Minimum əmək haqqının
məbləğinə hər il yenidən baxılacaq
Bu məbləğ ölkədə inflyasiya ilə
bağlı gözləntilər və sosial müdafiə
sektorunda yığım imkanları nəzərə
alınaraq müəyyənləşəcək
Məlum olduğu kimi, Prezident İlham Əliyev
"Əmək Məcəlləsində" dəyişiklikləri
təsdiq edib. Yeni dəyişikliklərə əsasən,
minimum əmək haqqı məbləğinə ildə ən
azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, yeni dəyişiklik
ilə minimum əmək haqqı artımında
dövrülük təmin olunacaq. Bu artımların həmçinin
qanunla tənzimlənməsi anlamına da gəlir.
Qeyd edək ki, son olaraq minimum əməkhaqqı məsələsinə
2025-ci ilin yanvarın 1-də baxılıb. Həmin vaxt minimum
əməkhaqqı 400 manat müəyyən edilib.
Son illər beynəlxalq təşkilatların və
komissiyaların qiymətləndirmələrində ölkələrin
əmək bazarının çevikliyi, sosial müdafiə
mexanizmlərinin adekvatlığı və gəlir siyasətinin
institusional əsasları xüsusi indikator kimi
ölçülür. Azərbaycan üzrə reytinq göstəriciləri
də məhz bu istiqamətdə siyasətin daha çevik və
dövri qiymətləndirmə modelinə keçməsini zəruri
edirdi. Qanunvericiliyə edilən dəyişiklik minimum əməkhaqqının
hər il avtomatik artırılması deyil, ildə azı bir
dəfə yenidən qiymətləndirilməsi mexanizmini təsbit
edir. Bu isə o deməkdir ki, qərarlar iqtisadi dinamika,
inflyasiya, əmək bazarındakı dəyişikliklər və
fiskal imkanlar nəzərə alınmaqla qəbul olunacaq.
Mütəxəssislərin fikrincə, bu mexanizm qiymətləndirmə
prosesidir. Yəni minimum əməkhaqqı artada bilər,
artmaya da bilər, lakin mütləq şəkildə yenidən
baxılacaq, təhlil olunacaq və qiymətləndiriləcək.
Konkret təkliflər təqdim ediləcək, göstəricilər
əsasında qərar qəbul olunacaq və yekun məbləğ
müəyyən ediləcək. Amma hazırkı şəraitdə
böyük ehtimalla, ildə ən azı bir dəfə
artımın mümkün və real ssenari olduğunu demək
olar.
İqtisadçı millət vəkili Vüqar
Bayramovun sözlərinə görə, minimum əmək
haqqındakı mütəmadi artım sadəcə
aşağı maaş alanları deyil, vahid tarif cədvəlinin
(VTC) bütün pillələri üzrə əməkhaqqı
alanları da əhatə edir. Dövlət büdcəsindən
maliyyələşdirilən sahələrdə
çalışan işçilərin aylıq tarif (vəzifə)
maaşları minimum əmək haqqı artırılandan bir
ay müddətində yeni məbləğə
uyğunlaşdırılaraq artırılır. Bura sosial,
elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı,
ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal,
nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı
və balıqartırma sahələrində
çalışan dövlət qulluqçusu statusu olmayan
işçilərin vəzifə maaşları daxildir:
"Bu sahələrdə çalışan və dövlət
qulluqçusu statusu olmayan vətəndaşlarımızın
əmək haqları VTC əsasında dövlət büdcəsindən
maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə
üzrə müəyyənləşdirilir. Hazırda ən
aşağı maaş 400, ən yüksək isə 1150
manatdır. Minimum əmək haqqının dövri olaraq
artırılması paraktik olaraq bütün dərəcələr
üzrə artımlara səbəb olacaq. Bu zaman əmək
haqqının minimum səviyyədən az və çox
olması xüsusi önəm daşımır. Minimum əmək
haqqında gözlənilən artımlar həm dövlət,
həm özəl sektorda maaş artımlarına səbəb
olacaq. Belə ki, hər iki sektorda minimum əmək
haqqından az maaş təklif etmək qanunvericiliklə
qadağandır. Bütövlükdə, minimum əmək
haqqının artırılması 700 min vətəndaşımızın
maaşlarının artmasına səbəb olur".
İqtisadçı ekspert Rəşad Həsənov
bildirib ki, bir sıra faktorlar 2026-cı ildə minimum əməkhaqqının
artırılması istiqamətində müəyyən
çağırışlar formalaşdırıb:
"Bunlardan birincisi, Əmək Məcəlləsinə edilən
dəyişiklikdir. Ən azı ildə bir dəfə minimum əməkhaqqı
səviyyəsinə baxılmalıdır. Bu o deməkdir ki,
cari ildə hökumət həmin istiqamətdə müvafiq
təkliflə çıxış etməlidir.
İnflyasiyanın 2025-ci ilin əvvəlindən etibarən
yüksək templə davam etdiyini də nəzərə almaq
lazımdır. Keçən il 5,6 faizlik inflyasiya qeydə
alınıb. Ərzaq məhsullarında isə bu göstərici
7 faiz səviyyəsində oldu. Bu tempin 2026-cı ildə də
davam edəcəyi gözlənilir. Mərkəzi Bank cari ildə
5,4 faiz səviyyəsində inflyasiya
proqnozlaşdırır".
İqtisadçının fikrincə, indiki şərtlər
daxilində minimum əməkhaqqı ən azı 600 manat
civarında olmalıdır: "Hökumətin minimum əməkhaqqını
orta aylıq əməkhaqqının 60 faizinə
çatdırılması istiqamətində hədəfləri
var. Bu şərtlər daxilində orta aylıq əməkhaqqı
1100 manat olduğundan, minimum əmək haqqı da 660 manata
çatdırılmalıdır. Başqa bir tərəfdən,
ölkədə 10 milyon əhalinin olması fonunda 5 milyon 200
min məşğul şəxs var. Yəni 2 nəfərə
bir məşğul şəxs düşür. Bu isə o
deməkdir ki, bir nəfərin gəliri ən azından 2 nəfərin
minimum xərclərini ödəməlidir. Ehtiyac
meyarının 300 manat olduğunu nəzərə alsaq və
birin ikiyə nisbəti tətbiq olunarsa, bu halda minimum əmək
haqqı indiki şərtlər daxilində 600 manata
çatdırılmalıdır".
İqtisadçı ekspert Xalid Kərimli deyir ki,
minimum əməkhaqqının məbləği ölkədə
inflyasiya ilə bağlı gözləntilər, sosial
müdafiə sektorunda yığım imkanları və digər
amillər nəzərə alınaraq müəyyənləşəcək.
Artım əhalinin gəlirlərinə müsbət təsir
etməklə, həm də əmək bazarına
mühüm fayda verəcək, işçi qüvvəsinin
rəqabət qabiliyyətinin, məhsuldarlığının,
əməyin leqallaşdırılmasını təmin edəcək.
Bu baxımdan, minimum əməkhaqqının növbəti
artımından sonra yaşayış minimumu arasında rəqəm
də təxminən 30-40 faiz yüksəlmiş olacaq. Eləcə
də minimum əməkhaqqı artımı, ölkəmizdə
xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına
olan nisbət göstəricisinin də yüksəlməsinə
imkan verəcək.
İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə
görə, minimum əmək haqqının məbləğinə
6 aydan bir yenidən baxılması müsbət tendensiya
formalaşdırır. Bu o deməkdir ki, yeni dəyişiklik
ilə minimum əmək haqqı artımında
dövrülük təmin olunacaq. Bu artımların həmçinin
qanunla tənzimlənməsi anlamına da gəlir:
"Əsas məna ondan ibarətdir ki, minimum əmək
haqqı artıq uzun müddət dəyişməz qalmayacaq,
iqtisadi vəziyyətə uyğun olaraq ildə ən azı
bir dəfə qiymətləndiriləcək. Bunun müsbət
tərəfi odur ki, qiymətlər artdıqca və infilyasiya
yüksəldikcə aşağı maaş alan insanların
gəliri köhnə səviyyədə qalmayacaq. Əgər
yaşayış xərcləri artarsa, minimum əmək
haqqının da artırılması mümkün olacaq. Bu isə
aztəminatlı işçilərin alıcılıq
qabiliyyətinin qorunmasına kömək edə bilər".
A.Nəsirli qeyd edib ki, işçilər
üçün daha sabit və proqnozlaşdırıla bilən
bir sistem formalaşa bilər. "Yəni əsas dəyişiklik
ondan ibarətdir ki, minimum əmək haqqı daha çevik
şəkildə tənzimlənəcək və iqtisadi vəziyyətə
uyğunlaşdırılacaq".
Xatırladaq ki, minimum əmək haqqı
"Yaşayış minimumu haqqında" Qanuna uyğun
olaraq ixtisassız əməyə və xidmətə görə
aylıq əmək haqqının ən aşağı səviyyəsini
müəyyən edən sosial normativdir. Aylıq iş
vaxtı normasını işləmiş və əmək
funksiyasını yerinə yetirmiş işçinin aylıq
əmək haqqı dövlət tərəfindən müəyyən
edilmiş minimum əmək haqqı məbləğindən
aşağı ola bilməz.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 27 fevral(№ 8).- S.10.