Bakıda beynəlxalq arxeoloji konfrans keçirilir
Dünən Bakıda "Azərbaycan
- şərq və qərbi birləşdirən
ölkə (VII və
IV minilliklər)" mövzusunda
beynəlxalq arxeoloji konfrans öz işinə başlayıb. Qeyd edək
ki, sözügedən
konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya
və Etnoqrafiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında elmi əməkdaşlığın
başlanması münasibətilə,
Azərbaycanda Almaniya Mədəniyyət Həftəsi
çərçivəsində təşkil olunub. Almaniyanın
Azərbaycandakı səfirliyinin
təşəbbüsü ilə keçirilən konfransın açılışında
çıxış edən
Milli Elmlər Akademiyasının (MEA) prezidenti
Mahmud Kərimov deyib ki, tədbirdə
Azərbaycan, Almaniya, Fransa, ABŞ və Türkiyədən olan tanınmış arxeoloq-mütəxəssislər iştirak
edirlər. Onun sözlərinə görə,
konfrans çərçivəsində
əsasən Azərbaycan
arxeologiyasının neolit,
eneolit və tunc dövrünə aid arxeoloji abidələrin
tədqiqatı müzakirə
ediləcək. M.Kərimov
əlavə edib ki, artıq xeyli vaxtdır, alman arxeoloqlar Şəmkir rayonunda tədqiqatlar aparırlar. Konfrans zamanı onlar Şəmkirdəki arxeoloji tədqiqatlar barədə iştirakçılara
ətraflı məlumat
verəcəklər.
MEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutunun direktoru M.Rəhimova alimlərin birgə
çalışmasının və arxeologiya sahəsində
aparılan tədqiqatların daha da səmərəli
olması üçün beynəlxalq konfransın
keçirilməsinin əhəmiyyətini vurğulayıb. O
bildirib ki, bundan sonra Azərbaycan alimləri Almaniyada, alman alimləri
isə Azərbaycanda aparılan tədqiqatlarda fəal
iştirak edəcəklər. Direktorun sözlərinə
görə, ölkə prezidentinin 2008-ci il fevralın 5-də
verdiyi sərəncama əsasən, 2008-09-cu illər
üçün Azərbaycan arxeologiyasının
inkişafına ayrılan 1 milyon manat vəsaitin 30 faizi xərclənib.
Ötən il xərclənən 300 min manat vəsait
hesabına 33 abidədə böyük qazıntı işləri
aparılıb, Qarabağ bölgəsinin Azərbaycanın nəzarəti
altında olan ərazilərində də arxeoloji tədqiqatlar
bərpa edilib: "Qarabağ ekspedisiyası 15 il idi ki, işləmirdi.
Artıq onun fəaliyyəti bərpa olunub. Tovuzda neolit, eneolit
dövrünə aid çoxlu materiallar, həmçinin qədim
Şamaxının, qədim Şəmkirin qalıqları
tapılıb". İnstitut direktoru vurğulayıb ki,
sözügedən vəsait hesabına aparılan tədqiqat
sayəsində Xəzərin Gürgan adlanan ərazisindən
1 kilometr şimalda arxeoloji abidə tapılıb. Abidədə
aparılan qazıntılar zamanı əldə edilən
materiallar XI - XIII əsrlərə aid saxsı qabların
qırıntılarından ibarətdir. M.Rəhimova deyib ki, dənizin
dibində arxeoloji tədqiqatlar bu il də davam etdiriləcək.
Almaniya Xarici İşlər
Nazirliyinin nümayəndəsi G.Erler konfransın indiki qloballaşma
dövründə alimlərin birgə fəaliyyəti və
dünya elmi üçün əhəmiyyətli olduğunu
önə çəkib.
Almaniyanın ölkəmizdəki
səfiri P.Stankina konfransı böyük hadisə kimi
xarakterizə edərək, gələcəkdə bu kimi tədbirlərin
davamlı olacağına əminliyini dilə gətirib.
Beynəlxalq
arxeoloji konfrans çərçivəsində Almaniyanın
Arxeologiya İnstitutu ilə MEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutu arasında Azərbaycan ərazisində
müştərək arxeoloji tədqiqatların aparılmasına
dair saziş imzalanıb.
Sevinc QARAYEVA