"Röyaların
Röyası": gənc ifaçıdan ilk solo konsert
Milli İncəsənət Muzeyində beynəlxalq və
respublika miqyaslı müsabiqələr laureatı Röya
Əliyevanın "Röyaların Röyası" adlı
ilk solo konserti olub.
İfaçının doğum günü ilə əlaqədar
fevralın 25-də keçirilən konsertdə qeyd edilib ki,
bu, 6 yaşından səhnələrdə olan Röya
Əliyevanın 15 illik yaradıcılıq fəaliyyətinin
yeni mərhələsi- ilk geniş solo proqramıdır.
Bildirilib ki, gənc ifaçı orta təhsilini Azərbaycan
Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən
İncəsənət Gimnaziyasında alıb, skripka və
fortepianoda ifaları ilə çoxsaylı konsertlərdə
çıxış edib. Gimnaziyanın kamera orkestrinin birinci
skripka ifaçısı olmaqla yanaşı, vokal və xor
kollektivlərində də fəaliyyət göstərib.
R.Əliyeva Azərbaycanla yanaşı, Türkiyə, Rusiya,
ABŞ, Böyük Britaniya və Avropanın bir sıra
ölkələrində keçirilən beynəlxalq
müsabiqələrdə Qran-pri və birinciliklər
qazanıb, müxtəlif rəsmi və mədəni tədbirlərdə
çıxış edib. Hazırda Bakı Musiqi
Akademiyasının instrumental ifaçılıq ixtisası
üzrə IV kurs tələbəsidir. Eyni zamanda Xalq artisti
Fidan Hacıyevanın vokal musiqi məktəbində Əməkdar
artist Fərid Əliyevdən vokal dərsləri alır
Retro musiqilərdən ibarət konsert proqramında
R.Əliyeva həm pianoda, həm skripkada uğurla ifa edib, opera
ifası ilə də dinləyicilərdə xoş təəssürat
yaradıb.
ŞAHANƏ
525-ci qəzet .- 2026.- 27 fevral (№8).- S.13.