Elçinin "Qatil"i Moskvada Türkiyə
və Azərbaycanı
təmsil edib
Çağdaş
Türkiyə teatr sənətinin bir çox uğurları
Azərbaycanın xalq yazıçısı Elçinin
adı ilə bağlıdır. Onun pyesləri Türkiyənin
müxtəlif teatrlarının səhnələrində
böyük uğurla tamaşaya qoyulur, beynəlxalq
festivallarda göstərilir, nüfuzlu mükafatlara layiq
görülür. Yazıçının "Mənim ərim
dəlidir", "Mən sənin dayınam", "Mənim
sevimli dəlim", "Qatil" və digər məşhur
pyesləri yalnız Ankara və İstanbul teatrlarının
deyil, ölkənin Ərzurum, Konya və digər şəhərlərinin
də dövlət teatrlarında səhnələşdirilib.
"Qatil"
İstanbul Böyükşəhər Bələdiyyə
Teatrında "Ulduzlar altında qətl" adı ilə
tamaşaya qoyulub və iki il ərzində 157 dəfə
göstərilərək, son illərdə analoqu olmayan
tamaşaçı marağı qazanıb. Fərəhli cəhətdir
ki, görkəmli türk sənətkarlarının
iştirak etdiyi bu tamaşaya Türkiyədə yaşayan və
fəaliyyət göstərən azərbaycanlı aktrisa və
rejissor Məlahət Abbasova quruluş verib.
Novruz bayramı günlərində
- martın 22-də İstanbul Böyükşəhər Bələdiyyə
Teatrı öz tarixində ilk dəfə Moskvaya qastrola gedərək,
"Qatil" tamaşasını məşhur Ostankino
"Kral" zalında Rusiya paytaxtının
tamaşaçılarına göstərib.
Tamaşa başlanmazdan əvvəl
İstanbul Böyükşəhər Bələdiyyə
başqanının müavini xanım Tulay Erunsal
çıxış edib və bu qastrol tamaşasının
tarixi əhəmiyyətini vurğulayaraq deyib: "Türkiyənin
ən məşhur teatrlarından biri olan İstanbul
Böyükşəhər Bələdiyyə Teatrı
Rusiyanın paytaxtında Azərbaycanın böyük
yazarı Elçinin əsərini göstərir. Bu,
ümumtürk mədəniyyətinin yeni və olduqca mənalı
bir ifadəsidir". Sonra Tulay Erunsal Bələdiyyə
başqanı Kadir Topbaşın səmimi salam və
arzularını tamaşaçılara çatdıraraq,
pyesin müəllifinə minnətdarlığını
bildirib, DAK Rusiya nümayəndəliyinə, N.Zeynalova
adına Musiqili Estrada Teatrının rəhbərliyinə təşəkkür
edib.
DAK Rusiya nümayəndəliyinin
başçısı M. Fətiyev, Estrada Teatrının
direktoru S.Kərimoğlu, tamaşanın quruluşçu
rejissoru M.Abbasova çıxış edərək bildiriblər
ki, bu tamaşanın nümayişi qardaş
xalqlarımızın, ortaq mənəvi dəyərlərimizin,
qədim və zəngin mədəniyyətlərimizin
bir-birinə daha da yaxınlaşması işində
mühüm rol oynayacaq.
Böyük müvəffəqiyyətlə
oynanılan tamaşa Rusiya paytaxtındakı Azərbaycan-türk
ictimaiyyətinin həyatında əhəmiyyətli hadisəyə
çevrilib. Tamaşaya baxanlar sırasında Moskvanın
tanınmış ədəbiyyat, sənət, elm xadimləri,
paytaxt ictimaiyyətinin nümayəndələrilə bərabər,
milli diaspor təmsilçiləri, eləcə də Azərbaycan
və Türkiyənin Rusiyadakı səfirliklərinin
nümayəndələri də olublar.
İ.MƏMMƏDOV