"Yada düşdü" hər zaman yada düşəcək

 

Nahid ərəbcə ulduz adıdır. Bu ulduzun bir adı da Zöhrədir. Deməli, Zöhrə Nahiddir. Bir adı da Venera planetidir. Deməli, Venera da Nahiddir. Bu ulduzun türkcə adı - Seviddir (Sevid - sevgi sözündəndir). Deməli, Sevid Nahiddir. El içində bu ulduza Dan ulduzu deyirlər. Məcazi mənası da var - Eşq ilahəsi! Bütün bu məlumatları lüğətlərdən götürmüşəm. Burda cəm olan adlara baxıb gördüm ki, hamısı Nahidə yaraşır. Hətta, eşq ilahəsi ! Bu kitab eşqsiz yazılmazdı.

"Yada düşdü" kitabı bayaq dediyim lüğətlər kimi bir kitabdır. Xatirələr lüğəti! Burda nə yoxdur ki? Burda kim yoxdur ki?!

Nazim Hikmət, Bülbül, Əli Vəliyev, Rəsul Rza, İlyas Əfəndiyev, Mir Cəlal, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Seyfəddin Dağlı, Elçin, Şahmar Əkbərzadə haqqında xatirələr, Qabil, Əliağa Kürçaylı, Qəzənfər Paşayev, Əlibala Hacızadə, Musa Yaqub, İlyas Tapdıq haqqında məqalələr də birər-birər ulduzlardır, səpələnib "Yada düşdü" adlı bu kitab- asimana. İndi-indi yaşı 70-i haqlamış, dünyanı görüb-götürmüş bu adam, görüb-götürdüklərini ulduz-ulduz, yan-yana düzüb bu xatirələr kəhkəşanına. Özü də necə!

Adam var ki, Səməd Vurğunu görməyib, amma xatirə yazır. Və guya Səməd Vurğun ona deyib ki, "sən istedadsan!". Bəlkə doğrudan da istedaddır. Görmədiyini gördüyü kimi qələmə verir. Amma Nahid başqa! O, adını çəkdiyi yazıçıların hamısı ilə təmasda olub, onları yaxşıca tanıyıb. Onlar da onu yaxşıca tanıyıblar. Nahid "getdim, gördüm" xatirələr yazmayıb. Bunların hər biri ustad qələmindən çıxmış bədii əsərlərdir. Nahaq yerə şair Bəxtiyar Vahabzadə ona şair deməyib ki! Deyib ki, yazdıqların mənsur şeirlərdir. Elə bu xatirələr də sənədli, mənsur şeirlərdir. Nahidin yaddaşı elə kompüter yaddaşı imiş. Kompüterə də beyin deyirlər, düz imiş bu söz! Nahidin yaddaşı kamil yaddaşdır. Bu mərtəbə mükəmməl xatirələr yalnız kamil yaddaşdan süzülüb gəlir.

Nahidin yaddaşı - Gədəbəyin dağından, daşından, gül-çiçəyindən, qarından-yağışından, alçasından, almasından, İlyas Tapdığın məşhur şeirində sadaladığı bütün nemətlərdən nəşvü-nüma tapıb. Nahidin yaddaşı elmi yaddaşdır. Bu elə-belə, parakəndə, rabitəsiz, adda-budda yaddaş deyil. Nahidin yaddaşı tarixi yaddaşdır, bəlkə də yaddaşın tarixidir. Bir adətimiz var: keçmişi unuduruq. Bir dəfə başımıza gələn bir daha başımıza gəlir. Unutqan olmasaydıq, ayıq olardıq! Tarixi doğru-dürüst, aydın, mübaliğəsiz, olduğu kimi yazmaq gərəkdir. Necə ki, Nahid yazdı. Onun ömür yolu televiziyadan və Ensiklopediyadan keçib gəlib, hər iki iş yeri möhtəşəm və mötəbər təcrübə məktəbləri idi. İndi bu kitab da bir təcrübə məktəbi olacaq. Əlinə qələm götürüb xatirə yazmaq istəyən, oxusun, öyrənsin. Mən xatirələri ayrı-ayrı təhlil eləmədim. Bu, tənqidçilərin işidir (əgər tək-tük tənqidçi varsa). Mən Nahidin ecazkar qələmini mədh edirəm. Bu yazılar yuxusuz gecələrin, ağır fəhlə zəhmətinin bəhrəsidir. El içində bu cür fəhləyə qara fəhlə deyirlər. Di, gəl bu qara fəhlənin gördüyü iş onun üzünü ağ elədi. Biz də bu kitabı gördük, oxuduq, gözümüzə işıq, ürəyimizə təpər gəldi. Bilmədiklərimizi öyrəndik, eşitmədiklərimizi eşitdik. Bu son illərdə dünyada ən çox oxunan elə memuar ədəbiyyatıdır! Bunun da biliciləri az-çox var indi aramızda. Amma Nahidin "Yada düşdü"süylə yüksək mərtəbəyə qalxdı bu janr. İndən belə xatirələrdən söz düşəndə "Yada düşdü" yada düşəcək! O adam xoşbəxtdir ki, özündən sonra bir iz qoyur. Amma bu kitab iz deyil, cığır da deyil, bu, yoldur. Fərhad Bisütunu yarıb qayadan yol açırdı, su axtarırdı. Nahid ağ vərəqlər üzərində iti qələmlə şırımlar açıb, yol salıb. Dünəndən bu günə, keçmişdən sabaha gedən yol! Həm xatirələrini danışdığı adamların, görkəmli yazıçıların, ziyalıların adlarını bir daha əbədiləşdirdi, həm də öz adını aləmə tanıtdı. Qərb, ya dünya öz xatirə yazanlarıyla öyünməsin. Bizim də dünyaya çıxacaq xatirə yazanımız var. Fəxr edirik ki, Nahid bizim millətin övladıdır. Qələm dostumuzun uğurundan bizə də pay düşür. Mən kitab təqdimatını qəbul etməyənlərdən biriyəm, çoxu kitabını yox, özünü təriflətmək üçün təqdimat keçirir. Amma bu təqdimatı qəbul eləyirəm. İki əlimi də göyə qaldırıb, sevincdən bağırmaq istəyirəm. Nahidi bağrıma basıb, "sağ ol" deyirəm. Bununla da Azərbaycan kitab xəzinəsi çox nadir bir kitabla zənginləşdi! Daha bir qüdrətli sənətkar da Azərbaycan ədəbiyyatında öz layiqli yerini tutdu.

 

 

Sadıq Fikrət

 

Bakı, 2009

 

525-ci qəzet.- 2009.- 2 aprel.- S.7.