Öz tarixi və ünvanı olan insan
FİLOLOGİYA DOKTORU, PROFESSOR NİZAMİ
XUDİYEVİN 60 YAŞI TAMAM OLUR
Milyonların, milyardların
biri kimi doğulan, böyüdükcə düşünən,
yaradan, yaratdıqca düşündürən insan, məhsuldar
alim, yaradıcı publisist, qurduğunu qoruya bilən stabil
ictimai-siyasi xadim, arqumentli şəxs, təcrübəli
dövlət adamı...
Özü demişkən,
1949-cu ildə Şahbuzun Badamlı kəndində sadə bir
müəllimin və "bişir-düşür" ev
işlərinə baxan əsl şərqli bir qadının
ailəsində dünyaya göz açan, filologiya doktoru,
professor, millət vəkili, 60 yaşı bu gün tamam olan,
yaşının illərindən çox sayda uğurlara imza
atmış, ən müxtəlif orden, medal, mükafatlar
almış, bunları özü üçün
gözütoxluqla yetərli bilən, ancaq dövlət, cəmiyyət,
elm üçün etdiklərinin hələ az olduğunu düşünən
Nizami Xudiyev!
Tək-tək ziyalılara nəsib
olan xoşbəxtlikdir ki, ömrünün hansısa
çağında təhsil aldığı ali
məktəbin prorektoru, rektoru pilləsinə qədər
yüksələ bilib.
Pedaqoji
Universitetin filologiya fakültəsini bitirəndə taleyimizi
yazandan başqa kimsə bilmirdi ki, Nizami Xudiyev illər ötəndən
sonra həmin Universitetin rektoru olacaq. Əvvəlcə
Həmkarlar İttifaqı Komitəsinin sədri, ardınca
prorektor, daha sonra isə rektor. Bəlkə
də məzunu olduğu təhsil ocağının rektoru
postuna qədər yüksəlmək kimi nadir xoşbəxtliyə
çatmaq üçün tələbə auditoriyasından
o vaxtkı komsomolun MK-sına vəzifəyə gediş
imkanını kənara qoyması taleyin xoş hökmü
imiş. Görünür, dostumuzun taleyi
ona hökm etmişdi ki, dövlət qulluğunda böyük
siyasətə və məqamlara ancaq elmin zirvələrini fəth
edəndən sonra keçsin. Həqiqətən
də raykom katibi səviyyəsində siyasətlə məşğul
olan bir insanın oğlu öz missiyasına uyğun olaraq,
elmin zirvələrinə çatandan sonra yalnız 1996-cı
ildə dövlət qulluğu miqyasında böyük siyasətə
gəldi.
Srağagün
eşitdim ki, prezident cənabları professor Nizami Xudiyevi
"Şöhrət" ordenilə təltif edib. Hazırda
"Qələbədən başlayan məğlubiyyətimiz"
adlı iri həcmli siyasi təhlillərimi çapa
hazırladığım vaxtda ürəyimdən bir
dostluğun mənəvi borc hissi keçdi - bəlkə 60
illik "Şöhrət"ə gedən dost yoluna mən də
bir baxış keçirim?!
Doğrusu,
publisist yazıları nadir hallarda yazıram. Oçerk-portretləri
isə öz yaradıcılığımda heç vaxt
sınaqdan keçirməmişəm. Xüsusilə
də yaşayan, vuruşan, hələ də yaradan, ortaya
yoxdan var çıxaran, var olanı kamilləşdirən
insanlar haqqında yazmaq istəyəndə qələmimi xəsislik
basır.
Yox ki, paxıllıq və
xudpəsəndlikdən əziyyət çəkirəm. Məni
tanıyanlar bu fikirlərə məndən sübut istəməyin
nə qədər yersiz olduğunu yaxşı bilir. Sadəcə
ona görə ki, bir insana layiq olduğu böyük dəyəri
kamil səviyyədə verə bilməməkdən qorxuram. Həm
də aldığı dəyərə layiq olmayan bir kimsəyə
verə biləcəyim şişirdilmiş qiymətin
doğurduğu mümkün tənədən çəkinirəm.
Ancaq dostum Nizami Xudiyev haqqında onun gözlədiyimiz yubiley
günündə - bu gün tamam olan 60 yaşında yazmaq,
demək fürsətini əldən buraxmaq fikrim yoxdur.
60 illik yaş zirvəsində
"Şöhrət"ə aparan uzun yol - namizədlik,
doktorluq dissertasiyaları, 50-dən çox monoqrafiya, dərslik
və dərs vəsaitinin, 40-dan çox sənədli filmin
ssenari müəllifi, saysız beynəlxalq elmi
konfransların, simpoziumların iştirakçısı,
Ziyalılar Cəmiyyətinin, Jurnalistlər və
Yazıçılar Birliyinin üzvü, üç dəfə
dalbadal parlament təmsilçisi, Amerika Müasir Elmlər
Akademiyasının və Nyu-York Elmlər Akademiyasının
həqiqi üzvü, başqa neçə-neçə həqiqətən
uzun bir siyahıya oxşayan beynəlxalq təşkilatların
üzvü, mükafatların, fəxri diplomların sahibi, nəhayət
"Şöhrət" ordençisi...
Doğrusu, Nizami Xudiyev
haqqında yazmaq, danışmaq istəyəndə nədən
başlamağın, daha doğrusu nəyi önə çəkməyin
düzgün olduğunu təyin etməkdə çətinlik
çəkirəm. O, türkoloq-alim, ya öz sifəti olan
ictimai-siyasi xadim kimi daha çox iş görüb? Sualın
cavabından asılı olmayaraq, bəlli bir həqiqətdir
ki, saysız titulları sayılmadan da kifayət qədər
tanınan Nizami Xudiyevi çox dolğun, həm də
çox qısa təqdim etməyin ideal forması var -
türkoloq alim, ictimai-siyasi xadim Nizami Xudiyev! Yəni onun
timsalında türkoloq alimlə ictimai-siyasi xadimin
obrazını bir-birindən ayırmaq düzgün
olmazdı. Bir-birini tamamlayan iki atributu necə ayırmaq olar?
Onun Azərbaycan elminə töhfə etdiyi "Azərbaycan ədəbi
dilinin təşəkkülü", "Tərcümə ədəbiyyatı
və ədəbi dilimiz", "Azərbaycan ədəbi
dil tarixi, Heydər Əliyev və Azərbaycan dili",
"Radio, televiziya və ədəbi dil" və s. kimi əsərlər
öz milli kökünün dəyərini lazımınca
anlayan bir milli ruhlu alimin edə biləcəklərinin
dolğun çəkisidir. Ancaq Nizami Xudiyevin
yaradıcılıq irsini saysız elm, ədəbi,
publisistika, oçerk-portret nümunələrilə məhdudlaşdırmaq
istəməzdim. Bunlar yalnız düşünən bir alimin
yarada biləcəkləri və yaratdıqlarıdır. Ancaq
Nizami müəllim təkcə bunlar demək deyil axı!
Bəs, ictimai-siyasi xadim
Nizami Xudiyevin nəyi var? İndi sıralarında 500 minə
yaxın üzvü birləşdirən hakim YAP-ın
1992-93-cü illərdəki en və uzunluq ölçüləri
çox da uzaq olmayan tariximizin real faktı idi. Onlar cəmi bir
neçə on nəfər, bəlkə də az sayda fədakar
insanlar idi. Mərhum prezident Heydər Əliyevin
özünün siyasi kursunun və irsinin müdafiəsinin
yüz minlərlə həm səmimi, həm qeyri-səmimi, həm
də konyunkturaçı hissiyyat
daşıyıcılarından ibarət fərdlərin
kütləvi axınına çevrildiyi indiki rahat vaxtlardan fərqli
olan çox narahat dövrlər də var idi və yaxın
keçmişdə qaldı. İndi bu sayaq müdafiələr
elə də böyük qəhrəmanlıq, igidlik
sayılmır. Ancaq razılaşaq ki, sıralarında
yubilyar professor dostumuz Nizami Xudiyevin də olduğu bir neçə
on nəfərlərdən ibarət fədakar insanların 17
il əvvəl başlatdığı uzun yolun özü də
bir əsərdir - siyasi tarixi əsər. Müstəqil Azərbaycanın
tam mənzərəsini dəyişərək, onda sabitlik
elementlərini möhkəmləndirən siyasi kursun ilk
müdafiəçilərindən, yaradıcılarından
biri olmaq məgər özünəməxsus bir əsərə
müəlliflik hüququ vermirmi?
Məlum tezisdir ki, bir
halda çox yaxın məsafədən insanın tam
dolğun dəyərini vermək, bütün tərəflərini
görmək mümkün olmur, başqa bir halda isə,
insanı çox uzaq məsafədən yetərincə dəyərləndirmək
mümkünsüz olur. Ancaq tale elə gətirdi ki, son 14-15
ildə dost olaraq Nizami Xudiyevlə həm uzaq, həm yaxın
məsafədən, həm də fasiləli təmaslarda
olduğum üçün onu alim və ictimai-siyasi xadim kimi
xarakterizə edə bilən bütün keyfiyyətlərini
görmək imkanım olub. 1990-cı illərin ortalarında
Naxçıvan Ali Məclisindəki ilk şəxsi
görüşümüzdə onu yalnız ictimaiyyətçi,
siyasətçi olaraq xarakterizə edən Az.TV-nin rəhbəri,
deputat, YAP-ın rəhbərlərindən biri olan göstəricilərilə
tanıdım, sonrakı illərdə isə onun alimlik
dünyasına, şəxsi-mənəvi aləminə də
yaxından bələd ola bildim. Təkcə özünün
şəxsi karyerası üçün yaradan insanlardan deyil.
Onun elmdə də, siyasətdə də etdiklərinin,
yaratdıqlarının geniş ictimai-dövlətçilik
məzmunu var.
Şəxsiyyətləri
xarakterizə etməyin tarixən ən müxtəlif üsul
və meyarları olub. Kütlədən fərqli
düşünənlər deyiblər, axının əleyhinə
gedə bilənlər deyiblər, öz dövründə
yox, neçə yüz ildən sonra başa düşülənlər
deyiblər, başqa cürbəcür, hətta çox
mücərrəd və başadüşülməz formada
deyilən fikirlər də olub. Mənsə elə Nizami
müəllimin özünün təvazökar insan xarakterinə
çox yaraşan sadə və qısa bir formada deyirəm
ki, insanın, şəxsiyyətin "öz tarixi və
öz ünvanı" olmalıdır. Saysız elmi əsərləri,
dissertasiyaları, oçerkləri, ssenarilərilə mənsub
olduğu xalqa və dövlətə, eyni zamanda, əlbəttə
ki, özünə məhsuldar bir alimin, jurnalistin və
publisistin tarixini də yazıb. Üzvü olduğu partiya və
parlament, çoxlu beynəlxalq təşkilatlar,
aldığı mükafatlar və fəxri adlar isə onun dəyişməz
ünvanını göstərən parlaq elementlərdir. Mən
bu ünvan elementlərindən birini xüsusi qeyd etmək istəyirəm.
Nizami müəllim
1996-cı ildə Az.TV-yə sədr təyin olundu, 2006-cı
ilə qədər bu vəzifədə işlədi. Buna qədər
35-dən çox yaşı olan Az.TV-də çox rəhbərlər
olmuşdu. Aralarında mərhumlar, yaşayanlar var. Kimsənin
xatirinə dəyməsin. Az.TV söz birləşməsini
tanıtma titullarından biri kimi heç də bütün sədrlərin
adının əvvəlinə qoşmurlar. Yəqin ki, bir
çox ictimai dairələrdə, el dilində təqdimat
anlarında "Az.TV-Nizami Xudiyev" deyildiyini sizlər də
görüb, şahidi olmusunuz.
Az.TV adı bir
tanıtma titulu kimi o sədrlərin adına-soyadına
yapışır ki, bu quruma səssiz-səmirsiz gəlib
izsiz-soraqsız getməyib, bu qurumda özünün
dövrünü yaradıb - özü gedəndən sonra
yaşayıb-yaşamamağından asılı olmayaraq.
Həqiqətən
Nizami Xudiyev Az.TV-nin tarixində yenə mərhələ
açdı. Razılaşaq ki, sakit, əmin-amanlıq
dövrlərində bütün sahələrdə,
bütün qurumlarda mərhələ açmaq, ya olanı
davam etdirmək mümkündür və çətin deyil.. Ancaq
bunu çox gərgin ictimai-siyasi mühitdə, əli
avtomatlı mühafizəçilərin zorən
müşayiətilə etməyin çəkisi, sanbalı
başqadır. Nizami Xudiyev məhz belə şəraitdə
Az.TV-ni əlinə
yığıb-yığışdırdı, indi neçə-neçə
televiziyanın, radionun, internet portalın, agentliyin
gördüyü işin altına təkbaşına
çiyin verən yeganə ideoloji tribunaya çevirdi. Hər
kəs buna bir cür baxa, qiymətləndirə bilər, necə
ki baxırlar, deyirlər. Hərdən eşidirik ki, "O,
televiziyanı siyasiləşdirdi, bir partiyanın ixtiyarına
verdi" və s. Belə fikirlərlə yanaşı,
istisnasız, mübahisəsiz qəbul edilən bir reallıq
da var - Nizami Xudiyev televiziyanı dövrünün tələblərinə
ideal uyğun formada ustalıqla yenidən yaratdı. 60 illik
yaşın zirvəsində onun öz keçmişində
öyünə biləcəyi uğurlardan biri bu məqamla
bağlıdır. 1996-cı ildə kiminin məkrlə,
kiminin narahat təəssübkeşliklə dediyi
"dilçidən də televiziya sədri olarmı" sualına
ən dolğun cavabı 10 illik sədrliyilə onun
özü verdi.
Nizami müəllimdə
diqqət çəkən və çox məqbul
saydığım xüsusiyyətlərdən biri də alim
çevikliyilə siyasətçi təmkinini bacarıqla
birləşdirə bilməsidir. Elmi
yaradıcılığında nə qədər çevik
axtarışlara meyllidirsə, mənsub olduğu siyasi kurs
müstəvisində bir o qədər stabildir və
separatçı düşüncələrdən uzaqdır.
Çevik elmi potensialı, sabit siyasi prinsiplərə söykənən
düşüncə tərzi, "qocalığın gəncliyi"
deyilən indiki yaş dövrünə məxsus fiziki-mənəvi
enerji Nizami müəllimi hələ bundan sonra da neçə-neçə
elmi əsərlərə, ictimai-siyasi fəaliyyət
uğurlarına və əlbəttə ki, dövlət idarəçilik
postlarına müəlliflik, sahiblik etmək formasında
saxlayır. Buna görə inanıram ki, hörmətli
dostumun növbəti - 70 illik yubileyində onun
portret-oçerkinə deyilənləri çox təkrar etmədən,
onlara əlavə olaraq yeni uğur faktlarından danışa
biləcəyik.
60 illik zəhmətin cənab
prezident tərəfindən töhfə edilən
"Şöhrət" zirvəsində sizə öz tarixi
və ünvanı olan ömrünüzü daha məzmunlu
etmək üçün möhkəm
cansağlığı arzulayan dostunuz
Aydın QULİYEV,
"Bakı-Xəbər" qəzetinin
baş redaktoru