Şıxoğlular ocağının sönməyən işığı

 

Zamanında görkəmli hərbçilər yetişib Şıxoğlulardan. Rus artilleriyasının babası çağrılan general Əliağa Şıxlınskinin kəşf etdiyi "Şıxlinski üçbucağı" deyilən üsuldan bütün dünyada yararlanıblar. Görünməyən hədəfi top atəşiylə vurmaq üsuludu bu.

Gəncə qiyamında hərbi komandanlığı əlinə alıb bolşevik quldurlarına qan udduran general Cavad bəy Şıxlinski adaşı Cavad xandan sonra bu missiyanı şərəflə daşıdı. Ömrünü mühacirətdə keçirən, qardaş Türkiyədə yaşayan Qiyas bəy Şıxlinski kimi adlı-sanlı hərbçilər, dəyərli kişilər Şıxoğlular ocağından çıxdılar. O zamanlar dəbdə olan polyak (lehistan) soyad sonluğu götürüb Şıxlinski çağrıldılar Şıxoğlular. Onların doğma kəndləri II Şıxlı bütün dönəmlərdə sayılan-seçilən övladlarıyla tanınıb.

İsmayıl Şıxlının baba yurdu vaxtilə Kürün sağ qıyısında qayanın-enmənin üstündə, yüksəklikdə binə tutub. İndi kəndin yerində göz işlədikcə uzanan üzərrik "plantasiyası" qalıb.

Bir haşiyə. Üzərrik miladdan öncədən yaman gözü, bəd şüaları udan, zərərləşdirən bitki kimi evlərdə saxlanılıb. Harda, lap düzün ortasında, yamacda, dərə boyu üzərrik çoxluğu varsa o yerlərin haçansa yaşayış məskəni olduğu şəksizdi. Arxeoloji abidələrin yerini bildirən bələdçidi üzərrik.

Qori seminariyasının türk bölümü Azərbaycana - Şuşaya köçürüləndə Qazaxda dayanıblar. Bina problemi ortaya çıxıb. Kosalar kəndindən bir bəy oğlu bəy irəli durub, Qazaxdakı böyük mülkünü təmənnasız verib seminariyaya. Zamanında böyük elm, maarif adamlarının dərs dediyi Türk bölümü ayrıca seminariya kimi işə başlayıb. İsmayıl Şıxlı sonralar Pedaqoji Texnikuma çevrilən bu təhsil ocağında oxuyub. Maraqlı bir olay baş verib. Atası Qəhrəman müəllim İncə dərəsində, Qaymaqlı kəndində dərs deyəndə İsmayıl yeddiillik məktəbi 5 ilə bitirib. Yaşı çatmadığına görə sənədlərini götürməyiblər.

İsmayıl Şıxlı deyirdi, ömrümdə birinci və axrıncı dəfə bir yanlış iş tutdum. Pəncərədən keçib, iş qovluğunda doğum ilimi iki il irəli çəkdim. Qəbul olundum. "Yanlış da bir naxışdır" el sözü burda yerinə düşüb.

Rus-bolşevik repressiya maşını köklü-köməcli, adlı-sanlı bir soyun üstünə yeridi. Qaçan qaçdı, qalanlar tutuldu, güllələndi. Ona görə atası Qəhrəman müəllim İsmayıla: " - A bala, ehtiyatlı ol. Hər adama söz danışma. Dünya müxənnəs dünyasıdı. Ətraf çuğullarla doludu" - deyirdi. Atasının bu öyüdünə, tapşırmasına görəydi ki, Şıxoğluların İsmayılı balaca vaxtından kişi yerişi yerimək zorunda qaldı. Ağlı kəsəndən Şıxlinski soyadının şərəf yükünü ürəyində daşıdı, ağrıları, acıları içinə çəkdi. Uşaqlıq yaşamadı. İçi Tanrıdan gəlmə nurla doluydu İsmayıl Şıxlının. Çətin zamanlarda, sınaq məqamlarında büdrəmədi. Bu nurdan insanlara pay vermək eşqiylə yaşadı. Erkən gəncliyindən, hətta uşaqlığından "dəmirçi kürəsində" bişmiş, sindanında döyülmüş, hər zərbə onun içini saflaşdırmış, soy informasiyasından gələn dəyərlər bütövləşmiş, böyümüşdü. Texnikumu bitirdikdən sonra I Şıxlı, Daş Salahlı və Kosalar kəndində müəllim, dərs hissə müdiri, direktor vəzifələrində çalışdı.

Repressiyanın pik nöqtəsində, 1937-ci ildə Bakıya gəldi. Ali Pedaqoji İnstitutun Dil-ədəbiyyat fakültəsinə qəbul olundu. Deyirdi ki, birinci dəfə Şıxlinski soyadından xeyir gördüm: "İmtahan vaxtı soyadımı görən böyük ziyalı Mikayıl Rəfili soruşmadan "5"imi yazdı. Qəbul olundum. Allahımdan razıyam ki, Əli Sultanlı kimi müəllimim oldu, çox şey öyrəndim ondan".

Tələbəlik illərində də dinc buraxmırlar İsmayılı. DTK çinovniki onu dəfələrlə sorğu-suala tutur. Vaxtından çox tez kişiləşən İsmayıldan heç nə qopara bilmirlər. Yazıqlar ki, tələbə-otaq yoldaşı Şəmistan adlı birisi satqın çıxır. Bütün söhbətləri "dəniz qırağı"na çatdırır. Bu yerdə Səməd Vurğunun "Komsomol poeması"ndakı Sarı Şəmistan yada düşür.

Sonra müharibə başladı. İsmayıl Şıxlının "Cəbhə gündəlikləri" o zamanın, müharibə dövrünün real mənzərələrinin geniş ponoramını canlandırır.

Gündəlikdən seçmələr.

"Yenə səngər qazırdıq. İndi bir az yumşaq torpağa çıxmışıq. Sevinirik. Yaman istidi. Adamın ağzında dili quruyur, dodağı təpiyir. Bir qurtum su da tapılmır. Birdən lap yaxında oxumağa başladılar.

 

   Pəncərəsi, ay pəncərəsi,

   Sağalmaz səngər yarası.

 

Əl saxladıq. Oxuyan Çovdar idi. Bizi Qazaxdan yola salan gecəsi verilən konsertdə xanəndə qız Zeynəbin oxuduğu mahnının sözlərini dəyişdirmişdi:

 

   "Pəncərəsi, ay pəncərəsi,

   Sağalmaz xəncər yarası..."

 

Səs-səsə verdik. Gülüşə-gülüşə bu mahnını oxuduq. Elə bil bir az yüngülləşdik. Torpaq da bir az yumşalan kimi oldu.

Dağıstan. 28 sentyabr 1942".

"...Rotamız Eltigenə - yəni Krıma desant keçirilib. Vəziyyət ağırdı. Cəlilov öldü. Əhmədov Məşədi xəbərsiz itib. Qalan uşaqlarımızdan hələ xəbər yoxdu. Görək sonu nə olur?

Krım. Duzlugöl. 11 noyabr 1943".

 

"... Müharibə qurtarır. Berlin alındı. Evə getmək arzusu daha da artıb reallaşır. Qalibiyyətlə geri dönmək nə qədər xoşdu.

Frişqaf. Baltik suları 4 may 1945".

"Nəhayət uzun ayrılıqdan sonra noyabrın 22-də Ağstafaya çatdıq. Qatardan düşdük. Hava qarışmışdı. Hər yer palçıq idi. Meydandakı yük maşınlarına yaxınlaşdım. Bir oğlan ətrafımda fırlanmağa başladı. Mən onu qabaqladım.

- Kimi axtarırsan?

Sualıma sualla cavab verdi:

- Hara gedirsən?

- Kosalara.

Yaxınlaşdı. Üzümə diqqətlə baxdı. Birdən atılıb boynuma sarıldı.

 - İsmayıl qağa sənsənmi?

Mən də onu tanıdım. Hüseynəliydi. Mən əsgərliyə gedəndə uşaq idi. İndi böyüyüb şofer olmuşdu.

... Kəndə çatdıq. Hamıdan əvvəl bacım Həbibə qabağıma çıxdı. Boynuma sarıldı. Ağladı və hiss etdim ki, əli ilə barmaqlarımı, bədənimi yoxlayır, şikəstliyim olub-olmadığını bilmək istəyir. Sonra anam, atam qabağa gəldi.

... Ertəsi günü səhər tezdən oyandım. Evimizin yanındakı balaca arxa yaxınlaşdım. Əsgərlikdəki kimi qurşağacan soyundum. Ayağımın birini arxın o üzünə, birini bu üzünə qoyub uzun ayrılıqdan sonra doğma torpağın soyuq suyunda ləzzətlə yuyunmağa başladım.

23 noyabr 45-ci il. Kosalar kəndi".

 

Türk kişisinin, qadınının min-min illərdən gələn, yolboyu dolan dolğunlaşan, bütövləşən, insanlığa görk olan əxlaqi, milli, fərdi dəyərləri sərgilənib onun əsərlərində. Klassiklərimizin boysırasında dayana bildi İsmayıl Şıxlı. Onu tanıyanlardan kimi dindirsən, eyni şövqlə danışar. Hamının sevimlisi, kişilik etalonuydu. Şəxsiyyəti, yaradıcılığı, fiziki imkanları, boy-buxunu üçqat üst-üstə düşən, Tanrının sevdiyi nadir adamlardanıydı İsmayıl Şıxlı.

Pedaqoq kimi də seçilirdi. Ustadı, müəllimlikdə idealı saydığı Əli Sultanlı kimi onun mühazirələrinə də kənar institutlardan tələbələr axışıb gələrdi. Bəsirətli gözləri, nurlu təbəssümü, ağırtaxta, ağayana davranışı, müəllim dostlarının dediyi kimi, çağdaş zamanda özünü, nəfsini, əxlaqını qoruyan, bulaşıq işlərdən yaxasını yana çəkən az adamlardandı.

Zaman gəldi, "Ayrılan yollar"ı yazdı. Dissident ədəbiyyatın qaranquşlarından biri oldu "Ayrılan yollar". İsmayıl Şıxlı etiraf edirdi ki, yazıçı kimi özümdən heç nə uydura bilmirəm, olanı yazıram. Doğrudan da beləydi. "Ayrılan yollar" çap olunanda yazıçının yaşadığı Kosalar kəndinin rəhbər işçiləri bu əsərdə toxunulan hadisələrdə özlərini görüblər. Gerçək həyati detallar olduqca inandırıcı verilib. İş o yerə çatıb ki, İsmayıl Şıxlını aradan götürmək qərarına gəlib onlar. Bundan ötrü adamlar ayırıblar. Ağstafa çayının üstündəki körpüdə qarşısını kəsiblər İsmayıl Şıxlının. Xoş təsadüf nəticəsində baş tutmayıb qətl hadisəsi.

"Ayrılan yollar" "Dəli Kür" orbitinə ucalmaq üçün platforma oldu. Açıq səmada şimşək təki çaxdı "Dəli Kür". Ədəbi hadisəyə, geniş oxucu kütləsinin sevimlisinə çevrildi. İlk qiyməti də o dönəmlərdə ədəbi tənqidimizin vicdanı sayılan Mehdi Hüseyn verdi: "Əzizim İsmayıl! "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazacağını (məhz indi, bu illərdə) gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə oxuduğum heç bir əsər məni bunca sarsıtmamışdı. Səni öpürəm və qələbəni birlikdə bayram edəcəyimiz günü səbrsizliklə gözləyirəm.

Qardaşın Mehdi Hüseyn

12 noyabr 62-ci il".

 

O vaxtlar, səhv etmirəmsə, "Azərbaycan" jurnalında çap olunurdu "Dəli Kür". Biz - oxucular jurnalın yeni nömrələrini gözümüzə təpirdik. Ədəbiyyatımızda Cahandar ağa kimi kişi obrazı görməmişdik. Tanıdığı, müşahidə etdiyi kişilərin ümumiləşmiş obrazıydı Cahandar ağa. Həm də bu obrazı İsmayıl Şıxlı kimi bir kişi yazmışdı. "Dəli Kür" filmi roman səviyyəsinə yüksələ bilmədi. Düzdü, filmin son kadrlarını yuxarıdan - Moskvanın göstərişiylə kəsib atdılar. Bu da təsirsiz keçmədi. Mənim özəl və əzəl arzumdu: "Dəli Kür" haçansa yenidən çəkilsin.

Bir dəfə Mərkəzi Komitədən gələn sifarişə əsasən Rəsul Rzanı vurmaq kampaniyası başlamışdı. Onda mən televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasında çalışırdım. Növbəti verilişlərin birində yuxarıdan gələn siyahı üzrə İsmayıl Şıxlı da iştirak etməliydi. Çəkiliş vaxtından təxminən saat yarım tez gəldi. Qarşıladım. Dedi, özüm ona görə tez gəldim ki, çıxış etməyəcəm.

Dedim, telefon açaydın, niyə zəhmət çəkmisən. Bildirdi ki, telefonluq deyil. Səbəbini soruşdum. Bunları dedi: "O gün baxıram, hər yerindən duran gədə-güdə, yararsız adamlar o boyda kişinin üstünə ayaq alıb. Özü də nahaqdan. Ona görə gəldim, üzr istəyəm. Mən getdim".

Bunu bəylik, kişilik kimi dəyərləndirdik.

Meydan hərəkatında, müstəqilliyimizin bərpa daşları qoyulanda, Milli Məclisdə, hər yerdə özünü bir daha təsdiqlədi İsmayıl Şıxlı. Onun söylədiyi "Sapı özümüzdən olan baltalar" deyimi atalar sözü ucalığına qalxdı. Gördüyü, rastlaşdığı haqsızlıqları, "sapı özümüzdən olan baltaların" milli xəyanətini, filgötürməz ağrıları ahənrüba təki özünə çəkdi. Üzə vurmadı. Sonda tüfəng kimi içinə təpdi bu ağrılar. Şəkərə tutuldu. Şıxoğluların bu azman kişisi son günlərində gözlərinin işığını itirdi. Ürək işığında "yazdı" "Ölən dünyam"ı. Ömür-gün yoldaşı Ümidə xanım kağıza köçürdü onun söylədiklərini. İndi hər ikisi Tanrının dərgahındadı. Ruhları şad olsun.

Simvollar, ibrətli milli dəyərlər üstündə qurulub "Ölən dünyam".

Eldə gördüklərinə, eşitdiklərinə, genetik soy informasiyalarını - içində olanları, görmək istədiklərini də qatıb İsmayıl Şıxlı.

"Ölən dünyam" milli özgürlük və xarakterlər toplusudu. Qalın-qalın bitiklərin - kitabların ədəbi yükü var bu əsərdə. "Ayrılan yollar" və "Dəli Kür"dən sonra üçüncü qata yüksəldi "Ölən dünyam".

 "Ölən dünyam" öncəki əsərləri kimi ədəbi təhlildən keçməyib, qədərincə açılmayıb. Ona görə Homersayağı deyilmiş bu romanın bir az iç dünyasına varaq.

Yazıçı "Ölən dünyam" haqqında materialları çoxdan topladığını bildirirdi. Zamanı gəlmədiyindən qələmə almayıb. Zamanı gələndə yazdı. "Ölən dünyam"da Azərbaycan tarixinin, xüsusən də inqilab və repressiya illərinin səhnələri öz əksini tapıb. Hadisələr əsasən məmləkətimizin Qazax bölgəsində baş verir. Gəncə qiyamına yeni baxışdan toxunulur. Bizə bəlli olmayan məqamlara aydınlıq gətirilir. Bir bölgədə baş verənlər mərhələ-mərhələ göz önündən gəlib keçir, dönüş nöqtələri dərin ümumiləşdirmə və fərdi, fərqli cizgilərlə təqdim olunur.

 ... Naltökən yaylağı, Həsən ağanın qaçaqlara qoşulması, Şəmsəddin ağanın "troyka" tərəfindən öldürülməsi, Alqazaxlıların evinin dövlət səviyyəsində yağmalanması, sürgün yolları, Həsən ağanın 40-50 il sonra xaricdən vətənə dönməsi, ölümünə qayıdışı görklü səhnələrdir.

Hadisələrin ikinci bölümü İncə dərəsində Qaymaqlı-Qamaklı kəndində baş verir. Uçitel, Mürsəl müəllim xətti, kəndin qımqımalı, zümzüməli günləri, qramafon oxutmaq, teatr tamaşası göstərmək, savadsızlığın ləğvi kursları, may bayramına hazırlıq, Mürsəl müəllimin ölümü, rus soldatlarının, troyka Fətullayevin kəndə gəlişi və başıpapaqlıların tutulması, Çapıq Əmrah süjeti, məscidin mühasirəyə alınması, silahların yığılması və Çapıq Əmrahın ölümü epizodları çox koloritlidir. Milli kökdən uzaq, manqurt komsomolçu nəslin yetişdirilməsi proseslərinin izləri də burda var.

"Ölən dünyam"da üçüncü böyük bölüm Gəncə üsyanıyla bağlıdı. Bakıda milli hökumət devrilib, Türkiyəyə kömək adı ilə gələn rus-bolşevik ordusu Gəncədə lövbər salıb, çıxmaq istəmir. Belə bir sınaqlı zamanda Gəncə qubernatoru Xudadat bəy, Mirzə Qacar və Cavad bəy Şıxlinski kimi generallar, hərbçi zabitlər, qaçaqlar, bütün el ayağa qalxıb qiyam qaldırır. Rus-bolşevik qoşunlarının burnu ovulur. Gəncə üsyançıların əlinə keçir.

Türkiyədən - Qars tərəflərdən gələn nizami rus ordusu Gəncədə tərksilah olunur. Milli ordunun yaradılması, qurulması üçün qədərincə silah-sursat ehtiyatı ələ keçirilir. 20-ci, 30-cu, 37-ci illərdə bolşevizmin yurda bədbəxtlik gətirən, milli faciəyə çevrilən nəticələri sərt gerçəkliklərlə ortaya qoyulur.

Böyük bir millətin oturuşmuş, formalaşmış adət-ənənələri bilərəkdən, dövlət siyasəti səviyyəsində təhrifə uğradılır.

İnsanı, şəxsiyyəti alçaldan, yaltaqlıq, yalançılıq, saxtakarlıq, satqınlıq cücərdən rus ideoloji makinasının aşkar-gizli fəaliyyəti çox ustalıqla açılır. "Ölən dünyam"da güclü xarakterlər, insan mənzərələri sərgilənir: bu adamları sındırmaq, öldürmək olar, amma əqidəsini, əxlaqını dəyişdirmək olmaz. İki böyük nəsil; Alqazaxlılar və Çıraqlılar yüzillər boyu qonşudu, qohumdu. Aralarında feodal qaydalarından gələn xırda düşmənçilik də var. Bu iki nəsilin taleyində baş verənlər fonunda o zamankı Azərbaycan türklərinin məişəti, davranışı, həyat fəlsəfəsi haqqında dolğun bilgi almaq olur. Başlanğıcda Alqazaxlılardan Həsən ağanın əlindən ov zamanı xəta çıxır. Çıraqlıların Ələddinini qəsdsiz öldürür. Qonşu, qohum, hardasa da düşmən olan bu iki böyük soyun münasibətləri bir az da tündləşir. Çıraqlılardan Ömər koxa kimi müdrik asaqqalın, Alqazaxlılardan Güllü xanım təki tədbirli, ağbirçəyin sayəsində münasibətlər qan-qadasız yoluna qoyulur. Bu iki obraz ədəbiyyatımızda yenidi, öz ədəbi siqlətinə, bütövlüyünə, orijinallığına görə.

Arada retro kadrlar - ötələrdə baş verənlərə qayıdışlar - xatırlamalar hadisələrin düyünlərini açır, inkişaf dinamikasını gücləndirir.

Həsən ağa Alan törəməsinin başını sığallaya-sığallaya canını torpağına tapşırır. Üç-dörd dönəm canavarların içində dəyişmiş, özü də canavarlaşmış Alan adlı itin içində iy duyğusu baş qaldırır. Həsən ağanı görəndə canavarlıqdan çıxır. Bu, yenidi. Heyrətləndiricidi.

Gərgin, başgicəlləndirici situasiyalar, kəskin tale çarpışmaları, döyüşlər, dönüşlər arxada qalır. Kür heç nə olmayıbmış kimi yenə öz qaydasında axır - həyatın əbədiliyi kimi...

İsmayıl Şıxlı romanda təsvir olunanları görmüş, sinirlərindən keçirmiş, istedad süzgəcində arılamış, durulamış yazıçıdı.

Roman xarakterlər qalereyasıdı. Keçmiş, tarixə qovuşmuş keşməkeşli dünya haqqında dolğun, doğru informasiya verir...

Milli kimliyindən, kökdən-soydan gəlmə bəylik qüruru vardı İsmayıl Şıxlının içində. Qaymaqlı kəndində VII illik məktəbi 5 ilə bitirəndə də, seminariyaya, instituta, aspiranturaya imtahan verəndə də, Yazıçılar Birliyi sədrliyindən ərizə yazıb könüllü istefaya gedəndə də, 20 yanvar qətliamıyla bağlı bəyanatı imzalayanda da, partiya biletini biryolluq atanda da, "faşist gülləsindən qorxmadım, indi rus gülləsindənmi qorxacam"- deyib, olayların qaynar yerində görünəndə də bu qürur onu ayaq üstə saxladı. Saat kimi meyli hər zaman haqqa dolandı İsmayıl Şıxlının. İndi Özü də haqqın dərgahındadı. Paşa babalarının yanındadı.

Doxsanın mübarək, ustad!

   

 

Aydın QURBANOĞLU

 

525-ci qəzet.- 2009.- 1 aprel.- S.7.