bəyə kömək
etmək istəyir, ona ali təhsilini Leninqradda, ya Moskvada
başa vurmağı təklif edir və bu işə lazımi qədər maddi vəsait
ayırmağa da hazır olduğunu bildirir. Lakin Üzeyir bəy
razılaşmır: "Fəqət mən ali təhsilimi
Almaniyada almaq fikrində olduğumu söylədim". İki
il əvvəl Maarif Komissarlığının məhz belə
bir qərar qəbul etdiyini əsas gətirməsi Üzeyir bəyin
o vaxt aldığı rədd cavabının ona nə qədər
dərin təsir qoyduğunu bir daha nümayiş etdirir. Yeni
komissarın və onun müavininin "elə isə bir qədər
gözləmək lazım gələcəkdır" - kimi
cavabını da Üzeyir bəy "razılıqla" qəbul
edir: "Mən dəxi hələ ki, səbr edib gözləyirəm
və ümidvaram ki, bu xüsusda mənə köməklik
yetirərlər".
Əslində bu söhbəti Üzeyir bəyin ali təhsil
almaq barədə 15 ildən artıq çəkən təşəbbüs
və səylərinin son real cəhdləri hesab etmək olar.
Çünki bütün sonrakı illər Ceyhunla yazışmasında
Üzeyir bəy ən müxtəlif mövzulardan,
konservatoriyada və ümumən musiqi sahəsindəki işlərdən, anasından tutmuş az qala
bütün qohumlardan, böyüyən qardaş-bacı
uşaqlarından və nəvələrindən, o cümlədən
Zülfüqar Hacıbəyovun oğulları Niyazi və
Çingizdən söz açır. Nəhayət
özünün gündəlik vəzifələri ilə
yanaşı yaradıcılıq planlarını da
bölüşür, 1929-cu ildə yazıldığı təxmin
edilən məktubda "Gave-yi ahəngər", 1933-cü
ilə aid məktubda isə
artıq "Koroğlu" adlı operalar üzərində
işlədiyini bildirir. Maraqlıdır ki,
yarımçıq qoyduğu "Gave-yi ahəngər"
operası haqda yazarkən Üzeyir bəy bir daha - "Onu
qurtardıqdan sonra hökumətdən izn alıb mən də
zaqranisaya komandirovkaya gedəcəyəm" - deyə hələ
də ürəyində qalan arzusunu dilə gətirir. Və
neçə il sonra, 1933-cü ilə aidliyi ehtimal edilən və
az qala qardaşına hesabat sayıla biləcək məktubunda yenə də bu məsələyə
qayıdır: "Mənim işlərim dəxi çox
yaxşı gedir. Firqəçi yoldaşlarımız və
hökumət əhli mənim fəaliyyətimdən dedikcə
razı olub, mənə lazımınca hörmət edirlər.
Konservatoriyada yaxşı kadrolar hazırladım. Radio nəzdində
not ilə çalan şərq alətlərindən orkestro təskil
etdim. "Koroğlu" adında yeni üsul opera yazıram,
elmi əsərlər yazmaqla məşğul oluram. Bu işləri
qurtardıqdan sonra əcnəbi məmalikə komandirovkaya getmək
hazırlığında olacağam".
Ceyhun Hacıbəyli böyük oğlu Ceyhun
(Ceyçik) ilə (1938-ci il).
Beləliklə, işləyib
çalışmasına hər cür şərait
yaratdığı və bunun müqabilində istedad, zəhmət
və yaradıcılığından geniş bəhrələndiyi
sovet hökuməti qiymətini yaxşı bildiyi bir Sənətkarın
ən ülvi bir arzusunu - Avropa musiqi məkanında, pərəstişkarı
olduğu Vaqnerin vətəni Almaniyada musiqi təhsilini
başa çatdırmasını - nəinki
reallaşdırır, Üzeyir Hacıbəyovun ən
qısa müddətə və öz xərcinə belə
ölkədən çıxmasına da müxtəlif bəhanələrlə
qadağa qoyaraq, onun bu istəyinin də qarşısına sədd
çəkir. Sovet dövlətinin bu məsələdə
ehtiyatlanmasına səbəblər vardımı?
Təbii ki, vardı! Üzeyir bəy xaricə
oxumağa, yaxud hər hansı başqa səbəblə
kiçik müddətə qardaşının yanına getsəydi,
qayıtmaya da bilərdi!
Üzeyir bəyin belə bir əməl
tutacağı necə, ehtimal oluna bilərdimi? Təbii ki, yox!
1918-ci il qanlı mart hadisələrindən, Bakıda
ilk dəfə sovet hakimiyyəti qurulduqdan sonra Üzeyir bəy
öz sənət yoldaşları ilə bərabər, həqiqətən
ölkədən çıxmış və bir müddət
keçmiş ailəsini də İrana gətizdirmiş, Azərbaycana
yalnız Bakı azad ediləndən xeyli sonra, 1918-ci il
oktyabrında qayıtmışdı. Lakin 1920-ci ilin Aprel
işğalı ilə başlanan bütün real təhlükələrə,
dünənki dost və məsləkdaşları -
Cümhuriyyət xadimlərinin acı aqibətinə, hətta
əziz müəllimi Firudin bəy Köçərlinin də
yeni hakimiyyət tərəfindən güllələnməsinə
baxmayaraq, Üzeyir bəy
görünür ki, özü və əsasən qadın və
uşaqlardan ibarət böyük ailəsi üçün
ölkədən çıxmaq imkanı axtarmamış, yəqin
ki, bunu mümkün saymamış və ya lazım bilməmişdir.
Odur ki, hadisələrin gedişini gözləmək və
bundan sonrakı bütün həyatını ən sevdiyi
işə - musiqiyə həsr etmək qərarını
vermişdir.
İşğalçı Qızıl Ordu ilə bərabər Bakıya gəlmiş və dərhal
işə başlamış bolşevik dövlətinin
amansız "cəza maşını" da hansı niyyətlərləsə
Üzeyir bəyə toxunmamışdır. Bu
qarışıq və hər an dəyişilən şəraitdə
Üzeyir Hacıbəyli ilə sovet rejimi arasında sanki dilə
gətirilməyən və gözə görünməyən
qarşılıqlı bir "sazişin"
bağlandığını düşünmək olar. Bu
"sazişlə" Üzeyir bəy özü və
yaxınları üçün ən əvvəl yaşamaq
və azadlıqda qalmaq haqqı əldə etmiş olurdu.
Sovet hakimiyyəti də Üzeyir bəyə bu imkanları yaratmaq müqabilində məşhur bəstəkarın və
xadimin adını, nüfuzunu, istedad və
bacarığını öz dövlət və
ideologiyası maraqlarında istifadə edirdi.
Ceyhun bəylə yazışmasından aydın
göründüyü kimi, ən əvvəl Azərbaycana və
xalqına xidmət kimi qiymətləndirdiyi fəaliyyəti
ilə Üzeyir bəy həm də yeni hökumətin
etimadını qazanmağa çalışmış, bu
etimaddan sovet dövrü iki ən böyük arzusuna
yetişmək - özünün Almaniyada ali təhsil
alması və qardaşının Vətənə qayıtması
- üçün faydalanmağa cəhd etmişdir.
Məktublarında istər öz təhsilinin
davamı ilə bağlı ifadə etdiyi nikbinlik, istərsə
Ceyhuna ünvanlanan: "Sən işlərini qurtarandan sonra
yığışıb buraya gələrsiniz, onda
görüşərik. Hələlik səbr etmək
lazımdır"; "Bu işlər bizi çox nigaran
edir. Ümidvaram ki, axırımız yaxşı olar və
yenə görüşərik, bir az səbr və səbat
lazımdır" - kimi tövsiyələr Üzeyir bəyin
özünün nə qədər səbirli və ümidli
olduğunu göstərməklə bərabər bütün
bu sətirləri yazarkən nələr çəkdiyini,
hansı hisslər keçirdiyini təsəvvür etməyə
də imkan verir. İşlərin gedişinin doğurduğu
nigarançılıq və xüsusilə
"axırımız yaxşı olar" kimi ifadələr
Üzeyir bəyin bu "ümidlərində" heç də
sadəlövh olmadığını göstərirdi.
Son nəticədə, Sovet dövləti bir yaradıcı
insanın qazana biləcəyi şöhrətin ən uca pillələrinə
qaldırdığı və
özünün yetişdirdiyi "Sovet ziyalısı"
kimi təqdim etdiyi Üzeyir Hacıbəylinin məhz bu iki, ən
şiddətli arzusunu ürəyində qoyur.
Bütün gözləntilərinə baxmayaraq,
1926-cı ildən sonra Üzeyir bəyin xaricdə təhsili
ilə bağlı rəsmi surətdə heç bir
müzakirə və qərarlara təsadüf olunmur. 1920-ci
illərin sonu - 30-cu illərin əvvəllərində
Üzeyir bəyin Ceyhuna yazdığı məktublarda ikinci məsələ
də tədricən öz əvvəlki
aktuallığını itirir. Burada ehtimal etmək olar ki,
Ceyhun bəy özü də Vətənə qayıtmaq qərarını
verməyib. Yaxud 1920-ci illərin ortalarında, sovet hökumətinin
əvvəlcə özünün təşviq etdiyi
mühacirlərin ölkəyə qayıtması prosesinin
kütləvi hal aldığı dönəmdə onun
qarşısını kəsmək üçün gördüyü
tədbirlər, hər bir mühacir müraciətinin diqqətlə
öyrənilməsi də Ceyhun Hacıbəylinin Azərbaycana
dönməsini mümkün etməyib. Beləliklə,
Üzeyir bəyin özünə az qala övlad bildiyi
kiçik qardaşı ilə görüşmək ümidi
həyatının sonuna qədər doğrulmur.
1930-cu illərdə ölkədə Stalin rejiminin
getdikcə sərtləşməsi xariclə şəxsi-ailəvi
əlaqələrə də öz təsirini qoyur.
Bütün bu illər ərzində Parisə,
qardaşına maddi yardım göndərən Üzeyir bəy
tədricən nəinki bu imkandan, ümumiyyətlə
qardaşı ilə hər hansı təmasdan çəkinməli
olur.
Üzeyir Hacıbəyovun Ceyhun Hacıbəyliyə həqiqətən
son sayıla bilən məktubu isə artıq tamamilə
qeyri-adi, gözlənilməz, faciəvi bir dönəmdə
yazılacaq və yəqin ki, onun həyatında qələmə
aldığı ən ağır məktub olacaq...
(Ardı var)
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor
525-ci qəzet .- 2026.- 27 fevral(¹ 8).- S.22-23;24.