"Başqırd,
qırğız, türkmən - bunlar bir soydur..."
Birinci Türkoloji
qurultay iştirakçılarının izi ilə
Bilirəm ki, təhrifə yol vermişəm.
Məşhur mahnının sözləri fərqlidir:
"Özbək, türkmən, uyğur, tatar, azər bir
boydur,
Qarapalpaq, qırğız, qazax - bunlar bir soydur..."
Amma riyaziyyatın təməl qaydasında da deyildiyi
kimi, "toplananların yeri dəyişəndə cəm dəyişmir".
Türk xalqlarını hansı ardıcıllıqla düzsən
də, yenə qardaşdır. Eyni dilin dörd qrupuna
bölünsələr də, fərqli coğrafiyalarda, fərqli
həyat şərtləri altında yaşasalar da,
hamısı bir-birinin yanında doğma görünür.
Yaxşı başa düşürəm ki, Birinci
Türkoloji qurultayın 100 illiyi ərəfəsində
hazırladığım əsasən biobiblioqrafik xarakterli
silsilə yazıları "elmi" olmamaqda suçlayanlar
tapıla bilər. Amma hər insan bioqrafiyadan başlayır.
Bu baxımdan mühüm tarixi hadisənin
ildönümünün qeyd edildiyi günlərdə onun
iştirakçıları barəsində səhih məlumatların
toplanıb elmi-mədəni ictimaiyyətə, oxucu kütləsinə
çatdırılması mühüm məsələdir.
Çünki əksəriyyəti repressiya qurbanı olmuş
bu insanları tanımaq lazımdır. Onların arasında təsadüfi
adamlar yox idi. Doğrudur, bəziləri universitet diplomuna,
professor mantiyasına malik deyildilər. Amma Sovet İttifaqı
adlanan totalitar ölkədə çətinlik və ziddiyyətlərlə dolu 1920-ci illərdə öz
xalqlarının bu və ya digər dərəcədə
seçkin xadimləri, öncül nümayəndələri,
bəzi hallarda isə maarif və mədəniyyət məşəllərinin
daşıyıcıları idilər. Yəqin ki, məşhurluq,
qurultaydakı fəallıq dərəcəsindən asılı
olmayaraq onların hər birini tanıtmağa, təqdim etməyə
lüzum var. Bu dəfə söhbətimiz Bakıya
Başqırdıstan, Türkmənistan və
Qırğızıstandan gələn qonaqlar
haqqındadır.
Başqırd nümayəndə heyəti 6 nəfərdən
ibarət idi. Amma qurultayda rəsmi qeydiyyatdan keçmiş 8
başqırd ziyalısı iştirak edirdi. Sadəcə, nəşriyyat
və mətbuat işçisi olan Səlahətdin Atnaqulov
(1893-1937) tatar heyətinin tərkibində gəlmişdi.
Aralarında tarixi şəxsiyyətlərlə
bağlı indi də mübahisə gedən qonşu və
qardaş xalqların ikisi də ona iddialıdır. Amma deyəsən,
son illərdə vəziyyətdən çıxış
yolu tapılıb - S.Atnaqulov başqırd əsilli tatar
şairi sayılır. Qurultayda iştirak etdiyi dövrdə
isə "Kızıl Tatarstan" qəzetinin və
Tatarıstan Dövlət Nəşriyyatının baş
redaktoru idi. 1917-1919-cu illərdə başqırd milli hərəkatının
fəal iştirakçısı, Əhməd Zəki
Validovun ən yaxın silahdaşı olmuşdu. Təbii ki,
belə bir bioqrafiya ilə 1937-ci ilin süzgəcindən
sağ-salamat keçə bilməzdi.
Qurultayda Gürcüstanı təmsil edən Şərif
Manatov (1887-1936) başqırd əsilli idi. Ruhani ailəsində
doğulmuşdu. Rusiya və Türkiyədə ali təhsil
almış, bir müddət İsveçrədə
yaşamışdı. 1917-ci ildə I Ümumbaşqırd
qurultayı onu Mərkəzi Şuranın sədri, yəni
başqırdların lideri seçmişdi. Müavini isə
sonralar başqırd milli lideri və siması kimi tanınan
görkəmli tarixçi alim, Ə.Z.Validov - Zəki Vəlidi
Toğan (1890-1970) idi. 1918-ci ilin yanvarında Ş.Manatov
Başqırdıstan muxtariyyətinin rəhbəri kimi
İsveçrədən tanıdığı Leninlə
görüşmüş, ona başqırd milli hərəkatının
xarakteri və məqsədləri haqda məlumat vermişdi.
Sonradan Əhməd Zəki ilə yolları ayrılan
Ş.Manatov bolşevik cəbhəsinə keçmişdi.
1924-1925-ci illərdə Azərbaycanda
yaşamışdı. Azərbaycan K(b)P MK-nın mətbuat
şöbəsinin müdiri, Azərbaycan Pedaqoji
İnstitutunun rektoru olmuşdu. 1925-1931-ci illərdə Tiflisdəki
Zaqafqaziya Kommunist universitetində
çalışırdı. Bakıya Gürcüstan heyətinin
tərkibində gəlməsi də, bununla əlaqədar idi.
Başqırd nümayəndə heyətinin tərkibinə
daxil olan 6 nəfər isə aşağıdakı şəxslər
idi: Məcid Bilalov (1885-1933, Başqırdıstan xalq maarif
komissarlığının Moskva təmsilçisi), Xabibulla
Qabitov (1886-1939, başqırd şairi, milli hərəkat fəalı,
dilçi və folklorçu), Qabdelaxat Vildanov (1879-1954,
başqırd etnoqrafı, dilçi, ədəbiyyatşünas,
başqırd dilinin tətbiqi üzrə komissiyanın
üzvü), Karim İdelqujin (1895-1937, başqırd milli hərəkatının
ideoloqlarından biri, "Başkortostan" qəzetinin məsul
katibi), Zakir Şakirov (1881-1968, Xalq maarifi institutunun əməkdaşı,
dilçi), Saqit Mryasov (1880-1932, başqırd milli hərəkatının
fəalı, ölkəşünas-tarixçi,
Başqırdıstanı öyrənmə cəmiyyətinin
üzvü). Bu şəxslərin çoxunun dəbdəbəli
titulları, yaxud yüksək vəzifələri olmasa da,
1920-ci illər başqırd
elmi və yaradıcı ziyalıları kimi milli mədəniyyəti
tarixində mühüm izlər qoymuşdular.
Şərif Manatov
Qurultaydan ardıcıl məlumatlar yayan tatar mətbuatından
fərqli olaraq başqırd qəzetləri forumun
işıqlandırılmasına o qədər də ciddi
maraq göstərməmişdilər. Yalnız martın 16-da
rəsmi "Başkortstan" qəzetində S.Mryasovun
"Türkoloji qurultayda" adlı icmal xarakterli məqaləsi
çap olunmuşdu. Müəllif
Bakıda demək olar ki, bütün türk xalqları
təmsilçilərinin iştirakı ilə baş tutan
böyük elmi-mədəni
hadisənin əsas yekunlarını əks etdirməyə
çalışmışdı.
Zakir Şakirov Bakı səfəri ərəfəsində
rusdilli "Başqırdıstan ölkəşünaslıq
məcmuəsi"ndə dərc olunan "Türkoloji
qurultayla əlaqədar" adlı məqalədə
çox güman kollektiv ifadə etmişdi. Müəllif
aşağıdakı təklifləri irəli
sürmüşdü: "1) Türk dilinin fonetik və
morfoloji qaydalarını işləyib hazırlamaq
üçün onun Hind-Avropa və ərəb dillərindən
əsas fərqlərini müəyyən etmək; 2) Yeni
terminləri türk dili bazasında yaratmaq və hamı
üçün anlaşılan olmasına
çalışmaq; 3) Türk dilində olmayan termini başqa
dildən götürəndə onu türk dilinin xarakter və
təbiətinə uyğunlaşdırmaq; 4)
Danışıq dilinə daxil olmuş sözləri
olduğu kimi saxlamaq; 5) Avropa türkoloqlarının əsərlərinin
geniş oxucu kütləsi nəşrinə nail olmaq; 6) Hər
bir zəhmətkeşin fikirlərini ana dilində ifadə etməsinə
çalışmaq; 7) Türk dilinin dialekt və ləhcələrini
öyrənmək; 8) Bütün türk ləhcələrinin
lüğətini hazırlamaq; 9) Türkcə
danışanların hamısı üçün vahid
işarələr hazırlamaq; 10) Qeyd olunanları həyata
keçirmək üçün xüsusi türkoloji tədqiqatlar
institutu təsis etmək".
Başqırd təmsilçiləri K.İdelqujin
qurultayın rəyasət heyətinə, X.Qabitov isə Nəvainin
500 illik yubileyi ilə əlaqədar komissiyanın tərkibinə
seçilmişdilər. Onların arasından qurultayda məruzə
ilə çıxış edən olmamışdı. Sadəcə
müzakirələr zamanı X.Qabitov söz alıb
başqırd, Ş.Manatov isə rus dilində danışmışdı.
Tatarlarla başqırdlar arasında ənənəvi polemika
qurultayda da özünü göstərmişdi. Qəribədir
ki, çıxışını tatar Şamil Usmanovun rus
dilinə tərcümə etdiyi X.Qabitov tatarıstanlı həmkarı
Q.İbrahimovu qurultay iştirakçılarına
başqırd dili və Başqırdıstanda islahat hərəkatı
haqda düzgün məlumat verməməkdə günahkar
saymışdı.
Eyni regionu təmsil etmələri, eyni soy-kökə
və çox yaxın tarixi-mədəni əlaqələrə
malik olmalarına rəğmən, latın əlifbasına
keçid məsələsində başqırdlarla tatarlar
tam fərqli mövqelərdə dayanırdılar. Artıq
Bakı qurultayı işə başlayana qədər Ufada
radikal əlifba islahatı ilə bağlı müəyyən
addımlar atılmışdı. Başqırd
ziyalıları latın əlifbasının tərəfdarı
idilər. Hətta özləri ilə qurultaya latın
qrafikalı başqırd əlifbasının ilkin layihəsini
də gətirmişdilər. Burada islah olunmuş ərəb
yazısının tərəfdarlarının sayı az,
mövqeləri isə zəif idi. Ona görə də
qurultaydan dərhal sonra yeni əlifbanın tətbiqinə
başlanan regionlardan biri
Başqırdıstan olmuşdu.
O da maraqlıdır ki, başqırd nümayəndələri
digər türk xalqları ilə müqayisədə 1937-ci
ilin "böyük terrorundan" nisbətən az itki ilə
çıxmışdı. S.Atnaqulov və K.İdelqujin
güllələnmiş, X.Qabitov 10 illik həbs cəzasına
məhkum edilmişdi. Kiçik istisnalarla tam tərkibdə məhv
edilən Azərbaycan, qazax, özbək, tatar, Krım
tatarları, Şimali Qafqaz türkləri, türkmən və
b. heyətlərlə müqayisədə bu, o qədər də
dəhşətli görünməməli idi. Əlbəttə,
yol verilən "ayrı-seçkilikdə" Stalin-Beriya cəza
maşınının başqırdlara xüsusi loyal-mərhəmətli
münasibətinin izini axtarmaq tarixi-mənəvi baxımdan
heç bir əsasa malik deyil. Yəqin ki, başqırd
ziyalılarının nisbətən liberal-ehtiyatlı
davranışı, bəzilərinin isə "vaxtında
ölməyi bacarması" daha radikal tədbirlərə əl
atmağa yer qoymamışdı. Bəlkə də
yanlış fikirdir, amma mənə elə gəlir ki, rejim
fitnəkarlıq nümayiş etdirərək
türklüyün öncül dəstəsində yer alan,
fikirlərini daha açıq, kəskin şəkildə
söyləməkdən çəkinməyən tatar
nümayəndələrə
kütləvi şəkildə divan tutmaqla başqırdlara guya etimad göstərdiyini,
onları özünə daha "yaxın" bildiyini nümayiş etdirməyə
çalışmışdı.
lll
1924-cü ildə SSRİ tərkibində müttəfiq
respublika statusu alan Türkmənistan qurultayda 5 nümayəndə
ilə təmsil olunmuşdu. Onların sırasına Bekki
(Bekmurad) Berdiyev (1898-1970), Məhəmməd Gəldiyev
(1889-1931), Bəşim Qulbəşərov
(1898-1938), Bəşim Perenqliyev (1898-1937) və Oraz
Şahmuradov (1888-1938) daxil idilər. Bundan əlavə,
Türkmənistan Dövlət Nəşriyyatı direktorunun
müavini Gümüşəli Boriyevlə (1896-1937)
"Türkmənistan" qəzetinin müxbiri Abdulhəkim
Qulməhəmmədovun (1876-1931) iştirakı ilə
bağlı məlumatlar da mövcuddur. Sonuncunun sayəsində
"Türkmənistan" və rusca çıxan
"Turkmenskaya iskra" qəzetləri qurultayın
gedişini mütəmadi işıqlandırmışdı.
Tərkibində iki nazir olmasına baxmayaraq, türkmən
nümayəndə heyətinin əsas söz sahibi, birinci
skripkası heç şübhəsiz, Bekki Berdiyev sayıla
bilərdi. Çarizm dövründə universitet təhsili
almış barmaqla sayılacaq qədər az türkmənlərdən
idi. Akademik Muradgəldi Söeqov onun hansı ixtisasa yiyələndiyini
göstərmədən
Peterburq universitetini bitirdiyini yazır. Əgər ali təhsilini
tanınmış alimin də iddia etdiyi kimi, 1917-ci ildə, yəni
19 yaşında başa vurmuşdusa, o zaman təvəllüd
tarixinin qeyri-dəqiqliyi fikri ilə razılaşmaq
lazımdır. Çünki XX əsrin əvvəlində 19
yaşda əksər hallarda gimnaziyadan məzun olmaq
mümkün idi. Türkmən aliminin dediyindən isə belə
çıxır ki, B.Berdiyev 1917-ci ildə artıq universitet
təhsilini başa vurmuş, növbəti ildə isə Oraz
Sərdarın elan etdiyi və ömrü üç ay
sürən Müsəlman-Türkmən hökumətində
nazir olmuşdu. Hətta burada "hökumət" və
"nazir" anlayışlarının reallıqla çox
az əlaqəsi olduğunu (çar Rusiyasının
süqutundan sonra belə məhəlli hökumətlər
sürətlə yarandığı kimi, heç bir iz
qoymadan sürətlə də sıradan
çıxırdı - V.Q.) nəzərə alsaq da, göstərilən
tarixlər inandırıcı görünmür (Bax. The
Oriental Studies, 2015, ¹ 69, s. 119 - V.Q.).
1926-cı ilin yanvar-fevral aylarında Türkiyənin
arxiv və kitabxanalarında işləmək, türk həmkarları
ilə elmi əlaqələr yaratmaq məqsədi ilə
İstanbulda olan akademik Bartoldun "Konstantinopol gündəliyi"ndə
fevralın 2-nə aid maraqlı bir qeydə rast gəldim:
"Teodor Menzelin gəlişi (Qurultayın yanvarın 3-də
açılacağı haqda məlumat alan T.Menzel Bakıya gəlmiş,
amma dəqiq tarixi öyrənib İstanbula
qayıtmışdı - V.Q.). Bakıda komissiyanın
iclası ilə bağlı təəssüratı. Türkmən
nümayəndəsi Berdiyev xüsusi ilə istedadlı və
ağıllı adam təsiri bağışlayıb. Berdiyev
və qırğızlar (Baytursunov) qəti şəkildə
latın əlifbasının əleyhinə
çıxırlar".
Qurultayın əlifba məsələsi ətrafında
qızğın mübahisə getdiyi 3 mart tarixli 11-ci
iclasında B.Berdiyevin ağıllı, əsaslandırılmış
nitqi onun həqiqətən də sağlam tənqidi təfəkkürə,
yaxşı mənada Qərb düşüncə tərzinə
və polemika mədəniyyətinə malik istedadlı
ziyalı, fikir adamı olduğunu göstərir. Linqvistika sahəsində
ixtisaslaşmasa da, o, müzakirə olunan məsələnin
mahiyyətinə varmağı, müəyyən dərəcədə
obyektiv mövqe tutmağı bacarmışdı.
Bütünlükdə, B.Berdiyev qurultayın fəal nümayəndələrindən
sayıla bilərdi. Stenoqramdan da göründüyü kimi, əsas
məruzəsi ilə bir sırada müxtəlif məsələlərlə
bağlı dörd dəfə çıxış
etmişdi.
Məhəmməd Gəldiyev
Berdiyevin fikrincə, hər
insan bədən quruluşuna uyğun paltar geyinməyə
çalışdığı kimi, hər dil də
fonetikasına, orfoqrafiyasına, ümumən qrammatik qaydalara
daha çox uyğun əlifbadan istifadə etməlidir. Ona
görə də T.Menzelin gətirdiyi
xəbərdən göründüyü kimi,
başlanğıcda latın əlifbasına keçidin əleyhdarı
olsa da, yəni türk dilinin yeni dəbə
uyğunlaşdırılmış əvvəlki qiyafəsində
- yəni islah olunmuş ərəb
əlifbasında qalmasını istəsə də, sonrada
"latın dəbli paltarı" daha münasib
saymışdı. Görünür, fikir dəyişikliyi
qurultay günlərində baş vermişdi, yəni bəlli
amillərin təsiri altında fikrini dəyişməli
olmuşdu. Çünki yanvar ayında komissiyada müzakirələr
zamanı latın qrafikasının türk dillərinə tətbiqinin
qəti əleyhdarı mövqeyində dayanmışdı.
Amma yəqin daxili narazılığını boğa bilməyib
qurultay tribunasından elan etmişdi ki, "nə latın, nə
də ərəb əlifbası indi mövcud olduğu şəkildə
türk dillərinin fonetik ardıcıllığına tam
şəkildə cavab verirlər. Əlifbaya və yazıya
münasibətdə tələblər hansı nöqteyi-nəzərdən
irəli sürülür? Oxuma və yazma asanlığı,
yoxsa çap işinin sürətlənməsi
baxımından?" Eyni zamanda belə bir fikirlə də
razı idi ki, ərəb əlifbası daha çox əlyazmaların,
bayat və cünglərin, latın isə çap
maşınının, kitab və kütləvi nəşrlərin
əlifbasıdır və sürətlə dəyişən,
yeniləşən əsrin ortaya atdığı problemlərə
daha operativliklə cavab verir.
Qurultaya hazırlıq mərhələsində də
iştirak edən B.Berdiyev türkmən heyətini layiqli təmsil
etmək baxımından səy və zəhmətini əsirgəməmişdi.
İlk iclasda rəyasət heyətinə, türk
etnoqrafiyası üzrə qərar layihəsi hazırlayan
komissiyaya seçilməsi, nəhayət, gündəlik
bülletenlərin çapını təşkil etməsi
ölkəsinin rəsmi təmsilçisi kimi qəbul
olunması və türkoloqlar arasında qazandığı
nüfuzun nəticəsi idi. 26 nəfər digər həmkarı
ilə birlikdə əlifba məsələsi haqda qətnaməyə əlavə və
düzəlişlər edən komissiyanın tərkibinə
türkmən heyətinin üzvü kimi salınması isə
soydaşları arasında aparıcı rolundan xəbər
verirdi. Qurultaydan sonra latın qrafikalı yeni əlifba layihəsini
də xalq maarif komissarlığı yanında Elmi
Şuranın sədri Bekki Berdiyevin rəhbərlik etdiyi
mütəxəssislər qrupu hazırlamışdı.
Türkmənistan MİK-nin 3 yanvar 1928-ci il tarixli qərarı
ilə türkmən dilinin tələblərinə uyğun
şəkildə yenidən işlənən latın əlifbası
qəbul olunmuşdu. Növbəti ilin may ayında isə
ölkənin bütün müəssisə və təşkilatları
istisnasız olaraq yeni əlifbaya keçmişdi.
Türkmən nümayəndə heyətinin digər
üzvlərinə gəldikdə, dilçilik elmi və
türkologiya ilə elə bir əlaqəsi olmayan, müxtəlif
vaxtlarda qəza inqilab komitəsinin sədri, torpaq şöbəsinin
müdiri, Türkmənistan inqilab komitəsi inzibati
şöbəsinin müdiri, xalq ədliyyə komissarı
kimi çeşidli vəzifələrdə
çalışmış ali-ibtidai təhsilli B.Qulbəşərov
vətənindən daha çox Moskvanın nümayəndəsi
sayıla bilərdi. Çünki 1925-ci ildən Özbəkistan
və Qırğızıstan arasında sərhədlərin
dəqiqləşdirilməsi üzrə paritet komissiyanın
sədri kimi orada çalışırdı. Xüsusi biliklər
tələb edən ədliyyə komissarı kimi yüksək
və məsul vəzifə tutmasına baxmayaraq, intellektual səviyyəsi
çox da yüksək sayıla bilməzdi. Amma bununla bərabər,
1930-cu illərdə Moskvada SSRİ MİK Millətlər
Şurasının katibi vəzifəsinə
aparılmışdı. Ona 1925-ci ildə verildiyi təxmin
edilən xasiyyətnamədə deyilirdi ki, "yoldaş Qulbəşərov
türkmən əhalisi arasından çıxıb. Sovet
işinə yalnız qəza miqyasında yararlı ola bilər.
Çünki bütünlükdə (xüsusən də
siyasi sahədə) inkişafı yetərli deyil".
Nümayəndə heyətinin digər üzvü
B.Perenqliyev də yüksək rütbəli türkmən məmuru
idi. Qurultaya Türkmənistanın xalq maarifi komissarı
qismində qatılmışdı. 1925-1928-ci illərdə bu
vəzifəni yerinə yetirməklə bir sırada, həm də
nazirlik yanında Baş elmi şuranın sədri, 1932-ci ildə
isə Orta Asiya Zooveterinar institutunun rektoru olmuşdu. İki il
türkmən-rus, iki il yarımçıq qoyduğu
ali-ibtidai məktəbdə (təxminən indiki orta məktəb
səviyyəli təhsil müəssisəsi) oxuması yeni
quruluş şəraitində elm və təhsil kimi
mühüm, strateji sahələrə rəhbərlik etməsi
üçün yetərli sayılmışdı. Əslində
burada təəccüblü bir şey yoxdur. Proletariat
diktaturasının "qalib gəldiyi" türk
respublikalarının çoxunda vəziyyət belə idi. Bu
məqamda bizim ilk xalq maarif komissarı Dadaş Bünyadzadəni
xatırlamaq da yerinə düşərdi...
Rəsmi heyət üzvlərindən yalnız xalq
maarif komissarlığı yanında Elmi Şura üzvü,
pedaqoji texnikumun müəllimi M.Gəldiyev və fəhlə
fakültəsinin dekanı, türkmən elmi-ədəbi cəmiyyəti
rəyasət heyətinin üzvü O.Şahmuradov pedaqoji
işdə çalışdıqları üçün
praktiki mütəxəssis kimi müzakirə olunan məsələlərə
müəyyən dərəcədə yaxın idilər.
Türkmən dilinin ilk qrammatikasının (K.Boriyevlə
birlikdə), əlifba, orfoqrafiya və terminologiyaya dair məqalələrin,
bədii əsərlərin müəllifi kimi tanınan M.Gəldiyev
qurultay katibliyinin və terminologiya məsələləri
üzrə qərar layihəsi hazırlayan komissiyanın tərkibinə
seçilmişdi. Türk xalqlarında ədəbi dilin
inkişafına həsr
olunmuş 14-cü iclasında
türkməncə çıxış etmişdi.
lll
Qəribədir ki, digər türk respublikalarında
Birinci Türkoloji qurultayın nümayəndə və
iştirakçılarına qarşı ittihamlar 1937-1938-ci
illərdə irəli sürülmüşdüsə,
Türkmənistanda bu prosesə daha tez - nisbi sakitlik
dövrü kimi görünən 1932-ci ildə start
verilmişdi. Həm də türkmən alimlərinin
"dağıdıcı əməllər"
üçün təlimatı Bakıda aldıqları
açıq və birbaşa bəyan edilmişdi. Tarixi
qurultaydan düz altı il sonra, 1932-ci ilin fevral-mart
aylarında Türkmənistan Dövlət Siyasi İdarəsi
B.Berdiyevin rəhbərliyi altında fəaliyyət göstərmiş
mifik "Türkmən azadlığı" adlı əksinqilabi-millətçi
təşkilatın ifşa edildiyi, onun özü başda olmaqla
34 nəfər üzvünün həbs olunduğu barəsində
xəbər yaymışdı.
Qasım Tınıstanov
Həbslərin qanunauyğunluğunu əsaslandırmaq
məqsədi ilə tərtib edilən rəsmi
arayışda deyilirdi: "Türkmənistanda millətçi
hərəkata təkan verən əsas amil 1926-cı ilin əvvəlində
Bakıda keçirilən Türkoloji qurultay və
Türkoloqlar Komitəsinin plenumu (1927-ci ildə
S.Ağamalıoğlunun sədrliyi ilə Yeni Əlifba Komitəsinin
Moskvada keçirilən II plemunu nəzərdə tutulur -
V.Q.) olmuşdu. Türkmənistandan nümayəndə kimi
qurultaya göndərilən və başdan-başa millətçi
ünsürlərdən, o cümlədən Berdiyev,
Perenqliyev, Geldiyev, Qulahmədov, Şahmuradov və b. ibarət
olan heyət orada millətçi türk xadimləri -
Çobanzadə, Köprülüzadə ilə
görüşüb söhbətlər aparmış, gələcək
fəaliyyət üçün lazımi təlimat
almışdılar".
Həbs olunanlar arasında B.Berdiyevdən başqa, digər
qurultay iştirakçıları - O.Şahmuradov, Krım
tatarı Şövqi Bektörə də vardı. B.Berdiyevin əleyhinə
hətta doğma qardaşı Kakacan Berdiyev də ifadə
vermişdi. İttihamlarda B.Berdiyev və tərəfdarlarının
Türkoloji qurultayın gedişində əksinqilabçı-millətçi
qüvvələrlə təmas qurması, aldıqları
direktivlər əsasında Britaniya imperializminin maliyyə dəstəyi
ilə antisovet fəaliyyət mərkəzi yaratması iddia
olunurdu. Qurultay nümayəndəsi O.Şamuradov 1932-ci ilin
dekabrında istintaqa verdiyi ifadəsində demişdi:
"Türkoloji qurultay millətçi əhval-ruhiyyəli
ünsürlərə geri qayıdandan sonra ədəbi cəmiyyət
pərdəsi altında yeni qüvvə ilə əksinqilabi
mübarizəyə başlamağa təkan verdi. Qurultay
özü isə sanki belə ünsürlərin bir araya gəlməsi
və gələcək birgə fəaliyyətlə
bağlı razılıq əldə etmələri naminə
təşkil olunmuşdu. Bizim Aşqabad nümayəndələri
də vətənə məhz belə bir əhval-ruhiyyə
ilə qayıtmışdılar".
Görünür, müttəhimlərə münasibətdə
1937-ci ilin üsul və metodları hələ tam şəkildə
tətbiq edilmədiyindən "Türkmən
azadlığı" hərəkatının beyin mərkəzi
sayılan Türkmən Ədəbi-Elmi Cəmiyyətinin
qurucusu B.Berdiyev 1932-ci ilin iyununda istintaqa verdiyi ifadəsində
özünə haqq qazanırmağa çalışaraq
demişdi: "Cəmiyyət mənim göstərişimlə
yaradılıb. Verdiyim göstərişin əsasında
sovet hökumətinin ümumi kursuna uyğun şəkildə
hərəkət etmək, bu zəmində Türkmənistanın
gələcək milli müstəqilliyini hazırlayıb həyata
keçirmək dayanırdı. Elmi-Ədəbi cəmiyyət
leqal təşkilat idi. Mən bu qurum vasitəsi ilə yeni
türkmən milli mədəniyyəti yaratmaq ideyasını
həyata keçirmək istəyirdim. Həm də bir
müddət sonra qazax yoldaşlarla müzakirələr nəticəsində
qərara alındığı kimi, bu işi sovet
aparatının köməyi ilə görməyi
düşünürdük".
Əslində 1934-cü ildə 10 il həbs cəzası
alan, cəzasını günü gününə
Uxto-Peçorsk islah-əmək düşərgəsində
çəkən, həbs müddəti başa çatandan
sonra vətəninə qayıtmaq hüququndan məhrum edilən,
hər şeyini - evini, ailəsini, karyerasını, elmi irsini
itirən, həyatını özgə künclərində
yarı səfil vəziyyətdə başa vuran B.Berdiyev nisbətən
"yaxşı" qurtarmışdı. O, sağ qalmışdı,
Türkmənistandan nümayəndə və qonaq qismində
qurultayda iştirak edən digər 6 nəfər həmkarı
isə 1931-1937-ci illərdə fərqli yollarla "xalq
düşməni" kimi aradan
götürülmüşdü.
lll
Qırğızıstan muxtar vilayətindən qurultaya üç nəfərlik
heyətin - "Erkin Too" ("Azad dağlar", 1928-ci ildən
"Qızıl Qırğızıstan" adlanırdı
- V.Q.) qəzetinin baş redaktoru Qasım Tınıstanov
(1901-1938), qırğız maarifçisi, ilk qırğız
əlifbası (islah olunmuş ərəb-qırğız
qrafikası əsasında) dərsliyinin müəllifi,
İşenalı Arabayev (1882-1933) və tanınmış
pedaqoq, Oş şəhərində ilk qırğız
pedaqoji texnikumunun qurucusu Bazarkul Daniyarovun (1897-1942) ezam
olunması planlaşdırılırdı. Bu barədə
muxtar vilayətin xalq maarif şöbəsinin 27 dekabr 1925-ci il
tarixli qərarı qəbul edilmişdi. Sənəd müəyyən
mənada həm də təlimat xarakteri
daşıyırdı. Latın əlifbasına keçid məsələsində
qırğız nümayəndələrin çoxluğun
mövqeyini dəstəkləyərək qərara tərəfdar
çıxması tapşırılırdı. Onlar
münasib şərait yarandığı təqdirdə
Bakıda qırğız eposu "Manas"ın nəşri
ilə bağlı danışıqlar aparmalı idilər.
Qurultayın bədii hissəsində qırğız incəsənətini
nümayiş etdirmək məqsədi ilə üç nəfərdən
ibarət milli musiqi dəstəsinin - akınların göndərilməsi
də alınan qərarlar sırasında idi. Hazırlıq
işlərinə rəhbərlik Qasım Tınıstanova həvalə
olunmuşdu.
Lakin naməlum səbəblərdən İ.Arabayev
qurultayda iştirak edə bilməmişdi. Çox
güman,
Qırğızıstanın 1924-cü ilə qədər
tərkibində olduğu Türküstan SSR-dən
ayrılması tələbi ilə çıxış edən,
qırğız xalqının müstəqil
özünüidarə hüququ uğrunda mübarizənin
öncüllərindən olan İ.Arabayev hökumətin nəzərində
şübhəli şəxsə çevrilmişdi.
1933-cü ildə sosialist ideyaları zəminində vahid
türk dövləti qurmaq məqsədi qoyan Sosialist Turan
partiyasının (guya "sosialist" adına ləkə gətirməmək
üçün sənədlərdə ad Sosial Turan
partiyası kimi göstərilmişdi - V.Q.) fəalı kimi həbs
edilməsi və həmin il Daşkənd həbsxanasında həlak
olması onu milli-siyasi zəmində qırğızlara
qarşı çevrilmiş repressiyanın ilk
qurbanlarından saymağa əsas
verir.
Qasım Tınıstanov 1926-cı ildə muxtar
respublikaya çevrilən
Qırğızıstanın nümayəndəsi kimi
müxtəlif ölkə və təşkilatları təmsil
edən 22 nəfər tanınmış siyasət və elm
xadimləri ilə birlikdə qurultayın rəyasət heyətinə
seçilmişdi. Əlifba ətrafında müzakirələrlə
bağlı mərkəzin verdiyi təlimat əsasında
hazırlanan tezisləri gündəlik bülletendə
çap olunmuşdu. Eyni zamanda martın 4-də keçirilən
12-ci iclasda çıxış edib qırğız heyətinin
latın əlifbasına keçidin tərəfdarı
olduğunu bəyan etmişdi.
1927-1930-cu illərdə ölkəsinin xalq maarif
komissarı olması ona Bakı qurultayında lehinə səs
verdiyi qərarı təcrübədə həyat keçirmək
imkanı yaratmışdı.
Təəssüf ki, türkoloqların Bakı
qurultayına dair silsilə yazılarımda səslənən
ənənəvi nəqəratı burada da təkrarlamalı
olacağam: qırğız alimi, ictimai və dövlət
xadimi ilk qırğız professoru Qasım Tınıstanov
1937-ci ilin avqustunda "burjua millətçisi" və
Sosial Turan partiyasının rəhbərlərindən biri
kimi həbs edilmiş, növbəti il noyabrın 8-də
böyük ümidlər bəslədiyi "inqilab
günündə" Üçlüyün qərarı ilə
güllələnmişdi. Bazarkul Daniyarov isə
qırğız feodalı - manap kimi 10 il həbs cəzasına
məhkum edilmiş, 1942-ci ildə Sverdlovsk həbs düşərgəsində
antisanitariya, aclıq və xəstəliklər nəticəsində
həlak olmuşdu.
1926-cı ildə başqırdlar, xüsusən də
türkmən və qırğızlar, eləcə də digər
türk-müsəlman xalqların təmsilçiləri
üçün Bakı böyük dünyaya açılan
qapı, çağdaş mədəniyyətlə təmas
nöqtəsi, ümidverici gələcəyə və milli-mədəni
tərəqqiyə aparan yolun başlanğıcı idi.
Əgər bu yol yarıda qırılmasaydı, Birinci
Türkoloji qurultayın enerjisi, amalı və ruhu
yaşadılsaydı, yəqin ki, türk xalqları hələ
ötən əsrin 20-ci illərində məngənəsində
əzildikləri sehrli dairədən xilas olar, aradan yüz il
ötəndən sonra yenidən eyni problemlərə
qayıtmağa ehtiyac duymazdılar...
Sarayevo, fevral 2026-cı il
Vilayət QULİYEV
525-ci qəzet .- 2026.- 27 fevral(¹ 8).- S.14-15.