Məmməd Məmmədqulu
oğlu Məmmədyarov
Sovet dövrünün
heykəlləri
Azərbaycanda sovet
dövründə ucaldılmış abidələrdən
biri də Məmməd Məmmədqulu oğlu Məmmədyarovun
Maştağa kəndindəki abidəsidir. M.Məmmədyarovun
fəaliyyəti haqqında əhalinin mütləq əksəriyyətinin
məlumatsız olduğunu nəzərə alaraq, qısa da
olsa, onun haqqında məlumat verməyi lazım bilirik.
Bakının ən qədim
kəndlərindən biri olan, xalqın adət-ənənəsini,
islam dinini sovet dövrü qadağalarından,
hücumlarından ləyaqətlə qoruyan Maştağa kəndinin
girəcəyində heykəli ucaldılmış Məmməd
Məmmədqulu oğlu Məmmədyarov kimdir? Fikrimizcə, hər
gün bu heykəlin qarşısından Buzovnaya, Bilgəhə
və digər Bakı kəndlərinə gedən
insanları heç olmasa ani də olsa, bu sual
düşündürməyə bilməz.
Azərbaycan Respublikasının
prezidenti H.Əliyevin 27 mart 1998-ci il "31 mart Azərbaycanlıların
Soyqırımı haqqında" fərmanından sonra
1918-ci il faciəsilə bağlı bir sıra tədqiqat
işləri aparılmasına baxmayaraq hələ də bu
dövrün öyrənilməmiş səhifələri
mövcuddur ki, bunlardan biri M.Məmmədyarovun fəaliyyətilə
bağlıdır. Onun fəaliyyətinin obyektiv tədqiq
olunması və siyasi qiymət verilməsi tarixçilər
qarşısında duran ən mühüm vəzifələrdəndir.
Fikrimizcə, bu cür tədqiqatların genişləndirilməsi
hazırda çox aktualdır. Çünki keçən əsrin
əvvəllərində xalqı erməni-bolşevik vəhşiliyindən
qoruyan xalqın qeyrətli insanları, o cümlədən
Maştağa kəndinin qəhrəman oğulları
haqqında əhalidə heç bir məlumat
olmadığı halda xalqa düşmən mövqedə
dayanmış M.Məmmədyarovun təbliğ olunması
bağışlanmaz səhvdir.
Onun fəaliyyəti digər
bolşevik rəhbərlərə nisbətən diqqəti az
cəlb etdiyinə görə haqqında yalnız sovet
tarixşünaslığında fəaliyyətinin əsasən
1902-1920-ci illərini əhatə edən qısa məlumatlar
var. Məmmədyarovun 1920-1933-cü illər fəaliyyətinə
yazılı ədəbiyyatda demək olar ki məlumatlar yox dərəcəsindədir.
Fikrimizcə, onun sovet hakimiyyəti illərində diqqətdən
kənarda qalmasının əsas səbəbini erməni-rus
bolşevik rəhbərlərinin M.Məmmədyarov kimilərindən
öz məqsədləri üçün istifadə etdikdən
sonra onlara etimadsızlıq göstərməsində, ona
ciddi əhəmiyyət verməmələrində axtarmaq
lazımdır.
Sovet dövründə
nəşr olunmuş "Azərbaycan tarixi"
kitablarında məlumatlarla yanaşı, onun haqqında T.Əsədovanın
1966-cı ildə "Məmməd Məmmədyarov. Bioqrafik
oçerk" adlı 46 səhifəlik kiçik kitabça
da nəşr olunub.
M.Məmmədyarov
1875-ci ildə Bakının Maştağa kəndində anadan
olub. 1902-ci ildə Kommunist Partiyasına qəbul edilib.
1903-cü il ümumi iyul tətilinin təşkilatçısı,
1906-cı ildən Neft Sənaye Fəhlələri
İttifaqı idarə heyətinin üzvü, 1917-ci ildən
Bakı Sovetinin üzvü olub. 1917-ci ilin sonunda S.Martikyan,
M.Plşakov, A.Baqdasarovla birlikə qırmızı
qvardiyanın təşkilində fəal iştirak edib.
Sovet
tarixşünaslığında onun fəaliyyətinin ən
"parlaq" dövrü kimi Bakıda müsəlman əhaliyə
qarşı 1918-ci ilin mart qırğınları
dövründə əks mövqedə durması,
S.Şaumyanın rəhbərliyi altında müsəlman əhaliyə
qarşı qırğınlarda fəal iştirakı
geniş şərh olunur. Məsələn, 1958-ci ildə nəşr
olunmuş "Azərbaycan Kommunist Partiyasının tarixi"
kitabının I cildinin 311-ci səhifəsində
yazılır: "Mart vuruşları günlərində M.Məmmədyarov,
Mikoyan... və başqa bolşeviklər sovet hakimiyyətini
müdafiə edənlərin ilk sıralarında idilər. Müsavatçılarla
vuruşmalarda A.Mikoyanın və M.Məmmədyarovun
qızıl qvardiya dəstələri xüsusilə fərqlənmişdi.
Bu dəstələr "dikaya diviziyanın" Nikolayevski
küçəsində (İndiki İstiqlaliyyət
küçəsi) "İsmaliyyə" binasında yerləşən
ştabına, habelə müsavatçıların səngər
etdikləri İçərişəhərə hücum
edirdilər".
Fikrimizcə, Bakıda dinc
əhaliyə qarşı qırğının ən
şiddətli dövründə Azərbaycan milli qüvvələrinin
"İsmaliyyə" binasında yerləşən qərargahına
hücum edən dəstələrdən birinə M.Məmmədyarovun
rəhbərlik etməsi onun xalqa qarşı qatı
düşmən mövqedə dayandığını
sübut edir.
M.Məmmədyarov
özü həmin hadisələrdə iştirakı haqda
yazır: "1918-ci ilin mart hadisələri baş verən
zaman bizim qızıl qvardiyamız sayca hələ az idi. Mart
hadisələri günlərində Maştağa mollaları
məscidlərdə bolşeviklərə qarşı
"müqəddəs müharibə" elan edirdilər. Onlar
deyirdilər ki, dindarların düşməni olan bolşevikləri
öldürmək günah deyil, deyirdilər ki, kim bolşevik
Məmmədyarovu öldürsə, cənnətə
düşəcək. Bunda sonra Maştağa qoçusu Əzizin
başçılığı ilə bir dəstə adam mənim
mənzilimi mühasirəyə aldı və məni həbsxanaya
saldılar" (Bax: "Sovet hakimiyyəti uğrunda",
Bakı, Azərnəşr, 1967).
O, sonradan həbsxanadan
qaçaraq Bakıya gəlmiş və şəhərdə
dinc müsəlman əhaliyə qarşı soyqırım həyata
keçirən S.Şaumyanın quldur dəstəsinə
yaxından kömək göstərib.
Azərbaycan Xalq
Cümhuriyyəti elan edildikdən sonra M.Məmmədyarov Gəncə
istiqamətinə hücuma keçən daşnak-bolşevik
qoşunlarının tərkibində öz xalqına
qarşı vuruşub. O, özü bu barədə belə
yazır: "Korqanov yoldaşın komandanlığı
altında bizim qızıl qoşunlarımız Kürdəmir
cəbhəsində dayanmışdı. Mərkəzi Komitənin
sərəncamı ilə mən, Sultan Əliyev, Mahmud
Ağayev, Hənifə Hüseynov və başqaları səfərbərliyə
alınıb Kürdəmir rayonuna göndərildik... Kəndlərdə
sovetlər təşkil etdik və qızıl ordu
üçün yeni qüvvələr səfərbərliyə
aldıq. Bir ay belə işlədik" (Bax: "Sovet hakimiyyəti
uğrunda", Bakı, Azərnəşr, 1967).
Bu məsələ barədə
digər mənbədə belə yazılıb: "Bakı
qəzasının Maştağa və Şubanı kəndlərində
M.Məmmədyarovun və D.Bünyadzadənin rəhbərliyilə
azərbaycanlı kəndlilərindən dəstələr düzəldilmiş
və bu dəstələr qızıl ordu hissələrinə
daxil olmuşdular.
Bakı partiya
konfransının qərarına uyğun olaraq 28 iyul 1918-ci ildə
Bakı Xalq Komissarları soveti 1883-1892-ci illərdə anadan
olmuş bütün vətəndşların qızıl
orduya çağırılması haqqında öz əmrini
elan etdi. Bu əmrin müsəlman əhali arasında həyata
keçirilməsində M.Məmmədyarov mühüm rol
oynamışdı. O, Gəncədə yerləşən Azərbaycan
Xalq Cümhuriyyətinə qarşı qanlı
döyüşlərdə daşnak-bolşevik qüvvələrinə
kömək göstərmək məqsədilə müsəlman
əhalin zorla səfərbərliyə alması öz
xalqına qarşı törətdiyi ən ağır cinayətlərdən
hesab oluna bilər.
Azərbaycan
xalqının fəxr edə biləcəyi tarixi günlərdən
biri də 15 sentyabr 1918-ci il tarixdə Bakının
daşnak-bolşevik işğalından azad olunduğu
gündür. Bu qələbənin qazanılmasında Azərbaycan
və qardaş Türkiyənin yüzlərlə əsgəri
şəhid olmuş, onların qəhrəmanlığı
sayəsində Azərbaycanın döyünən ürəyi
olan Bakı düşmənlərdən təmizləmişdi.
Azəbaycan milli ordusu qardaş türk ordusu ilə
Bakını azad etmək uğrunda ölüm-dirim
savaşı apararkən M.Məmmədyarov və
başqaları məscidlərdə əhali arasında
onların əleyhinə təbliğat apararaq əhalini
daşnak-bolşevik hakimiyyətini qorumağa
çağırmışlar. M.Məmmədyarovun bu dövr
fəaliyyəti də xalqın əleyhinə düşmənçilikdən
ibarətdir. O, yazır: "Bizim cəbhənin vəziyyəti
çox ağır idi... İki ay bundan əvvəl biz
Bakıdan çıxan zaman malik olduğumuz on beş minlik
ordudan indi bizim Biləcəri mövqelərində cəmi
beş yüz nəfərə qədər əsgərimiz və
Petrovun gəlib özünü yetirmiş dəstəsindən
iki yüz nəfər adam qalmışdır. Mübarizəni
davam etdirmək daha mümkün deyildi. Çünki
düşmən hər tərəfdən Bakı üzərinə
yeriyirdi. Türklərin nizami qoşunları, zirehli qatarlar,
müsəlman korpusunun və "Vəhşi
diviziya"nın hissələri, xanların və bəylərin
silahlı quldur dəstələri - bütün bunlar şəhər
üzərinə gəlirdi".
M.Məmmədyarov Azərbaycan
xalqını daşnak-bolşevik genosiddən qoruyan milli
orduya və xilaskar türk ordusuna, həmçinin
Maştağanın şəxsiyyətli insanlarına
düşmən mövqe bəsləməsinə baxmayaraq
milli hərbi birləşmələr Bakıya daxil olandan
sonra onu həbs etsələr də, bəlkə də müsəlman
olduğuna görə erməni və rus bolşeviklərindən
fərqləndirərək onu öldürmədilər.
O özü bu barədə
belə yazır: "Caparidze yoldaş mənə məsləhət
gördü ki, Maştağaya gedib özümün
bütün sənədlərimi götürüm, ailəmi
yerbəyer edim, sonra isə hamı ilə birlikdə Həştərxana
yola düşmək üçün şəhərə
qayıdım. Mən Maştağaya gələrkən,
artıq burada türk generalı Təlfüt Paşanın qərargahı
yerləşmişdi. Qoçu Əziz və onun köməkçiləri
olan mollalar türklərin yanında fəxri adamlar idi. Onlar qərargaha
xəbər verdilər ki, "bolşeviklərin
başçılarından biri" olan Məmməd Məmmədyarov
Maştağaya gəlmişdir. Məni həbs etdilər və
Paşanın yanına gətirdilər, o isə heç bir
şey soruşmadan mənə 75 çubuq vurulmasını əmr
etdi. Üçüncü gecə həmin zirzəmiyə on
altı nəfər rus bolşevik yoldaşı gətirdilər,
lakin onlar burada çox qalmadı. Onları apardılar və
bir qədər sonra atəş səsləri eşidildi".
Daha sonra M.Məmmədyarov
Gəncəyə göndərilir və məhbus kimi orda
müxtəlif işlərdə işləyir. Bir qədər
sonra o, həbsdən qaçaraq yenidən Bakıya gəlir və
şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq
Cümhuriyyətinin daxildən zəiflədilməsində,
XI ordunun işğalında mühüm rol oynayır.
M.Məmmədyarov
1920-ci ilin əvvəllərindən etibarən Balaxanıda
milli hökumət əleyhinə iş apararaq əsasən
rus və erməni fəhlələrindən ibarət dəstələr
düzəldərək daxildə təxribatlar aparmaqla məşğul
olur. XI ordunun hücumu zamanı onun təşkil etdiyi dəstələr
Bakıda pozuculuq işləri apararaq düşmənə
qarşı müqavimətin təşkilinə mane olur.
Bakı XI ordu tərəfindən
işğal olunduqdan sonra Maştağa kəndində
düşmənə qarşı müqavimət güclü
olduğuna görə komandan Ostrovskinin əmri ilə kənddə
mühasirə vəziyyəti elan edilir və M.Məmmədyarov
milli qüvvələri məhv etmək üçün
Maştağaya göndərilir. O Maştağaya gələn
kimi kəndin ağsaqqallarını, din xadimlərini və kənddə
böyük hörmət sahibi olan qoçu Əzizi həbs
etdirərək, onlardan qisas alaraq hamısını güllələyir.
Bundan sonra bolşeviklər
1920-ci il iyunun 28-də ona Bakı qəzasında ictimai təminat
şöbəsinin təşkilini tapışırırlar. Bu
dövrdə M.Məmmədyarovun rəhbərliyi ilə
Bakı kəndlərində zorla əhalinin əmlakının
müsadirə olunması, ərzağın, hətta
yorğan-döşəklərdə olan pambığın əlindən
alınaraq aclıq çəkən və vətəndaş
müharibəsi gedən sovet Rusiyasına göndərilməsi
geniş vüsət almışdı.
Yuxarıda sadalan və
digər faktlar sübut edir ki, M.Məmmədyarovun
bütün fəaliyyəti daşnak-bolşevik qüvvələrinə
xidmət etməklə, Azərbaycanın müstəqilliyi əleyhinə
olmuş və buna görə də öz xalqına
qarşı müxtəlif cinayətlərdə şüurlu
surətdə iştirak edib. O, sovet hakimiyyəti illərində
müxtəlif vəzifələrdə
çalışıb və1933-cü ildə öz əcəlilə
vəfat edib. Onun qəbri Bakıda, Fəxri Xiyabandadır.
Fikrimizcə M.Məmmədyarov
və onun kimilərin fəaliyyəti haqqında tam təsəvvür
yaratmaq üçün hələ çox işlər
görülməli, xüsusilə arxivlərdə saxlanan mənbələr
yenidən, hərtərəfli öyrənilməlidir. Lakin bu
cür şəxslər haqqında yaşlı əhali
arasında olan canlı şahidlərin də məlumatları
dəyərli mənbə rolunu oynaya bilər. Biz hər
hansı abidənin uçurdulmasına və ya
götürülməsinə müsbət münasibət bəsləmirik.
Lakin əhali arasında məlumatsızlığı aradan
qaldırmaq üçün M.Məmmədyarovun anti-milli fəaliyyəti
haqqında abidənin önündə məlumat lövhəsi
asılmasını zəruri və məqsədəuyğun
hesab edirik.
Məhərrəm ZÜLFÜQARLI,
tarix elmləri namizədi
525-ci qəzet.- 2009.- 1 aprel.- S.4.