Ənvər Əhmədin şeir dünyası

 

Şeir və şair haqqında söhbətə adətən bir az uzaqdan, şairin ilk şeirlərindən başlamaq olar. Bununla da yaradıcılığının kamillik dövrünü yaşayan şairin keçdiyi sənət yolunun izinə düşürsən, bu "üsul"la keçmişlə bugün, cavanlıqla müdriklik görüşür. Cavanlıqdan müdrikliyə gedən yollarda isə enişlər, yoxuşlar, uğurlar, maneələr bir-birini əvəz edir və sonda... gözlərimiz qarşısında bir şair obrazı canlanır.

Mən tanınmış şair Ənvər Əhmədin poeziyası haqqında söz açmaq üçün həmin "üçul"dan istifadə etmədim. Çünki Ənvər Əhmədi tanıtmaq üçün onun yaradıcılığının ilk və sonrakı illərinə qayıtmaq lazım deyil. Elə bilirəm, şairin son iki kitabına boylanmaq kifayətdir.

Ənvər Əhməd, haqqında tez-tez söz açılan, hər yeni kitabı bəh-bəhlə qarşılanan, təbliği və tərifi-alqışı kəsilmək bilməyən şairlərdən deyil. Bəlkə onun bu tipli təriflərə, bu alqışlara qəlbən ehtiyacı var, buna inanmıram. Bəlkə qırx beş illik yaradıcılıq yolunun bir tədqiqat əsərində əks olunacağını gözləyir (indi yaşı əllini keçən bir çox şairlər haqqında monoqrafiyalar yazmaq dəb halına düşüb), buna da inanmıram. Bir sözlə, Ənvər Əhməd "dəb" şairi deyil.

Ənvər Əhmədin "Dünya əlimdən sürüşür" (2007) və "Salam, ay anası ölmüş oğullar" (2008) şeirlər kitablarının heç birində eyni şeirlərə təsadüf etmədim. Ancaq xalq şairi Xəlil Rza Ulutürkün onun şeirləri, poemaları barədə yazdığı ön söz və "Tərəkəmə" poeması hər iki kitaba daxil edilib. Mətləbə də elə bu iki yazıdan başlamaq istəyirəm.

Ustad Xəlil Rza yazır: "Ənvər Əhmədin poeziyasında heç bir zahiri effekt, gurultu, iddia, özünütəsdiq aludəliyi yoxdur, yalnız dərin səmimiyyətin, həyata, insanlara vurğunluğun, bəşər qatillərinə, yırtıcıya, qəsbkara amansız və alovlu nifrətin sağlam cövhəri var. Bu poeziya bizi ümumən sənətin, şairin, şairliyin mahiyyəti haqqında düşünməyə, bunu yenidən öyrənməyə, min dəfə verilmiş suallara yenidən qayıtmağa vadar edir". Ustada - Xəlil Rzaya xas olan bu səmimi fikirlər boş-boşuna deyilməyib və elə bilirəm, Ənvər Əhmədi bir şair kimi tanıtmaq üçün az-çox bələdçilik edə bilər.

"Tərəkəmə" poemasına gəldikdə isə, bunu Ənvər Əhmədin sıradan adi bir əsəri saymaq istəməzdim. Deyərdim ki, əgər Ənvər Əhmədi bir şair kimi tanımaq istəyirsinizsə, "Tərəkəmə"ni oxuyun. "Ürəyim kövrələndə kəhər atımı minib Haramıda, Şah təpəsində, Küdrüdə, Çafalda, Nərgiztəpədə, Erkiqarışanda doyunca gəzirəm. Yorulanda çoban qardaşım Şəmilin evinə düşüb köhnə motal pendiri ilə acıtmalı əppəkdən iştahla yeyirəm, samovar çayı içirəm. Uzun müddət nəsə özümdə bir rahatlıq, gümrahlıq hiss edirəm. Bir sözlə, təpədən dırnağadək zoğ tərəkəməyəm, hətta tez-tez bəzi ziyalı dostlarım mənə zarafatla "tərəkəmə balası" deyə müraciət edirlər". Bu, Ənvər Əhmədin çox səmimi etirafıdır.Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında tərəkəmə həyatına, onların adət-ənənələri, məişətinə dair yazılan əsərlərin sayı o qədər də çox deyil. Azərbaycan xalqının etnogenezində fəal iştirak etmiş qədim türkdilli tayfalar olan tərəkəmələr-oğuz türkləri əsasən Azərbaycanın Kür-Araz ovalığı, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində icma halında yaşamışlar və indi də bu proses davam edir. Onların əsas məşğuliyyət sahəsi maldarlıq və əkinçilikdir. "Tərəkəmə" xalq rəqsini tərəkəmələrin yaratdığına qətiyyən şübhə eləmirik. Amma mən "tərəkəmə" deyəndə bütün bu etnoqrafik detallardan daha çox çölçülüyə, azad quşların, ağacların, çayların, göllərin dünyasına qovuşan, doğulduğu gündən ölənəcən daxilən azad olan insanları düşünürəm. Çomaq götürüb, çarıq geyib, dağda-aranda qoyun-quzu otaran, sapand atan, at çapan, süd sağan, suluq tutan, bulama bişirən tərəkəmələr-köçəri həyat tərzi keçirən bu azad insanların içindən Xudu Məmmədov kimi dünya şöhrətli bir alim yetişdi. Elə "Tərəkəmə" poemasının qələmə alınması da onun təkidilə olub: "Ənvər, sən xalis tərəkəməsən. Çobanlıq həyatını yaxşı bilirsən. Onların həyatından, xalqımızın ulu adət və ənənələrindən, ümumən köçərilik həyatından bir etnoqrafik poema yazsan, pis olmaz".

"Tərəkəmə" poeması eyni oyun havasının ritmi ilə başlanır (mənə belə gəlir). Sözlərin təkrarı və səslərin alliterasiyası üzərində qurulan "giriş" hissəsində biz tərəkəmə həyatının romantikasını seyr edirik:

 

   "Tərəkəmə" çalındı,

   Əriş-əriş çalındım,

   Arğac-arğac söküldüm,

   Yumaq-yumaq açıldım.

   Xurcun-xurcun gözəndim,

   Naxış-naxış saçıldım.

   "Tərəkəmə" çalındı,

   Gəbə-gəbə toxundum.

   Uçuqlardan tapılan

   Kərpic-kərpic oxundum.

   Köç yolu haçalandı,

   İlmə-ilmə calandı

   Könlümün Vətən andı.

   Qılınc-qılınc doğuldum,

   Qala-qala ucaldım.

   Həyat-həyat yaşadım,

   Dünya-dünya qocaldım...

 

 "Tərəkəmə", təbii ki, tarix kitabı deyil, amma tarixi tərəkəmələrin həyat tərzi və məişəti barədə poetik təəssüratlar kimi çox maraqlıdır. Əsər boyu biz tərəkəmə igidlərinin hayqırtısını eşidir, atların nallarından qopan qığılcımları seyr edirik. Ancaq şəxsi yaşantılar daha emosional təsir bağışlayır və bəzən şairin görüb müşahidə etdiyi olaylar, tərəkəmə həyatının az qala bütün etnoqrafik detalları ilə təsviri o qədər real və inandırıcıdır ki, burada tarixi faktlardan daha artıq təəssürat əldə edirsən. "Daş dəridən çarıq tapıb geyinən" müəllif bizə bircə-bircə tərəkəmələrin yaşadığı yurd yerlərini, dolaşdığı kəndləri, obaları tanıdır: Qaravəlli, Kələbədin, Sarvanlar, Kəbirli, Eyvazlı, Sarıcalı, Arazbar, Əlnəzərli, Xəsilli, Təhlə, Ovşar, Muğanlı, Aşıqlı... Əksər hissəsi Şəhriyarın "Heydərbabaya salam" poemasının ritmi üzərində qurulan "Tərəkəmə"də ustadın işlətdiyi digər poetik maneraların təsirini də duyursan. Ə.Əhməd çölçülüyün, tərəkəmə həyatının tipik cizgilərini özündə əks etdirən ayrı-ayrı şəxslərin də adlarını hallandırır: Çoban Xanlar, Həsən, kal Bayram, Xanım, Şərəf, Kərim, Hacı İbiş, çoban Paşa, Mirələkbər, Şəmil, Bığ Əkbər və başqaları. Demək olar ki, hər biri epizodik səciyyə daşıyan bu adamlar poemaya təbii bir kolorit gətirir. Bir sözlə, Ənvər Əhməd poemada tərəkəmə həyatının özünəməxsus romantik dünyasını təqdim edir.

 

   Oba üstə gün şaxıyıb doğardı,

   Üç-dörd çoban bir sürünü sağardı,

   Nəmilərə süd yağışı yağardı,

   Çətən üstə döşənərdi motallar,

   Damağımda o günlərin dadı var.

 

   Ulağımız soncuqlayıb qaçardı,

   Yük əyilib qarnı altda aşardı,

   Qəhqəhəmiz sel-sel olub daşardı,

   Çırpı yoxsa, nənəm töhmət edərdi,

   Xəmirimiz təndirə küt gedərdi.

 

Ənvər Əhmədin poeziyaya gəlişi altmışıncı illərin əvvəllərinə təsadüf edir. Onun üz tutduğu yol ənənəvi şeir yolu idi. Təbii ki, ədəbiyyata gələnlərin çoxunun asan sandığı, amma təzə söz deməyi çətindən çətin olan bu yolda duruş gətirmək hər şairə nəsib olmur. Altmışıncı illərin cavan şairlərindən bir çoxu bu "asanlığın" çətinliyini öz şair talelərində yaşamalı oldular. Necə etmək ki, çoxlarının üz tutduğu, varıb getdiyi o tanış yolda yeni bir cığır açasan? Necə etmək ki, Azərbaycan dilinin az qala istismar olunmuş, trafaret halına keçmiş yüzlərlə sözlərinə təzə can verəsən, ehya edəsən? Təbii ki, Ənvər Əhmədin çox adlar unutdurduğu, ancaq poetik istedadının gücünə əsl şair kimi yoluna davam etdikləri bu poeziyada öz cığırı, izi olmalıydı və mən deyim ki, o, buna nail oldu. Onu milli poeziyamızın B.Vahabzadə, N.Xəzri, Qabil, H.Arif, Ə.Kürçaylı, M.Araz, X.Rza kimi görkəmli simalarının davamçısı hesab etsək, yanılmarıq. Milli mənəvi duyğuların, vətənpərvərlik və Azərbaycançılıq ideyalarının təbliği, tarixi həqiqətlərin bu günün meyarları ilə qiymətləndirilməsi, vahid, bütöv mənəvi Azərbaycan uğrunda mübarizə, əsrlərdən bəri vəsf və tərənnüm olunan Ana, Vətən, Təbiət, Sevgi mövzularında təzə söz demək hünəri, Nizamidən üzü bəri davam edən və poeziyamızın başlıca leytmotivini özündə əks etdirən humanizm konsepsiyasının davam etdirilməsi, insana xas olan ən nəcib, ən ülvi duyğuların tərənnümü... bunlar Ənvər Əhmədin poeziyasında da öz əksini tapır. Ancaq bu yazıda şairin müraciət etdiyi mövzuları bircə-bircə nəzərdən keçirmək, hansındasa daha çox uğur qazandığını bəyan etmək istəməzdim. Şair, əgər həqiqi istedada maliksə, o, bu istedadını istənilən bir şeirdə ifadə edə bilər. Ancaq mənə Ənvərin analı şeirləri daha çox xoş gəlir. Bu şeirlərdə böyük hüznlə yad olunan Ana həm Ənvərin anasıdır, həm də ana itkisinə tablaşmayan bizim bir çoxumuzun anası... Ə.Əhməd ana itkisiylə bağlı elə sözlər, ifadələr, məcazlar seçir ki, biz anaların ölümsüzlüyü, əbədiliyi barədə düşünürük.

 

   Sən soyuq bir məzar, mən donmuş bir səs,

   Sükutun əlləri qılıncdır, ana!

   Bu qoca dünya da tab edə bilməz

   Qəbristan yolunun ağırlığına.

 

   Ölüm qəbristanda durub pərişan,

   Əlini qoynuna qoyub deyinər.

   Bir ana tabuta qoyulan zaman

   Allahın özü də qara geyinər.

 

Təbii ki, Ənvər Əhmədin Qarabağ hüznü də var və bu hüzn bəlkə ana itkisindən də daha ağırdı. Bir ananın dərdini bir oğul çəkməyi bəlkə dərdin kiçiyidir, amma torpaq itkisi, doğulduğun yurdun həsrəti bitmir, tükənmir. Poeziyada ölümdən, itimdən çox danışılır, bəzən bu ələm və hüzn məhz poetik səviyyədə ifadə olunmadığından heç bir emosional təsir oyatmır. Həqiqi göz yaşı, Füzuli demişkən, ürək qanından gəlməlidir. Bu gün Qarabağ mövzusunda yazılan yüzlərlə şeirlərin içində dərd var, qəm var, hüzn var, amma nə gizlədək, şeiriyyət və poeziya yoxdur... Mən Ənvər Əhmədin bu mövzuda yalnız bircə şeirini misal gətirirəm ki, yaxşı mənada nümunə olsun:

 

   Mən yolların göz yaşıyam,

   Məni buludlar ağlasın.

   Hönkürtümdən yellər əsib

   Məni o yurdlar ağlasın.

 

   Yox Vaqifin səsi, ünü,

   Qara geydi toy-düyünü.

   Xarı bülbülün yas günü

   Məni göy otlar ağlasın.

 

   Çəkilmədi yurd keşiyi,

   Yırğalanır qəm beşiyi,

   Yanıb sönən ev-eşiyi,

   Ellər-elatlar ağlasın.

 

   Zirvələrin buzu, qarı,

   Axıb gəlir mənə sarı.

   Çıxıb Şuşadan yuxarı

   Məni boz qurdlar ağlasın.

 

Ənvər Əhmədin bu iki kitabında Qarabağa aid çoxlu şeirlər və poemalar var. Hamısında dərd, qınaq, ittiham, kədərin böyüklüyündən yaşanan hisslərin tüğyanı, hətta göz yaşları. Amma bunlar hamısı həm də poeziyanın dərdi, hüznü səviyyəsindədir. Demək istəyirəm ki, Ənvər Əhməd dərdin poeziyasını poeziyanın dərdinə çevirən şairlərimizdəndir. Oxuyun onun "İttiham", "Bu yara köz bağlamaz", "Qara qutu", "Qırğın", "Qalx ayağa, Üzeyir" poemalarını... "Gəl, dərdləşək" poemasının sonu bu misralarla bitir: "Haqqım var, hayqırım, haydı, qana-qan!!!" Məncə, müharibə vəziyyətində olan bir məmləkətin şairi təkcə dərdin poetik rəsmini çəkmək haqqında deyil, həm də dərdi yox etmək haqqında fikirləşməlidir. Böyük Füzuli Kərbəla müsibətindən söz açan "Hədiqətüs-süəda" əsərində yazırdı: "Əcz ilə dönmək ədudan səhldir, himmət tutub, Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!" Bizim poeziyada da şəhidlikdən çox yazıldı, indi intiqam, qisas motivi də xatırlanmalıdır. Müharibə başlanarsa, şairlərin bu çağırış, "qana-qan" şeirləri snayper güllələri rolunu oynamalıdır...

Bu yazıda mən Ənvər Əhmədin çox şeirlərindən, poemalarından söz aça bilmədim. Amma "görünən kəndə nə bələdçi?". Mən, sadəcə, poeziyamızın bir istedadlı nümayəndəsinin son illərdəki yaradıcılığına qısaca ekskurs etdim. Ona yeni uğurlar arzulayıram!

 

 

Vaqif YUSİFLİ

 

525-ci qəzet.- 2009.-  3 aprel.- S.7.