Dünya üçün Azərbaycan
modeli
"Ölkəmiz təkcə ərazi
bütövlüyünü, suverenliyini bərpa etmədi, həm
də separatçılıqdan, terrorçuluqdan
qurtulmağın Azərbaycan modelini ortaya qoydu"
Bu həftə Xocalı soyqırımının
növbəti ildönümündə Azərbaycan Prezidenti
İlham Əliyev azad olunmuş ərazilərə səfər
etdi. Dövlət başçısı Xocavənd və
Xocalı rayonlarında olub, sakinlərlə
görüşüb, bərpa-quruculuq işləri ilə
yerindəcə tanış olub. Xocalı şəhərində
Xocalı Soyqırımı Memorialının
açılışında iştirak edib.
Prezidentin baş çəkdiyi Xocavənd rayonunun
eyniadlı kəndi - Xocavənd kəndi 2023-cü ilin
sentyabrında Silahlı Qüvvələrimizin antiterror əməliyyatı
nəticəsində işğaldan azad edilib. Burada hazırda
bərpa işləri davam etdirilir. Bu ilin fevralında Xocavənd
kəndinə 20 ailə - 94 nəfər qayıdıb. Cari
ilin mart-dekabr aylarında kəndə daha 130 ailə - 533 nəfərin
qayıtması planlaşdırılır. Ötən
müddət ərzində kənddə bir sıra
sosialyönümlü işlər görülüb,
infrastruktur qurulub.
Dövlət başçısı Xocavənd şəhərində
görülmüş işlərlə də tanış
olublar. Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci ildə
ermənilər tərəfindən işğal edilib. Şəhər
2023-cü ilin sentyabrında antiterror əməliyyatı nəticəsində
işğaldan azad olunub. Elə həmin il oktyabrın 15-də
Prezident İlham Əliyev Xocavənd şəhərində
Dövlət Bayrağımızı ucaldıb.
Xocavənd rayonunun ərazisi 1,51 min kvadratkilometrdir.
Əhalisinin sayı isə 12 min 500 nəfərdir. Rayonun ərazi
vahidinə 1 şəhər, 2 qəsəbə və 80 kənd
daxildir.
Prezident İlham Əliyevə Xocavənd şəhərində
əsaslı təmirdən sonra istifadəyə verilmiş fərdi
evlər barədə məlumat verilib. Şəhərdə
980 fərdi ev mövcuddur ki, onlardan da 133-ü yararsız,
847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən
55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792
ev təmir ediləcək.
Prezident Xocavənd şəhər və Xocavənd kənd
sakinləri ilə görüşdə bildirib ki,
köçkün həyatı ağır həyatdır, həm
mənəvi əzablar, həm fiziki çətinliklər,
öz doğma torpağını tərk edib başqa yerə,
hətta Azərbaycanın içində olsa belə getmək
və əzab-əziyyət içində yaşamaq
böyük sınaqdır: "Siz bu sınaqdan şərəflə
çıxmısınız. Əminəm ki, bütün Azərbaycan
xalqı, siz də hər zaman inanırdınız ki, bu
gün gələcək və bu torpaqları biz azad edəcəyik,
ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan
qovacağıq. Bildiyiniz kimi, vaxtilə işğal edilmiş
torpaqların böyük hissəsi beş il bundan əvvəl
Vətən müharibəsi zamanı azad olunsa da, Xocavənd
hələ də işğal altında qalmışdı və
xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa vəziyyət
dəyişəcək. Əminəm, cəmiyyətdə inam
var idi ki, bir qarış torpaq da düşmənin
tapdağı altında qalmayacaq və biz buna da nail olduq.
Artıq iki ildən çoxdur ki, bütün əraziyə -
Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət
edirik. Düşmənin sonuncu yuvasını da dağıtmışıq,
separatçıları da qovmuşuq, onları da məhkəmə
qarşısında cavab verməyə məcbur etmişik və
ədaləti tam bərpa etmişik. Ona görə artıq o
ağır dövr geridə qaldı, arxada qaldı, bir daha
qayıtmayacaq".
Dövlət başçısı bildirib ki, son 80 il
ərzində Azərbaycan qədər belə tam və
mütləq qələbə qazanan ikinci ölkə
olmayıb: "İndi isə quruculuq vaxtıdır və
burada artıq dövlət sizin üçün şərait
yaradıb. Bu proses davam etdiriləcək. On minlərlə Azərbaycan
vətəndaşı artıq azad edilmiş torpaqlarda
yaşayır və onlardan təqribən 30 minə
yaxını keçmiş köçkünlərdir".
Xatırladaq ki, bir neçə gün əvvəl
Xocavənd şəhərinə 50 ailə - 194 nəfər
qayıdıb. Ötən ilin sentyabrından indiyədək
isə Xocavəndin 5 yaşayış məntəqəsinə
- Xocavənd şəhərinə 50 ailə (194 nəfər),
Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604
nəfər), Sos kəndinə 85 ailə (360 nəfər),
Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd
kəndinə isə 20 ailə (94 nəfər) olmaqla,
ümumilikdə 1485 nəfər - 355 ailə qayıdıb.
Dövlət başçısı, həmçinin
Xocalı rayonunun Xanabad kəndində görülmüş
işlərlə tanış olub. Xanabad Xocalı rayonunun
eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd
2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı
nəticəsində işğaldan azad edilib.
İşğaldan əvvəl kənddə orta məktəb,
mədəniyyət evi, kitabxana və tibb məntəqəsi
fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli
XIII əsrə aid kilsə və IX əsrə aid "Aslan
qalası" memarlıq abidələri var.
Kənddə ümumilikdə 276 ev var ki, onlardan da
115-i yararsız, 161-i isə qismən yararlıdır.
İndiyədək 120 ev təmir olunub. Bu ilin sonunadək daha
41 ev istismara hazır olacaq. Bir neçə gün əvvəl
38 ailə - 154 nəfər kəndə qayıdıb.
Xanabadda bir sıra sosial layihələr icra olunub,
müvafiq infrastruktur qurulub.
Azad olunmuş ərazilərin hər birində bərpa-quruculuq
işləri yüksək səviyyədə, keyfiyyət təmin
edilməklə aparılır. Bütün bunlar uzun illər
ağır şəraitdə köçkünlük həyatı
yaşayan insanlarımızın öz doğma yurdlarında
rahat yaşamalarına hesablanıb.
Milli Məclisin deputatı Arzuxan Əlizadə
mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan
dövləti beş il əvvəl İkinci Qarabağ
müharibəsində möhtəşəm qələbə
əldə etdi. Ondan sonra həyata keçirilən bir
günlük antiterror əməliyyatları ilə ərazi
bütövlüyünmüzü və suverenliyimizi tam bərpa
etdik: "İlk günlərdən başlayaraq da 30 il ərzində
işğalda qalan və faktiki olaraq xarabalığa
çevrilən ərazilərimizi yenidən dirçəltməyə
başladıq. Çox böyük infrastruktur layihələri
həyata keçirilir, abadlıq-quruculuq işləri
görülür. Böyük Qayıdış
konsepsiyası işlənib hazırlanıb ki, artıq o
çərçivədə təxminən 50 min
soydaşımız öz doğma yurduna qayıdıb. Bu
proses davam edir. Əlbəttə ki, qayıdışı ləngidən
amillər də var. İlk növbədə söhbət
ondan gedir ki, işğal müddətində ərazilərimiz
tam dağıdılıb və indi həmin ərazilər
sıfırdan qurulur, yol infrastrukturu və digər layihələr
həyata keçirilir. Əsas maneələrdən biri də
ərazilərin minalarla kütləvi şəkildə
çirkləndirlməsidir. Orada təxminən 1 milyondan
artıq mina basdırılıb. Bu da təbii ki, bərpa
işlərinə müəyyən çətinliklər
yaradır. Amma beş il ərzində çox böyük
işlər görülüb. Azərbaycan Prezidenti mütəmadi
olaraq azad olunmuş ərazilərə səfər edir. Hər
səfər zamanı da yeni layihələrin gerçəkləşməsinə
şahidlik edirik. Sözün həqiqi mənasında
çox nəhəng işlər görülüb. Azad
olunmuş ərazilərdə üç beynəlxalq hava
limanı inşa edilib, yollar çəkilir".
Deputat əlavə edib ki, Prezident İlham Əliyev
Xocalı soyqırımının ildönümü ərəfəsində
növbəti dəfə Xocalı və Xocavənd
rayonlarına səfər etdi, görülmüş işlərlə
yerində tanış oldu, görüləcək işlərlə
bağlı tapşırıqlarını verdi: "Biz 34 il
bundan əvvəl çox böyük bir faciə
yaşadıq, bu, təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə
qarşı həyata keçirilən bir soyqırım,
müharibə cinayəti, misli görünməmiş vəhşilik,
vandal aktı idi. İşğal müddətində minlərlə
insanımız qətlə yetirildi, amansız işgəncələrə
məruz qaldırlar. Bu günlərdə Bakıda başa
çatan məhkəmə prosesində həmin faciələri
yaşamağımıza səbəb olan cinayətkarların
bir qisminə hökm oxundu. Bu, əslində Azərbaycana
qarşı cinayətlərdə əli olmuş şəxslərin
hər birinin məhkəməsi idi. Bu, Ermənistanın
işğalçılıq siyasətinə üzərində
qurulmuş məhkəmə idi ki, biz ədalətin yenidən
bərpa olunması prosesinə şahidlik etdi. Bəzi cinayətkarlar
- sarkisyanlar köçəryanlar, ohanyanlar hələ də
mühakimədən kənarda qalıblar, amma bundan sonrakı
fəaliyyətimizi ona istiqamətləndirməliyik ki, bu cinayətkarlar
da Azərbaycan qanunvericiliyi qarşısında dayansınlar, əməllərinə
görə cavab versinlər. Bəşəriyyətə
qarşı həyata keçirilmiş bu vandalizm aktında əli
olan hər kəs layiqincə cəzalandırılsın.
İstənilən halda, bu gün biz fərqli bir
durumdayıq, Xocalıda bu gün Azərbaycan bayrağı
dalğalanır. Orada görülən işlər, eləcə
də azad olunmuş digər ərazilərdə aparılan
quruculuq işləri Azərbaycanın gücünü,
qüdrətini nümayiş etdirir, xalqımızın yenilməzliyini
göstərir. Bu mənada təbii ki, qürurluyuq, proseslər
davam edəcək və biz ərazilərimizdə bərpa
işlərini tam olaraq həyata keçirəcəyik.
İnsanlarımızın geri qayıdıb tam məskunlaşmasını
da həll etmiş olacağıq".
A.Əlizadə hesab edir ki, Azərbaycan təkcə ərazi
bütövlüyünü və suverenliyini bərpa etmədi,
eyni zamanda, separatçılıqdan terroçuluqdan
qurtulmağın Azərbaycan modelini ortaya qoydu: "Necə
ki, İkinci Qarabağ müharibəsində bir hərbi
performans göstərdik, son nəsil silahlardan istifadə etməklə,
torpaqlarımızı qısa müddət ərzində azad
etdik, bərpa-quruculuq işlərində də bir nümunə
ortaya qoymuş olduq. Bundan sonra görüləcək işlər,
davamlı quruculuq prosesi təbii ki, bütün dünyaya Azərbaycan
nümunəsi olaraq təqdim olunacaq".
Pərvanə
525-ci qəzet .- 2026.- 27 fevral(№ 8).- S.5.