Almaniyadakı Nizami Gəncəvi adına İnstitut "Bu günün Qafqaz amazonları" sorağında
Almaniyada fəaliyyət
göstərən Nizami
Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu
beynəlxalq müsabiqə
elan edib. İnstitutun direktoru Nuridə Atəşi APA-ya açıqlamasında bildirib
ki, müsabiqənin məqsədi Qafqaz qadınlarının həmrəyliyini
nümayiş etdirmək,
Qafqazda gender vəziyyəti ilə müsabiqə vasitəsilə
tanış olub, problemləri qaldırmaq, mədəni, sosial yaxınlaşmağa nail olmaq və Qafqazda
sülhə, əmin-amanlığa töhfə verməkdir.
"Bu günün Qafqaz amazonları" adlanan müsabiqədə
yalnız qadınlar iştirak edə bilər: "Müsabiqədə
dilindən, dinindən,
irqindən asılı
olmayaraq, bütün Qafqaz xalqlarının nümayəndələrinin iştirakı
mümkündür. Yalnız
qadınlar! Nominantların
adları alman və ingilis dillərində xüsusi yaradılmış "Amazon"
saytına yerləşdiriləcək,
Qafqaz amazonları haqqında almanca yazılan kitabda yer alacaq, onlar
amazonlar haqqında çəkiləcək beynəlxalq
filmdə iştirak etmə şansı qazanacaqlar. Müsabiqəyə
Qafqaz amazonları haqqında yazılmış
elmi məqalələr
də qəbul edilir. Ən yaxşı məqaləyə
görə pul mükafatı təqdim olunacaq və yazı Almaniyada nəşr ediləcək.
Bundan başqa, qaliblər Almaniyanın Berlin şəhərində
keçiriləcək "Bu günün Qafqaz amazonları" final müsabiqəsinə
dəvət ediləcək,
qalibə bürüncdən
düzəldilmiş qalib
Amazon simvolu olan heykəlcik veriləcək. Müsabiqədə
iştirak etmək istəyən qadınlar özlərinin, analarının,
nənələrinin həyatı,
mübarizələri, arzuları,
xəyalları barədə
yaza bilərlər. Qalibləri Almaniyada 12 nəfərdən ibarət
münsiflər heyəti
seçəcək". N.Atəşi
müsabiqədə iştirak
arzusunda olanların yazıları ilə yanaşı, fotolarını
və ünvanlarını
da təqdim etmələrinin vacibliyini
vurğulayıb. Materiallar
2009-cu il aprelin 1-dən dekabrın 1-dək Azərbaycan və rus dilində
bu ünvana göndərilə bilər:
Kultur Institut-Aserbaidschan
Büro: Buschgrabenweg
10; 14165 Berlin-Zehlendorf; tel.49 30 80 90 75 91;
fax:49 30 40 63 69 45; www.aserbaidschanische-kultur.de;
525-ci qəzet.- 2009.- 3 aprel.- S.7.