Məşhur
"Grammar Azi" səhifəsi satılır
"Grammar Azi"nin yaradıcısı Murad Hüseynov:
"Bu səhifəni yaratmazdan əvvəlki həyatım
üçün darıxdığımı hiss etdim"
Sosial şəbəkələrdə məşhur
olan "Grammar Azi" səhifəsinin yaradıcısı
Murad Hüseynov ilə söhbət
- Murad bəy, eşitdik ki, səhifəni satmaq istəyirsiniz.
Maraqlıdır, niyə belə bir qərar verdiniz?
- Son vaxtlar səhifəni yaratmazdan əvvəlki həyatım
üçün darıxdığımı hiss etdim. Təxminən
bir il əvvəl anladım ki, bu səhifə mənə
ziyan verir, vaxtımı alır və artıq bununla məşğul
olmaq istəmirəm. Yerli internet seqmentinin içinə daha
çox daxil olduqca məni zəhərlədiyini, xarakterimə
mənfi təsir göstərdiyini hiss etdim.
- Niyə belə düşünürsünüz?
- Bir nümunə çəkim. Bir müddət əvvəl
təhsil naziri Emin Əmrullayevin paylaşımında yazı
səhvini göstərmişdim. "Səbr" sözü
səhv yazılmışdı. Jurnalistlərdən biri
orfoqrafiya lüğətinə baxmaq əvəzinə məsələ
ilə bağlı dilçidən rəy öyrənmişdi.
Təəssüf ki, həmin dilçi də sözün
düzgün yazılışını bilmirmiş. Nəticədə
xəbər yayımlandı ki, guya nazir haqlıdır,
"Grammar Azi" səhv edib. Bundan sonra səhifəyə
onlarla insan yazdı. Biz də həmin adamların
hamısına bir-bir lüğətdən şəkil
göndərərək bildirdik ki, nə bizə, nə də
kiməsə inanmaq lazımdır - rəsmi orfoqrafiya
lüğətinə baxmaq kifayətdir.
Səhv etmək insani haldır, mən özüm də
səhv edə bilərəm. Amma düzgün
yazılışı öyrənmək üçün rəsmi
mənbə varkən başqa alternativ axtarmağa ehtiyac
yoxdur. Bu kimi xoşagəlməz situasiyalarla dəfələrlə
qarşılaşmışam. Əlbəttə, bu illər ərzində
çox gözəl insanlarla da tanış olmuşam. Lakin
ümumi tərəzidə səhifənin mənə verdiyi
yük qazandırdıqlarından ağır gəldi.
- Səhifəni neçəyə
satırsınız?
- 15 min manata.
- Müştəri varmı?
- Hələlik yalnız qiymətlə maraqlananlar var.
- Səhifənin sonrakı taleyi sizi narahat etmir?
- Düzünü desəm, yox.
- Maraqlıdır, necə oldu ki, belə bir səhifə
yaratmaq qərarına gəldiniz?
- "Grammar Azi"ni 2016-cı ildə
yaratmışam. Həmin dövrdə sosial şəbəkələrdə
insanların Azərbaycan dilinin yazı qaydalarına ya səhv
əməl etdiyini, ya da ümumiyyətlə əməl etmədiyini
görürdüm. Bu səbəbdən belə bir səhifə
yaratmaq qərarına gəldim.
- Uğur zaman aldı?
- "Grammar Azi"ni böyük uğur hesab etmirəm,
sadəcə bir feysbuk səhifəsidir.
- Amma Azərbaycan reallığında 70 min insanı
maarifçi bir səhifə ətrafında toplamaq ciddi nəticədir.
- "Grammar Azi" yazı qaydalarını
paylaşmaqla yanaşı, səhvləri konkret nümunələr
üzərindən göstərir. İdeyanın müəyyən
qədər orijinal olması ilə razıyam. Səhifənin
inkişafına vaxt və intellektual əmək sərf
etmişəm. Bunun dəyərləndirilməsi, əlbəttə,
xoşdur. Amma nəticə birdən-birə əldə
olunmadı. 2016-cı ildən səhifə mövcud idi, lakin
daha aktiv fəaliyyət 2019-cu ildən başladı.
- İnkişafı ən çox nədə hiss
etdiniz?
- Əvvəllər reaksiyalar çox az idi. Amma buna
baxmayaraq, davam edirdim. Özüm üçün intizam yaratmışdım
və tək işləsəm də, hər gün
paylaşım edirdim. Bir-iki şərh belə mənim
üçün nailiyyət idi. İzləyiciləri adbaad
tanıyırdım. Açığı, həmin dövrdə
səhifəni idarə etmək mənə daha çox
zövq verirdi.
- Niyə?
- Çünki auditoriya daha uyğun idi. Səhifə
tanındıqca mövzuya uyğun olmayan insanlar da artdı. Bəzən
səhifəni tanımayan biri sadəcə gülməli
şərh yazaraq çoxlu bəyənmə toplayır. Mən
yumora qarşı deyiləm. Amma yazı qaydaları ilə
bağlı müzakirə mövzuya bələd insanlar
arasında aparılanda bu, daha faydalı olur. Təəssüf
ki, bəzən "da" şəkilçisinin ayrı
yazıldığını bilməyən şəxslər
də müzakirəyə qoşulur. Bu isə istənilən
səhifə idarəçisinin qarşılaşa biləcəyi
haldır və müəyyən mənada bununla
barışmaq lazımdır.
- Yazılarındakı səhvləri
paylaşdığınız insanlar arasında aqressiv reaksiya
verənlər olurmu?
- Bəli. Hətta bir dəfə xarici bir telefon
nömrəsindən təhqir və hədə-qorxu mesajı
da almışam.
- Kim olduğunu öyrənmədiniz?
- Xeyr, özünü təqdim etmədi. Mən də
təhqir və söyüş yazan insanla dialoqa girməyə
ehtiyac görmədim.
- Bəs qurumların tənqidlərə reaksiyası
necə olur?
- Ciddi qurumlar adətən adekvat reaksiya verir.
Qeyri-adekvat münasibət daha çox əyləncə sahəsində
tanınan insanlardan gəlir. Düzü, bizim məqsədimiz
hər hansı reaksiya yaratmaq yox, düzgün
yazılış variantını göstərməkdir.
Üstəlik, səhvlər səhifədə
paylaşılmazdan öncə həmin paylaşımın rəy
bölməsində yazılır. Mən komanda üzvlərimizə
də həmişə deyirəm ki, biz daha çox o şəxslərin
və qurumların yazılarını paylaşmalıyıq
ki, onların adekvat reaksiya vermək ehtimalı daha çox
olsun.
- Hazırda komandada neçə nəfər var?
- Üç nəfərik.
- İxtisasca iqtisadiyyatçısınız.
Dilçilik sahəsinə maraq necə yarandı?
- Mənim müəllimlər sarıdan bəxtim gətirib.
Üstəlik, səhifəni idarə etdiyim müddətdə
yazı qaydalarını daha dərindən öyrəndim.
Çünki gələn suallara cavab vermək
üçün ciddi mənbələrə istinad etməli
olurdum. Araşdırmalar mənim də biliklərimi
artırdı. Buna baxmayaraq, yenə də
düşünmürəm ki, Murad Hüseynov dili çox
yaxşı bilir. Ümumiyyətlə, müəyyən qədər
yazı qaydalarından xəbərdarsınızsa, deməli,
dil bilgiləriniz 50 faiz azərbaycanlıdan daha çoxdur. Məsələn,
"da" şəkilçisini ayrı yaza bilirsinizsə, ən
azı 30 faiz azərbaycanlıdan dili daha yaxşı
bilirsiniz.
- Yəni vəziyyət doğrudan da bu qədər
pisdir?
- Mənim müşahidələrim bunu göstərir.
- Azərbaycan dilini zəngin hesab edirsiniz?
- Dilin zənginliyi söz sayından çox, ifadə
və yaradıcılıq imkanları ilə
ölçülür. Bu baxımdan Azərbaycan dilinin zəngin
olduğunu düşünürəm.
- Bu illər ərzində ən çox hansı
sözün yazılışı sizi təəccübləndirib?
- "Karyera" sözünün "kariyera"
kimi yazılması məni çox təəccübləndirir.
Çünki danışıqda belə o "i"ni demirik.
Eyni şəkildə "sürpriz" sözünün səhv
yazılışı ilə də tez-tez
qarşılaşıram. Belə nümunələr
çoxdur.
- On ilə yaxındır "Grammar Azi" ilə yol
gəlirsiniz. Əziyyətinizin bəhrəsini
gördünüzmü?
- Mənim belə bir hədəfim olmayıb. Necə
deyərlər, samuray üçün əsas olan məqsəd
yox, ona aparan yoldur.
Aytac SAHƏD
525-ci qəzet .- 2026.- 27 fevral(№ 8).- S.17.