Aqil Abbas: "Mən ədəbiyyat
adamıyam,
AMMA JURNALİSTİKA DA ƏDƏBİYYATDAN KƏNARDA
DEYİL"
Bu gün
yazıçı-jurnalist, millət vəkili Aqil Abbasın 56
yaşı tamam olur. Gülüş günündə
dünyaya göz açan Aqil müəllimin, yəqin elə
bu səbəbdəndir ki, həm
yaradıcılığında, həm insanlarla ünsiyyətində
güclü yumor hissi mövcuddu. Özü də etiraf edir
ki, ən ciddi yazılarının içində belə
gülüş, zarafat, istehza var. Əlbəttə ki, bu, sadəcə,
gülüş xatirinə deyil, həm də insanı
düşündürür. Aqil Abbasın bir çox
titulları olsa da, özünü daha çox ədəbiyyat
adamı sayır. Deyir ki, jurnalistikadan əvvəl məhz ədəbiyyata
gəlib. Ad günü münasibətilə "525"ə
müsahibə verən Aqil Abbas həm jurnalistika, həm ədəbiyyat,
həm də siyasətdən danışdı.
- Aqil müəllim, 1
aprel bütün dünyada gülüş günüdür.
Ömrün getməsi isə insan üçün kədərlidir.
Arxada buraxdığınız illəri daha çox kədər,
yoxsa yumor hissi ilə xatırlayırsınız?
- İnsanın
doğulması özündən asılı deyil. Bu bir təsadüfdür.
1 aprel, 9 may, Novruz bayramı və digər seçilən
günlər var ki, bu günlərdə doğulmaq insana ləzzət
edir. 1 aprel dünyada zarafat günü kimi qeyd olunur. Həyatım
da elə deyəsən, zarafatla gəlib keçib. Dərd də
var, kədər də var. Hamı dərdimizi bilir.
Evimiz-eşiyimiz yanmış, dağılmış,
torpağı getmiş, qohum-əqrəbası şəhid
olmuş adamlarıq. Deyəsən, elə zarafat edə-edə
bu dünyadan çıxıb gedəcəyik. Bir gün
ölümün özü ilə də
zarafatlaşacağıq.
-Gülüş
günündə siz daha çox zarafat edirsiniz, yoxsa sizinlə
zarafat edənlər çox olur?
-Mən təkcə 1
apreldə deyil, demək olar ki, hər gün kimləsə
zarafat edirəm, kiməsə ya mətbuat, ya elə
danışıqda bir söz atıram. Düşünürəm
ki, mən daha çox zarafat etmişəm. 1 aprel həm də
doğum günüm olduğundan məni aldatmaq çətindir.
-Siz həm
yazıçı, həm də jurnalistsiniz. Bir qisim insan sizi
yazıçı, digəri isə jurnalist kimi tanıyıb,
sevir. Hansı qisim sizin üçün daha
doğmadı?
- Mən birinci növbədə
ədəbiyyat adamıyam. Amma jurnalistika da ədəbiyyatdan
kənarda deyil. Gərək ki, Anarın
sözüdü, bir var kliniki xəstəxana, bir var təcili
yardım. Ədəbiyyat kliniki xəstəxanadı.
Orada insanların müalicəsi
üçün uzun müddət gərəkdi. Ədəbiyyat bir xəstəxanadı, orda
insanları müalicə edirlər. Amma
jurnalistika təcili yardımdı. Jurnalist cəmiyyətdə
baş verən hadisələri birbaşa deyir və problemin dərhal
həlli olunmasına nail ola bilir. Yəni mənə elə gəlir jurnalistika ilə ədəbiyyatın
fərqi budur. Mən ədəbiyyat
adamıyam, jurnalistika isə gündəlik işimdir. Aqil Abbası istər ədəbiyyatçı, istər
jurnalist kimi tanıyan bütün insanlar mənə
doğmadı.
- Həm də millət
vəkilisiniz. Bu sizin üçün hansı anlam kəsb
edir?
- Məni millət vəkili
seçən insanlar sağ olsunlar. Jurnalist,
yazıçı, millət vəkili kimi daim həyatın
içindəyəm, problemləri daha çox görürəm.
Bu mənada millət vəkili olaraq
çalışıram ki, həmin problemlərin həllinə
kömək edim. Yalnız parlamentdə
çıxış etməklə yox. Mənin hər
gün parlamentdə danışmaq üçün söz
ehtiyatım var, bununla belə az
danışıram. Çünki elə söz
demək lazımdır ki, onu həyata keçirə biləsən.
Daha çox insanların problemlərini həll etməyə
çalışıram ki, onlar parlamentə, dövlət
strukturlarına gedib çıxmasınlar. Bunun üçün həm millət vəkili
statusumdan, həm vəzifədə olan dostlarımın
köməyindən istifadə edib, yerində problemi həll
edirəm. Mənə elə gəlir ki,
millət vəkili kimi seçildiyim ərazini pis təmsil
etmirəm.
- Aqil müəllim,
özünüzü ədəbiyyat adamı hesab etdiyinizi
bildirdiniz. Maraqlıdır, ədəbiyyatdan jurnalistikaya gəlmisiniz,
yoxsa jurnalistikadan ədəbiyyata?
- Ədəbiyyatdan
jurnalistikaya gəlmişəm. Mən universitetdə ədəbiyyat
fakültəsində oxuyurdum. Hamı
şeir yazırdı, mənim isə ilk yazım "Evləri
köndələn yar" adlı povest olub. Bu povest əvvəlcə 1971-ci ildə
"Ulduz" jurnalında, sonra isə kitab halında çap
edilib. Ardınca hekayələr
yazmışam. Universiteti bitirəndən
sonra isə Ağsu rayonunda müəllim işləmişəm.
Mirzə Cəlili həddən çox sevməyim,
onun yumoru ilə yaşamağım məni daha çox o
cür jurnalistikaya meyilləndirdi. Ən
ciddi yazılarımın içində də bir
gülüş, zarafat, istehza var. Ondan sonra mətbuata gəlmişəm.
Ədəbiyyat adamı mətbuatda olmasa işləri
düz getmir. Keçmişdə belə
idi ki, mətbuatda işləməsəydin, çap olunmaq
çox çətin məsələ idi.
- Ad gününüzdə
hansı hədiyyəni almağı
xoşlayırsınız?
- Dostlarım bilir ki, mən
üç hədiyyə almağı xoşlayıram və
onları da alıram. Özüm də bu üç hədiyyəni
bağışlayıram - kitab, saat, bir də silah
xoşlayıram. Kitab deyəndə burda mədəniyyət,
incəsənət nümunələri nəzərdə
tuturam. Yəni bu bir rəsm əsəri, tablo, fotoşəkil
də ola bilər.
- Aqil Abbas hər
zaman qaynar nöqtələrdə olub. Uzun müddətdir
ki, cəbhədə rəsmi olaraq atəşkəs hökm
sürür. Sizin necə içinizdə bir atəşkəs
varmı, yoxsa müharibə davam edir?
- Mən həmişə
demişəm ki, savaş tərəfdarıyam və savaş
da olacaq. Torpağımızı geri qaytaracağıq. Çünki
Quran oxumaqla donuz darıdan çıxmaz. ATƏT-in
boş sözləri, nə də BMT-nin
çağrışları ilə erməni Azərbaycan
torpaqlarından çıxan deyil. Mənim
içimdə heç vaxt atəşkəs olmayıb.
Sadəcə, bu atəşkəs Azərbaycan
üçün ona görə vacib idi ki, ötən müddət
ərzində ordumuz yaranıb formalaşdı, büdcəmiz
indi 15 milyard dollara çatıb, 18 milyard dollar
ehtiyatımız var. Ermənistanın büdcəsi qədər
orduya vəsait ayıra bilmişik. Atəşkəs
işimizi qurmaq üçün böyük imkanlar
yaratdı. Sülh olmasa həmin imkanlardan
istifadə edib torpaqlarımızı geri qaytaracağıq.
- "Dolu"
romanınız böyük əks-səda doğurdu. Bu həm də
sizin atəşkəslə
barışmadığınızın bariz nümunəsi
idi. Əsərə cəmiyyətdə
olan münasibəti necə qiymətləndirirsiniz?
- Bu əsərlə
bağlı təxminən 100-ə qədər məqalə
yazıldı, onun təxminən 30-u "525-ci qəzet"də
çap olundu. Həmin məqalələrin hamısında mənim
romanım haqqında çox yüksək fikirlər söylənildi,
onu ədəbi hadisə adlandırdılar. Bir tənqidi
fikir söylənilmədi, əsəri hamı qəbul etdi.
Bir-iki məni istəyən dost isə əsəri siyasi cəhətdən
qəbul etmədi. Yəni əsərdə siyasət
axtardılar. Məni siyasi cəhətdən
sevməyən adamlar belə, müxalifətdə məni qəbul
etməyən müəyyən qüvvələr də
öz qəzetlərində həmin roman haqqında gözəl
yazılar çap etdilər. Çünki
"Dolu" romanı roman idi. Əsər
Türkiyədə də çap olunub və təqdimetmə
mərasimində iştirak etmişəm.
- Siz bitərəf millət
vəkilisiniz. Referendumda Konstitusiyaya çıxarılan əlavə
və dəyişikliklərin lehinə təbliğat
apardınız...
- Bilirsiniz, mənim
referendumla bağlı mövqeyim kimlərinsə xoşuna gəlməyə
bilər. Mən başqasının fikirlərinə hörmət
etdirəm, başqası
niyə mənim fikirlərimə hörmət etməməlidi?
Onun dediyi məgər Quran ayəsidi? Nəticələr göstərdi ki, xalq referendumun əleyhinə
mübarizə aparanların fikirlərini qəbul etmədi.
Xalq dəyişikliklərə yüksək səviyyədə
dəstək verdi. Kimsə
deyə bilər ki, Aqil niyə dəyişikliklərin tərəfdarıdı.
Onda mən də belə sual verərəm ki, sən
niyə qeyri-tərəfdarısan. Demokratik ölkədə
müxtəlif fikirlilik ola bilər. Həmin əlavə və dəyişikliklər
xalqın mənafeyi, dövlətçilik üçün əhəmiyyətlidir.
Kimsəsiz uşaqlara dövlət sahib
çıxdı. Məgər bu pisdir?
15 yaşdan aşağı uşaqlara işləməyə
icazə verilmir. Bu niyə dəstək
almamalı idi?
- Ən çox
mübahisəyə səbəb olan 32-ci maddə, şəxsi
toxnulmazlıq və 101-ci maddəyə edilən dəyişiklik
oldu. Bunlara
münasibətiniz necədi?
- Türkiyə indi bir-birinə
dəyib. Səbəb isə insanların
qeyri-qanuni dinlənilməsidi. Kimsə
danışanda deyib ki, Ərdoğandan xoşu gəlmir.
Ərdoğan Allahın mələyi deyil ki... O da bir partiya
lideridir. Amma bundan həmin adamın əleyhinə
istifadə edirlər. İnsanın telefon
danışığına qulaq asmağa, şəxsi ailə
həyatına girilməsinə icazə verilmir. Onsuz da KİV haqqında qanunda bu var. Tutaq ki, mən
qardaşımla dərdləşirəm. Kimsə
gəlib gizlicə stolun altına aparat quraşdırıb.
Mən deyirəm ki, uşaqla
dalaşmışam, gedib xuliqanlıq edir, sözə
baxmır. Səhər görürəm
ki, bunu mətbuata çıxarıblar. Mən
bunu mətbuat üçün deməmişəm, axı.
Yaxud bütün insanlar kimi çimərlikdə
uzanmışam, şəkillərimi çəkib qəzetə
verirlər, bu artıq istirahət hüququma müdaxilədir.
Bunu qadağan ediblər. Ayrı
heç nəyi, nə söz, nə mətbuat
azadlığını qadağan etməyiblər.
101-ci maddəyə
gəlincə, müharibə şəraitində seçkilərin
keçirilməsi doğru deyil. Faktla danışmaq
istəyirəm. 91-ci ildə müharibə
gedə-gedə Ayaz Mütəllibov prezident seçildi. Onda nə qədər torpağımız getdi.
Ermənilər torpaq uğrunda vuruşurdu, biz
bölünüb prezident seçirdik. 92-ci
ildə yenə də erməni vuruşanda biz deputatlıq,
prezidentlik üstündə bir-birimizi qırırdıq.
Neçə ay çəkən müzakirələr,
teledebatlar və s. Erməni atırdı, biz televiziyada
söyüşürdük. 93-cü ildə
yenə seçki oldu. Hansı ölkədə
müharibə gedəndə seçki keçirilir? İlham Əliyev ötənilki seçkilərdə
88 faiz səs aldı. Niyə biz bu qədər
seçicinin hüquqlarını pozmalıyıq? İnsan özünü doğruldub, millətin
firavanlığı üçün
çalışırsa, xalqın onu yenidən seçmək
hüququ əlindən alınmamalıdı. Atatürk 20-ci illərdən 38-ci ilə kimi
Türkiyədə hakimiyyətdə oldu. Görürsünüz,
Atatürk gedəndən sonra Türkiyə hansı duruma
düşdü. Turqut Özal gəlməsəydi,
Türkiyənin necə olacağı bəlli deyildi. Gəmini gətirib sahilə çatdırmaq
lazımdı. Yolda gəminin
kapitanını 40 dəfə dəyişəndə, o gedib
lazımi yerə çatmaz.
- Yeri gəlmişkən,
Ermənistan-Türkiyə sərhədlərinin
açılma məsələsi gündəmdədi. Bunu
gözləyirsinizmi?
- Bu mənim
üçün çox maraqsız məsələdi. Ermənistanla-Türkiyənin sərhəddi
çoxdan açıqdı. Ermənilər
bütün günü çarter reysi ilə gedirlər
İstanbula, işlərini görüb geri qayıdırlar.
İkincisi, Gürcüstanın içindən
keçib Türkiyəyə gedirlər. Bu
saat İrəvanda Türkiyə malları Azərbaycandan daha
ucuzdu. Türkiyədə o qədər namussuz adam var ki, ermənilərlə dostluq edirlər.
Elə bilirsiniz 70 milyon türkün
hamısı Alparslan Türkeş, Möhsün
Yazıçıoğludu? Sərhəd
açıqdı, amma rəsmi açıq deyil. Amerika bunu istəyir. Bilirəm
ki, bir gün türk xalqı sərhədi açmaq istəyənlərdən
hesab istəyəcək. Ona da şübhəm
yoxdur ki, bir gün Əli Babacan gedib qondarma soyqırım abidəsinə
gül qoya bilər. Necə ki, vaxtilə
bir türk millət vəkili bunu etmişdi. Qırğızıstan prezidenti Əsgər Akayev
türk ola-ola bu addımı atmışdı.
Türkiyədə də Əsgər Akayev kimiləri az deyil. Bunu bütün türk xalqının adına yazmaq istəmirəm. Guya
Türkiyə ilə Ermənistan qardaş olsa,
- Aqil müəllim, yaradıcılığınızda
nə yenilik var?
- Çox ciddi və ağır bir əsər
üzərində işləyirəm. Əsər Məhəmməd Hadi,
Hüseyn Cavid və Məmməd Araz haqqındadı.
Ağır və mübahisəli əsər olacaq.
PƏRVANƏ
525-ci qəzet.- 2009.- 1 aprel.- S.4.