Pensiya kapitalına
yığılan vəsaitdən erkən istifadə
BİR SIRA ÖLKƏLƏRDƏ İNSANLAR
MÜƏYYƏN HALLARDA ƏVVƏLCƏDƏN TOPLADIQLARI
PENSİYA KAPİTALINDAN İSTİFADƏ EDƏ
BİLİRLƏR
Məlum olduğu kimi, Dövlət Sosial Müdafiə
Fondu tərəfindən idarə olunan fərdi hesab sistemində
hər bir rəsmi işləyən vətəndaşın
adına pensiya kapitalı toplanır. Bu kapital işəgötürənin
və işçinin ödədiyi məcburi dövlət
sosial sığorta haqları hesabına formalaşır və
gələcəkdə əmək pensiyasının məbləğini
müəyyən edən əsas amillərdən biridir.
Pensiya kapitalı uzunmüddətli sosial təminat mexanizmidir və
onun əsas məqsədi vətəndaşın
yaşlılıq dövründə maddi təminatını
qorumaqdır. Pensiya kapitalı - vətəndaşın fərdi
hesabında toplanan vəsaitdir. Bu vəsait işlədiyi
müddətdə ödənilən sosial sığorta
haqlarından, həmin vəsaitə hesablanan indeksləşmələrdən
ibarət olur. Toplanan kapital birbaşa vətəndaşın
şəxsi mülkiyyəti sayılsa da, onun istifadəsi
qanunvericiliklə tənzimlənir.
Bir sıra ölkələrdə vətəndaşlar
pensiya yaşı tamam olmadan da pensiya kapitalına
yığılan vəsaitdən istifadə edə bilirlər.
Məsələn, daşınmaz əmlak almaq və ya biznes
qurmaq istəyən şəxslər pensiya kapitalında
topladıqları pulu öncədən çıxarmaq
imkanına malikdirlər. Azərbaycanda isə kapitalı daha
erkən yada doldurmuş onlarla insan olmasına baxmayaraq, onlar
kapitallarını istifadə edə bilmirlər. Mövcud
qaydalara görə, pensiya yaşı tamam olmadan bu vəsaitdən
sərbəst istifadə etmək mümkün deyil. Yalnız
qanunla nəzərdə tutulmuş xüsusi hallarda erkən
pensiya hüququ yarana bilər.
İqtisadçı ekspert Eyyub Kərimlinin sözlərinə
görə, Azərbaycanda rəsmi arqument ondan ibarətdir ki,
ölkədə həmrəylik sığortası sistemi tətbiq
olunur. Yəni hazırda pensiya alanların sayı çoxdur və
postsovet dövründə uzun müddət pensiya hüququ
olmayan insanlar mövcud olub. Hazırda işləyən gənclərin
ödədiyi sosial sığorta haqları bu şəxslərin
pensiyalarının maliyyələşdirilməsinə
yönəldilir. Gələcəkdə iqtisadi vəziyyət
yaxşılaşdıqca, sonrakı nəsillərin ödədiyi
vəsait hesabına pensiyalar veriləcək.
İqtisadçının sözlərinə görə,
sistemin tam formalaşması zaman tələb edir: "Sovet
dövründən qalma keçid mərhələsi tam
başa çatdıqdan, əmək münasibətləri
tam rəsmiləşdirildikdən və insanların əmək
stajları sosial sistemdə tam əks olunduqdan sonra sosial
müdafiə fondlarında əlavə vəsaitlər
formalaşacaq. Hər kəs öz pensiyasını tam şəkildə
ala bildiyi mərhələdə, hesab edirəm ki, pensiya kapitalından
erkən istifadə məsələsi də öz həllini
tapa bilər".
İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə
görə, Azərbaycanda vətəndaşın dövlət
sistemi ilə pensiya kapitalı olur: "Vətəndaş
işlədiyi müddətdə əməkhaqqından pensiya
fonduna ödəmələr gedir. Bu ödəmələrin fərdi
identifikasiya nömrəsində qeydiyyatı gedir. Bu ödəmələr
toplanılır və hər ilin əvvəlində həmin
pensiya kapitalı inflyasiyaya əsasən indeksləşdirilir.
Pensiya yaşı çatdıqda isə həmin məbləğ
144-ə bölünür. Bununla aylıq pensiyanın həcmi
tapılır".
Xalid Kərimli qeyd edib ki, dünya təcrübəsində
vətəndaşlar özəl pensiya fondundan istifadə edir.
Özəl penisya fondu vətəndaşın maaşından
edilən ödənişlərlə yığılan pensiya
fondudur. Bu, vətəndaşın könüllülük
prinsipi əsasında baş tutur: "Qərb və Avropa təcrübəsində
belə bir təcrübə var. Vətəndaş özəl
pensiya fondu ilə müqavilə bağlayır. Bu iş
yerinin təşkilatçılığı ilə edilir,
amma fonda gedən vəsait vətəndaşın cibindən
gedir, yəni əməkhaqqısından tutulur. Vətəndaş
dövlət pensiya təminatından əlavə, özünün
gələcək yığım, özəl pensiya tədbirlərini
həyata keçirir. Dövlətin pensiya sistemində
iştirak məcburidir, özəl pensiya fondu isə
könüllü prosesdir və ya iş yerinin işçisi
üçün yaratdığı əlavə
faydalardır. Bu, özəl pensiya qanunvericiliyi olan zaman həyata
keçirilə bilər. Vətəndaş fonddakı pulu
birbaşa götürə bilər və ya həmin vəsaiti
dövlət pensiya sisteminə əlavə edə bilər. Azərbaycanda
isə dövlət sistemi ilə pensiya kapitalı
mövcuddur".
Azərbaycanda pensiya yaşı tamam olmadan pensiya
kapitalından vaxtından əlavə istifadə edilməsinə
gəlincə, ekspert qeyd edib ki, hazırda belə bir qayda
mövcud deyil: "Dövlətin müəyyənləşdirdiyi
pensiya kapitalında belə qayda yoxdur. İstənilən vaxt
vətəndaş həmin vəsaitdən istifadə edə
bilməz. Yalnız yaşı çatdıqdan sonra vətəndaş
pensiyasından istifadə edə bilər".
İqtisadçı ekspert Natiq Cəfərli bildirib
ki, Azərbaycanda pensiya kapitalından istifadəyə, yaxud da
bu vəsaiti vərəsəlik hüququ ilə ailə
üzvlərinə verməyə qanunvericilikdə qadağa
yoxdur: "Amma bunun mexanizmi də yoxdur. Mexanizm yoxdur deyə,
insan öz kapitalı ilə bağlı sərəncam vermək
hüququna malik deyil. Ona görə də bizdə bunun
çözüm yolu ya qanunvericiliyə ciddi dəyişiklik
etmək, ya da özəl təqaüd fondları
yaratmaqdır. Həmin fondlarla bağlanan müqavilədə
qeyd olunmalıdır ki, vətəndaş bu kapitalı nə
vaxt, hansı şərtlərlə götürə bilər".
Ekspertin sözlərinə görə, Azərbaycanda
pensiya kapitalının yığımı problemi ondan ibarətdir
ki, minimum təqaüd artdıqca Dövlət Sosial Müdafiə
Fondunda pensiya kapitalının yığım hissəsi də
avtomatik olaraq artır: "Minimum pensiyalar qaldırılan kimi
avtomatik olaraq pensiya kapitalının yığım hissəsi
də artır. Bu, doğru bağlantı deyil və aradan
qaldırılmalıdır. Sabah pensiyanı artırsalar,
kapitalın yığım hissəsi yenə artacaq. Azərbaycanda
isə maaşların az olduğunu nəzərə alsaq,
çox az insan pensiya yaşına qədər pensiya
kapitalını toplaya bilir".
İqtisadçı qeyd edib ki, pensiya kapitalını
toplamayan vətəndaş daha az pensiya almağa məcburdur.
O, qanunvericilikdə bu bağlılığı aradan
qaldırılmağı vacib sayır, təklif edir ki,
qanunvericilikdə yığılan pensiya kapitalına uyğun
pensiya kəsilməsi ilə bağlı şkala tətbiq
olunsun. Bundan başqa, elə vətəndaşlar var ki, pensiya
kapitalı kifayət qədər böyükdür. Hesab
edilir ki, həmin vətəndaşlara daha tez pensiyaya
çıxmaq və buna uyğun olaraq da kapitalların bir hissəsini
65 yaşına çatmadan istifadə etmək hüquqi verilməlidir.
Qeyd edim ki, beynəlxalq təcrübədə pensiya
yaşı tamam olmadan bu hüquqdan istifadə imkanları
mövcuddur. Bəzi ölkələrdə bu hətta pensiya
kapitalına bağlanır. Orta pensiya kapitalından çox
yığımları olanlar artıq vəsaitini öncədən
almaq hüququna malik olurlar və bu zaman nəzərdə
tutulan minimum həddən artıq yığılmış vəsait
aylar üzrə hesablanmaqla vətəndaşa
qaytarılır. Məsələn, ABŞ-da pensiya kapitalı
çox olanlar daha tez müraciət edib pensiya alma imkanına
malik olurlar. Ölkədə elə Qərb təcrübəsinə
uyğun olaraq özəl pensiya fondlarının
yaradılması da reallaşmalıdır. Ümumiyyətlə,
pensiya təminatının özəl fondlar vasitəsilə
həyata keçirilməsi dünyada geniş yayılan bir
praktikadır. Hazırda ABŞ, Almaniya, Böyük Britaniya,
İrlandiya, Türkiyə və digər ölkələrdə
özəl təqaüd fondları fəaliyyət göstərir.
Ölkələr fərqli olduğu kimi, özəl pensiya
fondlarının fəaliyyəti də fərqli qaydalarla tənzimlənir.
Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar
üçün seçim imkanı yaradır".
Millət vəkili Vüqar Bayramov hesab edir ki, orta
pensiya kapitalından çox pensiya kapitalı alan vətəndaşlar
həmin vəsaitdən mərhələli şəkildə
istifadə etmə hüququna malik olması məqsədəmüvafiqdir:
"Yaxşı olar ki, pensiya kapitalının bir hissəsindən
kredit faizlərinin, təhsil haqqının, səhiyyə və
kommunal xidmətlərin ödənilməsi üçün
istifadə olunsun. Bu, imkan verəcək ki, vətəndaş
topladığı minimum kapitaldan artıq hissə ilə
müəyyən vəsaitləri pensiya yaşı tamam
olmadan istifadə etsin. Nəticədə vətəndaş
pensiya kapitalından daha səmərəli şəkildə
istifadə edə bilər".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
bildirilib ki, mövcud qaydalara əsasən, vətəndaşın
fərdi hesabında toplanan pensiya kapitalı ona qanunvericiliklə
müəyyən edilmiş qaydada yalnız pensiya şəklində
ödənilir: "Vətəndaşın fərdi
hesabının sığorta hissəsində toplanmış
pensiya kapitalından qanunvericiliyə uyğun olaraq yalnız
pensiya məqsədləri üçün istifadə oluna bilər.
Yəni vətəndaşın xeyrinə ödənilmiş
məcburi dövlət sosial sığorta haqlarından istifadə
sosial sığorta hadisəsi baş verdikdə, məsələn,
pensiya yaşına çatdıqda, əlilliyi müəyyən
edildikdə, ailə başçısını itirdikdə və
sair həyata keçirilir. Qanunvericiliyə görə, vətəndaş
pensiya yaşına çatmayıbsa və ya bu yaşa
çatanadək əlilliyi müəyyən edilməyibsə,
fərdi şəxsi hesabında toplanmış pensiya
kapitalından istifadə edə bilmir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 27 fevral(№ 8).- S.8.