Xalq rəssamı Rafis İsmayılovun 70 yaşı tamam olub

 

Martın 30-da Azərbaycanın xalq rəssamı Rafis İsmayılovun anadan olmasının 70 illiyi tamamlanıb. Həyatını milli kinomuzun və teatrın inkişafına həsr edən bu istedadlı sənətkarın adına bədii filmlərdə, teatr tamaşalarında quruluşçu rəssam, cizgi filmlərində isə rejissor, rəssam, ssenarist kimi tez-tez rast gəlmək olar. Yubileyi münasibətilə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Bürosu da Rafis İsmayılovu təbrik edib, ona cansağlığı, yeni uğurlar arzulayıb.

Qeyd edək ki, Rafis Rza oğlu İsmayılov 30 mart 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1962-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 30-dan artıq bədii filmin rəssamlıq üzrə quruluşunu həyata keçirən sənətkarın istedadı, kinematoqrafın bütün janrlarında özünü büruzə verib. O, "Qatır Məmməd", "Sevinc buxtası", "Üzeyir ömrü", "Qara gölün cəngavərləri", "Qəribə adam", "Oxuyur Müslüm Maqomayev", "1001-ci qostrol", "Yapon yaponiyalı", "Pirverdinin xoruzu", "Dantenin yubileyi", "Anın quruluşu", "Özgə ömür", "Təhminə" kimi filmlərdə işləyərək, hər janra uyğun plastika rəng çalarları, orijinal tərtibat üsulları tapıb. Beləliklə , filmlərin bədii keyfiyyətinin yüksək professional səviyyədə alınmasına xidmət göstərib.

   Azərbaycan Milli Dram Teatrında "Gecə döyülən qapılar", "Tənha iydə ağacı", "Fedra", "Misir gecələri", "Ölüləri qəbristanlıqda basdırın", "İkinci səs", Opera və Balet Teatrında isə "Natəvan", "Leyli və Məcnun","Məhəbbət və ölüm", "Rast", "Trubadur" əsərlərinin quruluşçu-rəssamı olaraq teatr dekoru sənətinin inkişafına öz töhfəsini verib. "Danışan işıqlar", "Xeyir və Şər", "Göyçək Fatma", "Lağım" cizgi filmlərinin quruluşçu-rəssamı, "Oda" filminin rejissoru, ssenaristi və rəssamı olan Rafis İsmayılov "Xətai", "Metexan", "Romeo və Cülyetta", "Spartak", "Oliver Tvist", "Qaçaqlar", "Kventin Dorvard" və başqa kitablara illustrasiyalar yaradıb. Atalar sözləri, Dədə Qorqud motivləri və xalq mahnıları mövzusunda çox sayda rəsm əsərinin müəllifidir. O, dünyada məşhur olan qədim Təbriz miniatür məktəbinin ənənələrini davam etdirərək, dəzgah rəngkarlığı və miniatür üslubunda axtarışlar aparır və bu sahənin inkişafına çalışır. Rafis İsmayılov xalq rəssamı fəxri adına layiq görülüb, əsərləri Dövlət Mükafatı və rəssamlıq üzrə Sultan Məhəmməd mükafatı ilə təltif edilib. Ölkəmizdə və xaricdə açılan bir çox sərgilərdə iştirak etmiş Rafis İsmayılov Professional Kinorejissorlar Gildiyasının, Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvü kimi milli mədəniyyətimizin ictimai həyatında fəal iştirak edən, öz həmkarları, dostları arasında hörmət və nüfuza malik sənətkardır.

 

 

525-ci qəzet.- 2009.- 2 aprel.- S.7.