SAF QAN
Milləti millət edən, onu tarix içərisində
irəlilədən vaxtın burulğanlarında ona dayaq olan
böyük şəxsiyyətlərdir. O şəxsiyyətlərin
və o şəxsiyyətləri yetirmiş qüdrətli nəsillərin
sayəsində millət ucalır. Kökləri dərinlərə
işləmiş nəsillər, onların yetirdiyi müstəsna
övladlar çıraqlar kimidir, millət
çıraqları. Məhz o çıraqların
işığıyla xalq zəmanənin qaranlıqlarını
adlaya bilir.
XIX-XX yüzillərin Azərbaycanını göz
önünə gətirin. Əgər o təlatümlü
dövrün içərisindən yurdumuz, xalqımız, Azərbaycan
dəyanətlə, mətanətlə çıxaraq bunca
yüksəkliklərə gəlib çatdısa, bunun əsas
səbəblərindən biri güclü nəsillər və
o nəsillərin bu millətə bəxş etdiyi
övladlardır. Bakıxanovlarsız, Şahtaxtinskilərsiz,
Topçubaşilərsiz, Şıxlinskilərsiz, Hacıbəylilərsiz,
Şıxzamanlılarsız, Xanxoylularsız, Bədəlbəylilərsiz
bu milləti necə təsəvvür etmək olar?
Bunlar və bunlar kimi onlarca nəsillər XIX-XX
yüzillər içərisində millətin bel sütunu
oldular, yurdun dayağına çevrildilər. O nəsillərin
yetirdiyi övladlar millətin əlindən yapışaraq onu
sabahlara apardılar.
O səbəbdən də millətin gücünü
azaltmaq istəyənlər həmişə onun qüdrətli
nəsillərinə qarşı mübarizələrə
başlayırlar. XX yüzildə, sovet onillərində
hakimiyyətdən gələn siyasi irticanın əsas
qurbanlarından biri elə nəsillər, həmin nəsillərin
böyük övladları oldular. Çünki qəsdə
duranlar yaxşı anlayırdılar: bir imarəti laxlatmaq
üçün gərək onun sütunlarını,
dayaqlarını tərpədəsən.
Ancaq bacarmadılar. Bu nəsillərin kökləri o
qədər dərinlərə işləmişdi,
budaqları o qədər geniş
açılmışdı ki, ən qəddar irticalar, ən
yırtıcı istibdadlar, ən amansız siyasətlər də
onları yolundan sapdıra, onları çökdürə
bilmədi, onları əyməyə gücü yetmədi.
Onları həbs etdilər, gülləyə tutdular,
sürgünlərə göndərdilər, vətəndən
didərgin saldılar. Fəqət bu məğrur nəsillərin
dəyanətli övladları harada olsalar da, milləti və
yurdu yüksəltməyi bacardılar. Məhz o
çıraqları vaxtın ən sərt
qasırğaları heç vaxt söndürə bilmədiyinə
görə bu millətin işığı da heç zaman
azalmır.
Tariximizdə əbədi qalan, millətə güc
verən belə şərəfli nəsillər qafiləsində
əzəmətlə ucalan soylar sırasında Rəfibəylilərin
yeri ayrıcadır.
XIX yüzilin sonları, XX əsr boyu Azərbaycanın
həyatında yaxşı və yaman nə baş veribsə,
hamısı bu nəslin taleyindən keçib. Bu şəcərənin
yaşam kitabını vərəqləmək elə Azərbaycanın
XIX-XX yüzildəki tarixini oxumaq kimidir.
...Sovetlər Azərbaycanı zəbt edəndə 3 əsr
idi ki, Rəfibəylilər Gəncədə
yaşayırdı. Kimsə təsəvvür etməzdi ki,
bu təcavüzün ömrü 70 ildən də artıq
sürəcək. Rəfibəylilər bilməzdilər ki,
bu 70 il boyunca sovet, cəhənnəm əzabını bu
dünyada göstərərək onları 9 dəfə
kütləvi sürgün və həbslərə məruz
qoyacaq, nəslin balalarını yer üzünün onlarca
ölkəsinə və şəhərinə
dağıdacaq, soyu cırlaşdırmağa, nəslin
kökünü biryolluq kəsməyə
çalışacaq. Nəslin yeni övladları
böyüdükcə rejim onları da Sibir tərəflərə,
gedərgəlməzlər sarı yönəldəcək.
Ancaq gedəcəklər, əbədi buzlaq məskənlərində
də hansı nəslin övladı olduqlarını şərafətlə
sübuta yetirəcəklər. Hətta sanki həyatın
bitdiyi yerlərdə də dustaq Rəfibəylilər
seçilməyi, parlamağı, nüfuz, hörmət
qazanmağı bacaracaqlar.
Dövran dəyişdi, başqa əyyamlar gəldi,
vaxt qasırğasından mərdanəliklə
çıxmış Rəfibəylilər yenə yolunu ləyaqətlə
davam etdirir və söz yox, uzaq sabahlaracan da beləcə gedəcək.
Çünki qan həminki qandır, keçmişli, ənənəli,
qol-budaqlı bu nəsli indi - artıq üçüncü
onili tamamlanmaqda olan üçüncü minillikdə də
bir ailə kimi qovuşdurub-səmtləndirən, köklərə
hörmət ruhunda bəsləyən, ardınca aparan ləyaqətli
sərkərdə var. Rəfibəylilərin həm
ağsaqqallıq mənasında, həm də elə
birbaşa rütbə anlamında generalı - ikiqat
generalı Akif Rəfiyev!
Ondoqquzuncu yüzilin sonları, iyirminci əsrin əvvəllərində
Azərbaycanın ən üstün Kişiləri
sırasında adı xüsusi sayğıyla çəkilmiş,
"millət atası" adlandırılmış Ələkbər
bəyin o vaxtlar daşıdığı nəslin
ağsaqqalı olmaq yükünü və məsuliyyətini
bu gün Akif bəy davam etdirməkdədir.
...Ələkbər bəyin qardaşı Qəhrəman
bəyin 1924-cü ildə ürəyi partladı. Yurddan didərgin
salınmış igid qardaşoğullarının,
gözünün qabağında divan tutulan qohum-əqrəbasının,
kor qoyulan ocaqlarının qüssəsi, Şura hökumətinin
bu əzazilliklərinin müqabilindəki məğmunluğu,
heç nə edə bilməmək acizliyi onu
sındırdı və ürək tab gətirmədi.
Qəhrəman bəyin arvadı Güllər xanım
günlərin birində hansısa xırda bir məişət
qayğısına görə qəhərlənmiş gəlini
Həcəri danlamışdı: "Ağlama, bala, günahdır.
Bizim ağlayası o qədər böyük dərdlərimiz
var ki! Gəncə vağzalından Sibirəcən bizim qəbiristanlıqlarımızdır".
Güllər xanım Akif müəllimin nənəsi
idi, Həcər xanım anası.
Güllər Akif müəllimin qızıdır, Həcər
nəvəsi.
1955-ci ilin avqustunda Qəhrəman bəyin oğlu Bəşir
bəy Bakıdan əlində ali məktəbə qəbul
kağızı ilə qayıdan oğlunu sevinclə
qarşıladı. Amma oğlunun onun tövsiyə etdiyi kimi
tibb institutuna deyil, universitetin hüquq fakültəsinə
girdiyini biləndə çırpdı dizinə: "Niyə
belə elədin, a bala?! Axı Rəfibəylidən
hüquqşünas olmaz. Qoymazlar!"
Olmağına olardı və vaxtilə olmuşdu da.
Bəşir bəyin əmisi oğlu İsgəndər Rəfibəyli
hələ 1883-cü ildə Avropada hüquq təhsili alaraq vətənə
qayıtmışdı, Şəki-Zaqatala bölgəsinin
silistçisi (istintaq aparan vəzifəli şəxs, müstəntiq)
işləmişdi. Lakin o dövr ayrı dövr idi və
dünyagörmüş Bəşir bəy övladına həkimlik
peşəsini seçməyi ona görə məsləhət
bilmişdi ki, həbsdə də, sürgündə də bu
sənət işə yarayan idi. Həbs və sürgünsə
artıq bu nəslin aqibətinə daha uyğun idi...
Şura hökumətindən gördüyünü
görmüş Bəşir bəy, əlbəttə ki,
oğlu Akifə - damğalı nəslin balasına dövlətin
hüquqşünas olaraq etibar etməyəcəyinə əmin
idi. Heç ümidi yoxdu ki, universiteti oxuyub qurtarmasına
imkan verilə.
Fəqət siyasi iqlim yumşalırdımı-nəydi,
dövrmü başqalaşırdı, ya bu da sovetin
şeytanın da baş çıxarmayacağı
anlaşılmaz və gözlənilməz gedişlərindəndimi,
Bəşir kişinin möcüzə hesab edəcəyi bir
para işlər baş verdi.
Akif oxumağını başa çatdırıb
hüquqşünas da oldu, Rəfibəylilər
sırasından ilk dəfə kommunist partiyasına da
götürüldü və tarixin, taleyin əcaib
yazısıyla İsgəndər bəydən düz 65 il
sonra növbəti təyinatla Zaqatalaya prokuror göndərildi.
Bəşir kişi 1941-ci ildə həyat
yoldaşından rəsmən ayrılmışdı ki, onu
sürgün edəsi olsalar, arvad-uşağa toxunulmasın.
Rəfibəylilərdə guya ki, dövlətin həbslərindən,
təqiblərindən yaxa qurtarmaqçün fərqli soyadlar
götürmək məcburiyyəti olub. Nə sadəlövh
bir cəhd imiş. Dövlət fasiləsiz nəzarəti və
təzyiqi altında əzdiyi bu nəslin körpəsindən
tutmuş qocasınacan onsuz da hər nəfərindən xəbərdar
idi. Soyad nədir, lap adlarını da dəyişsələr,
baş götürüb ayrı bir respublikaya getsələr də,
xeyri yoxdu - güdükçü sayıq idi.
Elə təkcə Akifgildə bir evdə 3 soyad
vardı - Rəfiyev, Rəfizadə, Cəfərov (Bu,
anası Həcər xanımın qızlıq soyadı idi).
Nə saxta boşanmanın, nə qondarma
soyadbaşqalaşdırmanın köməyi olur - Akifgili də
ailəliklə Gəncədən çıxarırlar. Yenə
bəxtləri gətirir ki, heç olmazsa yaxın rayona -
Ağstafaya göndərirlər...
Akif müəllimlə 30 ildən artıq müddətdə
vaxtaşırı görüşlərimizdən, ünsiyyətlərimizdən
ağrılı bir müşahidəm var - nəslin, ailələrinin
taleyi ilə bağlı ən acı anları, ən qəmli
səhnələri Akif müəllim adətən kefimizin duru
vaxtında, gözəlliklə, dincliklə, asudəliklə
baş-başa olduğumuz saatlarda xatırlayaraq mənə
söyləyib. Hər dəfə yeməyin şirin
vaxtında tikəsini boğazında saxlayan qüssəli
olmuşları məhz belə məqamlarda anmasını bu
cür rahatlıqdan, asudəlikdən, firavanlıqdan onillərlə
məhrum qalmış əzizlərinin narahat ruhları
qarşısında onun üzrxahlığı kimi
qavramışam.
Akif müəllim cavan yaşından Şəmkirdə
prokuror köməkçisi, İsmayıllıda, Mingəçevirdə,
Zaqatalada, Sumqayıtda prokuror işləyib, 10 il sərasər
- 1981-dən 1991-dək Daxili İşlər Nazirliyi
İstintaq idarəsinin rəisi vəzifəsini aparıb.
Cəza orqanlarında işləyə-işləyə
qazandığı da, bir çox başqaları kimi,
var-dövlət yox, insanların hörməti, ehtiramı
olub.
Akif müəllimin vaxtilə vəzifə
başında olduğu rayonlara onsuz səfərlərimdə
dəfələrlə köhnə kişilərdən onun
xeyirxahlığı, nəcibliyi, kübarlığı
haqqında minnətdar xatirələr eşitmişəm.
Elə öz ömrünü yaşayaraq,
görünməyə çalışdığın kimi
deyil, olduğun kimi qalaraq Yaxşı Adam mərtəbəsinə
dikəlməyin sirri sadədir: Akif Rəfiyev heç vaxt
yaddaşsız olmayıb, ömrün heç bir mərhələsində
hansı nəslin şərəfini
daşıdığını unutmayıb, törəməsi
olduğu nəslin ləyaqət dərslərini də daim
xatırlayıb, o ləyaqətlərə yaraşan
addımlar atmağa da daxildən səfərbər olub.
Amma heç vaxt da nəslinin başına gətirilən
müsibətləri yaddan çıxarmayıb, bu zülmlərin
ümumi mənzərəsini ən əvvəl işinin
xüsusiyyətinə, məlumatlılığının
yüksəkliyinə görə digər nəsildaşlarından
daha yaxşı bilib.
Və çox olan dərd bilgisi onda daxili sərtlik
oyatmayıb, onu içəridən qabalaşdırmayıb, əksinə,
acıya məruz qalan hər insana ən əvvəl bu nisgillər
ona nəslinin aqibətindən gözəlcə bəlli
olduğundan, o qəbil insanlara daha həssaslıqla, daha
artıq mərhəmət duyğusu ilə,
canıyananlıqla yanaşıb.
Nəslinin mərd, başıuca
övladlarının örnəyi həmişə Akif müəllimlə
olub və bu parlaq nümunələr onu həm mübariz edib,
həm də çox həyat sınaqlarından
çıxarıb.
Daim yüksək vəzifələrdə olubsa da, tam
rahat ömür yaşayıb da demək düz olmaz. Təsadüflər
elə gətirib ki, ölümlə üzbəüz
qaldığı anlar da olub. 1980-ci illərin sonlarında
Qarabağ qazanı qaynamağa başlayanda Akif Rəfiyevin
günlərinin çoxu oralarda keçirdi. Bu da tale işi
idi - vaxtında bu yerlərdə onun babaları da rus-erməni
fitnəkarlara qarşı qanlı döyüşlərdə
iştirak etmişdilər.
1989-cu ildə onu aparan vertolyotu düşmən
güllələri tutmuşdu və partlayışdan,
labüd ölümdən onu Allah saxlamışdı.
Və hətta bu "ölüm-həyat"
imtahanından sonra da ölümün gözlə qaş
arasında olduğu ən təhlükəli nöqtələrə
dəfələrlə uçmuşdu, Qarabağın
nicatı üçün o vaxt imkanı, bacarıqları
çərçivəsində nə varsa əsirgəməmişdi.
1991-ci ilin sentyabrında Akif Rəfiyevi ədliyyə
nazirinin müavini vəzifəsinə göndərdilər.
Onun və nəslinin qismətindəki ən vacib və
ən rəmzi hadisələrdən biri də elə məhz
bu kürsüdə əyləşdiyi əsnada - 1998-in son
dekabr günlərində baş verdi.
Ölkə Prezidentinin fərmanı ilə Akif Rəfiyev
general rütbəsinə layiq görüldü.
Həmin hadisədən düz 50 il əvvəl
başqa bir Rəfibəyli də general poqonları
taxmışdı - Türkiyədə "Sayqın"
soyadı ilə yaşayan, qardaş məmləkətə
1920-ci ildə Gəncə üsyanından sonra pənah
aparmış hərbiçi Səməd bəy 1948-ci ildə
türk ordusunun paşası olmaq şərəfinə
yetmişdi. Bu ucalışa da xüsusi müstəsnalıq bəxş
edən o idi ki, Səməd bəy Rəfibəyli-Sayqın da
Türkiyədə general rütbəsinə çatan ilk azərbaycanlı
idi! Akif Rəfiyevə isə burda - Azərbaycanda generallıq
nəsib oldu. Əslində onun hələ sovet dövründə
Daxili İşlər Nazirliyində tutduğu vəzifə
general vəzifəsiydi və ədalətlə, insafla
yanaşılsaydı, Akifə bu çin o zaman verilməliydi.
Fəqət, görünür, bu da bir ayrı
naxışdır ki, öz məmləkətində ilk Rəfibəyli
generalı müstəqillik dövründə
yaranmalıymış.
...Qədim və əziz Gəncədə, dədə-baba
yurdları Bağmanlar məhəlləsində, Gəncəçayın
lap sahilində, qaya üstündə Akif müəllim bir ev
tikdirib.
Onsuz da lap çoxdan Akif müəllimin həyatı
Bakıyla bağlıdır. Övladları, nəvələri
Bakıda yaşayırlar və işləri, sənətləri
də elədir ki, paytaxtda da yaşamaqda davam edəcəklər.
Amma Akif müəllim hər ilin yayında iki-üç
ayı orda keçirsə də, həmin evi, həmin həyəti
Gəncədə özündən daha əvvəl məhz
uşaqları, nəvələri, qohum-əqrəbası
üçün tikib-qurub. Bir ocaq kimi! Hərdən-hərdən
hamısının yığışaraq hansı köklər
üzərində bitdiklərini dönə-dönə bir dərs
kimi təkrarlamalarından ötrü, yeni yetişən Rəfibəyliləri
əslə, nəcabətə, rişələrə daha dərin
bağlayacaq ata-baba ünvanı, dədələrin
işığını, hənirini duyacaqları bir
çıraq kimi!
"Gəncə" kəlməsi magik gücüylə
hər zaman bu şəhərdə pərvəriş
tapmış insanları dünyanın hər yerində
yaxınlaşdırdığı, qovuşdurduğu kimi,
Akif müəllimin mülkü də kökə bağlı
cazibəsi ilə saysız ünvanlara, müxtəlif qitələrə,
ölkələrə, şəhərlərə səpilmiş
Rəfibəyliləri mütəmadi olaraq qoynuna alır...
Ağsaqqallıq saqqalın ağarması ilə
yaranan keyfiyyət deyil və bəlkə heç bundan
ötrü yaş şərt də deyil. Ağsaqqallıq əməldən
yaranır. Gəncəçayın sahilində, qaya
üstündəki o yurd Akif bəyin onillər qabaq hələ
ahıl yaşındaykən gerçəkləşdirdiyi
müdrik, ağsaqqalanə əməllərindən biridir ki,
var!
Və o mülkdə yuxarı başda Akif müəllim
iri bir portret asıb.
Bu nə babası Qəhrəman bəyin rəsmidir, nə
atası Bəşir kişinin. Bu, atasının əmisi
oğlu, Gəncənin general-qubernatoru olmuş, artıq 40
yaşlarındaykən Gəncənin və Rəfibəylilərin
ağsaqqalı sayılmış Xudadat bəyin əksidir.
Bu gün və sabah o həyətə üz tutan, Akif
müəllimin başına yığılan Rəfibəylilər
mənə mətin bir generalın ətrafına
toplaşmış əsgərlər kimi gəlir və Akif
müəllimin evinin yuxarı başından asdığı
həmin şəkillə də soyaddaşlarına əslində
nəsihət verir. Yaxşı Rəfibəyli, yaxşı
azərbaycanlı olmağın öyüdünü!
Nə bir nəslin əsl mənəvi generalı olmaq
asandır, nə də zərli poqonlarla yox, bütün mahiyyətiylə
vətənin əsl generalı olmaq.
Onunçün də, bununçün də həm dərs
almağı, həm dərs verməyi bacarmaq lazımdır.
Akif Rəfiyev ömrü boyu onu da, bunu da bacarıb.
Xatirələr qanadında uşaqlıq illərinə
qayıtmağı əksəriyyət xoşlayır.
"Hamı" yazmıram ona görə ki, bu dövrün
insan ömründəki ən qayğısız bir parça
olmasına baxmayaraq, bəzilərindən ötrü
uşaqlıq sarsıntılı, qorxulu yuxu kimi keçib və
həmin illəri yada salmaq onlara həmişə könül
rahatlığından daha artıq daxili səksəkə gətirir,
bu, hər dəfəsində qaysaq bağlamış
yaranı təzədən qanatmaq kimi olur.
Elə biri Akif müəllim. Danışır və
o olmasın, sən ol, mən olum, bu xatirə
yükünü bir ömür daşımaq asandırmı:
"Ailədə 4 uşaq idik, böyüyü məndim.
Müharibə dövründə nənəmlə gedərdik,
çörək növbəsinə durardıq. Gecə saat
4-də. Çörəyi kartoçka ilə verərdilər
və kartoçkada hansı ünvan göstərilibsə,
çörəyini yalnız həmin dükandan ala bilərdin.
Bir nəfərə də 2 kilodan artıq çörək
vermirdilər. Ona görə nənəmlə ikimiz gedərdik.
Həm də ailənin tərkibi böyük idi, verilən
çörək əslində heç çatmırdı.
Gedib dururduq növbəyə və adətən də iki
sıra növbə düzülərdi. Növbəmizin
çatmasına bircə adam qalanda bizi tanıyan çörəksatan
dillənirdi ki, indi o biri növbədəkilərə
çörək veriləcək. Bizə vermirdilər,
başlayırdılar o biri sıradan arxadan əvvələ
doğru gəlməyə. Yenə növbə bizim sıraya
keçib, həmin qayda ilə davam eləyəndə, bizə
bir-iki adam qalanda dübarə keçərdilər o biri
sıraya. Nənəm çarşablı, ismətli-abırlı
qadın idi. Axırı bizim sırada qarşımızda
olan, arxamızda dayananlar nənəmi itələyib növbədən
kənarlaşdırırdılar ki, çıxın gedin, nə
istəyirsiniz, sizə görə bizə də çörək
vermirlər. Gecə saat 4-dən bu minvalla gün
çıxanadək növbədə qalardıq, görərdin
dan yeri qızaranda dükançı kal səslə
hündürdən deyərdi ki, daha
dağılışın, çörək qurtardı.
Kor-peşman çıxardıq ordan, nənəm
qayıdardı ki, narahat olma, oğul, atan gedib alar. Atam
yazıq hardan alacaq? Vermirdilər, verən olsaydılar, bizi
gecə saat 4-dən sübhə qədər gözlətməzdilər
ki! Başımıza o qədər belə işlər gəlib
ki! Oxuduğumuz məktəb Bağır bəyin evi idi, 21
otaqdı. Ora olmuşdu Lenin adına 2 nömrəli orta məktəb.
Müəllimlər də bilirdi ki, bu bizim, Rəfibəylilərin
evidir. Atam israrla tapşırardı ki, nəbadə deyəsən
bu bizim evdir, qətiyyən dilinə gətirmə. Biz də
başa düşürdük, bu barədə
cınqırımızı çıxarmırdıq".
Hər gün dərslər bitəndə, məktəbdən
evə qayıdanda adətən uşaqlar pioner qalstukunu
boynundan açıb çantaya qoyardı. Kim ki sovet
dövrünü yaşayıb, pioner olub, məktəblilərin
belə şakərindən xəbərdardır.
Akif onda 5-ci sinifdə oxuyurdu. Bir gün Bəşir
kişi məktəbdən qayıdan Akifi qalstuksuz görəndə
rəngi avazıdı: "Oğul, sən o biri uşaqlara
baxma. Bizim daşımız ağırdır. Sənin qalstuku
açmağına ad qoyarlar. Deyərlər ki,
qırmızını bəyənmir".
(Öz aramızdır, elə əslində Rəfibəylilərin
rənglər içində qırmızı ilə heç
arası yoxmuş. Artıq dünyanın nisbətən
düz vaxtlarında, nəslin başı üstündən
buludların dağıldığı 1970-ci illərdə Bəşir
kişi bir dəfə uşaqlarına görkəmli
maarifçi Cavad bəy Rəfibəylidən danışanda:
"O rəhmətlik qırmızı görəndə dəli
olurdu", - söyləyibmiş).
...Akif müəllimin hafizəsində tək
özünün yox, nəslin digər uşaqlarının da
hansı vahiməli günlər yaşamasının
yaddaş qəlpələri qalır.
Xudadat bəyin dəyanətli ömür-gün
yoldaşı Cəvahir xanımın ona nağıl etdiyi əhvalatı
və həmin qəmli hekayəti tamamlayan və artıq
yaşlı çağlarında Nigar xanım Rəfibəylinin
söylədiklərini Akif bəy belə çatdırır
ki, Gəncə üsyanı vaxtı Xudadat bəyin
aparılmasından iki-üç gün
ötürmüş. Gecələrdən birində qapı bərk
döyülür. Cəvahir xanım açıb
görür ki, patrondaşlı bir kişidir - camaat
arasında "Bolşevik Mustafa" deyilən şəxs. Həmin
adam hökmlə əmr edir ki, tez yığışın,
fayton gözləyir. Xudadatla Cəvahirin 3 uşağı
vardı - Kamil 11, Rəşid 9, ən kiçikləri Nigar 7
yaşında. Cəvahir xanım Mustafaya müraciət edir
ki, bilirəm bizi aparıb güllələtdirəcəksən.
Birincisi, xahiş edirəm bizi güllələyəndə sən
güllələ, ermənilərin əlinə vermə.
İkinci xahişim odur ki, mənim yanımda uşaqlarımı
güllələmə, birinci məni, sonra uşaqları vur.
Mustafa yenə soyuq və kobud tərzdə
çımxırır ki, çox danışma, tez ol, fayton
gözləyir.
Cəvahir xanım üstündən xeyli vaxt
sovuşandan sonra da üşəntisi toxtamamış dəhşətlə
xatırlayırmış: "Bizi aparırdılar, ətrafa
o qədər meyit səpələnmişdi ki, şəhərdə
fayton, atlar yeriyə bilmirdi. Nigar balaca idi, tez əlimi onun
gözünə tutdum ki, addımbaşı rastımıza
çıxan cəsədləri görüb
qorxmasın".
O müdhiş günün bu anlarının xatirəsini
Akif bəyə Nigar xanım da ixtiyar çağlarında
danışıbmış və deyirmiş ki, anam əliylə
gözümü qapatmışdı, ancaq barmaqlarının
arasından hər tinbaşı çoxlu meyitləri
görürdüm.
Cəvahir xanım bunu da dünyanın
yaxşılardan xali olmamasının ibrətli hekayəti
kimi söyləyirmiş ki, elə bilirdik bizi aparıb
güllələyəcəklər, xeyli gedəndən sonra
bolşevik Mustafa bizi tamam təhlükəsiz bir məhəllədəki
həyətə saldı. Pıçıltıyla dedi ki,
qorxmayın, sizin təhlükəsizliyiniz təmin olunub.
Cəvahir xanım bunu da söyləyirmiş ki, o adam
bolşevik də olsa, düşmən də olsa, qeyrətli gəncəli
idi. Düşünüb ki, qubernatorun yoldaşı,
uşaqları ermənilərin əlinə düşər,
- erməni də o günlərdə belə girəvəni
göydə gəzirdi, - ailəyə amansızlıqla divan
tutarlar.
Nigar xanımın başlanğıcı bəxtiyar,
ardı bədbəxt keçən uşaqlıq, yeniyetməlik
illərindən yaddaşında bu anlar da qalıbmış
ki, "qonşular bizə o qədər azuqə gətirmişdilər
ki, yeyib qurtara bilmirdik".
Nigar xanım deyirmiş ki, o günlərdə
tanımadığımız qonşuların gətirdiyi təzə
təndir çörəyinin ətrini heç unuda bilmir.
Yaddan çıxmayan, heç vəchlə unudula bilməyən,
zamanaşırı hafizədə pırtlayıb üstə
qalxan əslində təzə təndir çörəyindən
çox o qorxunc günlərdə belə itməyən,
solmayan, öləziməyən vəfanın, etibarın, sədaqətin
ətri idi...
Açığı, həmişə Akif Rəfiyevin
cavan yaşından məsul vəzifələr tutması, irəliləməsi,
Rəfibəyli olsa da, sovet dönəmində
qarşısında maneələr yaradılmaması məni
təəccübləndirmişdi. Çünki Rəfibəylilərə
münasibətdə sovetin hansı qəddar və
barışmaz mövqedə olmasını keçmiş
Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində
baxdığım onlarla cinayət işindən bilməyimdən
əlavə, 1980-ci illərin sonlarında, sovetin ciddi şəkildə
laxladığı, süqut astanasında dayanmasının
hiss olunduğu, artıq Kremlin özü tərəfindən
siyasi repressiyaların bir dövlət irticası olaraq geninə-boluna
pisləndiyi çağlarda belə bu nəslə münasibətdə
köntöy yanaşmaların hələ də tükənmədiyinə
rastıma çıxan bir hadisədən şahid
olmuşdum.
Onda Azərbaycan Həmkarlar Təşkilatının
"Ülfət" qəzetində Rəfibəylilərlə
bağlı silsilə məqalələr dərc etdirirdim.
Redaksiyanın əməkdaşları da, qəzetin redaktoru da
dostlarım idi, bir gün mənə xəbər verdilər
ki, yuxarıdan bunlara təpinən olub ki, nə
yapışmısız bu bəylərdən, sizin qəzetiniz
zəhmətkeşlərin qayğılarından
yazmalıdır.
Zəhmətkeşlikdən söz
düşmüşkən, bu zavallı Rəfibəylilərin
adları bəy olmuşdu. Geniş üzüm bağları
varmış, məhsul yığımı vaxtı əlavə
qüvvəyə ehtiyac olanda muzdla işçilər
götürərmişlər, amma onlara qoşulub özləri
həmin fəhlələrdən çox işləyərmişlər.
Uzun sözün qısası, bir Rəfibəylinin
dövr və siyasət nə qədər dəyişsə də,
gah o rayona, gah bu rayona prokuror göndərilməsi, heç
yerdə də büdrəməməsi məndə bu nəslin
sərgüzəştlərinə yaxından bələd
adam kimi sadəcə təəccüb deyil, heyrət də
oyatmışdı. Sən demə, qısma-boğmalar da, Akif
Rəfiyevin kitabını biryolluq bağlamaq cəhdləri də
olubmuş. Akif bəy söyləyir ki, (mən hər dəfə
israrla Akif Rəfiyevi "müəllim"dən daha
çox "bəy" kimi yazanda bu sözün cəbhəçilərin
ifasında işlək olan, hər kişiyə aid edilən
anlamını yox, elə əsl sənədli-sübutlu
gerçək bəy mənasını nəzərdə
tuturam) karyerası boyu müxtəlif təyinatları ərəfəsində
unudulmaz Heydər Əliyev onu 5 dəfə qəbul edib. Bir dəfə
vəziyyət lap böhranlı imiş. Rayonun adını qəsdən
açıq yazmıram ki, dərhal hesablayıb həmin
adamın kim olduğunu tapacaqlar və bir bədxahın, yaxud
səhvetmişin ucbatından isə indi, illər sonra
övladlarının əziyyət çəkməsini istəmirəm.
Rayon prokuroru Akif Rəfiyev prinsipiallıq göstərirmiş,
düzlük, ədalət ardınca imiş, bu isə sovet
dönəmində "balaca padşah" adlandırılan,
rayonun real yiyəsi hesab edilən raykomun birinci katibinin şəstinə
toxunurmuş, müəyyən tapşırıqlarını
"qanun yol vermir" deyə rədd edən prokurorun əlindən
zəncir çeynəyirmiş. Katib əleyhdarlar təşkil
edibmiş və söhbət şişə-şişə gəlib
Mərkəzi Komitənin bürosuna qədər
çatıbmış. Açıq şəkildə
mövzunu belə qoyurmuşlar ki, bu prokuroru partiyadan xaric etmək
lazımdır, çünki o, qərəzlidir, yalnız
kommunistləri məsuliyyətə alır. Sovet dönəmində
bu, öldürücü bir ittiham idi. Guya bu adam sovet dövlətinin
çoxsaylı cəzalar verdiyi bəy nəslinin təmsilçisi
kimi tutduğu prokuror vəzifəsindən qisas aləti kimi
istifadə edir. Akif Rəfiyev həyatının o narahat
günlərinin hər dəqiqəsi ilə bərabər həyəcanlarını
belə xatırlayır: "Allah o vaxtlar daxili işlər
naziri olan Arif Heydərova qəni-qəni rəhmət eləsin.
Mərkəzi Komitənin Büro iclasından əvvəl mənə
dedi ki, sən çox danışma. Heydər Əliyevin
çox danışandan xoşu gəlmir. Ancaq sənə
sual versə, cavab verərsən. Mən də qayıtdım
ki, Arif Nəzəroviç, axı mənim taleyim həll
olunur, necə susum? Dedi ki, yox, özünü təmkinli apar,
Heydər Əliyeviç bütün təfərrüatlardan
agahdır, narahat olma, yaxşı qurtarar. Nə isə, iclas
başlandı, növbə gəlib çatdı mənim məsələmə,
rayonun birinci katibi durdu, məni yıxdı-sürüdü,
ittiham etdi ki, bu adam Gəncə qubernatorunun nəvəsidi,
bizdən, kommunistlərdən qisas alır. Heydər Əliyev
ağıllı adam idi, bilirdi burda
danışılanların hamısı protokola
yazılır, üstəlik Moskvanın canişini, Mərkəzi
Komitənin ikinci katibi Kozlov orda, Dövlət Təhlükəsizlik
Komitəsinin sədri Krasilnikov burda, ona görə də
soruşdu ki, bu prokurorun qohumu nə vaxt qubernator olub? Dedilər
ki, bəs, 1918-20-ci illərdə. Dərhal da Heydər
Əliyev növbəti sualını dilə gətirdi ki, bəs
prokuror nə vaxt anadan olub? Cavab verdilər ki, 1936-cı ildə.
Heydər Əliyev bu sözləri rusca dedi ki,
yaxşı, elədirsə, qubernatorun bu cavan prokurora nə
aidiyyəti var?!
Elə bununla da Heydər Əliyev həyatımı,
gələcəyimi xilas etdi.
Bu işi qurmuşdular, məsələni belə həddə
çatdırmışdılar ki, partiyadan qovulmağıma,
həbs edilməyimə müvəffəq olsunlar. Amma tərsinə
alındı. Məsələ mənim xeyrimə tamam dəyişdi.
Birinci katibə cəza verdilər, məni də partiyadan kənar
etmək yox, başqa bir rayona işə göndərmək
haqda qərar qəbul etdilər. Sonralar daxili işlər
nazirinin müavini, istintaq idarəsinin rəisi oldum. Orda da yenə
neçə il işləyəndən sonra
yazdılar-pozdular, əleyhimə iş apardılar, nail oldular
ki, təqaüdə göndərilmək adı ilə 55
yaşında işdən çıxarılım. Ancaq yenə
qayıtdım, təzədən 12 il ədliyyə nazirinin
müavini işlədim. Yəni yaxşı kişilər, o əsli,
kökü olan insanlar bizə həmişə hörmət
ediblər, qoruyublar. Bizə qarşı bütün sovet
dövründə olan düşmənçiliyin kökü
isə erməniçilikdən gəlir. Rəfibəylilər
XX əsrin ilk onilliklərində ermənilərin
xalqımıza qarşı qaniçənliyi əleyhinə
mübarizənin qabağında gedənlərdən olub. Gəncədə
ermənilər azərbaycanlıları qıran vaxtlarda -
1905-ci ildə Dəli Alını dağlardan
çağırtdırıb Gəncədə onlara divan
tutdurulması heç vaxt ermənilərin yadından
çıxmayıb. Bir dəfə mən daxili işlər
nazirinin digər müavini Kamil Məmmədovla Dağlıq
Qarabağa getmişdim, 1988-ci il idi, Gevorkov da orda birinci katib
idi. Məni Kamil müəllim ona "İstintaq idarəsinin
rəisi polkovnik Rəfiyev" kimi təqdim edəndə
Gevorkov əl verdi, görüşdü, ancaq əlimi
buraxmadı, dedi ki, sən Rəfibəylisən, niyə Rəfiyev
yazdırmısan? Cavab verdim ki, mən anadan olanda Rəfiyev
idim. Dedi ki, hə, bu, məşhur familiyadır. Mən daha
üstünü vurmadım. O, bizləri yaxşı
tanıyırdı, Rəfibəylilərin ermənilərə
necə müqavimət göstərməsindən xəbərdar
idi".
...Qocaman, gövdəli çinarlar, duruşu
vüqarlı yaşıl gözəllər. Çinar həyət-baca
ağacı deyil. Lap öz həyətinə əkib
qırağına hündür hasar da çəksən,
böyüyüb divarı aşacaq, kölgəsini, sərinini
başqalarına da bağışlayacaq. Təbiət
çinarın alnına hamının olmağı yazıb.
Rəfibəylilərin də payına çinarlar kimi Gəncənin,
Azərbaycanın neçə-neçə şanlı nəsilləri
kimi tək öz evləri, öz əqrəbası
üçün deyil, millətdən ötrü ömür
sürmək düşdü. Onların taleyi XX əsr
içindəki Azərbaycanın taleyindən oldu:
sarsıntılı və fərəhli, əzablı və məsud,
nakam və ümidli. Amma son olaraq zəfərli! Çünki
xeyir daşıyanların son ucda qisməti başqa sayaq olmur.
Rəfibəylilərin generalı, qiymətli azərbaycanlı
Akif Rəfiyevin doxsanına başı uca, alnıaçıq
çatması, nəslinin bütün keşməkeşli
aşırımları adlayandan sonra tarix yolları ilə elə
əvvəlki əzmi və nəcibliyi ilə irəliləmək
xoşbəxtliyinə yaşından xeyli cavan bir vücud və
ruhla şahid kəsilməsi də Tanrının və Taleyin
lütfü, Tarixin həmin dəmir məntiqinin daha bir təsdiqidir.
...Çoxdankı söhbətdir, növbəti dəfə
Türkiyəyə getmişdim. Orda keçirilən bir beynəlxalq
konfransda iştirak etməli idim. Konfrans üçün əla
bir məkan seçmişdilər - Mərmərə dənizinin
sahilindəki Sivrili şəhərini. Arada İstanbula gəlmişdim,
fürsətkən bir neçə Rəfibəyli ailəsinə
baş çəkərək lazımi tarixi sənədləri,
fotoları toplamışdım. Axşamlardan birində
İstanbulda - Bəyoğluda məşhur "Çiçək
pasajı"nda şam etmişdik - yazıçı Eldəniz
Qurtulan idi, Emin Sabitoğlu, Anar, mən (Heyhat, artıq nə
Eldəniz bəy yaşayır, nə Emin).
Müəyyən saatda bizim üçün
ayrılmış avtobuslar yola düşəcəkdi.
Şad-xürrəm gəlib çatdıq Sivriliyə. Bir
neçə saat sonra qəfildən diksinən kimi oldum.
Yadıma düşdü ki, içərisində Rəfibəylilərlə
bağlı müxtəlif ailələrdən topladığım
hərəsi bircə nüsxə olan nadir sənədlər,
fotolar, qəzet kəsikləri yoxdur. Həyəcan içərisində
tələsik nömrəsini taparaq bayaq şam etdiyimiz
restorana telefon açdım. Baxdılar, söylədilər
ki, yox, sizdən sonra bir qovluq qalmayıb. Yeganə ümid yeri
avtobus idi. Çox pərişan olmuşdum. Çünki mən
tarixi itirmişdim. Elə tarixi ki, onu bərpa etmək
mümkün deyildi. Ailələr bunları illərcə
göz bəbəyi kimi qoruyaraq saxlamışdı, mənə
etibar etmişdilər. Üstəlik, həmin qovluqda
görüşlər əsnasında etdiyim qeydlərin əks
olunduğu vərəqlər vardı. Beləcə, tarixin
qiymətli bir parçasını qeyb etmişdim. Təlaş
içində vurnuxurdum. Söylədilər ki, o avtobus ki sizi
gətirmişdi, şəhərə gedib. İstanbuldan
axşam saat 11-də bir də qayıdacaq. Gəlib durdum o
dayanacaqda ki, bayaq avtobus bizi gətirmişdi. Bir addım da
aralanmadım ki, bəlkə arada gələr-gedər, xəbər
tutmaram. İntizar içərisində gözlədim, nəhayət,
saat 11 oldu, avtobus yaxınlaşınca daha adamların
düşməsini gözləmədən tez
sürücüyə üz tutdum ki, burda mənim bir
qovluğum qalıb, içərisində çox vacib sənədlər
var. Avtobusda İstanbuldan qayıdarkən oturduğum yerin
başüstü dolabına baxdım - qovluq orda idi. Ürəyim
sakitləşdi. Tarixi yenidən tapmışdım. Tarixin əziz
bir parçası yoxluqda əriyib itməkdən xilas
olmuşdu.
...Bütün bu işləri mən ona görə
edirəm ki, tarixin munis parçaları qeybə çəkilməsin,
dünənlə körpülər qırılmasın. Bu
tikəparələrin hər birində Vətənin dünəni,
millətimizin taleyi, Azərbaycanımız var.
Azərbaycanı, yurdumuzu, millətimizi daha
yaxşı tanıdıqca biz hamımız içəridən
daha zəngin olacağıq, keçmişimizi
yaxşısı və yamanı ilə, sevinci və kədəri
ilə biz daha dürüst bildikcə isə gələcək
qoynunda daha rahat və inamlı addımlaya biləcəyik. Bu
da bir ayrı səadətdir ki, tale bu yolda bizdən Akif Rəfiyev
kimi mötəbərləri, bütün varlığıyla
tarix və körpü olan bələdçiləri əsirgəməyib.
23 fevral 2026
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2026.- 27 fevral(№ 8).- S.20-21.