Azərbaycan pəhləvanları Avropanı fəth edir

 

YOLUN AÇIQ, UĞURUN, SEVİNCİN BOL OLSUN, AZƏRBAYCAN!

 

Azərbaycanın sərbəst güləş ustalarının Vilnüsdə keçirilən Avropa çempionatında xarüqələr yaradır. Elə yarışın birinci günü onların qazandıqları bir dəst medalın ölkəmizə gətirdiyi böyük sevinc hissi bizi hələ uzun müddət tərk etməyəcək. Startda xalça üzərinə çıxan dörd təmsilçimizdən üçü fəxri kürsüyə yüksəldi, onların qələbələri şərəfinə Litva paytaxtının idman kompleksində dövlət himnimiz səsləndirildi, milli bayrağımız göylərə ucaldı.

Çempionatın gedişini izləyən tamaşaçılar arasında azərbaycanlı bahadırların da pərəstişkarları çoxdur. Qazanılmış qızıl, gümüş və bürünc medallar onların hamısının ürəyindən oldu. Ən ağır çəkili güləşçimiz Əli İsayevin (120 kq) çempion zirvəsini fəth etdikdən dərhal sonra azarkeşlərimiz oturan tribunaya tərəf gedib dəstəyə görə minnətdarlıq etməsi çox şeydən xəbər verirdi. Əlinin bu turnirdə yunanıstanlı, belaruslu, türkiyəli rəqibləri ilə mübarizədən qalib ayrılması, həlledici final görüşündə isə Ermənistanı təmsil edən Ruslan Basiyev üzərində unudulmaz qələbəsi tarixi bir zəfər idi. Finaladək məğlubiyətin nə olduğunu bilməyən və 66 kq çəki dərəcəsində fəxri kürsüyə aparan yolda Litva, Macarıstan və Gürcüstan güləşçilərinə öz üstünlüyünü inamla sübuta yetirən Cəbrayıl Həsənovu da çempionluqdan cəmi bir qələbə ayırırdı. Gənc güləşçimiz finalda gərgin mübarizədə təcrübəli rəqib, Pekin Olimpiadasının mükafatçısı və yeri gəlmişkən, qadın güləşçilərdən ibarət yığma komandamızın lideri Mariya Stadnikin həyat yoldaşı ukraynalı Andrey Stadnikə uduzsa da, qazandığı gümüş medal ağır rəqabətdə göstərdiyi böyük əzmkarlığa və yüksək ustalığa görə layiqli mükafatdır. Bunadək gənclərin turnirlərində fərqlənən Cəbrayıl ilk dəfə iştirakçısı olduğu yaşlıların da yarışlarında özünü göstərməyi, Avropa çempionatında vətəni Azərbaycana çox qiymətli gümüş medal qazandırmağı bacardı.

Novruz Temrezova da təşəkkürümüzü bildiririk. O, latviyalı rəqibinə qalib gəldikdən sonra Soslan Ktsoyevə (Rusiya) uduzsa da, təsəlliverici görüşlərdə və Bolqarıstan təmsilçisi ilə üçüncü yer uğrunda mübarizədə bürünc medal qazanmaq imkanını itirməyib adını qitə birinciliyi mükafatçılarının siyahısına yazdırdı.

Üçüncü yer uğrunda görüşdə Belarus idmançısına məğlub olan Yaşar Əliyev (55 kq) isə çox da təəssüflənməməlidir. O da medal mübarizəsində qüvvə və bacarığını əsirgəmədi, çıxışlarını fəxri kürsünün bir addımlığında ? beşinci yerdə başa vurdu.

Yarışların ikinci günü öz ustalıqlarını nümayiş etdirmək, medal qazanmaq arzularını həyata keçirmək növbəsi digər təmsilçilərimizə çatdı. Pekin Olimpiadasının bürünc mükafatçısı Xetaq Qazyumov (96 kq) macar Daniel Ligetiyə qarşı ilk görüşdə heç bir problemlə üzləşmədilər, Zəlimxan Hüseynov (60 kq) yunanıstanlı Aleksandros Plavidisə qalib gəldi, Çamsulvara Çamsulvarayev (74 kq) isə fransız Luka Lampisdən güclü oldu. Əli İsayevin qələbəsindən ruhlanan güləşçilərimiz zəfər yürüşünü inamla davam etdirdilər. Hüseynov rumıniyalı və gürcüstanlı rəqiblərini də "aradan götürüb" Avropa çempionatının ikinci günü ilk finalçımız oldu. Bir qədər sonra Türkiyə və Moldova idmançılarına qalib gələn Qazyumov qızıl "savaşına" ikinci vəsiqəmizi qazandı. Çamsulvarayev isə ikinci dövrədə Almaniya təmsilçisinə heç bir ümid yeri qoymadı, yarımfinalda bolqar Kirill Terziyevə qalib gəldi. Finalda rəqiblərini məğlub edən Azərbaycan idmançıları həmin günün bütün qızıllarını qazanmağı bacardılar.

Beləliklə, Azərbaycanın kişi sərbəst güləşçiləri 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabına 63 xal yazdırdılar və bütün komandaları geridə qoydular. İkinci yerdə gələn Rusiya güləşçiləri 2 qızıl, 2 gümüş medalla 43 xal topladı. 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan Ukrayna 41 xalla üçüncü oldu.

Dünən isə qadın güləşçilər mübarizəyə qoşuldular. İlk gün Azərbaycanı Sona Əhmədli (59 kq) və Zümrüd Qurbanhacıyeva (67 kq) təmsil etdilər. Sona Əhmədli 1/8 finalda latviyalı Anastasiya Qriqoryevaya uduzdu. Təəssüf ki, həmyerlimiz təsəlliverici görüşlərə də qatıla bilmədi. Sonadan fərqli olaraq Zümrüd Qurbanhacıyeva Mariya Selmayerə (Almaniya) və Aurora Faxardoya (İspaniya) qalib gələrək, yarımfinala çıxıb. Zümrüd finala gedən yolda bolqarıstanlı Ralitsa İvanova səddini də keçdi. İdmançımız Avropa çempionu titulu uğrunda ukraynalı Katerina Burmistrova ilə güləşəcək. Final görüşü Bakı vaxtı ilə axşam saatlarında baş tutduğundan məlumatı nömrəyə çatdıra bilmədik.

Azərbaycan güləşçiləri yeni-yeni zirvələr fəth edərək indiyədək görünməmiş uğurlara imza atırlar. Yolun açıq, uğurun, sevincin bol olsun, Azərbaycan!

   

 

525-ci qəzet.- 2009.- 3 aprel.- S.8.