"Bioinformatika Azərbaycanda nisbətən
yeni, lakin perspektivli bir sahədir"
Elbəy Əliyev: "Son illərdə genomika,
molekulyar biologiya və İT-nin inteqrasiyası
üçün müəyyən addımlar
atılıb"
Ötən
ay dünyanın nüfuzlu elmi nəşrlərindən olan
"Nature Communications" jurnalında azərbaycanlı alim
Elbəy Əliyevin baş müəllif kimi məqaləsinin
dərci ictimaiyyətdə böyük maraq doğurdu. Bu məqalə
Elbəy Əliyevin "Nature" nəşrlər ailəsində
çap olunan üçüncü elmi işidir və ilk dəfə
olaraq onun əsas müəllif (main author) qismində təqdim
olunduğu araşdırmadır. Qeyd olunmalıdır ki,
"Nature" jurnal ailəsində yer alan məqalələr
yalnız yüksək elmi dəyərə və qlobal əhəmiyyətə
malik tədqiqatlar arasından seçilir. Araşdırma insan
DNT-sində baş verən irihəcmli struktur dəyişikliklərinin
genlərin fəaliyyəti və sağlamlıq göstəricilərinə
təsirini əhatə edir. Tədqiqat zamanı Qətərdə
yaşayan 6 min 141 nəfərin tam genom məlumatları təhlil
edilib və əldə olunan nəticələr, klinik göstəricilər,
o cümlədən laborator analizlər və tibbi qeydlərlə
əlaqələndirilib. Bu elmi nailiyyət Azərbaycan alimlərinin
beynəlxalq səviyyədə uğurlu fəaliyyətlərini
nümayiş etdirir.
Məlumat
üçün bildirək ki, Elbəy Əliyev Bakı şəhərində
anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetini
bitirib, hərbi xidmətdən sonra magistr təhsilini də
burada davam etdirib. 2008-2017-ci illərdə IDRAK Technology Transfer
şirkətində baş proqramçı kimi
çalışıb. 2017-2025-ci illərdə Qətərin
Doha şəhərində yerləşən Sidra Medicine tibb
və tədqiqat mərkəzində
araşdırmaçı kimi fəaliyyət göstərib.
2025-ci ilin iyul ayından etibarən isə ABŞ-nin Kolorado
Universitetinin Biotibbi İnformatika Departamentində baş data
elmi mütəxəssisi kimi çalışır.
Azərbaycanlı
alim Elbəy Əliyevin "525-ci qəzet"ə müsahibəsini
təqdim edirik.
- Siz
bioinformatika sahəsində tədqiqatçısınız.
Bu sahə hazırda necə inkişaf edir və hansı yeni
nailiyyətlər əldə olunub?
-
Bioinformatika son illərdə tibbin və biologiyanın ən
sürətlə inkişaf edən istiqamətlərindən
birinə çevrilib. Əgər əvvəllər genetik
analizlər daha çox tək-tək genlər və ya
kiçik mutasiyalar üzərində aparılırdısa,
bu gün artıq bütöv genom səviyyəsində,
milyardlarla DNT oxunuşunun paralel analizi mümkündür.
Süni intellekt, yüksək hesablama gücü və bulud
texnologiyalarının inkişafı nəticəsində
böyük həcmli genom məlumatlarının emalı daha
sürətli və dəqiq həyata keçirilir.
Digər
mühüm istiqamət fərdiləşdirilmiş tibbin
inkişafıdır. Artıq genetik məlumatlar yalnız elmi
məqsədlər üçün deyil, klinik qərarların
verilməsində də istifadə olunur. Məsələn,
bir insanın genetik profili əsasında dərmanlara
reaksiyası, müəyyən xəstəliklərə
meyilliliyi və profilaktik tədbirlər
planlaşdırıla bilir.
Eyni
zamanda, bioinformatika müxtəlif xalqlar və regionlar üzrə
genetik məlumat bazalarının genişləndirilməsinə
töhfə verir. Bu, qlobal səhiyyədə balansın
qorunması və daha ədalətli tibbi yanaşmanın
formalaşması baxımından xüsusi əhəmiyyət
daşıyır. Ümumilikdə, bioinformatika artıq
yalnız analiz aləti deyil, müasir tibbin strateji əsas
sütunlarından birinə çevrilməkdədir.
-
Sizin tədqiqatlarınızın nəticələri
"Nature Communications" jurnalında dərc olundu. İstərdim
tədqiqatın əsas mahiyyəti barədə
danışasınız. Bu istiqamətdə hazırda yeni
işlər nəzərdə tutmusunuz?
- Tədqiqatın
əsas mahiyyəti insan genomunda baş verən irimiqyaslı
struktur dəyişikliklərinin - yəni DNT-nin böyük
hissələrinin silinməsi, çoxalması və ya yer dəyişməsinin
- insan sağlamlığına təsirini sistemli şəkildə
araşdırmaq idi. Ənənəvi genetik testlər əsasən
kiçik mutasiyalara fokuslanır, lakin bizim işimiz göstərdi
ki, böyük struktur dəyişiklikləri də bir
çox klinik göstəricilərlə birbaşa əlaqəlidir.
Araşdırma
çərçivəsində minlərlə insanın tam
genom məlumatı analiz olunaraq real tibbi göstəricilərlə
müqayisə edilib. Nəticələr göstərdi ki,
struktur variasiyalar sidik turşusu səviyyəsi, qaraciyər və
böyrək funksiyaları, dəmir mübadiləsi, bədən
çəkisi və digər mühüm biokimyəvi parametrlərlə
əlaqəlidir. Bundan əlavə, təxminən hər 30 nəfərdən
birində erkən aşkarlandıqda profilaktik müdaxilə
imkanı yaradan genetik risk faktorları müəyyən edilib.
Bu isə xəstəliklərin müalicəsindən daha
çox, onların qarşısının alınmasına
yönəlmiş yanaşmanın əhəmiyyətini
göstərir.
Hazırda
bu istiqamətdə yeni işlər
planlaşdırılır. Növbəti mərhələdə
struktur variasiyaların daha yüksək dəqiqliklə
aşkarlanması üçün uzunoxunuşlu sekvens
texnologiyalarının tətbiqi, nadir genetik xəstəliklərin
və metabolik pozuntuların daha dərindən öyrənilməsi,
həmçinin müxtəlif populyasiyalar üzrə
müqayisəli analizlərin aparılması nəzərdə
tutulur. Eyni zamanda, qısa tandem təkrarları (Short Tandem
Repeats - STR) kimi genomun mürəkkəb və tez-tez dəyişkən
bölgələrinin daha dəqiq genotiplənməsi üzərində
də işləyirik. STR-lər bir çox irsi və nevroloji
xəstəliklərlə əlaqəlidir və onların
düzgün analizi klinik diaqnostikada mühüm rol oynayır.
Məqsədimiz bu tip çətin aşkarlanan genetik dəyişiklikləri
daha dəqiq müəyyən etmək və onları praktik
tibbi tətbiqlərə inteqrasiya etməkdir.
- Azərbaycanda
bioinformatika sahəsinin inkişafı barədə nə deyə
bilərsiniz? Bu cür tədqiqatların Azərbaycanda da
aparılması mümkündür?
- Azərbaycanda
bioinformatika nisbətən yeni, lakin perspektivli bir sahədir.
Son illərdə genomika, molekulyar biologiya və informasiya
texnologiyalarının inteqrasiyası istiqamətində müəyyən
addımlar atılıb. Gənc mütəxəssislərin
artması, xaricdə təhsil almış alimlərin ölkəyə
töhfə verməsi və universitetlərdə müasir
proqramların formalaşması bu sahənin inkişafı
üçün müsbət zəmin yaradır.
Bu
tip tədqiqatların Azərbaycanda aparılması tam
mümkündür. Bunun üçün əsas şərtlərdən
biri güclü hesablama infrastrukturu, keyfiyyətli genom məlumat
bazası və klinik məlumatlarla inteqrasiya imkanlarının
yaradılmasıdır. Eyni zamanda, laboratoriya və
bioinformatika mütəxəssisləri arasında sıx əməkdaşlıq
vacibdir.
Əgər
milli səviyyədə genom proqramı və ya geniş
miqyaslı biobank təşəbbüsü
formalaşdırılarsa, ürək-damar xəstəlikləri,
diabet, metabolik pozuntular və nadir irsi xəstəliklər
üzrə daha dəqiq risk qiymətləndirməsi aparmaq
mümkün olar. Bu isə fərdiləşdirilmiş tibbin
inkişafına, erkən diaqnostikaya və səhiyyə
planlamasında daha effektiv qərarların verilməsinə
şərait yaradar.
-
Sizin fikrinizcə, texnologiyaların inkişafı elmi tədqiqatların
aparılmasında hansı rolu oynayır?
-
Texnologiyaların inkişafı müasir elmin əsas hərəkətverici
qüvvəsidir. Əgər əvvəllər bir tədqiqat
illərlə davam edirdisə, bu gün yüksək hesablama
gücü, avtomatlaşdırılmış laborator sistemlər
və böyük məlumatların analizi sayəsində eyni
proseslər daha qısa müddətdə və daha yüksək
dəqiqliklə həyata keçirilir.
Xüsusilə
biologiya və tibb sahəsində yeni sekvens texnologiyaları,
süni intellekt alqoritmləri və bulud əsaslı hesablama
sistemləri elmi yanaşmanı tamamilə dəyişib.
Milyonlarla və hətta milyardlarla məlumat nöqtəsini
paralel şəkildə analiz etmək mümkün olub. Bu isə
daha əvvəl görünməyən
qanunauyğunluqları aşkar etməyə və nəticələri
klinik praktikaya daha sürətli tətbiq etməyə imkan
yaradır.
- Yaxın
gələcək üçün fəaliyyət
planlarınız nədən ibarətdir?
-
Hazırda əsas tədqiqat hədəfim genomik struktur
variantlar və qısa tandem təkrarlar kimi insan genomunda
baş verən mürəkkəb dəyişiklikləri daha
dəqiq tapmaq və analiz etmək üçün proqram həlləri
qurmaq və onları böyük məlumat dəstlərində
yoxlayıb etibarlı hala gətirməkdir. Bu mutasiya tipləri
bir çox nadir xəstəliklərin səbəbini izah edə
bilir, eyni zamanda geniş populyasiyalarda xəstəliklərin və
bioloji mexanizmlərin anlaşılmasına kömək edir.
Ümumilikdə əsas məqsədim elmi nəticələri
real kliniki mühitdə istifadəsini mümkün etmək və
xəstələr üçün daha düzgün qərarların
verilməsinə dəstək olmaqdır.
-
Elmi təqdiqatdan başqa, maraq dairənizdə olan digər
sahələr varmı?
- Hər
şeydən əvvəl ailə mənim üçün ən
önəmli dəyərdir. İşdən kənar
vaxtımı mümkün qədər ailəmlə
keçirməyə çalışıram. Onlarla birlikdə
olmaq həm motivasiya verir, həm də insanı balansda
saxlayır.
Bundan
əlavə, proqram mühəndisliyi və alqoritmlərlə
maraqlanıram. Effektiv sistem qurmaq, optimallaşdırma məsələləri
və yeni texnologiyalar üzərində düşünmək
mənə zövq verir.
İdman
da həyatımın vacib hissəsidir. Basketbolu çox sevirəm
- həm izləməyi, həm də oynamağı. Basketbol mənim
üçün komanda ruhu, sürətli qərarvermə və
strateji düşüncə deməkdir.
Musiqi
isə istirahət və ilham mənbəyimdir. Azərbaycan
xalq musiqisini, milli mahnıları və cazı sevirəm.
Xüsusilə folklor və cazın sintezi mənə
yaxındır - həm milli kökləri, həm də
müasir üslubu birləşdirir.
Ümumilikdə
çalışıram ki, həyatımda balans olsun: ailə,
elm, texnologiya, idman və musiqi bir-birini tamamlayan sahələrdir.
-
Xaricdə müxtəlif sahələrdə
çalışan azərbaycanlı alimlər bir sıra
uğurları ilə diqqət çəkirlər. Alimlərimiz
arasında hansısa şəbəkələşmə
varmı?
- Son
illərdə xaricdə çalışan azərbaycanlı
alimlərin sayı və elmi uğurları nəzərəçarpacaq
dərəcədə artıb. Müxtəlif ölkələrdə
- ABŞ, Avropa və digər regionlarda - elmimizin nümayəndələri
qabaqcıl universitet və tədqiqat mərkəzlərində
çalışırlar. Şəbəkələşmə
məsələsinə gəldikdə isə, formal və
institusional səviyyədə tam sistemli bir platforma hələ
formalaşmayıb, lakin fərdi və peşəkar əlaqələr
kifayət qədər aktivdir.
Alimlər
əsasən beynəlxalq konfranslar, birgə layihələr,
sosial və peşəkar platformalar vasitəsilə əlaqə
saxlayırlar. Xüsusilə eyni sahədə
çalışan tədqiqatçılar arasında əməkdaşlıq
və təcrübə mübadiləsi mövcuddur. Bununla
yanaşı, diaspor təşkilatları və elmi təşəbbüslər
çərçivəsində də müəyyən əlaqələr
qurulur.
Pərvanə
SULTANOVA
525-ci qəzet .- 2026.- 27 fevral(№ 8).- S.11.