Qobustanın yenidən kəşfi

 

AMAZONLARIN OXUNMAMIŞ DAŞ KİTABI: Mən Vətənimin tarixi mənəvi dəyərlərini qürbətdə dərk etdim

 

Amazonlar kim olublar - savaşçı, qorxmaz, ədalətli həm də vəhşi Qafqaz qadınları, at belində, ox çiynində köçəri qadın topluları. Ox ata bilmək üçün uşaqlıqda sağ döşləri dağlanır, dağlarda yaşarmışlar, yazda düzənliklərə enib, nəsil artırmaq üçün qarqarlarla görüşürlərmiş. Oğlan uşaqlarını qarqarlara verər, qız uşaqlarını özlərilə götürərək, yenidən dağlara çəkilirlərmiş. Qafqazdan baş alıb, Xəzər, Qara dəniz boyunca, Türkiyəyə, Yunanıstana və bütün dünyaya yayılıblar. Şəhər qurucuları kimi də tarixdə iz buraxıblar ulu ana xaqanı əcdadlarımız.

Düz 25 il Azərbaycanda yaşamışdım, amma Qobustanda olmamışdım. Dünyadakı ən böyük palçıq vulkanlarının mənim vətənimdə olduğundan da xəbərsiz idim. Atəşgahda olmamışdım. Bütün uşaqlığım Qafqaz Albaniyasının qədim torpaqlarında keçsə də, Alban kilsələrinin sirrini, sehrini, dəyərini, bu dağlarda olan Qız qalalarının sirrini anlamamışdım. Bəlkə də min dəfə Şəki Xan Sarayının yanından ötüb keçsəm də, bu sarayın əzəmətini duymamışdım. Vətəni tanımaq üçün qürbətə düşmək gərəkirmiş. Uzun illərin həsrəti insana Vətənini yenidən kəşf etdirirmiş.

Artıq 15 ilə yaxın idi ki, amazonların tarixini, kökünü araşdırıram. Dünyanın bir çox ünlü tarixçiləri, tədqiqatçıları amazonların tarixini öyrənsələr də, cild-cild kitablar yazsalar da, son sözü doğru-dürüst deyə bilməyiblər, amazonları yunan qadınları hesab ediblər. Çünki dünyanın heç bir yerində gözlə görülə, əllə tutula biləcək tutarlı faktlara hələ rast gəlinməmişdi. Doğrudur, antik tarixçilər bizə zaman-zaman ipucu versələr də ki, amazonlar Qafqaz qadınları olublar, amma arxeologiya bu sahədə çox söz deyə bilməmişdi. Təbii ki, Kaliforniya Universitetinin professoru xanım Kimbalın Gürcüstan sərhədindəki amazon qəbirlərini kəşf etməsindən başqa. O, 300-ə qədər qadın sümükləri aşkar edib və bunların at çapan, ox atan amazon qadınlar olduğunu sübuta yetirib. Almanlar bu barədə sənədli film çəkiblər ("Expedition. Sagenhafte Völker das Amazonenrtsel" - "Əfsanəvi xalqın Amazon tapmacası").

 Bir çox əzəli irslərimizi mənimsəmiş xalqlardan biri olan yunanlar da Qafqaz amazonlarına sahib çıxıblar. Onlar yunan qadını Pentaziliyanı savaş Allahı olan Aresin qızı kimi ilk Amazon elan edirlər və bundan sonra heykəltəraşlıq, bədii sənət və bütün incəsənət nümunələrində əbədiləşdirirlər. Bu mərhələ yalnız eradan öncə 5 əsrdən etibarən başlayır. Amma yunanlar bilməyiblər ki, qədim əcdadlarımız Qobustanın daş qayalarına savaşkar amazonları hələ eradan öncə 8 min il qabaq həkk edərək bizlərə ötürüblər.

Beləcə, amazonların - (son illərin rus versiyalarından bizə amazonkalar kimi gəlib çatıb) ulu əcdadlarımızın izini araya-araya gəlib Qobustana çıxdım. Amazonların indiyə qədər oxunmamış qalan ulu daş kitabəsini vərəqləməyə başladım. Daşlaşmış amazonlar tərpənmişdilər.

Hələ 2004-cü ildə Azərbaycan və Almaniya mətbuatında "Azərbaycan Amazonlar ölkəsidir" adlı məqalələrlə çıxış etsəm də, amazonların bir mağarasını, qalasını dünyaya sübut kimi göstərmək üçün çox böyük faktlar lazım idi. Son dövrdə üzə çıxarılan arxeoloji qazıntılar mənə yetərli qədər ipucu verirdi. Qobustan haqqında son bir ildə apardığım axtarışlar isə bütün 15 ildəki axtarışlarıma sanki birdən Günəş kimi işıq saçdı. Son bir ildə Qobustanda bir neçə dəfə olmuşdum. Antik tarixçilərin, yunanların, qədim romalıların, ərəblərin amazonlar haqqında yazdıqlarını illər boyu vazkeçmədən, bıkmadan araşdırdıqdan sonra belə qənaətə gəlmişdim ki, Qobustan amazonların dünyaya sübut kimi təqdim edə biləcəyimiz qədim ulu məskəni, mağarası olub. Elə bu məqsədlə növbəti proyektimi ortaya çıxarmadan öncə sanballı dəlillər əldə etmək üçün Bakıya gəldiyimin elə sabahı günü keçmiş tələbə dostum - ünlü fotoqrafçı Mirnaib Həsənoğlunu da işindən eləyib onun sınıq-salxaq ağ "Niva"sında Qobustanın yolunu tutdum. Millət Novruza biş-düş, bazarlıq edir, şəkərbura-paxlava, səməni qayğısındaydı, mən də daş-qayanı dilə tutub indiyə qədər açmadıqları sirrlərini söyləmələrinin hayında. Qobustanın məşhur tədqiqatçısı İ.M.Cəfərzadə əslində bu fikirləri 60 il öncə yazıb qoymuşdu, amma nədənsə kimsə buna fikir verməmişdi.

Heç sağa-sola sapmadan birbaşa "Ana zağa"ya yollandım. Mağaranın girişindəki sol divara həkk edilmiş 63 insan rəsminin (39 kişi, 24 qadın) tam mərkəzində olan ən böyük qadın rəsminə görə zağaya bu ad verilib. İ.M.Cəfərzadə özünün uzun illər boyu gərgin araşdırmalarından sonra araya-ərsəyə gətirdiyi çox qiymətli "Qobustan. Qayaüstü rəsmlər" kitabında yazarkən, bu rəsmlərin əksəriyyətini erkən neolit dövrünə, yəni eradan öncə 8-ci minilliyə aid edir: "O dövrdə ki, qəbilənin başçısı ana idi".

Sara Aşurbəyli də "Bakı şəhərinin tarixi" kitabında "Qobustanın qədim daşlarında uzaq keçmişdəki nəsillərin həyat lövhələri - qadının başçılıq etdiyi əkin, kollektiv əmək, ov, döyüş səhnələri"ni diqqətimizə yetirir. Qayaüstü rəsmlərdəki öküz təsvirlərini hər iki tarixçi qədim əcdadlarımızın məişətilə əlaqələndirir, antik tarixçilərin amazonların öküzlərdən və öküz arabalarından istifadə etdikləri barədə fikirlərini təsdiqləmiş olurlar. Qobustan qayalarındakı başına ip salınmış öküz və araba rəsmləri bunun sübutu - vəhşi öküzləri əhliləşdirmənin dünyada ilk təsvir nümunəsidir. Naxçıvandakı Gəmiqaya rəsmlərində isə aypara təsviri çox maraqlıdır. Qədim amazonların Aya sitayiş etdiyi bizə məlumdur. Amma hələlik Gəmiqayanı bir tərəfə qoyaq, mənim işim Qobustanladır.

"Ana zağa"nın 40-50 metr qərb tərəfindəki möcüzəvi qaya parçasındakı "7 gözəl" adlandırılan "7 Amazon" qayasına sarı keçmək istərkən orada qadağan işarəsi görürəm. Muzey işçiləri "ora təhlükəlidir, məsləhət deyil" desələr də, qayaları atlayıb bir anda özümü "7 Amazon"a yetirirəm. Daşlaşmış amazonlar min illərin sirrlərini dünyaya faş etmək istədiyimdən artıq xəbərdar idilər və sanki sevincək yolumu gözləyirdilər. Fotoqrafçı dostum heç bir şey sormadan elə hey çəkir, çəkirdi. Birdən sınayıcı bir səslə yavaşca dedi: "Ey, Nuridə, sən də qəribəliyindən heç əl çəkmirsən, elə işlərə girişirsən ki fələyin də ağlına gəlməz. Sən necə sübut edəcəksən ki bura amazonların mağarası olub? Özün də üst-başını çırp, mağara adamlarına oxşayırsan, belə toz-torpaqda çəkməyim səni". Mağaranın ən dərin yerinə yayxanıb astaca dedim: "Qardaş, bu mağara adamları eradan 8 min il öncə yaşamayıb?" Başıyla təsdiqlədi. "Qardaş, bu mağarada ən azı 20 qədim insan qalığı aşkarlanmayıb?" Yenə təsdiqlədi. "Qadın heykəlləri, sümüklər tapılmayıb?" Yenə də təsdiq. "Bəs çiynində ox-yay olan bu qadınlar savaşçı amazonlar deyil, küftə-bozbaş bişirən fağır ev qadınları olublar yoxsa?" Elə bu arada muzeyin işçisi olan gənc və gözəl bir qız əcnəbi bir oğlanla mağaraya girib, mənə "Çıx" əmri verdi. "Xanım, mən Almaniyadan durub buraya bunun üçün gəlmişəm, siz zəhmət çəkin, gözləyin" - deyə halımı pozmadan cavab verdim. Gənc və gözəl xanım xarici qonağın qolundan tutaraq içəri çəkdi, "7 Amazon"un önündə durdu, qarşımı nümayişkaranə kəsərək, ona "7 gözəl" haqqında "bilgilər" verməyə başladı: "Bu rəsmlər "7 gözəl" adlanır. Bellərindəki bu işarə belin incəliyini göstərmək üçün verilib". Məni gülmək tutdu. Eradan 7 min il öncə yaşayan bu qadınlar lüt gəzərdilər və belin incəliyinə heç fikir verməzdilər. O zamanın qadınını bu gənc xanım bir ev adamı, biş-düşlə məşğul olan, ailənin qayğısını çəkən ana kimi anladırdı. Ənlik-kirşanlı gözəl xanım xarici qonağa "7 gözəl"in çiyinlərinə aşırdığı ox-yayı da əhəmiyyətsiz bir şey kimi anladaraq, bunun elə böyük bir mənası olmadığını, o zamana aid rəsmlərin çoxunda rast gəlindiyini anladırkən bu bilgisizliyə acı-acı təəssüflər etdim. Və fotoqrafıma "onların çıxıb getməsini gözləyək" işarəsi verərək, qayanın arxasına keçdim.

Bilmirəm tarixçilər, arxeoloqlar "Qobustan amazonların mağarasıdır" tezisimə necə reaksiya verəcəklər. Qərəzsizliklərinə, səviyyələrinə inandığım elm adamları, tarixçilərlə bu barədə xeyli söhbətim olub. Onlar mənim fikirlərimə şərik olaraq, bu qayalıqları amazonların Azərbaycanda kəşf edilmiş yaşayış məskəni kimi dünya səviyyəsində təbliğ etməyi məsləhət görürər. Bunun Azərbaycanın mədəniyyətinə, turizminə olan marağı daha çox artıra biləcəyini vurğulayırlar. Mənim öz fikrimə görə isə, Qobustana bu yeni baxış yeni axtarışlar, qazıntılar, tədqiqatlar tələb edir.

Başqa bir tərəfdən isə, amazonlara sahib çıxmaqla biz həm də çox böyük siyasi və mənəvi bir manevr etmiş oluruq. Gəlin tariximizi yenidən bir daha oxuyaq, öyrənək. Gəlin bugünkü dünyamızın necə yenidən şəkilləndiyini gözdən qaçırmayaq, Qafqaza olan çox böyük strateji və siyasi marağı gözardına qoymayaq. Bir də, mənim fikrimcə, amazonlara sahib çıxmaq Qafqaz Albaniyasına sahib çıxmaqdır, bu isə Qarabağa elmi və mənəvi yöndən sahiblənməkdir.

 Qarabağın açarının Qafqaz Albaniyasında olduğunu unutmayaq, bu açardan vaz keçməyək, onu qonşularımıza bağışlamayaq. Bu açar bizə ulu ata babalarımızın çox qiymətli, vazkeçilməz mirasıdır. Yüzilliklər boyu çəkilib təvazökarcasına bir tərəfdə durmuşuq. Oyanıq və zirək ermənilər isə gözümüzün önündəcə bu açarın əsl varisləri rolunu oynayaraq, alban kilsələrini qriqorianlaşdırmaqla yanaşı, tariximizə, mədəniyyətimizə sahib çıxıb, alban əlifbasını da erməniləşdiriblər. Son illərdə Gürcüstanın Sinay dağından tapılan alban əlyazmaları əcdadlarımızın kimliyini sübut edən çox tutarlı tapıntıdır. Dünyanın isə bundan xəbəri yoxdur. Hələlik isə biz yalnız bu tək açarın yerini və dəyərini bilirik. Və onun həqiqi varisi bugünkü azərbaycanlılar olduğunu bilirik (bəlkə də hamımız yox). Ortaya çıxıb bu qiymətli açarı tələb edən isə hələlik tapılmır. Kim bilir, bəlkə də daşlaşmış amazonlar hərəkətə gələrək dünyanı yerindən oynadacaq və bu tək açarı alıb əsl varislərinə qaytaracaqlar?! Gəlin amazonlarımıza sahib çıxaq. Onların savaşkarlığı, inadcıllığı, ədalətliliyi minillərin tarixi sınaqlarından çıxıb. Amazonlara etibar edə bilərik.

Sonda bir faktı qeyd etmək istəyirəm. Məlumdur ki, 1981-ci ildə Qobustandakı qaya təsvirlərindəki "Ra" və "Tiqris" gəmilərini öyrənmək üçün məşhur səyyah Tur Heyerdal Qobustana gəlmişdi.

O əvvəl qayıq təsvirlərinin ağacdan, qamışdan və qarğıdan hazırlandığına inanmasa da, gözlərilə gördükdən sonra bu gəmilərin hətta Mesopotomiya və Misirdə tapılan gəmi rəsmlərindən də qədim olduğunu etiraf etmiş, hər iki əlini göyə qaldıraraq "Mən təslim" deyə qışqırmışdı.

Amazonların tədqiqatı ilə bağlı hazırladığım yeni proyekti Almaniya Xarici İşlər Nazirliyinin məsləhəti və göstərişi ilə Almaniya Arxeoloji İnstitutuna apardım. Avrasiya İnstitutunun direktoru professor-doktor Sven Hansenə proyekti təqdim etdim və anlatdım. Professor mənim Qobustan qaya təsvirlərinin tarixi haqqında danışdıqlarıma bir əfsanə kimi qulaq asdı və şübhəylə yanaşaraq dedi: "Mən inanmıram bu qaya təsvirlərinin tarixi sizin söylədiyiniz qədər 8 min 10 min il qədim olsun. Əgər bu, sübut edilsə, tarixi dəyişmək kimi olar".

Professoru inandırmağa qətiyyən tələsmədim. Bilirdim ki, aprelin əvvəlində Bakıda keçiriləcək Almaniya mədəniyyəti həftəsinin açılış tədbirləri ilə bağlı Azərbaycanda olacaq və arxeologiya mövzusunda konfransda iştirak edəcək. Sadəcə ondan Bakıda olacağı müddətdə Qobustana getməsini rica etdim. Qobustana gedincə qarğı qayıqlar Tur Heyerdalı təslim edən kimi amazonların da alman professorunu ram edəcəklərinə milyon faiz əmin idim. Amazonlar təslim etməyi çox sevirlər.

 Bu arada isə üzümü dəyərli Azərbaycan alimlərinə, tarixçilərinə, arxeoloqlarına tutaraq onların da bu məsələyə münasibət bildirməsini rica edirəm. Mən amazonların tədqiqi barədə bir neçə dəfə Akademiyamızın rəhbəri hörmətli Mahmud Kərimovla söhbət etmişəm. İnsanlığına, intellektliyinə heyran olduğum, mənim üçün əsl Azərbaycan kişisi simvoluna çevrilmiş Mahmud Kərimov bu tədqiqatımı dünya səviyyəsində təbliğ etmək istədiyimi çox yüksək qiymətləndirmişdi. Eyni zamanda, Berlində bir seminar ərəfəsində söhbət etdiyim dəyərli professor Yaqub Mahmudov da mənə bu yöndə əlindən gələn dəstəyi göstərəcəyini vəd etmişdi.

 İndi Qobustan amazonları onları dünyaya çıxarmamız üçün hamımızın yolunu gözləyirlər! Amazonların bütün dünyadakı yeganə daş kitabı ilə dünyanı heyrətləndirək, bu işi təşkil edək və buna necə nail olacaqlarını daş amazonların ixtiyarına buraxaq.

 

 

Aprel 2009, Berlin

 

N. ATƏŞİ

 

525-ci qəzet.- 2009.- 2 aprel.- S.7.