Qarabağın ilk film festivalı -
Laçında!
Laçındakı "HochazFilm Creative Studio"nun
beynəlxalq kinofestivala hazırlaşması milli kino ilə
bağlı yeni, maraqlı xəbərdir. Böyük Zəfərdən
cəmi beş il sonra işğaldan azad olunmuş
Laçın ölkənin mədəniyyət mərkəzlərindən
birinə çevrilməkdədir.
Azərbaycan Kinematoqrafçılar
İttifaqının (AKİ) idarə heyətinin üzvü,
"HochazFilm Creative Studio"nun direktoru Amil Məmibəyli ilə
söhbətimiz bu mövzudadır.
- Amil bəy, fevralın 21-də "LaCinema"
kinoteatrında Laçın Film Festivalının (LFF), eyni
zamanda LFF saytının təqdimatı keçirildi. Bu,
Bakıdan kənarda keçiriləcək ilk beynəlxalq film
festivalı olacaq? Riskli addım deyilmi?
- Risk yalnız məsafədədirsə, yeni çəkilmiş
keyfiyyətli yollar onu sıfırlayacaq.
- Yalnız yolu demirəm. Beynəlxalq kino festivalı
keçirmək, xaricdən qonaq qarşılamaq ciddi
imtahandır - xüsusi təcrübə, bacarıq istəyir.
- Laçın azad olunandan bizim məkanda çox tədbirlər
keçirilib, mötəbər qonaqlarımız olub. Bakı
Abadlıq Xidməti və Prezidentin Laçın nümayəndəliyinin,
Azərbaycan Mədəniyyət Nazirliyinin birgə səyi ilə
hər il Laçın şəhər günləri yüksək
səviyyədə təşkil edilir. Ölkə
başçısı cənab İlham Əliyevin,
diplomatların, səyyahların şəhərimizə
mütəmadi səfərləri olur. Ötən il MDB-nin mədəniyyət
paytaxtı kimi Laçın xeyli əcnəbi qonaq
qarşıladı, onların arasında məşhur simalar
vardı... Şəhərdə qonaqların
qarşılanması üçün zəruri infrastruktur yaradılıb,
bütün xidmətlər real fəaliyyət göstərir,
hava limanımız var, Lachin Resort & SPA, "HochazFilm"
Yaradıcılıq Studiyası, "LaCinema"
kinoteatrı, istirahət kompleksləri, restoranlar... Yəni
Laçına gələn narazı qayıtmaz.
Laçını turizm mərkəzi konseptində dirçəldən
Bakı Abadlıq Xidmətinin peşəkar heyəti də
şəhər qurulandan bizimlədir, yanımızdadır.
- Festivalın peşəkar baxımdan təşkilatçılığı,
idarəçiliyi kimə aiddir?
- LFF Laçında fəaliyyət göstərən
"HochazFilm Creative Studio" tərəfindən təsis
edilib. İdeyanı dəstəklədikləri
üçün Laçın rayonunda Prezidentin Xüsusi
Nümayəndəliyinə, Azərbaycan
Kinematoqrafçılar İttifaqına, Bakı Abadlıq Xidmətinə
minnətdaram. Lachin Resort & Spa, AzGeo MMC (Azərbaycan
Geologiyası), "Gilabi Ceramics" festival hərəkatına
qoşulmağa hazır olduqlarını bildiriblər.
- İnamlı və əzmlisiniz. İlk tədbiriniz
nə vaxt olacaq?
- Bu ilin avqustunu hədəfləmişik. Məqsədimiz
milli kino bayramında yeni istedadlı isimləri üzə
çıxarmaq, Laçının mədəni dirçəlişini
dünyaya çatdırmaq və regionu beynəlxalq kino
mühitinin yaradıcı məkanına çevirməkdir.
- LFF kütləvi şəhər festivallarından nəylə
fərqlənəcək?
- Biz böyük şəhər
şablonlarını təkrarlamayacayıq. Əksinə,
Laçının əsrarəngiz təbiətini, mədəni
irsini və yaradıcı nəfəsini ön plana
çıxaran unikal format təqdim edəcəyik. Peşəkar
təşkilatçılıq, güclü məkan
identikliyi və orijinal estetika Laçın Film Festivalı
regionun ən nüfuzlu yeni film platformasına çevirəcək.
- Proqram seçimi ilə bağlı
planlarınız nədir?
- Coğrafi uzaqlığa və dağ
landşaftına görə meqapolislərdə mümkün
olmayan səmimi peşəkar ünsiyyət mühiti yaratmaq
istəyirik. LFF qısametrajlı filmlərin
festivalıdır. Laçın coğrafi olaraq Türk
dünyası, Avropa və Asiya arasında körpü rolunu
oynayır. Festival bu keçid mövqeyini proqram seçimində
prioritet edəcək. Türk Dövlətləri, MDB, Xəzəryanı
ölkələr, Balkanlar, Orta Asiya və Cənub-Şərqi
Avropa qısametrajlı filmlərinə xüsusi diqqət
yetirəcəyik.
- Bu gedişlə LachinFilmFest regiondakı münasibətlərin
inkişafına da təsir göstərə bilər?
- Çalışacağıq ki, kino diplomatiyası
bölgənin təhlükəsiz, müasir yaradıcı
potensiala malik məkana çevrilməsinə xidmət etsin.
Sonu da qeyd edim ki, festival haqqında bütün məlumatları
lachinfilmfest.com rəsmi saytından və sosial şəbəkə
hesablarından izləyə bilərsiniz.
- Elə isə kinomanlar səbirsizliklə avqustu
gözləsinlər. Uğurunuz bol olsun!
AFAQ
525-ci qəzet .- 2026.- 27 fevral(№ 8).- S.12.