"Mahnı oxumaq
muğam ifa etməkdən çətindir"
Xalq artisti Gülyanaq Məmmədova: "Həmişə
arzulamışam ki, övladlarım da bu sənətdə
olsun"
Hər dəfə incəsənət haqqında yazmaq
lazım gələndə düşündüyüm ilk sual
bu olur - incəsənət nədir? Və hər dəfə
də müxtəlif cavablarla qarşılaşmışam, bəzən
isə özüm tapmağa çalışmışam bu
cavabı. Köklü çinar ağacına bənzəyən
bu sahənin o qədər müxtəlif istiqamətə
boylanan şaxələri var ki, incəsənət insanın
özünü ifadə etmək imkanlarından daha
artığıdır deyə, düşünməyə əsas
yaranır. İncəsənət təkcə estetik zövq
deyil, o, özlüyündə böyük məsuliyyətin
daşıyıcısıdır. Ona görə ki, sənətkar
dilə gələndə tək özünün deyil,
böyük bir toplumun hisslərini də ifadə edir. Musiqi isə
bir qədər fərqlidir. Burada sözün
çatmadığı yerdə səs danışa bilir. Səs
isə insanın içindən gəldiyi qədər
gerçəkdir...
Onları həmişə cüt görməyə
daha alışqanıq. Səhnədə yanaşı dayanan
iki səs, bir-birini tamamlayan iki nəfəs, eyni kökdən
gələn iki avaz. Tamaşaçı üçün bu
birlik artıq bir obrazdır, qoşalaşmış
tamlığın vəhdətidir. Sənətdə
qazandıqları uğurlara görə layiq olduqları fəxri
adların, təltiflərin sevincini belə eyni zamanda bərabər
yaşayıblar. Lakin hər səsin öz taleyi, öz daxili
yolu var. Hərəsinin səhnəyə gətirdiyi yalnız
sənət deyil, illərin zəhməti, məktəbi və
yaşanmışlarıdır. Qonağımız həmin
cütlüyün bir yarısı, xanəndə, vokal
ifaçısı, Azərbaycan və Özbəkistan
respublikalarının Xalq artisti, Qabaqcıl təhsil
işçisi, Mədəniyyət və İncəsənət
Universitetinin Muğam sənəti kafedrasının dosenti Gülyanaq Məmmədovadır.
- Çox zaman istedadın kökdən
qaynaqlandığını görürük...
- Əslində elə dediyiniz kimi də var. Nənəmin
və anamın gözəl səsi olub. Ailədən
eşitdiklərimdən bilirəm ki, nənəm II Dünya
müharibəsi dövründə gözü yolda qalan
qız-gəlinlərə aclığı, qorxunu unutdurmaq
üçün insanları ətrafına toplayıb
çalıb-oxuyarmış ki, onların, azacıq da olsa,
fikri dağılsın. Sonradan kəndimizin ictimai həyatında
fəal rolu olub, kənd sovetinin deputat kimi irəli çəkilib.
Çal-çağırlı ailəmiz olub. Atam qara-zurna,
qardaşım qarmon ifaçısı idi. Yəni
gözümü açandan ətrafımda musiqi
eşitmişəm. Ailənin ərköyün, şıltaq
və sevilən övladı olmuşam. Üç-dörd
yaşından özüm üçün eşitdiyim
mahnıları oxuyurdum, xoşuma gələn musiqinin sədaları
altında rəqs edirdim. Amma ilk olaraq səsimi sinif müəlliməm
kəşf etdi. Əlifba bayramında Xuraman müəllimə
mənə "Nargilə" mahnısını ifa etməyimi
tapşırdı və bu gələcək yolumun ilk
addımı oldu. Zamanla kökdən gələn səs biz
üç bacıda özünü göstərdi.
- Üç bacı dediniz...
- Bəli, Gülyazdan böyük bizim Rəhimə
bacımız var, biz hələ məktəbli ikən o, Asəf
Zeynallı adına Musiqi Texnikumunda xanəndə Nəriman
Əliyevin sinfində oxuyurdu. Sonradan biz iki bacı da Nəriman
müəllim kimi ustadın yetirmələri olduq. Seyid
Şuşinskinin tələbəsi və həmin məktəbinin
davamçısı olan Nəriman Əliyevin muğam sənətinin
yaşamasında böyük xidməti olub ki, bundan biz də
yararlanmışıq.
- Musiqi Texnikumuna daxil olana qədər iki il Şəki
Mədəniyyət Evində
çalışmısınız...
- Çalışmalı olmuşam ona görə ki,
iki il qəbul ola bilmədim. Birinci il dedilər ki, hələ
on yeddi yaşı var, səs formalaşmayıb. İkinci il
isə müəllimlərdən biri dedi ki, ifasında xaric
notlar var. Düzü, səbəbini bilmədim, hansı ki, qəbulda
Rəhimə bacımın ifasını dinləyib öyrəndiyim,
bir qədər də Gülyazın köməklik etdiyi
"Mirzəhüseyn segahını" təqdim etmişdim.
Onda Gülyaz artıq orada təhsil alırdı. İkinci cəhdimin
də uğursuzluğundan təsirləndiyimi görən
Gülyaz mənə xeyli ürək-dirək verdi və dedi
ki, narahat olma, sən bu məktəbin tələbəsi
olacaqsan. Bu səbəbdən mən Mədəniyyət evində
çalışmalı olmuşdum. Amma həmin o iki ildə
fəaliyyətimdən qalmadım, müsabiqələrə
qatılırdım, Şəkinin kəndlərində zəhmətkeşlər
üçün konsertlər verirdik. Şəki Dram
Teatrında "Zirvə" ansamblı vardı, onların tərkibində
oxumaq bir şərəf idi. Yəni musiqidən, mahnı ifa
etməkdən heç zaman ayrı qalmadım və sonda istəyimə
nail oldum.
- Gülyanaq Məmmədovanın yaradıcılığıda həm
xanəndəlik var, həm vokal və bəstəkar
mahnıları. Bir səsin üç istiqamətə
yönəlməsi o qədər də asan olmaz...
- Maraqlı sualdır... Bəli, xanəndəlik
sırf muğam sahəsi ilə sənətə davam etmək
deməkdir və əksəriyyət də bu yolla gedir. Lakin mən
kiçik yaşlarımdan mahnı janrına da
üstünlük vermişəm. Anam bizə Zeynəb
Xanlarovanın, Şövkət Ələkbərovanın,
Gülağa Məmmədovun mahnılarını dinlətdirirdi
ki, bu ifaları eşidə-eşidə musiqi
zövqümüz formalaşsın. Səhər saat
beş-altı arası bizi yuxudan oyadardı ki, radioda səslənən
Azərbaycan SSR-nin himnini dinləyin və ilk olaraq himni bilməyimizin
vacib olduğunu deyirdi. Bütün məktəb tədbirlərində
həmin himni biz iki bacı oxuyardıq. O himn yaddaş xəzinəmdə
hələ də qalır. Sualınıza qayıdaq.
Bütün bəstəkar və estrada mahnılarının
hamısı muğamdan qaynaqlanır. Mən əminliklə
deyə bilərəm ki, dünya musiqiləri də bizim
muğamların üstündə köklənib. Əminliklə
ona görə deyirəm ki, bunu özüm üçün
araşdırmışam da. Selin Dionun məşhur
"Titanik" filmində ifa etdiyi mahnıda Mahur və Rast
muğamlarını duyuram. Uitni Hyustonun dünyaca məşhur
"I Willi Always Love You" mahnısında iki lad var -
"Bayatı-Şiraz və "Mahur". Peşəkarlar
bunu bütün dünya musiqilərində duya bilər.
İndi görün bizim muğam nə deməkdir.
Yaradıcılığımda
muğamla bəstəkar mahnıları arasında
heç zaman fərq qoymamışam, çünki ana
balasını heç zaman seçməz. Bir məqamı da
qeyd edim. Əgər səs diapozonun imkan verirsə, ustad
öyrədir, sən də muğamı oxuya bilirsən. Mənim
zənnimcə, mahnı oxumaq muğam ifa etməkdən
çətindir. Bu gün bizim universitetdə tələbələrə
mahnı janrı da öyrədilir ki, ifaçılıq sənətinin
bütün incəliklərini bilsinlər. Çünki
mahnılar muğamdan ərsəyə gələn əsərlərdir.
- Xanəndə Gülyanaq Məmmədovanın sevdiyi
muğam var yəqin ki...
- Muğam Azərbaycan musiqisinin sütunudur. Muğam bizim elə bir
kimliyimizdir ki, onu dünyanın bütün qitələrində
tanıda bilmişik. Və təbii ki,
muğamlarımızın hamısını sevirəm. Lakin
ustadım mərhum Kamil Vəzirov deyirdi ki, "Şahnaz"
muğamı Gülyanağındır. Bu muğama ilk ritm gətirən
ustadım olub və onu Elçin Həşimov, Elnur Əhmədovun
müşayətilə ritmik muğam kimi ilk ifa edən mən
olmuşam. Daha sonra Gülyazla birlikdə industrial formada
"Şahnaz" klipimiz çəkildi. Bu bir layihə idi,
çox uğurlu da alındı. Məqsəd dəyişən
zamanın fövqündə gənclərə muğamı
sevdirmək, onu aşılamaq idi. Və rəhmətlik Kamil Vəzirov
bu muğamı öz rəngləri, təsnifləri, dəramətləri
üzərindən qurdu.
- "Muğam bizim elə bir kimliyimizdir ki, onu
dünyanın bütün qitələrində tanıda
bilmişik" dediniz. Bu qitələrin sakinlərinin əksəriyyəti
əcnəbi tamaşaçılardır və muğamı
onlara çatdırmaq çox da asan deyil...
- Bir faktı deyim. Uzaq 1995-ci ildə İsveçin
Malmö festivalında qırx minlik bir auditoriyanın
qarşısında "Qatar" muğamının zəngulələrini
səsləndirəndə, həmin o əcnəbi
tamaşaçı alqışlamaq istədiyi halda heyrətindən
ağzı açıq qalmışdı. Bu, mənim ilk səfərim
olduğu üçün həmişə yadımdadır. Təsəvvür
edin şəhər başdan-başa səhnəyə
çevrilib və dünyanın hər yerindən
musiqiçilər burada iştirak edir və ona ayrılan səhnəsini
qurub və sənətini nümayiş etdirir. Ən
böyük axın Azərbaycana ayrılan səhnənin
qarşısına oldu. Festivalın prezidenti
çıxışında belə bir fikir bildirdi ki, əgər
burada müsabiqə keçirilsəydi, qalib Azərbaycandır
deyərdim və adını Azərbaycan musiqi bayramı
qoyardım. İndi görün muğam əcnəbi
tamaşaçısını necə ovsunlaya bilib. İki ildən
sonra biz yenə həmin festivala dəvət aldıq və yenə
Azərbaycan musiqisi öz sözünü deyə bildi. Bizi
ölkəmizdən kənarda Azərbaycan kimi tanıdan
muğam, xalq və bəstəkar mahnılarımızdır.
Mən heç kəsin xətrinə dəymək istəmirəm,
lakin caz, estrada, simfonik əsərlər dünyanın hər
yerində var. Söhbət əsnasında bir hadisə də
yadıma düşdü. Danışım?
- Buyurun...
- Polad Bülbüloğlunun Rusiyada səfir olduğu
dönəmdə MDB dövlətlərininin Moskvada bir tədbiri
keçirildi. Orada səfirlikləri olan bütün ölkələrin
musiqiçiləri iştirak edirdilər.
Qonşularımız da iştirakçılar arasında idi
və təbii ki, bizim musiqilərimizlə tədbirə
qatılmışdılar. Onların
çıxışı zamanı elan edildi ki, erməni milli
rəqsi Tərəkəmə, daha sonra Vağzalı. Biz
etiraz səsimizi qaldırmaq istəyəndə Polad müəllim
dedi ki, biz dava edən millət deyilik. Bunu səhnədə sənətimizlə
sübut etməliyik ki, bunlar Azərbaycanın milli rəqsləridir.
Biz orada proqramı elə qurduq ki, mahnı və rəqs
ansamblı öz çıxışı ilə bu rəqslərin
bizə aid olduğunu sübut etdi.
Sonra bizim daha bir çıxışımız oldu. Heyətin
tərkibinə Mirzə Babayev, İlhamə Quliyeva, biz
bacılar, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Almaz Ələsgərli
daxil edilmişdik. Həmin məkanda Azərbaycan musiqiçiləri
möhtəşəm çıxışlarımızla səhnəni
ələ ala bildik. Mirzə dayı orada elə bir performans
göstərdi ki, bütün zal ayağa qalxdı. Təsəvvür
edin, İlhamə xanım səhnə arxasında
repertuarını dəyişdi. Proqrama əsasən ifa etməli
olduğu sevilən estrada mahnılarını
çıxararaq, Tükəzban İsmayılovanın
repertuarını daxil etdi. Çünki İlhamə
xanım Azərbaycan musiqisinin necə
qarşılandığını gördü və sonda səhnəyə
çıxdığı üçün
tamaşaçı auditoriyasının coşqusunu sönməyə
qoymadı. Və özüm üçün bir daha nəticə
çıxardım ki, muğam, xalq musiqisi, bəstəkar
mahnıları Azərbaycan musiqisinin mədəni
simasıdır.
- Muğam sənətindən dərs deyirsiniz. Gənclərin
muğama münasibəti...
- Çox eşidirəm, deyirlər ki, gənclərin
muğama marağı yoxdur. Razı deyiləm bu fikirlə,
çünki muğama maraq yaşayır. Heydər Əliyev
fondu muğam müsabiqələrinin keçirilməsinə
dəstək oldu. Bu, çox böyük diqqət və
qayğıdır. Nə olsun ki, iyirmi gəncin arasından
bir neçəsi qalib olur. Lap elə bir qalib olsun, bu, istənilən
halda muğam sənətimizin qazancıdır ki, səhnəyə
yeni səs, yeni nəfəs gəldi. Çox yaxşı tələbələrimiz
var. Mən muğamımızın gələcəyindən
arxayınam.
- Yaradıcılığınızın əsas
istiqamətlərindən biri bacılar duetidir. Bu sizə
Gülyaz xanımla səhnədə güvən də verə
bilər, məsuliyyətinizi artıra da...
- Hər ikisi var... Əvvəla, duet oxumaq çox
çətindir. Burada bir-birini anlamaq var, səslərin
uyğunluğu var, baxışları işarələrlə hiss edib onu ötürməyi
bacarmaq var. Biz buna o qədər alışmışıq ki,
anındaca birimiz digərini anlaya bilir.
Xatırlayırsınızsa, uzun illər duet ifaçılığı
üzərində qurulmuş veriliş vardı. Orada
ifaçılar duet ortağı olanda bir sənət rəqabəti
yaranırdı. İlk növbədə tərəflər
bir-birinə hörmətlə yanaşmalıdır, digər
tərəfdən də bu sənətin mədəniyyəti
göstərilməlidir. Mədəniyyət adicə ifada belə
var. Duet ortağına qarşı heç zaman mədəniyyətsizlik
etmək olmaz. Təbii ki, rəqabət burada rəqabət var
və hərə öz imkanlarını göstərməlidir.
Lakin ortağının bir zənguləsinə, iki beytinə
qarşı beş zəngulə ilə cavab vermək olmaz. Yəni
duetdə tərəflər arasında hörmət və mədəniyyətin
harmoniyası olmalıdır. Biz kiçik
yaşlarımızdan əl-ələ tutub sənət yoluna
gələn ayrılmaz bacılarıq. Bəzən şayiələr
eşidirik ki, bacılar dalaşıb, bir-birindən
küsüb. İnanın hamısı boş söz-söhbətlərdir.
Belə hallar ümumiyyətlə, xarakterimizdə olmayıb.
Gülyaz Bakıda oxuyanda o zaman telefon əlaqəsi indiki kimi
deyildi. Biz iki bacı məktublaşırdıq və
Gülyaza yazırdım ki, mən mütləq səhnəyə
gələcəyəm. Təsadüf elə gətirdi ki, mən
səhnəyə gələndə Gülyaz ailə həyatı
qurdu, bir müddət sənətdən uzaq qaldı və mən
irəlilədim. Bir zaman mənə əl uzadıb səhnəyə
gətirən bacımı bu dəfə mən yenidən səhnəyə
qaytardım. İlk dəfə 1997-ci ildə Ulu öndər
Heydər Əliyevin qarşısında "Heyratı"
muğamı ilə çıxış etdik. Bir ildən
sonra bizə Əməkdar artist adını verdi. Ümummilli
lider Hər dövlət tədbirində bizim iştirak etməyimizi
istəmişdi. "Bacılar" adını da bizə Heydər
Əliyev verib. Mədəniyyət və incəsənət
adamlarına onun xüsusi diqqəti və qayğısı
vardı, yəni bunu görməmək mümkün deyildi.
Onunla səfərlərdə olmuşuq, ailə məclislərinə
dəvət də almışıq. Ulu öndərin xatirəsi
bizim üçün çox əzizdir.
- Dövlətin sizə verdiyi fəxri adlardan
savayı, siz Özbəkistanın da Xalq artistisiniz...
- Əslində mən belə adı Türkmənistandan
gözləyirdim, çünki 2006-cı ildən
başlayaraq orada fəaliyyətim daha çox olub. Dörd dəfə
solo konsert vermişəm, dəfələrlə dövlət
başçısının şəxsi dəvətilə
onun doğum günündə iştirak etmişdim. Pandemiya
dövrü hər bir sahənin fəaliyyətinə təsir
etdi. Ondan sonra Özbəkistantanda Heydər Əliyev Mərkəzi
tərəfindən dəvət aldım, onların müstəqillik
günündə, bütün şəhərlərində
keçirilən Azərbaycan mədəniyyəti günlərinin
iştirakçısı oldum. Gün olurdu gündüz gənclər
qarşısında, axşam konsert məkanlarında
çıxışlarım olurdu və heç zaman ağlımın ucundan belə fəxri
ad almaq kimi fikir keçməyib. Hətta bu xəbəri
eşidəndə o qədər təəcüblənmişdim
ki, dəqiq olduğuna inanmaqda tərəddüd də etdim. Təbii
ki, belə bir ad məni çox qürurlandırdı, sənətimə
verilən dəyər Azərbaycan musiqisinə olan
böyük ehtiramın təcəccümü idi. Azərbaycan
musiqisi mənə Türkmənistanın "Altun əsir bəşiri
yenicisi" qızıl medalını, Turan Akademisinin Fəxri
doktoru adını, Özbəkistan Mədəniyyət
Nazirliyinin "Mədəniyyət və sənət fədakarı"
medalını, Türk Sənət Dünyasının
"Kürəsəl başarılar"
ödülünü qazandırıb. Bu, Azərbaycan mədəniyyətinin
təntənəsidir.
- Fəaliyyətinizə baxanda düşünmək
olar ki, zəif qadın yoxdur...
- Mənim nəzərimdə zərif, eyni zamanda
güclü qadın var. Bu gün elə bir sahə yoxdur ki,
orada qadının imzası olmasın. Ailə dəyərləri
çərçivəsindən baxsaq, evimin
gücü-qüvvəsi, hər zaman arxayınlıqla
söykənə biləcəyim ömür-gün
yoldaşımdır. Onunla mən güclüyəm, rahatam və
ailəmizin sabahına arxayınam.
- Ailədən söz düşmüşkən, deyəsən,
davamçılarınız görünür,
övladlarınız arasında...
- Həmişə arzulamışam ki,
balalarımın dördü də elə bu sənətdə
olsun. Bir valideyn olaraq bunu onların öz ixtiyarına
buraxmışıq, seçim özlərinindir. Amma genetik
olaraq onlarda sənətə meyli hiss edirəm. Aralarında ən
fəalı sonbeşiyimizdir. Yenə də zaman hər
şeyi göstərəcək. İstedad elə bir atəşdir
ki, kiçik qığılcımdan belə, alovlana bilir. Həqiqi
istedadla yanaşı, böyük ürək, sevgi və istək
varsa, mütləq özünü büruzə verəcək.
Bu baxımdan biz hər zaman övladlarımızın
yanındayıq, təki hər şey onların ürəyincə
olsun.
SÖZARDI: Səhnədə eşitdiyimiz hər səsin
arxasında görünməyən bir ömür var. Bu
ömürdə zəhmət də var, səbr də, susaraq
keçilən yollar da. Muğam oxuyan səs isə təkcə
musiqi ifa etmir, o, yaddaşı da oyadır. Bəlkə də
bu gün çox ehtiyacımız olan da budur - bizi
özümüzə qaytaran bir səs: çünki insan
kökündən uzaqlaşanda yox, onu xatırlayanda
güclü olur.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2026.- 27 fevral(¹ 8).- S.16;17.